Holokost qurbanlarının xatirəsi anılıb - Fotolar
Aprelin 24-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin
İsrail və Yaxın Şərq Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Holokost qurbanlarının
xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbirdə öncə Holokost
qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Sonra İsrailin Azərbaycandakı
fövqəladə və səlahiyyətli səfirinin müavini Amir Rom Holokost qurbanlarının
xatirəsinə altı ədəd şam yandırıb.
ADU-nun Beynəlxalq əlaqələr
üzrə prorektoru, dosent Jalə Qəribova qonaqları salamlayaraq tədbirin təşkilatçılarına
və iştirakçılara təşəkkür edib. O, Holokost hadisəsinin insanları çox təsirləndirdiyini
bildirib. J.Qəribova altı milyon əhalinin sadəcə irqçiliyə və milli mənsubiyyətinə
görə qətlə yetirilməsinin dəhşətli hadisə olduğunu sözlərinə əlavə edib. Bu
faciə haqqında tələbələrin məlumatlandırılmasının əhəmiyyətindən danışan
prorektor Holokost hadisəsinin insanların yaddaşından silinməyəcəyini
vurğulayıb. O, tələbələri faciə qurbanları haqqında filmlərə baxmağa dəvət
edib. Prorektor J.Qəribova gəncliyimizin təhsil, qarşılıqlı hörmət,
tolerantlıq, dostluq sayəsində belə faciələrin olmasının qarşısını ala biləcəyini
söyləyib.
İsrailin Azərbaycandakı
fövqəladə və səlahiyyətli səfirinin
müavini A.Rom İsrail və Yaxın Şərq Araşdırmalar Mərkəzinə tədbiri təşkil
etdiyi üçün təşəkkür edib. O, Holokostun Almaniyanın faşizm dövründə törətdiyi,
təxminən altı milyon nəfərin sistemli şəkildə öldürüldüyü qətliama verilən ad
olduğunu deyib. A.Rom 1933-cü ildə yəhudilərin hüquqlarının azaldılması ilə
addım-addım başlayan fəlakətin sonda faşist hökumətinin əlinə keçən bütün yəhudilərin
öldürülməsi ilə nəticələndiyini bildirib. İrqçiliyə görə törədilən belə cinayətlərin
təkcə bir xalq üçün deyil, bütün bəşəriyyət üçün təhlükəli olduğunu deyən A.Rom
bu təhlükəni bir daha yaşamamaq, bundan yayınmaq üçün keçmişi unutmamaq və gələcəyimizi
bu keçmişə nəzərən qurmaq lazım olduğunu vurğulayıb.
Daha sonra ADU-nun
Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin İrsailşünaslıq
ixtisasında təhsil alan Şahverən Babayev İsrailə həsr olunmuş mahnı ifa edib,
Validə Qədirli isə Holokost hadisəsi haqqında təqdimatla çıxış edib.
Sonda "Holokost: şahidlərin
gözü ilə” adlı videoçarx nümayiş olunub.