AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

«Heyf deyil, doğulduğun torpaqda dəfn olunasan…» - müsahibə

«Heyf deyil, doğulduğun torpaqda dəfn olunasan…» - müsahibə

Müsahibə
13 Aprel 2013, 10:42 2880
Adil Mirseyid 1952-ci il dekabrın 21-də Ağdaş şəhərində ziyali ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil alıb Bir müddət təyinatla göndərildiyi Dağıstan Respublikasında işləyib. Sonra Bakıda müxtəlif vəzifələrdə çalışıb. Ağdaş rayonu Füzuli adına Mədəniyyət Evinin Xalq Teatrında rəssam, Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində rəssam Azərbaycan Tərcümə Mərkəzinin "Yol" ədəbiyyat qəzetində iki il redaktor vəzifələrində çalışmışdır. "Güzgüdəki adam", "Bulud Adam", "Nəğmə Adam", "Vernisaj şeirlər", "Hardan baxsan görünən adam", "Ay Suvarisi" kitablarının müəllifidir. Rəsul Rza mükafatının laureatıdır. "Vektor" Beynəlxalq Elm Mərkəzinin fəxri doktoru adına, Gümüş Arzu Türk Ədəbiyyatına xidmət ödülünə, Bahar Simpadisi ödüllərinə layiq görülüb. Şeirləri rus, ingilis, fransız, alman, ispan, eston və s. dillərə tərcümə olunub. İncəsənətin və mədəniyyətin müxtəlif sahələrinə aid 200-dən artıq esse və məqalənin müəllifidir. Rəsm əsərləri Almaniyada, Rusiyada, Qırğızıstanda, İranda, Türkiyədə və Azərbaycanda şəxsi kolleksiyalarda saxlanılır. Adil müəllimlə, “Malakan” bağında görüşdük. Bağa girən kimi heykəlləri nişan verən Adil bəy sözə başladı.

– Bu cür lüt qadın heykəli Azərbaycan üçün xarakterik deyil. Necə ola bilər ki, üç qadın lüt suyun içində dayana, bunu heç vaxt Azərbaycan heykəltaraşı düzəltməzdi. Özü də fikir verirsənsə suyun içində aysberq də var, necə ola bilər üç qadın aysberqin yanında lüt dayansın?! Absurddur. 1992-93-cü ildə ara qarışanda bu qız heykəlinin birini kimsə oğurlamışdı, sonra necə oldusa tapıb yerinə qoydular. O vaxt rəhmətlik Əbülfəz Elçibəyə dedim ki, gəl bu bağı eləyək rəssamlar bağı. Səttar Bəhlulzadənin də heykəlini gətirib qadın heykəlinin yerinə qoyaq. Rəssamlar bura yığışsınlar, əsərlər satılsın, amma nəsə fikr vermədilər. Bu heykəli erməni heykəltaraşı düzəldib, gərək biləsən. Nəysə, indi ver sualını?

– Sizin şeirlərinizdə güzgü simvoludan çox istifadə edilir. Sizinçün güzgü ədəbiyyatda və rəssamlıqda nədir, nəyi ifadə edir?
– Əvvəla deyim ki, rəssamlar avtoportret çəkirlər. Avtoportreti də güzgüyə baxıb çəkirlər. Bu işin vizual tərəfi. Güzgü metafizikası mənə çox doğmadır, amma simvolu yox. Belə bir deyim də var ki, bu dünya bir aynadır, hər gələn baxar gedər. Adam elə bir məqama gəlib çatır ki, hər şeydə güzgü görür. Əgər hər şeydə yaradandan nəsə varsa, deməli, hər şey bir güzgüdür. Onu göstərir bizə. Bəzən dörd divar da güzgü ola bilir. Bəzən dostların üzü də güzgü ola bilir. İntibah dövrü rəssamlarının əsərlərinə baxsaz, güzgüylə çox rastlaşarsız. Amma minatürlərdə güzgü yoxdur. Güzgü obrazı yapon qravürlərində daha çoxdu. Mən hətta ölümü də güzgü kimi görürəm. Amma ölüm güzgüsündə adam aynanın arxasına keçir. Cavan vaxtı çox avtoportret işləyərdim, bir gün Edqar Allan Ponun “Oval güzgü” adlı bir hekayəsini oxudum O əsərdəki qəhrəman zaman-zaman güzgünün içindən çıxırdı və öz həyatı başlayırdı. Sonra Qoqolun əsərində də eyni ideaya rast gəldim.

Güzgünün də yaddaşı var, alimlər, kriminalistlər bunu sübut edirlər. Əgər bir evdə cinayət törədilibsə, o da güzgü həmin hadisəyə şahidlik edibsə olanlar güzgünün yaddaşında qalır, sonra zaman-zaman o güzgüdən mənfi enerji gəlir. Həmin güzgü sonralar bədbəxtlik gətirir.

Amma onu da deyim ki, hər şeyin bir güzgü olduğunu dərk edəndə insanlar arasında yaşamaq mənə asan gəlir. İnsan çox şeydən vaz keçə bilir, bəlkə ona görə də şöhrət azarına tutulmadım bəziləri kimi. Faniliklərə uymadım, aldanmadım. Güzgü kölgədir həm də. Bu dünyada kölgəsi olmayan bir şey var: İblis. Onun kölgəsi olmur. Niyə insanın ruhunu istəyir, ona görə ki o ruh ona kölgə verəcək. Buna görə də İblis insanın ruhunu satın almaq üçün bu dünyada ala biləcəyi hər şeyi verməyə hazırdır.

- Sizin şeirlərinizdə durğu işarələrindən etməyinizin səbəbi nədir?
- Rəssam kimi cavanlıqdan bəri müxtəlif üslubları sınamışam. Bir gün fikirləşdim ki, bu cərəyanları tətbiq edirəm, bəs bunları götürsəm nə olar? Eyni şeyi şeirə də tətbiq etdim. Şeirlərimdən durğu işarələrini götürdüm. Ondan sonra şeirlərimi götürüb “Ulduz” jurnalına gəldim. O vaxt “Ulduz” jurnalında orta yaşlı bir adam işləyirdi. Vəfat edib deyə adını çəkmirəm. O şeirlərimə baxıb soruşdu ki, harada təhsil alırsan? Dedim ki, Rəssamlıq Akademiyasında. Dedi ki, Səttar Bəhlulzadəni tanıyırsan? Dedim ki, əlbəttə, tanıyıram. Mənə vulqarcasına dedi: “Rəssamsan get şəkil çək. Səttar Bəhlulzadə kimi rəssam ol, qoy şairlər sənə şeirlər yazsınlar”. Heç söhbətdir, sən allah? Bu nə biabırçılıqdır, kimin haqqı var ki, bir şairə belə desin. Kor-peşman qayıtdım. Başqa bir adamın yanına getdim. O da şeirlərimi iki ay saxlayıb özümə qaytardı. Dedi ki, başqa şeirlər yazanda gətirərsən. Mən də gedib Nazim Hikmətin Bolqarıstanda çap olunan 8 cildliyindən ömrünün son illərində yazılmış və heç bir durğu işarəsindən istifadə edilməmiş şeirlərindən seçib onun yanına gətirdim. Öz şeirim adı ilə ona təqdim etdim. Şeirlərə baxıb nə desə yaxşıdır? Dedi bu nədir yazmısan, keçən dəfə bundan yaxşı yazmışdın. Görürsənmi, Fərid, Sovet dövründə biz bu cür mənasız adamlarla döyüşmüşük. Sonralar öyrəndim ki, ərəb əlifbasında durğu işarələri yox imiş. Yaxud gürcü əlifbasında böyük hərf yoxdur. Həm də mən durğu işarəsiz yazmaqla oxucuya geniş oxu imkanı yaradıram. Kim necə istəyirsə elə oxusun.

Amma sonralar 5-10 şeirim çap olundu. Daha sonra Elçin Əfəndiyev şeirlərim haqqında maraqlı bir yazı yazdı. Sonra baxdım ki, dünən məni söyənlər on il əvvəlki kitablarında gedən durğu işarələri qoyulmuş şeirlərimi yeni kitablarında durğu işarəsiz çap etdiriblər. Bu da həyatın qəribə ironiyası idi. Hətta, elə adamlar vardı ki, elə bilirdilər ki, mən durğu işarələrini bilmirəm. Onu da deyim ki, durğu işarələrindən orijinal görünmək üçün imtina etməmişəm. Durğu işarələrinin olmaması şeirin rahat oxunmasına səbəb olur. Bizim ədəbiyyatımızda şeirlərin əksəriyyəti pafosludur, “oyuncaq şairlər” bunu daha çox durğu işarəsinin gücüylə edirlər. Mən belə şeyləri sevmirəm. Sonralar gördüm ki, bizim gənclərdən də durğu işarələrindən imtina edənlər var, çox sevindim.

- Rəssamlıqla şeirin sintezi sizin yaradıcılığınıza nələr verdi? Hansı daha çox poeziyadır?
- Mənim üçün rəssamlıq da poeziyadır. Amma bizdə poeziya deyəndə çoxları ancaq şeiri nəzərdə tutur. Amma mənim aləmimdə hər şeydə poeziya var. Lazımdır ki, bunu görə və duya biləsən. İnsan bir-birinə gülümsəyə bilirsə, bu da poeziyadır. Gənclik illərində ən böyük amaclarımdan biri olub ki, şeirə rəssamlıq elementləri gətirim. Şeirlərimdə bu cür şeylərə yəqin rast gəlmisiniz. Musiqi də poeziyadır. Amma söhbət bayağı musiqidən getmir. Heç saysız şeirlərdən də getmir. Söhbət ciddi musiqilərdən, dəyərli şairlərdən gedir. Bəzən narahatlıq keçirilər ki, şairlər çoxdur. Məgər Füzuli dövründə şair az olub? Yaxud 20-ci əsrin əvvəlində Mikayıl Müşfiq yazırdı ki, “Şairəm, deyir hər yerindən duran, adamın üzündə həya gərəkdir”. Mayakovski deyirdi ki, “poeziya da radio kimi az-az tapılır”. O dövrün reallığında çox doğru deyim idi. “Kütləvi poeziya” deyilən bir şey yoxdur. Yazıçılar Birliyinin 1500 üzvü var. Hələ deyirlər ki, bir o qədər də sənədlərini verib. 9 milyonluq ölkədə bu qədər istedadlı və peşəkar adam ola bilərmi? Əslində, bütün ittifaqlarda və qurumlarda istedadlı adamlar təmsil olunmalıdır. Onda indiki problemlər də olmaz. Çünki istedadsız adamlar iddialı olur. Məgər Səttar Bəhlulzadədə və ya Vaqif Mustafazadədə iddia var idi? Yox. Qayıdaq sənin sualına mən rəssamlıq elementlərini həmişə ədəbiyyata gətirməyə, mümkün qədər buna nail olmağa çalışmışam. Şeirlərimdə caz elementləri də var. Eyni zamanda bütün bunların sintezi var. Səttar Bəhlulzadənin mənzərələrinə baxın. Rəngli şeirlərdi də. Yaxud Vaqif Mustafazadənin musiqilərinə qulaq asın onlar da səslə çəkilmiş mənzərələrdir.

