AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Heydər Əliyev tarixi yaşayan, həm də yaradandır

Heydər Əliyev tarixi yaşayan, həm də yaradandır

Müsahibə
09 May 2013, 10:05 1925
Azərbaycanın mərhum Prezidenti, dünya şöhrətli siyasətçi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Zahid Qaralov “Kaspi” qəzetinə müsahibə verib. Həmin müsahibəni oxuculara təqdim edirik.

- Zahid müəllim, Siz ümummilli lider Heydər Əliyevin yaxın silahdaşlarından biri olmusunuz. Bilmək olarmı, ilk tanışlığınız necə baş verib və onun sizin həyatınızda rolu nədən ibarət olub?

- Mən Gürcüstan Respublikası Başkeçid (Dmanisi) rayonunun ucqar Ormeşən kəndində, ziyalı ailəsində anadan olmuşam. Orta məktəbi orada oxuduqdan sonra 1952-56-cı illərdə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika-riyaziyyat fakültəsində ali təhsil almışam. Ali təhsilimi başa vurub rayonumuza qayıdanda məni oxuduğum orta məktəbə birbaşa direktor təyin etdilər. Fizika müəllimi kimi məktəbdə dərs də keçirdim. Bu müddətdə SSRİ Pedaqoji Elmlər Akademiyasının ilk azərbaycanlı akademiki Abbasqulu Abbaszadə məni aspiranturaya oxumağa dəvət etdi. 1959-cu ildə aspiranturaya qiyabi qəbul olub təkrar rayonumuza qayıtdım. Çünki öz rayonumuzda komsomolun birinci katibi idim. 1961-ci ildə aspiranturanın əyani şöbəsinə keçdiyim üçün Bakıya gəldim və 1964-cü ildə təhsilimi sona çatdırıb Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutuna elmi işçi qəbul olundum. Bu vaxt məni institut üzrə partiya təşkilatının katibi seçdilər. Ümummilli lider Heydər Əliyevlə ilk tanışlığımız da məhz 1964-cü ilə təsadüf edir. O vaxt institutlardakı partiya təşkilatlarının sədrləri ilə mütəmadi görüşlər keçirilirdi. Heydər Əliyev də təhlükəsizlik orqanlarında çalışan nüfuzlu bir şəxs kimi bu tədbirlərdə iştirak edir, alimlərlə məsləhətləşmələr aparırdı. O, 1969-cu ildə birinci katib seçiləndən sonra da ilk maraqlandığı sahə ölkədə təhsilin vəziyyəti oldu, bu məqsədlə yığıncaq keçirdi. Mən də institutda elmi işlər üzrə direktor müavini olduğumdan bu görüşdə iştirak edirdim. O, təhsildə, tərbiyədə nəzərə çarpan ciddi çatışmazlıqların aradan qaldırılması, köklü islahatların aparılması üçün alimlərlə məsləhətləşirdi. Bu zaman Heydər Əliyev mənimlə də maraqlandı və çoxsaylı suallar verdi. Bax, bu vaxtdan etibarən biz geniş əməkdaşlıq edirdik. Mən instituta direktor kimi təsdiqləndikdən sonra da plenumlara çağırılmışam. Heydər Əliyev Moskvaya gedənə kimi bizim dəfələrlə görüşlərimiz olub. Elmin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsində, böyük konfransların keçirilməsində alimləri ətrafına yığıb öz ideyalarını irəli sürüb, əsaslandırıb, eyni zamanda başqalarının təkliflərini də nəzərə alıb.

- Sizin ulu öndər Heydər Əliyevin fəaliyyətini yaxından izləmək, dahi şəxsiyyətlə mütəmadi ünsiyyətdə olmaq imkanlarınız da çox olub. Bu baxımdan, ümummilli liderin ictimai-siyasi fəaliyyətini necə təhlil edərdiniz?

- Mən onun işinə yaxından bələd idim. O, çox güclü bir şəxsiyyət idi. Onun iti zəkası ilə yanaşı, iti qələmi də olub. O, alimlərin ona təqdim etdiyi yazıları çox böyük peşəkarlıqla redaktə etməyi bacarırdı. Hamıya çox səbir və maraqla qulaq asar, sonda öz təkliflərini də irəli sürərdi. Heydər Əliyev hər zaman deyərdi ki, həyatda nəyə nail olmuşamsa, 3 şeyə minnətdaram. Birincisi tanrıma minnətdaram ki, mənə zəka, ağıl verib, hər zaman düz yola istiqamətləndirib. İkincisi xalqıma minnətdaram ki, hər zaman mənim yaxşı ideyalarımı dəstəkləyib, arxamda dayanıb, ağır və xoş günlərimdə yanımda olub. Üçüncü isə öz zəhmətimə minnətdaram. Kim onunla işləyibsə, çox gözəl bilir ki, Heydər Əliyev millətin, xalqın maraqlarına xidmət edən məsələlərə çox həssaslıqla yanaşırdı. İstər iqtisadi, siyasi, sənayenin inkişafı, təbii resurslardan səmərəli istifadə, istərsə də bütün sosial məsələlərə. Buna görə də ulu öndərə hamı arxa dururdu. Heydər Əliyevin prezidentliyi dövründə onunla əlaqələrimiz daha da sıxlaşdı. Hər kəsin yadındadır ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə çox gərgin bir vəziyyət yaranmışdı. Hətta müstəqilliyin itməsi təhlükəsi var idi. İndi özlərini demokrat adlandıranlar Azərbaycanı parçalamış, iğtişaşlar mərkəzinə çevirmişdilər, nadanlıq, özbaşınalıq, lovğalıq, böyük iddialar baş alıb gedirdi. İddialı adamlar pafoslu danışsalar da ortada real bir iş, nəticə yox idi. Yeri gəlmişkən, indi demokratiyadan dəm vuranlar, o zaman parçalanmadan yararlanıb, hərəsi özünə bir partiya yaratdı sonradan. Hazırda da prezident seçilmək, ölkəyə rəhbərlik etmək iddiası ilə çıxış edirlər. