• cümə axşamı, 28 mart, 17:35
  • Baku Bakı 16°C

Hüseyn Abdullayev pullarını ölkədən çıxarır

18.07.13 16:47 1808
Hüseyn Abdullayev pullarını ölkədən çıxarır
Məlum olduğu kimi “Araz İNC” MMC-nin sahibi Hüseyn Abdullayevə qarşı Cinayət Məcəlləsinin 213.2.2 (külli miqdarda vergidən yayınma) maddəsi ilə cinayət işi qaldırılıb. H.Abdullayev uzun müddət istintaqdan yayındığı üçün barəsində məhkəmə qərarı ilə axtarış elan olunub. Hazırda İNTERPOL vasitəsilə sabiq deputat axtarışdadır.
Vergilər Nazirliyinin məlumatına görə, “Araz İNC” MMC-də aparılan vergi yoxlaması zamanı müəyyən edilib ki, şirkət müxtəlif vaxtlarda tikinti işləri həyata keçirib və 8 224 450,00 manat vəsait əldə edib, lakin həmin dövriyyəni əks etdirən bəyannamələr vergi orqanına təqdim edilməyib. Həmçinin şirkət lisenziyasız fəaliyyət göstərib. “Araz İNC” MMC-nin qeydiyyat sənədlərinə əsasən, onun təsisçilərinin Abdullayev Abbas Abdulla oğlu və Abdullayeva Zeynəb Bayraməli qızı olmasına baxmayaraq, cəmiyyətin fəaliyyətinə faktiki rəhbərliyi Hüseyn Abdullayev həyata keçirib.
2009-cu il fevralın 1-dən tarixdən 2013-cü ilin 1 yanvar tarixinədək olan dövr ərzində cəmiyyət tərəfindən 1 269 533,88 manat məbləğində əlavə dəyər vergisi və 244 546,61 manat məbləğində hüquqi şəxsin mənfəət vergisi olmaqla, ümumilikdə külli miqdar təşkil edən 1 514 080,49 manat məbləğində vergilər dövlət büdcəsinə ödəməkdən yayındırılıb.
Jurnalistlərin apardığı araşdırma nəticəsində məlum olub ki, Hüseyn Abdullayevin Bakı şəhərində nə az, nə çox, düz 73 ayrı-ayrı ünvanda mənzili, mülkü, torpaq sahəsi var. 1995-ci ildə atasının adına Azərbaycan prospektində aldığı mənzildən sonra H.Abdullayev 2013-cü ilədək Bakının və Abşeron rayonunun müxtəlif yerlərində anasının və atasının adına düz 73 mənzil, fərdi yaşayış evi alıb. Təkcə anası Abdullayeva Zeynəb Bayraməli qızının adına 68 mənzil və fərdi yaşayış evi var. Atası Abdullayev Abbas Abdulla oğlunun adına isə 5 mənzil qeydə alınıb. Qeyd edək ki, mənzillərin və fərdi yaşayış evlərinin əksəriyyəti Bakının Səbail, Yasamal və Xətai rayonlarındadır.
Bu arada H.Abdullayevlə bağlı daha önəmli məlumatlar üzə çıxıb. Son iki ildə H.Abdullayevin anası Zeynəb Avdullayevanın, atası Abbas Abdullayevin və bacısı İlhamə Abdullayevanın bank hesablarında xüsusi fəallıq müşahidə olunub. Ailənin əsas bank aktivləri YapıKredi Bankda H.Abdullayevin anasının adında saxlanılıb. Həmçinin onların Bank Standart, Beynəlxalq Bank, Kapital Bankda pul hesabları olub. 2010-cu ilin əvvəlindən 2013-cü ilin iyulunadək bu banklardakı hesablarda yüzlərlə əməliyyat həyata keçirilib. Vəsaitlərin dinamikası, nağd mədaxil və məxaric, həmçinin pul köçürmələrinin ümumi dövriyyəsi 10 milyonlarla dollar təşkil edir. Əgər 2010-2012-ci ilin birinci yarısında vəsaitlərin mədaxil və məxaricində hər hansısa tendensiya müşahidə olunmurdusa, 2012-ci ilin ikinci yarısından konkret meyllər açıq şəkildə özünü büruzə verməyə başlayır. Yəni vəsaitlər hesablara daxil olan gün və ya sabahı nağd şəkildə xarici valyutada hesabdan çıxarılır. Məsələn, Zümrüd Abdullayevanın YapıKredi Bankdakı hesabındakı vəsaitlərdən 17.01.2013-də 219.000 dollar, 29.01.2013-də 48.800 dollar, 18.02.2013-də 90.000 dollar, 22.02.2013-də 48.200 dollar, 05.03.2013-də 40.000 dollar, 15.03.2013-də 40.000 dollar, 27.03.2013-də 65.000 dollar, 05.06.2013-də 69.400 dollar, 13.06.2013-də 190.000 dollar, 08.07.2013-də 150.000 dollar, 08.07.2013-də 340.000 dollar, 01.07.2013-də 100.000 AZN, 01.07.2013-də 779.780 AZN, 01.07.2013-də 780.000 AZN və s. çıxarılıb. Həmin dövrdə bank mədaxilləri müşahidə edilmir. Bu da onu deməyə əsas verir ki, vəsaitlər hansısa yolla ölkədən nağd şəkildə çıxarılır. Vəsaitlərin kifayət qədər iri məbləğdə olması isə onu deməyə əsas verir ki, H.Abdullayev özünün və qohumlarının adına olan mülklərini satdırır. SİA
banner

Oxşar Xəbərlər