Hind konosunun hökmdarı
O, Rəşid
Behbudovla da dostluq edirdi
"Ağbəniz,
mavi gözlü, son dərəcə yaraşıqlı və ürək dostu...” Onunla işləmək və onu
yaxından görmək şərəfinə nail olanlar Rac Kapuru belə xatırlayırlar. Onun adı
20-ci əsrin əfsanəvi hind aktyoru və rejissoru kimi təkcə Bollivudun kino
tarixində deyil, dünyada məşhurlaşıb. Kino tənqidçiləri və pərəstişkarları Racı
«Hindli Çarli Çaplin» və «Hind kinosunun hökmdarı» adlandırırdılar. Rac hind
kino tarixinin ən populyar aktyorlarından sayılır. "Hindli Çarli Çaplin”i öz
ölkəsindən daha çox, dünya ölkələrində sevirdilər.Sovet
kosmonavtı Yuri Qaqarin Rac Kapur ilə şəxsən tanış olmuşdu. Onlar 1961-ci ildə
- Qaqarin Hindistanda olarkən görüşmüşdülər. Bu şərəfə şəkil də çəkdirmişdilər.
Yuri Qaqarin məşhur aktyora «Yoldaş Avara» ləqəbini qoymuşdu.Görkəmli
estrada müğənnisi Rəşid Behbudov da aktyorla yaxından tanış idi. Cavahirləl
Nehru Moskvada rəsmi səfərdə olarkən Nikita Xruşşov ondan Rac Kapuru şəxsən
tanıdığını soruşanda, Hindistanın baş naziri əsəbiləşir və belə bir şöhrətin
onu heç vaxt gözləmədiyini anlayır.
Kamal attestatı olmadan
Rac
Kapur 1924-cü ildə Peşevaridə (həmin illər Britaniya koloniyasına daxil idi,
hazırda isə Pakistan əyalətinə aiddir) doğulub. Milliyətcə pəncablı
hinduistdir.Racın
aktyorluq taleyində prodüser və rejissor olan atası rol oynayıb. Atasının
«Prithvi Theatre» adlı şəxsi teatrı vardı. Babası Devan Başeşvartat Kapur da
aktyor idi. Təəccüblü deyil ki, oğlan və qardaşları boş vaxtlarını səhnə
arxasında keçirirdilər. Rac 6 yaşında səhnəyə çıxır. 11 yaşında isə ilk dəfə
«İnqilab» adlı filmə çəkilir. 14 yaşında olanda atası onda peşəkar aktyor
bacarığı olduğunu hiss etdiyini deyir. Ancaq Racın əyalət teatrında işləməklə
bağlı planları yox idi, onu kino aləmi çəkirdi. O, ali təhsil almaqdan imtina
edərək «Bombay Talkies» kinostudiyasında rejissor assistenti kimi işə başlayır.
24 yaşı olanda təkcə Hindistanın deyil, bəlkə də dünyanın ən gənc rejissoru
kimi tanınır. Elə o vaxtlar şəxsi kinostudiyasının özülünü qoyur. Xüsusi təhsili
olmadan, hətta kamal attestatı belə almadan kinematoqrafiyanın sehrli aləminə gəldikdən
sonra o, sınaq və səhvləri öz üzərində öyrənməyə başlayır. Nəticədə gözəl rəqs
edir, oxuyub-oynayır və müxtəlif alətlərdə ifa edə bilirdi.
"Həmişə
gülümsəmək sizə necə nəsib olur?”- deyə soruşduqda «Kinonu çox sevirəm» - deyən
Rac Kapurun kino karyerasının dönüş nöqtəsi 1947-ci ildə Hindistanın müstəqillik
qazanmasından sonra baş verir. Bir neçə filmə çəkilən kinoaktyor bütün
qonorarını rejissorluq debütü olan, baş rollardan birini oynadığı «Od» filminə
sərf edir.
1948-ci
ildə aktyor karyerasında daha bir yenilik edir. O, «R.K.Films» adlı şəxsi
kinokampaniyasını qurur. 26 yaşlı aktyor zamanının ən gənc rejissoru kimi məşhurlaşır.
Əvvəllər Kapur və onun komandası maliyyə olmadığından, öz entuziazmları ilə
çalışırdılar. Amma tezliklə «R.K.Films» yaradıcısının istedadına görə,
kinostudiya ən çox pul gətirən şirkətə çevrilir. Karyerasının ilkin dövrlərindən
onun filmləri poetik və romantik süjeti ilə fərqlənirdisə, eyni vaxtda sosial
problemləri qabardırdı. Kasıblıq və sosial təbəqələşmə Kapurun filmlərinin əsas
mövzuları idi.
"Avara”nın şöhrəti
Ən böyük
şöhrəti ona 1951-ci ildə çəkdiyi «Avara» filmi qazandırır. Film çəkilişi üçün
aktyorları çox axtarırlar. Racın atası həkim Raqunatın roluna aktyor tapmaq
daha çətin olur. Kapur deyirdi: "Atamı həmin obrazda görmək təbii olardı. Ancaq
mən cəsarət edib ona – hind kinosunun veteranına bu rolu təklif edə bilməzdim. Nəticədə təkcə
atamı yox, babamı da filmə çəkilməyə razı saldım”.
Film üzərində
çəkilişlər üç il davam etdi. Film başa çatmamış vəsait qurtardı. O zaman Kapur
və aktrisa Nərgiz (Fatimə Rəşid) digər kinoşirkətlərin filmlərinə çəkilməyə
başladılar. Qazanılan pulları isə "Avara”nın xərclərinə sərf edirdilər. Nəhayət,
ekran əsəri Bombeydə "Rac Kapur film” kinostudiyasında istehsal olunur. "Avara”
filmi Hindistanda böyük uğur qazandıqdan sonra dünya ekranlarına çıxır. Filmin
«Zərbəçi» kinoteatrında nümayişindən sonra pərəstişkarları onu əlləri üzərində
qaldığı «ZİS» mehmanxanasına gətirmişdilər.
Film bir
neçə onilliklər ərzində dünya prokatına şöhrət gətirir. 1954-cü ildə SSRİ-yə
satılaraq rus dilinə tərcümə edilir. Ölkəmizdə
həmin filmin Azərbaycan dilində tərcümə variantı olsa da, bizim tamaşaçılar da
daha çox rus variantına üstünlük verirlər. Çünki bu variantdakı aktyorlar
filmin tərcüməsini elə məharət və ustalıqla ifa edirlər ki, filmdəki qəhrəmanların
dialoqlarını rus dilində eşitmək daha zövq verir.
Bu filmdə
Kapur, tamaşaçısı qarşısında avara obrazında görünürdü. Obraz "Cənab 420”
komediyasında öz inkişafında idi. Bu filmlərdəki mahnılar da Hindistan və dünya
romantik kompozisiyalarının klassika bölümünə daxil edilib.
Film
1954-cü ildə Kann Kinofestivalının
"Qızıl palma” budağına layiq görülür. Həmin ildən etibarən Bombeydəki balaca
studiyaya dünya ölkələrindən turistlərin axını başlayır. Dekabr ayında turistlər
aktyorun anadan olmasının 95 illiyini həmin kinostudiyada qeyd etdilər.
1964-cü
ildə "Sanqam” adlı ilk rəngli film ekranlara çıxır. Bu ekran əsəri Rac Kapurun
baş rolda oynadığı son filmi idi. Ondan sonra Rac Kapur yalnız rejissor və
prodüser kimi fəaliyyət göstərir. Aktyorun filmoqrafiyasına isə ümumilikdə 80
film daxildir.
Nərgiz-Kapur məhəbbəti
Rac
Kapurla əvəzsiz tərəf müqabili Nərgizin birgə çəkildikləri 16 film Hindistan
kinosunun müəyyən bir epoxasını təşkil edir. Kapur-Nərgiz aktyor duetinə məftun
olmamaq olmaz. Sevgililəri oynamaq çox çətin idi. Onları bir-birinə təkcə çəkiliş
meydançasının bağladığına heç kim inanmırdı. Hətta SSRİ qəzetlərindəki
fotolarında «Mister və Missis Kapurlar»- deyə yazılırdı. Hərçənd, həqiqi
"missis” evdə uşaqları ilə otururdu. Lazım gələndə Nərgiz Kapura çəkilişlər
üçün maliyyə yardımı da edirdi. Bundan başqa, Kapurun istəyi ilə çox vaxt ağ
geyinirdi.
Racın Nərgizlə
münasibətləri "Yağış mövsümü” filmi ilə başlayır. Uzun müddət birlikdə çəkilsələr
də, hissləri uzunmüddətli olmayıb. Rac artıq evli olduğundan, hisslərinə meydan
verə bilməyib.
Nərgiz
on il gözlədikdən sonra həm yaradıcılıq, həm də həyat yoluna başqa rejissorla
davam edib. Onların kinodakı ittifaqları
da 1957-ci ildə, beləcə, başa çatıb.
Başqa
bir versiyaya görə, Nərgizlə Racın münasibətləri yalnız yaradıcılıqla bağlı
olub. Sevgi macəraları haqqında olan söz-söhbət yalnız şaiyə imiş. Krişna bu barədə
bilən kimi ərindən Nərgizlə əlaqələri kəsməyi tələb edib. Rac da onunla
razılaşıb. Nərgiz başqa rejissorla işləməyə başlayıb, sonra da ərə gedib və
kinodan uzaqlaşıb.
Rac
Kapurun rəsmən bircə həyat yoldaşı olub – Krişna Kapur. Onlar 1940-cı ildə evləniblər.
Krişna Racın atasının əmisi qızıdır. Evlənəndə qızın 16 yaşı olub. Bu,
düzülüb-qoşulmuş nikah idi. Atası Raca "evlənirsən!” deyəndə, Rac da "yaxşı”
deyə atasına cavab verib. Bu evlilikdən beş uşaqları olub. Racın oğlanları da,
qardaşları da aktyordur. Racla Krişna bir yerdə 48 il – Rac ölənə qədər
yaşayıblar. Xəbərlər gəzirdi ki, o, həyat yoldaşına vəfalı olmayıb, buna
baxmayaraq, onlar beş uşaq böyüdərək birlikdə yaşadılar. Lakin Nərgiz kimi tərəf müqabilini, o, heç
vaxt tapa bilmədi. Nərgiz gözəl, cazibədar və istedadlı idi. «Krişna –
uşaqlarımın, Nərgiz isə filmlərimin anasıdır» , deyərmiş Kapur.
Qonaq olduğu təqdirdə də, qonaqpərvər olmaq
1970-ci
ildə Kapur üç seriyadan ibarət "Mənim adım kloundur” filmini çəkir. Filmdə
sovet balerinası Kseniya Ryabinkina sirk artisti Marina obrazında, Rac Kapur isə
kloun rolunda oynayırdılar. Çəkiliş müddətində artistlər bir-birini sevirlər.
Qastrol müddəti başa çatdıqdan sonra Kseniya Rusiyaya qayıdır. Onlar uzun müddət
görüşə bilmirlər.
Rac
Kapur Sovet İttifaqı ilə birgə filmlər çəkməyə böyük ümid bəsləyirmiş. Amma
birgə film nə Sovet İttifaqında, nə də Hindistanda uğur qazanır. Tamaşaçı Rac
Kapurdan sirk yox, mahnı və rəqs gözləyirdi.
Dəfələrlə
SSRİ-yə səfər edən, festivallara gələn, donanma makaronunu sevən, dostlarla
araq içməyi xoşlayan və mütləq qəbullar düzənləyən aktyor haqqında «Hətta,
qonaq olduğu təqdirdə də, qonaqpərvər olmağı bacarardı” deyirdilər. Sonradan isə
evdə olarkən danışardı ki, onu Sovet İttifaqında çox sevirlər. «Axı rus
kepkasında, lakin hindli ürəyi ilə oxuyan "avara”nı necə sevməmək olardı?”- deyə
rus mətbuatı yazırdı.
Kapuramaniya
ilə yoluxmuş bir neçə nəsil sovet tamaşaçısı üçün hind aktyoru həmişəlik
«Yoldaş avara» olaraq qaldı.
Rac
Kapur 63 yaşında dünyasını dəyişir. Həkimlərin diaqnozuna görə, aktyor astma xəstəliyindən
vəfat edib. Rac Kapur vəfat edən gün ölkəsində matəm elan olunub. Kapurun ölümü
ilə hind kinosunun böyük bir mədəniyyət erası bitmiş oldu.
Rusiya mətbuatından
tərcümə etdi
Təranə Məhərrəmova