• cümə, 29 Mart, 16:37
  • Baku Bakı 14°C

Humanist dəyərlərin carçısı

09.07.13 09:34 1434
Humanist dəyərlərin carçısı
Elmir Quliyev,
Fəlsəfə doktoru
Bu yaxınlarda Amerikanın məşhur “Trafford Publishing” nəşriyyat evində professor Rafiq Əliyevin sayca yeddinci kitabı çap olundu. “The Child of Romanticism” (“Romantizm körpəsi”), “Power, Society and Religion” (“Hakimiyyət, cəmiyyət və din”), “Poverty, Dictatorship, Injustice” (“Yoxsulluq, diktatura və ədalətsizlik”), “Europe without Capitalism” ( “Kapitalizmsiz Avropa”), “In Recesses of Being” (“Varlığın xəlvətində”), “A Talk to a Spirit” (“Səmimi söhbət”) kitablarından sonra ziyalının “Loud Thoughts on Religion” (“Dinin əsasları”) adlı yeni kitabı işıq üzü gördü.
Bu kitablarla tanışlıqdan sonra insanda qeyri-ixtiyari olaraq, belə bir sual yaranır: Qərb oxucusunun azərbaycanlı filosofun yazdığı əsərə marağı nədən irəli gəlir? Çox güman ki, cavab hörmətli ziyalımızın müasir dövrdə getdikcə itirilən dəyərlərin bitmək bilməyən axtarışları ilə bağlıdır. Rafiq Əliyev üçün insandan ali və onun sahib olduğu humanist dəyərlərdən qiymətli heç nə yoxdur. Humanist, demokratik düşüncənin, yüksək milli və bəşəri dəyərlərin daşıyıcısı, ali keyfiyyətlər sahibi olan məhz insandır. İnsansız nə mədəniyyətin, nə tarixin, nə siyasətin, nə də ki, dövlətin anlamı olmazdı.
Professor Rafiq Əliyevin yaradıcılığının əsasında Azərbaycan fəlsəfəsinə məxsus humanist ideyaların təbliği durur. O, öz sağlam düşüncələri ilə ətraf aləmdə, həyatda və zəmanəmizdə baş verən hadisə, proses və problemlərin üzərinə işıq salır. Rafiq müəllimin əvvəlki əsərlərində olduğu kimi, yeni çapdan çıxmış kitabında da müəllifin siyasi, dini və fəlsəfi düşüncələri, günün aktual olaylarına baxışı öz əksini tapıb.
İstedadlı insanların demək olar ki, hamısının həyatı əlamətdar hadisələrlə zəngin olur. Amma dövrün reallıqlarını dolğun əks etdirməkdən ötrü öz yaşadığı həyata tənqidi nöqteyi-nəzərdən yanaşmaq hər adamın cəsarət edə biləcəyi hünər deyil. Rafiq Əliyev bunu bacaran ziyalılardandır. Onun fikir və düşüncələrində, hiss və həyəcanında insanın yenidən həyata qayıdışına xidmət edən mühüm dövrün gerçəklikləri yüksək səviyyədə əks olunur.
Bəli, “Dinin əsasları” kitabı məhz insanın yenidən dirçəlişini, inkişafını təbliğ edir. Belə bir mövzuda kitab yazmaq ideyası onda hələ 2003-cü ildə Avropa Şurası Parlament Assambleyasının Venadakı iclası zamanı yaranmışdı. Həmin sessiyada dini dözümlülük hissinin formalaşdırılması, insanlara dini ekstremizmin mahiyyətini izah etmək məqsədilə orta məktəblərdə din dərslərinin tədrisi məsələsi gündəmə çıxarılmışdı. İclas zamanı Rafiq müəllimin Avropada müxtəlif dinlərin ayrı-ayrılıqda tədris olunması prinsipini tənqid edən edən çıxışı böyük maraqla qarşılanmışdı. Məktəblərdə belə bir bölgünün aparılması əslində uşaqlarda onların mənsub olduqları dinin digərlərindən üstün olduğu fikrini formalaşdırır. Müasir multimədəni cəmiyyətdə dini dözümlülüyün alternativi yoxdur. Təhsil sistemi də bu prinsipi dəstəkləməlidir. Məhz bu məqsədlə vaxtilə Rafiq Əliyev yeni tədris proqramı əsasında vəsait hazırlamışdı. Dünyanın bir neçə dilinə tərcümə olunmuş o vəsait on il vaxt keçsə də, bu günə kimi öz aktuallığını itirməyib. Mental ənənələrin assimilyasiyaya, yad təsirlərə məruz qaldığı, yüksək mənəvi dəyərlərin sıxışdırıldığı, maddiyyatın mənəviyyatdan önə keçdiyi, milli və dini ayrı-seçkiliyin müşahidə olunduğu dövrdə uşaqların milli-mənəvi dəyərlər əsasında düzgün tərbiyə olunması, sağlam əxlaqi mühitdə yetişməsi, kamil dünyagörüşünün və dini dözümlülüyün formalaşmasında bu, olduqca mühüm əhəmiyyət kəsb edən məsələdir.
Ümid edək ki, Rafiq Əliyevin dünyanın müxtəlif dillərinə tərcümə olunmuş kitabları Azərbaycan humanist ideyalarının bələdçisi olmaqla yanaşı, həm də müasir insanın böyük ehtiyac duyduğu yeni qlobal düşüncə tərzinin formalaşmasına öz töhvəsini verəcək. Qoy onun iti qələmindən bəşər övladına yaşamağı, düşünməyi və sevməyi öyrədən hələ çox belə kitablar çıxsın!
banner

Oxşar Xəbərlər