• şənbə, 20 Aprel, 09:54
  • Baku Bakı 14°C

Hicran Hüseynova: “Qadınların iqtisadi cəhətdən gücləndirilməsi zorakılığa məruzqalma səviyyəsinə də təsir edir”

24.10.17 11:10 1795
Hicran Hüseynova: “Qadınların iqtisadi cəhətdən gücləndirilməsi zorakılığa məruzqalma səviyyəsinə də təsir edir”
Bakıda "Məişət zorakılığı ilə mübarizədə effektiv cavab mexanizminin yaradılması” mövzusunda konfrans keçirilib.
APA-nın xəbərinə görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən konfransda Komitə sədriHicran Hüseynova,BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshakzai, ABŞ-ın Azərbaycandakı missiya rəhbərinin müavini Vilyam Gil, Ombudsman Elmira Süleymanova, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı və başqa şəxslər iştirak ediblər.
H. Hüseynova bildirib ki, bu gün dünyanın ən mühüm problemlərindən biri gender əsaslı zorakılığın qarşısının alınmasıdır: "Bu məsələnin həll edilməsi sahəsində bütün ölkələr dövlət səviyyəsində iş aparır, müxtəlif layihələr keçirir. Azərbaycan da bu prosesdən kənarda qalmayıb. Azərbaycanda məişət zorakılığının qarşısının alınması sahəsində güclü qanunvericilik bazası yaradılıb. Hakimlər, vəkillər üçün spesifik keçirdiyimiz təlimlər öz müsbət nəticəsini verir. Artıq son iki ildə məhkəmə qərarlarında bu sahədə qəbul olunmuş qanun və qoşulduğumuz konvensiyalar istinad edilir".
Komitə sədri qeyd edib ki, bütün yerli icra hakimiyyətlərində müvafiq yerli icra orqanlarının nümayəndələrindən ibarət Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları fəaliyyət göstərir: "Bu qruplar baş vermiş zorakılıq hallarını araşdırır, qurbanının müdafiəsi və müvafiq yardımlarla təmin edilməsi üzrə funksiyaları həyata keçirir. Eyni zamanda, gender məsələləri üzrə əlaqələndirici şəxslər təyin edilib. Bu günlərdə məişət zorakılığı ilə bağlı onlayn məlumat bankının təqdimatı keçirildi. Banka yığılan məlumatların təhlili problemin səbəblərinin araşdırılması və preventiv tədbirlərin tətbiqi imkanlarını artıracaq. Biz çalışırıq ki, çətin şəraitdə yaşayan, risk qrupuna daxil olan qadınlarımız üçün real tədbirlər görək. Qadınların iqtisadi cəhətdən gücləndirilməsi, onların zorakılığa məruzqalma səviyyəsinə də təsir edir. İqtisadi cəhətdən asılı olmayan qadın özünə inamlıdır, özünü daha rahat ifadə edə bilir. Xüsusilə, nisbətən daha aztəminatlı, sağlamlıq imkanları məhdud, qaçqın və məcburi köçkün qadınların kiçik və orta sahibkarlığa cəlb edilməsi, müxtəlif peşələrə sahib olması çox vacibdir. Bununla bağlı Sabirabad, Biləsuvar, Neftçala, Masallı və Salyanda Qadın Resurs Mərkəzləri yaradılıb”.
H. Hüseynova deyib ki, gender əsaslı zorakılıqla mübarizədə mövcud qanunvericiliyi təkmilləşdirmək, yanlış stereotipləri dəyişmək üçün yeni modellər öyrənilir, ekspertlər hazırlanır və təcrübə mübadiləsi aparılır.
Q. İshaqzai bildirib ki, Azərbaycan hökuməti tərəfindən məişət zorakılığı probleminin həlli üçün bir sıra mühüm strateji müdaxilələr edilib.
V. Gil qeyd edib ki, dünyada hər 3 qadından biri gender əsaslı zorakılıqdan əzab çəkir: "Bu problemlə mübarizədə müdafiə mexanizmləri ilə yanaşı, qanunvericilik sahəsində islahatlar və təşəbbüslər vacibdir. Mən Azərbaycan hökuməti tərəfindən "Məişət zorakılığı haqqında" qanunun qəbul edilməsini böyük nailiyyət hesab edirəm”.
Konfrans çıxışlarla davam etdirilib.
banner

Oxşar Xəbərlər