Hüquq-mühafizə orqanları qanunsuz aksiya zamanı adekvat davranıblar

Hüquq-mühafizə orqanları qanunsuz aksiya zamanı adekvat davranıblar

Cəmiyyət
21 Oktyabr 2019, 13:21 47
Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət xalqın istəkləri ilə üst-üstə düşür.
Trend-in məlumatına görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
O bildirib ki, ölkəmizdə xalq-iqtidar birliyi möhkəm dayaqlara söykənir:
"Məhz belə bir birliyə xələl gətirmək məqsədilə ölkə daxilindəki radikal müxalifət, xaricdə isə bir sıra qüvvələrin fəaliyyətini qanunsuz aksiyanın keçirilməsində müşahidə etdik. Bir müddət əvvəl "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna dəyişikliklər edilib. Bu qanunda bir sıra vacib məsələləri, o cümlədən sərbəst toplaşmaq hüququnu həyata keçirən insanların hüquq və mənafelərinin qorunması məqsədilə bir sıra məhdudiyyətlər qoyulub. Bu məhdudiyyətlər Avropa İnsan Haqları Konvensiyasında mövcud olan məhdudiyyətlərdir. Biz onları götürərək milli qanunvericiliyə köçürmüşük”.
Ə.Hüseynli vurğulayıb ki, hüquq-mühafizə orqanları həqiqətən də qanunsuz aksiya zamanı adekvat davranıblar: "Təəssüflər olsun ki, Avropa Birliyi özünün qeyri-adekvat mövqeyini nümayiş etdirib. Avropa Birliyinə üzv olan ölkələr Fransa və İspaniyada son dövrlər qanunsuz toplantılar zamanı polisin davranışı ilə Azərbaycan polisinin davranışını müqayisə etmək mümkün deyil. Azərbaycan polisi iğtişaş cəhdinə, qanunsuz aksiyaya baxmayaraq yenə də çox səbr və təmkinlə, qanunauyğun davranış nümayiş etdirib".
Komitə sədri təəssüflə qeyd edib ki, bir sıra Qərb təşkilatlarının, səfirliklərinin nümayəndələrinin qanunsuz toplantının keçirilməsi və prosesin müşayiət olunmasına müdaxiləsi ilə bağlı artıq təkzibolunmaz sübutlar görünüb: "Hesab edirəm ki, xarici işlər orqanlarımız xarici ölkələrin burada akkreditə olunmuş xidmətlərinə bu barədə xəbərdarlıq etsinlər. Bu, yolverilməzdir. İctimai təşkilatlar, peşə birliklərinin də bu məsələ ilə bağlı mövqeyi vacibdir”.