Hiperaktiv uşağın enerjisi necə paylanmalıdır? - Gənclərə məsləhət
Əgər övladınız bir yerdə dayana bilmirsə, ehtiyac
olmadan əllərini, qollarını oynadırsa, evdə daim hərəkətdədirsə və yerli-yersiz
qaçırsa, hiperaktiv bir uşaqla qarşı-qarşıya olma ehtimalınız böyükdür. Bəzən
elə uşaqları nadinc, bəzən hərəkətli, bəzən də ərkəsöyün kimi qiymətləndirsək də,
onların enerjilərini xərcləmək üçün nə etmək lazım olduğunu bilmirik. Hərəkətli
olduğu üçün danlamaq, cəzalandırmaqla iş bitmir.
Bu dəfə "Gənclərə məsləhət” rubrikamızda hiperaktiv
uşaqlarla davranış metodlarından danışdıq. Psixoloq Günel Qurbanovanın məsləhətlərini
nəzərinizə çatdırırıq.
Psixoloq deyir ki, hiperaktivlik mövzusunda kifayət
qədər çox məlumat var. Lakin, hər şeydən öncə bir fakt nəzərə alınmalıdır - çox
hərəkətli və aktiv hər uşağa hiperaktiv demək olmaz: "Hiperaktivliyin
terminoloji adı Diqqət Əksikliyi və Hiperaktivlik pozuntusudur. Yəni bu, əslində
pozuntu halı olduğundan, hərəkətliliyi çox sevən hər hansı bir uşağa bunu aid
etmək düzgün yanaşma deyil. Əgər uşaq çox hərəkətlidirsə, mütləq psixoloq tərəfindən
diaqnozu təyin edilməlidir. Hiperaktiv uşaqlar bütün günü tullanıb-düşər,
dostlarını itələyər, divara dırmaşmağa çalışar, susmaq nədir, bilməzlər. Bir
mövzudan digər mövzuya keçər, başqasının sözünün bitməsini gözləmədən sözlərini
kəsərlər. Qayda-qanuna tabe olmazlar. Edilməməsi lazım olan hərəkətləri bilərəkdən
edirlər. Günahlarını boyunlarına alsalar da, səbəbini soruşduqda cavab verə
bilməzlər. Məktəbə təmiz geyimdə gedər, qayıdanda isə üst-başları dağınıq və
çirk içində olarlaq. Əşyaları səliqəsiz, otaqları dağınıq olar, hər gün bir əşya
itirərlər”.
Diaqnozu Diqqət
Əksikliyi və Hiperaktivlik pozuntusu olaraq təyin edilmiş uşaqlarla valideynlər
necə davranmalıdır?
- Valideyn hiperaktivliyi xarakter yox, bir problem
kimi qəbul etməlidir. Əgər xarakter kimi qəbul edərsə, onu bu problemdən xilas
edə bilməyəcək. Mümkün olduğu qədər onunla inadlaşmamalıdır. Səs tonunu
qaldıraraq uşaqla danışılmamalıdır. Hansısa mövzuda qəti fikriniz "yox”
cavabıdırsa, "yox” deyin. Əgər fikrinizi onun hansısa hərəkətini dəyişə biləcəksə,
əvvəlcədən "hə” cavabını verin. Hiperaktiv uşaqlara bütün qaydalar konkret və
açıq şəkildə izah olunmalı, düzgün davranışları hər zaman təqdir edilməlidir. Bəzən
kiçik bir "afərin” sözü bir uşaq üçün çox böyük bir məna ifadə edir. Məktəbə və
ya bağçaya gedirsə, onun müəllimləri ilə daimi əlaqədə olmalı və problemin nə
olduğunu, uşağa evdə hansı qaydaların qoyulduğu bildirilməlidir. Həmçinin, məktəbdəki
davranışları da izlənilməlidir. Neqativ hərəkətlər və cəzaya yox, pozitiv
davranışlarına köklənilməlidir. Bu zaman onun motivasiyası müsbət davranışlara
yönələcək. Daha çox təqdir almaq üçün çalışacaq.
- Bəs daxili
enerjisini düzgün yerə yönəltmək üçün nə etmək lazımdır?
- Uşağın daxili enerjisi çox olduğundan, onu mütləq
hansısa idman sahəsinə yönəltməlisiniz. Bu, onun həm maraq dairəsinə yaxın, həm
də dağıdıcı hərəkətlərini artırmayacaq sahə olmalıdır. Həm normadan çox aktiv, həm də diqqət
problemi olduğundan, bu uşaqlarda akademik sahədə uğursuzluqların olması
normaldır. Bu zaman onu danlamaq yerinə, marağını çəkəcək formada dərslərinə
yönləndirə bilərsiniz. Diqqət əksikliyi də olduğundan, onlarla diqqətini
artıracaq oyunlar oynayın. Çox uzağa getməyə ehtiyac yoxdur, öz uşaqlığınızda
oynadığınız oyunları onunla da oynaya bilərsiniz. Məsələn, kağız üzərində
oynanılan X/O, topla oynanılan "ortada qaldı” oyunu, domino və s. Bu oyunlar
diqqətin toplanması, konsentrasiyanın artırılması və enerjinin düzgün
paylanılması üçün faydalıdır.
Aygün Əziz