• cümə, 29 Mart, 03:11
  • Baku Bakı 7°C

Hüququn tənəzzülü, ikili standartların yüksəlişi

13.10.17 09:30 1950
Hüququn tənəzzülü, ikili standartların yüksəlişi
Azərbaycanın əldə etdiyi uğurlar, ölkəmizin istər region, istərsə də qlobal səviyyədə həyata keçirilən siyasətin formalaşdırılmasında söz sahibi olması beynəlxalq müstəvidə bəzi siyasi qüvvələri narahat edir. Buna görə də zaman-zaman ölkəmizə qarşı əsassız qarayaxma kampaniyaları həyata keçirilir. Son dövrlər bir sıra Avropa qurumlarının ölkəmizə münasibətdə ikili standartlarla müşayiət olunan mövqe ortaya qoymasını da bu qəbildən saymaq olar. Xüsusən Avropa Şurası (AŞ) bu məsələdə sanki birincilik uğrunda mübarizə aparır. Buna əyani misal kimi, AŞ-nin baş katibi Turbyern Yaqlandın sentyabrın 13-də quruma daxil ölkə səfirlərinin iclasında Azərbaycana qarşı səsləndirdiyi fikirləri göstərmək olar. O, ölkəmizin AŞ-dən çıxarılmasını təklif etmişdi. Həmin vaxt onun səsləndirdiyi fikirlər heç bir əsası olmadığı üçün dəstək qazanmayıb. Lakin ölkəmizin uğurlarını həzm etməyən qüvvələr bununla kifayətlənməyiblər. Onlar bütün mümkün vasitələrdən yararlanaraq, Azərbaycanı beynəlxalq aləmdə nüfuzdan salmaq üçün daha bir vasitəyə əl atıblar. Təəssüf doğuran haldır ki, bu dəfə də anti-Azərbaycan qüvvələrin aləti rolunda AŞ çıxış edib. Oktyabrın 11-də AŞ Parlament Assambleyasının payız sessiyasında "Azərbaycanda demokratik təsisatların vəziyyəti" və "Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair” qətnamələri qəbul edilib. Bu qətnamələrdə Azərbaycanı haqsız tənqid edilib, tamamilə qərəzli, subyektiv mülahizələrə əsaslanan mövqe ortaya qoyulub. Beləliklə də AŞ-nın əsil mahiyyəti növbəti dəfə məlum olub.

AŞ-nın Azərbaycanla bağlı son qətnamələrinə münasibət bildirən millət vəkili, tarixçi-alim Musa Qasımlı sözügedən sənədləri qərəzli və qeyri-obyektiv hesab edib. Qeyd edib ki, bu, Azərbaycan əleyhinə olan qüvvələrin, erməni lobbisinin və erməni diasporunun təsiri altında olan qrupların fəaliyyətinin nəticəsidir. Millət vəkilinin sözlərinə görə, belə bir qərarın qəbul edilməsinin başlıca səbəbi Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, qaçqınlar və məcburi köçkünlər, Xocalıda törədilən soyqırımı məsələlərini daim gündəlikdə saxlayan Azərbaycan nümayəndə heyətinin fəaliyyətini məhdudlaşdırmaq və müxtəlif bəhanələrlə ölkəmizə təzyiq göstərməkdir: "Belə sənədləri qəbul edənlər anlamalıdırlar ki, Azərbaycan dövləti ilə hökm dilində danışmaq və ona təzyiq etməklə heç bir şeyə nail olmaq olmaz. Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlıq etmək lazımdır. Onlar bilməlidirlər ki, təkcə Azərbaycan Avropa Şurası qarşısında deyil, eyni zamanda Avropa Şurası da Azərbaycan qarşısında öhdəliklər götürüb. Avropa Şurası onları yerinə yetirməyə borcludur. Digər tərəfdən, həmin qüvvələr dərk etməlidirlər ki, Azərbaycan xalqı və dövləti heç bir dövlətin, təşkilatın tövsiyəsi olmadan özü demokratik inkişaf yolunu seçib və bu yoldan onu yayındırmaq mümkün deyil”.

