“Hiss etdim ki, insanların dualarında yaşayıram” - Fotolar
Heydər Əliyev
Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə
fond tərəfindən xalq artisti Könül Xasıyevaya ev hədiyyə edildi. Onurğa iflici
xəstəliyindən əziyyət çəkən ifaçının səhhəti günü-gündən yaxşılığa doğru dəyişir. Azərbaycan musiqi aləmində öz dəsti-xəttini
yaradan, böyük tamaşaçı kütləsi qazanan K.Xasıyeva mənzil aldıqdan sonra
"Kaspi” qəzetinə eksklüziv müsahibə verdi.Üçotaqlı, tam təmirli
mənzillə mükafatlandırılan xalq artisti yeni evinin Heydər Əliyev Mərkəzinin
yaxınlığında yerləşdiyini deyir. Deyir ki, ulu öndərimizin adını daşıyan məkana
yaxın olması xüsusilə xoş ovqat yaradır.
- Könül xanım, sizi mənzil almağınız münasibəti ilə
təbrik edirik.
- Təşəkkür edirəm.
Mətbuat nümayəndələri məni daima diqqət mərkəzində saxlayıblar, siz də həmçinin.
Var olun! Allah bizim Birinci
vitse-prezidentimiz Mehriban Xanım Əliyevaya uzun ömür versin. O, bizim mələyimizdir.
Arzularımızı həyata keçirən mələk.
- Biz sizə də uzun
ömür arzulayırıq.
- Çox sağ olun.
Var olasınız, Allah hər birinizdən razı olsun.
- Sizə ev veriləcəyini gözləyirdiniz?
- Bəli, gözləyirdim.
Çünki biz Azərbaycanda yaşayırıq. Bizim ölkəmizin rəhbəri həmişə sənət
adamlarına böyük diqqət və qayğı göstərib. Bunu danmaq olmaz, çünki bu, göz
qabağındadır. Hər zaman dövlət başçımızın diqqətini üzərimizdə hiss etmişik.
Ona görə sizdən heç nə gizlətməyəcəyəm, mən ev alacağımı gözləyirdim. Leyla Əliyeva
şəxsən mənim müalicəmlə tez-tez maraqlanır, zəng etdirir, halımı xəbər
alır. O, tapşırıqlarını verir, müalicənin
yaxşı getməsi üçün əlindən gələni edir. Bizim dövlətimiz bütün bunları öz sənətkarına
qarşı edir. Bizim həqiqətən də gözəl dövlətimiz var. Mən dövlət başçımıza, onun
həyat yoldaşına öz minnətdarlığımı bildirirəm.
- Hazırda səhhətiniz
necədir?
- Səhhətimə Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla xanım xüsusi diqqət ayırır. Heydər Əliyev
Fondu da maliyyə ayırıb, yardım edir. Onlar da mənim sağlamlığım uğrunda çox əziyyət
çəkirlər. İnsan ona dəyər verildiyini görəndə çox şad olur, sevinir. Sevincinin
həddi-hüdudu olmur. Həkimlərimizin mənə deyirlər ki, səni Heydər Əliyev sarayında
konsert verəcəyin günə qədər sağaldacağıq. Mən də həkimlərin dediyi o günü gözləyirəm.
İnanıram ki, bir gün sağalacaq və o səhnədə konsert proqramı ilə çıxış edəcəyəm.
Sizi əmin edirəm ki, jurnalistlər orada ön sırada olacaqlar. Onlar mənim
başımın tacıdırlar. Mən sizə öz konsertimdən reportaj yazmağı arzulayıram. Siz
mənim məxsusi qonağım olacaqsınız.
- Könül
xanım, ürəyinizdə qalan hər hansı arzunuz varmı?
- Əlbəttə ki,
arzular tükənməzdir. Mən Kazım balamın toyunu görmək istəyirəm. Allahdan tək
arzum can sağlığıdır. Mən oğlumun xeyir işini görüm və onun boynuna kəlağayı
salım. Noyabrın 17-də Kazımın 10 yaşı tamam olur. Onun toyunu görmək inşallah mənə
nəsib olsun. Allah ömür nəsib etsin ki, mən o günü görüm. Onun əlini həyat
yoldaşına həvalə edim, sonra özləri bilsin. Ona çox möhtəşəm bir toy keçirmək
istəyirəm. Ən böyük arzum odur ki, Kazım dövlətimizə ləyaqətli bala kimi
yetişsin. Fərqi yoxdur, hansı sahədə çalışacaq. Adi sürücü də olsa belə, ləyaqətli
və vicdanlı olsun. İnsanları sevsin, dövlətini, vətənini, torpağını sevsin. Onu
gələcəkdə belə bir övlad kimi görmək istəyirəm. Allah hamımıza övladlarımızın
xoş gününü yaşatsın.
- İnsan dostunu da, düşmənini də dar və xoş
günündə tanıyır. Siz həyatın bütün sınaqlarından üzüağ keçdiniz. Xoş və dar
gününüzdə dost-düşməninizi tanıya bildinizmi?
- Mən insanları
çox sevirəm. Qəlbimdə zərrə qədər də olsa kin-küdurət yoxdur. Allahın yaratdığı
insanı istəməməyə ixtiyarım yoxdur. Hər kəs mənim dostum, can-ciyərimdir. Elə
şeylər ağlımın ucundan da keçmədi ki, mən insanları sınaqdan keçirim. Belə bir
şeyi etmədim. Hiss etdim ki, insanların dualarında yaşayıram. Bu gün həyatdayamsa
o, insanların duaları sayəsindədir. Xalqın duası məni ayağa qaldırdı. Mən bütün
xalqıma təşəkkürümü bildirirəm. Ona görə ki, onlar məni pis günümdə də, xoş
günümdə də tək qoymadılar, hər zaman yanımda oldular, onların dualarından əskik
olmadım. Şükür Allahın bu gününə. Oktyabrın 24-ü həyatımda duaların qəbul
olunduğu gündür. Həmin gün mənə ev hədiyyə edildi. O günü heç vaxt unutmayacağam. Bu tarix mənim
həyatımda qızıl hərflərlə bir tarix yazdı.
- Səsiniz hələ də
yerindədirmi?
- Səhhətimdə
problem olmasına baxmayın, səsimdə heç bir problem yoxdur. Allah mənim boğazıma
sanki bir aparat qoyub. Onu məndən yalnız Allah ala bilər. İndi bir az zəifləmişəm,
inşallah bunun da öhdəsindən gələcəyəm.
- Bizim ailədə sizə böyük hörmət var. Sizin səhhətinizlə
bağlı yayılan xəbərlər bizi çox məyus etdi.
- Mənim adımdan
məni soruşan, mənə görə narahat olan hər kəsə deyin ki, Könül Xasıyevanın səhhəti
yerindədir, heç bir narahatlığa əsas yoxdur. Məni xalqın sevgisi yaşadır, sağ
olsun xalqım. Allah onlara dəyməsin. Məni ayaqda tutan xalqımın xeyir-duasıdır.
Mən özümü şanslı ifaçılardan hesab edirəm. Bütün ağsaqqallarımıza, ağbirçəklərinizə
məndən salam çatdırın.
- Bundan əvvəl haqqınızda "Xərçəng xəstəliyindən əziyyət
çəkir” məlumatı yayılmışdı. Bu məlumat doğru idi?
- Xeyr, əsla.
Bir müddət mətbuatda yanlış məlumatlar getdi. Dedilər ki, guya xərçəng xəstəsiyəm.
Hətta ölüm xəbərim belə yayıldı. Nə qədər xərçəng xəstəliyindən əziyyət çəkən
insan varsa, Allah onlara kömək olsun. O xəstəlikdən dünyasını dəyişənlərə Allahdan
rəhmət diləyirəm. Doğmalarına səbir
arzulayıram. Şükür ki, məndə bu gün o xəstəlik yoxdur. Düzdür, insanın
sabaha təminatı yoxdur ki, həyatda olacaq, yoxsa yox. Kimin nə qədər
yaşayacağını Allah bilir. Yazıya pozu yoxdur. Ancaq elə şey olmayıb. Bu, yanlış
informasiya idi.
- Bu xəbərlər
psixoloji olaraq sizə təsir etdimi?
- Əlbəttə ki,
etdi. Bir müddət mətbuatda mənim haqqımda ölüm xəbərim yayılmışdı. İnternetdən bu xəbəri oxuyanda bir müddət özümə
gələ bilmədim. Belə şey olarmı? Telefonun dəstəyini qaldıran kimi mənə
başsağlığı verirdilər. Elə bilirdilər ki, dəstəyi götürən mənim hansısa
qohumumdur. Bu, dəhşətdir. Həmin an keçirdiyim hissləri sözlə ifadə etmək
mümkün deyil. Telefonu kimə açırdımsa deyirdilər ki, bəs deyirlər sən ölübsən.
Ancaq bilmirdilər ki, dəstəyi mən qaldırıram. Saysız başsağlığı SMS-ləri
alırdım. Əlbəttə ki, bu, psixoloji olaraq mənə pis təsir edirdi. Bir insanı ölü
kimi təqdim etmək təbii ki, təsirsiz ötüşmür. Mən də çox əzab çəkirdim. Bilmədən,
xəbəri olmadan, maraqlanmadan, araşdırmadan jurnalistin, söz adamının yanlış
yazması bağışlanılmazdır. Mən mətbuata açıq adamam, onlar mənimlə əlaqə
saxlasaydılar, həyatda olduğumu deyərdim. Əgər jurnalist işinin peşəkarıdırsa,
o, məlumatı dəqiq şəkildə öyrənməli, mənimlə əlaqə saxlamalı, sonra yazmalıdır.
Xalqla bizim aramızda körpü rolunu oynayan məhz jurnalistlərdir. Mən istəməzdim
ki, insanların hissiyyatı ilə bu qədər oynasınlar. İnsanlar da onların
yazılarını oxuyub məyus olmuşdular. Xalqa hər zaman düzgün məlumat ötürmək
lazımdır. Bu, onların vəzifə borcudur. Düzdür, jurnalistlərin içində peşəkarları
da var, bu sözlərimi hər jurnalistə aid etmirəm. Ancaq istənilən halda düzgün deyildi.
- Sizə el arasında "bala Şövkət” deyə xitab edirlər. Bu ləqəb necə verilib?
- Deyirlər ki,
xarici görkəminizdə oxşarlıq var. Mənim anamla bir şəklim var. Evdə göz önünə
qoymuşam. Kim bizə gəlirsə, deyir ki, sən eynilə Şövkət Ələkbərovaya bənzəyirsən. Hətta şəklə baxıb, "Şövkət
xanımın sizdə şəkli hardandır” soruşanlar da olur. Deyirəm ki, bu, mənəm, Şövkət
xanım deyil. Mən onları inandıra bilmirəm ki, o xanım mənəm. Ona görə mənə
"Balaca Şövkət” deyirlər. Sizə bir şəkil
göndərəcəyəm, baxandan sonra o sualın cavabını özünüz tapacaqsınız.
Xəyalə Rəis