- Adil müəllim, indi rəssamlarla şairlərin və bəstəkarların yaradıcı əlaqələrinin zəif olmasının səbəbi nədir?
- Bu, məni də çox narahat edən məsələdir. Amma səbəbini deyə bilərəm. Çünki heç kəs heç kəslə maraqlanmır. Bəlkə də, kimsə digəriylə maraqlanmır. Amma 30 il əvvəl tamam başqa mənzərə var idi. Bir dəfə S.Moemin bir əsəri ilə bağlı müzakirə keçirilirdi, məni də dəvət etmişdilər. Gedib iştirak etdim. Gənc rəssamlara yaradıcılıq psixologiyasını, rəssamlıq ədəbiyyatın əlaqəsindən danışdım. Sonda onlara dedim ki, on azərbaycanlı rəssamın adını çəkin. Bir nəfər də olsun deyə bilmədi. Halbuki söhbət əsnasında onlarla rəssam adı çəkmişdim. Heç onları da xatırlaya bilmədilər. İndi üç mahnı oxuyub özlərinə müğənni deyənlər var. Beş mahnı oxuyub 80 min dollarlıq maşında gəzənlər var. Akademik isə velosiped ala bilmir. Ona görə də heç kim, heç kimlə maraqlanmır. Not bilməyib musiqi bəstələyənlər var. 28-30 yaşında adamlara əməkdar artist adı və yaxud əməkdar incəsənət xadimi adı verilir. 30 il xidmət edənlər isə qalır qıraqda. Dərinə gedəndə əməyi olmayan incəsənət adamı ola bilərmi? Əgər əməyə qalırsa 60 yaşı olan rəssam heç olmasa 600 əsər çəkib. Bəs onun əməyi əmək deyil? Ümumiyyətlə, mən titulların əleyhinə olmuşam həmişə. Məsələn, Xalq şairi. O vaxt Vaqif Səmədoğlu da Xalq Şairi adının əleyhinə idi. Amma sonra ad verilən kimi aldı. Amma dəfələrlə gənclik illərimizdə bu adın əleyhinə söhbətlərimiz olmuşdu. Onda çox inanırdım. Sonra başa düşdüm ki, bu adamlar şöhrət vurğunu, rahatlıq aşiqi imişlər. Onlar narahatlıqlarından yox, umduğu şeylərdən danışırlarmış. Ümumiyyətlə, ad vurğunluğu çox adamlarda var. Bunun üçün adamlar adamların, hətta, şairlər şairlərin üstündən tankla keçir. Xalq Şairi adı çoxlarına fəxri xiyaban vəd edir, amma heyf deyil, doğulduğun torpaqda dəfn olunasan? Bir şair mənə bir dəfə dedi ki, mənə Türkiyədə Xalq şairi deyirlər. Başa düşmürdü ki, Türkiyədə xalq şairi xalq ədəbiyyatının nümayəndələrinə deyirlər, ara şairlərinə deyirlər. Peşəkarlara heç vaxt belə ad vermirlər.

- Rəssam olmağınız şeirlərinizdə təsvirçiliyə gətirib çıxarmadı ki?
- Yaxşı sualdı. Xoşbəxtlikdən yox. Amma ola bilərdi, həmişə təsvirçilikdən qaçdım. Pablo Pikasso, Salvador Dali şeirlər yazıb. Onların şeirləri bir növ tapmaca kimidir. Düşünməlisən və ideyanı tapmalısan. Nəyi aça bilmirsənsə sənin malın deyil. Bizim rəssamlardan Toğrul Məmmədbəyov da cavanlıq illərində şeirlər yazıb. Çingiz Əzizin, Mirnadir Zeynalovun da rusca şeirləri var. Mən həmişə qorxurdum ki, şeirlərim, rəsmlərim illüstrasiya kimi görünə bilər, yaxud da əksinə. Xoşbəxtlikdən belə şeylər olmadı.

- Həmişə ədəbi mühitdən və gündəmdən kənarda dayanmağa çalışmışsınız. Bu şair kimi sizə nə verir və nələrdən edir?
- Bu məsələyə bir neçə aspektdən baxaq. Bu olsun ki, rəssamlıqdan gələn tərkidünyalıqdır. Şairlər həmişə göz qabağında olmağı sevirlər, amma rəssamlar yox. Heç vaxt qarmaqarışıqlığı, yüz adama şeir oxumağı sevməmişəm. Mənim üçün zövqünə və əxlaqına inandığım 5 nəfərə şeir oxumaq böyük zallarda şeir oxumaqdan daha gözəldir.

Rəssamın həyatı necə keçir? Bir kətan olur, bir də sən, bir də yuxarıda Allah. Mən sonralar düşündüm ki, rəssam əgər ağ kətanla üzbəüzdürsə, niyə dünya ilə də üzbəüz durmasın? Bizim içimizdə anadangəlmə qoyulmuş bir sufi əxlaqı da var. Dərk et və tərk et. Ona görə də şöhrətdə və dünya malında gözüm yoxdur. Mən tənhalığı çox sevirəm. Adamların “tənhayam, darıxıram” deyib car çəkmələrini başa düşə bilmirəm. Heç xəstə olanda da darıxmadım. Dünyada o qədər gözəl şey var ki. Onlara baxıb ləzzət almaq lazımdır, darıxmaq yox.

Fərid Hüseyn