Millət vəkili, politoloqSahib Alıyev də AŞ PA-nın son qətnamələrini həqiqətləri əks etdirməyən, ölkəmizə qarşı qərəzi özündə ifadə edən sənəd kimi dəyərləndirib. Bildirib ki, AŞ PA-da Dağlıq Qarabağ danışıqları öncəsi işğalçı Ermənistanın məsələsinə baxılması, bu təcavüzkar, beynəlxalq hüquq normalarını, beynəlxalq qanunları saymayan dövlətə qarşı sanksiya tələblərinin səslənməsini gözləmək daha məntiqə uyğun və gözlənilən olardı: "Bu qurumun özü 2005-ci ildə Ermənistanın Azərbaycan torpaqlarını zəbt etdiyini, işğal altında olan ərazilərdə etnik təmizlənmə aparıldığını təsdiqləmişdi. Bəs indi nədən bu fakta göz yumulur? Nədən etnik təmizləmə qurbanı olan Çıraqov və digərləri ilə bağlı Avropa Məhkəməsinin hökmünün icra edilməməsi barədə Ermənistana irad bildirilmir? Nə üçün işğal və etnik təmizləmə siyasəti nəticəsində yüz minlərlə azərbaycanlının haqqının tapdandığı yada salınmır?! Ancaq bir nəfərlə bağlı həmin məhkəmənin qərarı yerinə yetirilmir deyə, bizə irad tutulur. İndiyə qədər Avropa Məhkəməsinin 10 mindən artıq hökmü yerinə yetirilməmiş qalır. Özü də bunu yerinə yetirməyənlərin bir çoxu inkişaf etmiş, demokratiyası olan ölkələr kimi təqdim edilən qərb dövlətləridir. Misal üçün, Böyük Britaniya, Fransa, İspaniya və sair. Niyə onlara heç nə deyilmir? Niyə Dilqəm Əsgərovla Şahbaz Quliyevin öz torpaqlarında girov götürülüb həbsə atıldıqları xatırlanmır? Bu kimi suallar çoxdur, ancaq onların bir cavabı var. Cavab da odur ki, Qərbdəki islamafob çevrələr, pulla satın alındıqlarınavə yaxud din faktoruna görə haysevərlik edənlər, Azərbaycanın öz torpaqlarını geri qaytarmaq üçün atdığı addımların önünü kəsmək istəyirlər. 90-cı illərdə torpağı işğal edilən biz olduğumuz halda necə Azərbaycanı təcavüzkar kimi qələmə verirdilərsə, indi də ölkəmizi irticaçı, terrorçu, separatçı, əli minlərlə günahsız adamların qanına batmış rejimi - Ermənistanın hərbi xuntasını isə demokratik yol tutanlar kimi göstərməyə çalışırlar. AŞ PA-dakı məlum və mənfur qətnamə də bu siyasətdən qaynaqlanır”.

Ombudsman Aparatının rəhbəri, hüquq üzrə fəlsəfə doktoru Aydın Səfixanlı da AŞ PA-nın Azərbaycanla bağlı qəbul etdiyi 14403 və 14397 saylı qətnamələri ölkəmizə qarşı növbəti qarayaxma kampaniyası olmaqla, bu qurumda hüququn tənəzzülü, ikili standartların yüksəlişi kimi qələmə verib. Aparat rəhbəri bu barədə mətbuata açıqlamasında qeyd edib ki, Azərbaycanın əldə etdiyi uğurlar, ölkəmizin istər region, istərsə də qlobal səviyyədə həyata keçiriləcək siyasətin formalaşdırılmasında söz sahibi olması bəzi siyasi qüvvələri narahat edir və ölkəmizə qarşı qara kampaniyalar həyata keçirilir. A.Səfixanlı əlavə edib ki, müəyyən antiazərbaycan qüvvələrin siyasi sifarişi və subyektiv mülahizələri əsasında hazırlanmış bu sənədləri qəbul etməklə AŞ PA bir qurum kimi öz nüfuzunu daha da aşağı salmış oldu. Onun sözlərinə görə, obyektiv, müqayisəli və analitik təhlilə əsaslanmadan, qərəzli iddialar və təsdiq edilməmiş mənbələrə istinadla qəbul edilmiş bu qətnamələr hansı dairədən sifariş olunduğunu və Azərbaycana qarşı qarayaxma məqsədi daşıdığını açıq-aydın göstərmiş oldu: "Ümumiyyətlə, tənqid və ya tövsiyə inkişafa xidmət edən amillərdir. Ötən dövr ərzində Azərbaycan üzv olduğu beynəlxalq və regional təşkilatlar qarşısında üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirib, bir çox beynəlxalq müqavilənin iştirakçısı olmaqla milli qanunvericiliyini tam təkmilləşdirib. Bu gün də Azərbaycan BMT-nin müqavilə qurumları və digər beynəlxalq və regional təşkilatlar tərəfindən təqdim olunan təklif və tövsiyələrə diqqətlə yanaşaraq bu sahədə müəyyən addımlar atır. Bununla bağlı geniş məlumata ölkəmizin müqavilə qurumlarına təqdim etdiyi hesabatlara nəzər yetirməklə əldə etmək olar. Bütün bunlar Azərbaycanın hər hansı beynəlxalq və ya regional təşkilatla əməkdaşlığı naminə deyil, dövlətimizin maraqları, onun daha da demokratikləşdirilməsi, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi məqsədilə həyata keçirilir. Amma əgər beynəlxalq və ya regional təşkilat tərəfindən qəbul edilən və "tövsiyə” xarakteri daşıyan qətnamələr obyektiv reallıqdan uzaqdırsa, ikili yanaşma sərgiləyirsə, çirkli siyasi məqsədlərə xidmət edirsə və dövlətə qarşı təzyiq vasitəsi kimi istifadə edilirsə, qəbul olunan sənədi dəyərsiz etməklə bərabər, sənədi qəbul edən qurumun nüfuzunu da aşağı salmış olur. Azərbaycan müstəqil, güclü dövlətdir, özünün daxili və xarici siyasət prioritetləri var və bu kimi sənədlərlə Azərbaycana təzyiq göstərmək mümkün deyil”.
Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər