• cümə, 19 Aprel, 12:30
  • Baku Bakı 25°C

Hikmət Babaoğlu: “Kristofer Smitin təşkil etdiyi dinləmələr erməni lobbisinə növbəti xidmətdən başqa bir şey deyil”

16.10.17 13:40 1471
Hikmət Babaoğlu: “Kristofer Smitin təşkil etdiyi dinləmələr erməni lobbisinə növbəti xidmətdən başqa bir şey deyil”
"ABŞ Helsinki Komissiyası oktyabrın 18-də Dağlıq Qarabağ müharibəsinin yenidən başlamasının mümkünlüyü, bu məsələdə ABŞ vəATƏT-in rolu mövzusunda dinləmələr keçirməyi planlaşdırması hər şeydən öncə belə dinləməyə niyə məhz indi ehtiyacın yarandığı sualını ortaya çıxarır”.
BunuAPA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib. O bildirib ki, ən azı bu sual qədər, dinləmələrin kimin təşəbbüsü ilə keçirilməsi məsələsi də maraqlıdır: "Məsələ ondadır ki ABŞ Konqresində belə dinləmələrin keçirilməsinin təşəbbüskarı Helsinki Komissiyasının sədri, konqresmen Kristofer Smitdir. Bu şəxs isə daima Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilib. Əslində Smit erməni lobbisinin ən fəal üzvlərindən biri olmaqla, hələ Dağlıq Qarabağ münaqişəsi yeni başlayan zaman ABŞ-ın Azərbaycana dövlət yardımının qarşısını alan Azadlığı Müdafiə Aktına 907-ci düzəlişin qəbuluna nail olan şəxsdir. Onun bu yaxınlarda ABŞ Erməni Milli Komitəsinin rəhbəri Aram Hamparyamla görüşməsi və görünür, elə erməni lobbisindən aldığı sifarişlə də bu məsələni siyasi gündəmə gətirməsi dinləmələrin bir daha Azərbaycana qarşı-şər böhtan və qaralama kampaniyasına çevriləcəyindən xəbər verir. Görünür, Smit və təmsil etdiyi erməni lobbisi dinləmələr keçirməklə Ermənistanı "müdafiəyə ehtiyacı olan tərəf” kimi tanıtmaq və ABŞ qanunvericilərini işğalçı rejimə maliyyə və hərbi xarakterli yadımı artırmağa çağırmaq məqsədi güdür. Komissiyanın məlumatında 2016-cı il aprel döyüşlərinin nəticələrinə istinad edilməsi, itkilərin statistikasının verilməsi ona işarə edir ki, nə Ermənistan və erməni lobbisi, nə də islamofob mərkəzlər aprel döyüşlərində Azərbaycan ordusunun əldə etdiyi hərbi-strateji və mənəvi- strateji üstünlüyü qəbul edə bilir. Bu bir daha sübut edir ki, aprel döyüşləri Dağlıq Qarabağ probleminin həlli məsələsində yeni hərbi-siyasi reallıqlar yaradıb və Azərbaycanın danışıqlarda mövqeyini kifayət qədər gücləndirib”.
H. Babaoğlunun fikrincə, son dövrlər müsəlman Şərqində baş verən hərbi-siyasi kataklizmlər zamanı regional aktorlar kimi Türkiyə və İranın atdığı müstəqil addımlar onların mövqelərini xeyli dərəcədə gücləndirib: "Əgər bu prosesdə Rusiyanın da region ölkələri ilə birgə hərəkət etdiyinə diqqət yetirsək, görəcəyik ki, əslində xarici faktorlara qarşı yeni regional güc mərkəzi formalaşmaqdadır. Əgər belə davam edərsə, yeni regional güc mərkəzi qlobal xarakterli siyasi proseslərdə də sinxron, yaxud koordinasiya edilmiş qərarlar qəbul etməklə, regionun bütün problemlərini, o cümlədən Dağlıq Qarabağ problemini Qərbin müdaxiləsi olmadan həll edə bilərlər”.
Millət vəkili hesab edir ki, məhz bu mühüm geosiyasi faktorla manipuliyasiya edən ABŞ-ın Helsinki Komissiyası məsələniDağlıq Qarabağətrafında mümkün müharibəyə İran, Türkiyə və Rusiyanın da müdaxil ola biləcəyi kimi şərh edir. Dolayısıyla bəri başdan mümkün yerli hərbi-siyasi ssenarilərə qısqanclıqla yanaşdığını nümayiş etdirir: "Əgər belə olmasaydı, Helsinki Komissiyası bu günə qədər heç olmasa, bircə dəfə Helsinki Yekun Aktının dövlətlərin ərazi bütövlüyünün qorunması prinsipini yada salar, işğalçı Ermənistanın Azərbaycana qarışı bu mühüm prinsipi pozduğunu dilə gətirər və onu ittiham edərdi. Ona görə də Kristofer Smitin təşkil etdiyi dinləmələr erməni lobbisinə növbəti xidmətdən başqa bir şey deyil. Yaxşı olar ki, aprel döyüşlərinin statistikasını hesablayanlar unutmasınlar ki, işğalçı Ermənistan Azərbaycan torpaqlarından çıxmasa, belə döyüşlər tez-tez təkrarlana bilər”.
Böyük Quruluş Partiyasını sədri, millət vəkiliFazil Mustafaisə qeyd edib ki, ABŞ Helsinki Komissiyasının oktyabrın 18-də keçirəcəyi dinləmələrdən müsbət heç nə gözləmək olmaz: "Çünki Helsinki Komissiyasının sədri Kristofer Smitin bu məsələdə mövqeyi bəllidir. Kristofer Smit Azərbaycana qarşı erməni tezislərini dəstəkləyən bir şəxs olduğuna görə istənilən vaxt bu məsələdə sürprizlər ola bilər. Ona görə, mən bu dinləmələrdən hansısa pozitiv bir şey gözləmirəm. Amma ümid edək ki, o dinləmələrdə Azərbaycan tərəfdən kimlərsə iştirak edəcəksə, Azərbaycanın haqlı mövqeyini kifayət qədər ciddi şəkildə gündəmə gətirə biləcəklər. Bu cür platformalardan istifadə etmək vacibdir. Bu addımı atsaq, müəyyən tezislərin qarşısını almaq imkanımız olar. Amma bütövlükdə ABŞ-ın Qarabağ məsələsinə baxışı Rusiyanın baxışından daha mürtəcedir və bizim üçün daha təhlükəlidir”.
İndiki məqamda bu dinləmələrin təşkilinə gəlincə, F. Mustafa qeyd edib ki, adətən ABŞ-dakı erməni lobbisi tezisləri verir və arxa planda durur: "Erməni lobbisi ABŞ-da siyasi xadimlərin əli ilə Qarabağ məsələsinə diqqət yönəltməyə çalışır, belə dinləmələrdən Dağlıq Qarabağın "müstəqilliyinin” tanınması istiqamətində bir təbliğat vasitəsi kimi istifadə edirlər”.
banner

Oxşar Xəbərlər