• cümə, 19 Aprel, 08:55
  • Baku Bakı 13°C

Hisslərimizi ifadə edən smayliklər - Araşdırma

09.09.17 10:30 14722
Hisslərimizi ifadə edən smayliklər - Araşdırma
Sosial şəbəkələr insanların, xüsusilə də gənclərin həyatının ayrılmaz hissəsinə çevrilib. Oradakı söhbətlər və yazışmalar canlı ünsiyyətə təsir etməkdən əlavə, həyatımızda yeni vərdişlər yaradır. Bu vərdişlərdən biri də smayliklərdir. Smayliklər ilk baxışdan əhəmiyyətsiz görünsə də, onlar bizim onlayn ünsiyyətimizin bir hissəsi olublar. Artıq kədərimizi, sevincimizi, küskünlüyümüzü həyatımıza daxil olan o sarı "başlar” və ya nöqtələr, mötərizə işarələriylə bildiririk. Statistikaya görə, ötən il tək "Tvitter” vasitəsilə 10 milyard smaylik göndərilib. "Instagram” şəkillərinin böyük əksəriyyəti smayliklə paylaşılır.
Bəs həyatımızda mühüm ifadə vasitələrinə çevrilən bu smaylikləri yazı dilinə köçürmək olarmı? Hiss-həyəcanı bildirmək üçün reportaj, araşdırma və ya müsahibələrdə "gülür”, "ağlayır”, "əsəbi halda” sözləri əvəzinə sarı, şirin "kukla”lardan istifadə etmək mümkündürmü?
3000 illik yoldan geriyə addım…
Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov hesab edir ki, yazı dilində smayliklərdən istifadə mənasızdır. Həmsöhbətimizin sözlərinə görə, işarələrlə danışmaq yazıdan əvvəlki dövrün məhsuludur. Yazı onun təkmilləşdirilmiş formasıdır: "Piktoqrammalar yazıdan əvvəlki dövrdür. Yazı meydana çıxanda piktoqrammalara ehtiyac qalmadı, çünki yazının ifadə imkanları müqayisə edilməyəcək dərəcədə daha genişdir. Təzədən piktoqrammaları yazıya daxil etmək az qala 3000 illik yoldan sonra geriyə addım atmaq demək olardı. Bəli, biz çatda yazışarkən müxtəlif piktoqrammalardan - smayliklərdən, emojilərdən və s istifadə edirik. Amma çat, adından da göründüyü kimi, söhbətin imitasiyasıdır. Kiminləsə danışanda ona gülümsəyə, göz vura, qaşqabaq tökə bilirik və bu imkanların söhbətin imitasiyasında da mümkün ola bilməsi yaxşı haldır. Yazı isə söhbətin imitasiyası deyil. Yazı - müəllifin fikirlərini başqa insanlara çatdırmağın vasitəsidir. Emosiyaları, mimikaları yox, məhz fikirləri... Buna görə də, orada smayliklərdən istifadə etmək sadəcə, mənasız olardı”.
"Bütün fikrimizi bir işarə ilə ifadə edə bilirik”
Ölkə.az saytının baş redaktoru Məmməd Gülməmmədov isə hesab edir ki, smayliklər fikirləri ifadə etmək üçün jurnalistlərə çox kömək olur: "Son dövrlər samyliklər həyatımıza elə sürətlə daxil oldular ki, artıq hər gün bu ikonlar vasitəsilə kiməsə göz vurur, gülümsəyir yaxud "hər şey əladır” deyə baş barmağımızı göstəririk. İndi sosial şəbəkələr dövrüdür və biz orada hansısa dostumuza mesaj yazanda, hansısa fikrinə münasibət bildirəndə mütləq smayliklərdən istifadə edirik. Bəzən hətta bütün fikrimizi, mövqeyimizi bir smaylik ilə ifadə edirik. Smayliklərin jurnalistikada istifadəsinə gəlincə isə deyərdim ki, buna artıq rast gəlinir. Bloggerlər öz məqalələrində çoxdan bu ikonlara yer verəsələr də, jurnalistikada buna az təsadüf edilir. Məsələn, dünyada ən çox oxucusu olan portallardan biri "BuzzFeed”in reportajlarında, yaxud hazırladıqları hansısa xəbərdə smayliklərdən istifadə edilir. Portal yalnız xəbərə oxucu münasibətində smayliklərdən istifadə imkanı verməyib, üstəlik özü də xəbərdə smayliklərdən istifadə edir. Ötən il Fransada bir kitab mağazasında komediya janrında olan pyesdə smayliklərdən istifadə edildiyini görəndə mənə çox qəribə gəlmişdi. Ancaq bu, artıq reallıqdır. Düşünürəm ki, yaxın illərdə smayliklərdən jurnalist məqalələrində, reportajlarında da geniş istifadə ediləcək. Çünki, hər gün istifadə etdiyimiz və vərdişə çevrilmiş bu ikonlar mütləq fikirlərimizi ifadə etmək üçün klavyaturamızla bərabər köməyimizə gələcək”.
"Emojilər yazılarımıza rəng qatar”
Müxbir Rövşən Əsədov isə, bu üsulu jurnalistikanın yeni mərhələsi adlandırır: "Bunu jurnalistikanın müasir mərhələsi də adlandırmaq olar. Çünki bu, reportaja, eləcə də məqaləyə xüsusi bir rəng qatmış olar və daha maraqlı alınar. Gəlin etiraf edək ki, bu gün qəzetdən, jurnaldan daha çox internet resursları oxunur. İnternet resurslarında isə bu cür emosiyaları ifadə etmək üçün xüsusi işarələrdən istifadə etmək daha rahat və əlverişlidir. Mənə elə gəlir ki, bu, həm də yazılan məqaləyə xüsusi bir rəng qatar. Gündəlik yazışmalarımızda da demək olar ki, bu cür samyliklərdən istifadə edirik. O zaman hesab edirəm ki, fikrimiz, hiss etdiklərimiz daha dolğun şəkildə ifadə edilir. Hərdən əlimiz o qədər öyrəşir ki, ciddi yazılarda belə səhvən həmin smayliklərdən istifadə edirik. Belə olduğu halda, saytlarda dərc olunan məqalələrdə smayliklərdən istifadə edilməsinin tərəfdarıyam”.
"Jurnalist müsahibin hiss-həyəcanını sözlə ifadə etməyi bacarmalıdır”
Müxbir Ləman Mustafaqızı isə sözlə ifadə etmək qabiliyyətinin daha təsirli olduğunu düşünür. Deyir ki, əgər jurnalist müsahibinin hiss və həyəcanını sözlə ifadə etməyib, samyliklərdən istifadə edərsə, bu, onun tənbəlliyinin göstəricisidir: "Bir-iki dəfə yazılarda rastlaşmışam. Gülmək işarəsinin mötərizə olaraq istifadə olunmasını görmüşəm. Məncə, yaşlı nəsil bu işarələri başa düşməz. Əslində jurnalistin müsahibini sözlə ifadə etməsi onun dilinin zənginliyidir. Məncə, qarşındakı insanın hisslərini sözlə ifadə etmək daha gözəldir. Samyliklərin yazı dilinə köçürülməsini düzgün hesab etmirəm”.
"Mətnlərdə emojinin gücünü inkar etmək olmaz”
Filologiya üzrə fəlsəfə doktoru, dosent Rasim Heydərov bizimlə söhbətində bildirdi ki, hər hansı fikrin işarələrlə ifadə edilə bilməsi normaldır və bu, inkişafdan xəbər verir: "Ümumiyyətlə, dil özü işarələr sistemidir. Yazılar da işarənin bir formasıdır. İşarələrdən biz indi də istifadə edirik. Biz öz fikrimizi smayliklər vasitəsilə çatdıra bilirik. İnsan hər vaxt çalışır ki, öz fikirini daha asan və dolğun ifadə etsin. Həmin o emojilər də ifadələrin qısaldımış formasıdır. Bu da normaldır. İnsan yarandığı dövrdən işarələr sistemilə danışıb və danışacaq. Bu, insan təfəkkürünün inkişafı ilə bağlıdır. Əgər yazıda mimika və jestlərdən istifadə edə bilmiriksə, smayliklər vasitəsilə fikri daha təsirli çatdıra bilərik. Mətnlərdə smaylikin gücünü inkar etmək olmaz. Smayliklər yazıda və ya onlayn mediada əl və mimika hərəkətlərimizi əvəzləyir”.
Gələcəyin dili-smaylik
Məlumat üçün bildirək ki, gələcəkdə smaylik dilinin Avropada rəsmi dil kimi istifadəsi nəzərdə tutulur. Alimlər işarələrdən yeni dilin yaranmasını isə Afrikanı misal göstərməklə izah edirlər. Belə ki, təxminən 40 il əvvəl, Nikaraquada eşitmə qüsurlu uşaqlar ilk dəfə bir məktəbdə toplanıb və hər kəsin özünəməxsus işarələri ilə yeni dil ortaya çıxarıblar. Hazırda inkişaf etdirilən bu dil Nikaraqua dilinə aid dil qrupu kimi qəbul olunur.
Qeyd edək ki, sosial şəbəkə istifadəçilərinin 92 faizi smayliklərdən istifadə edir.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər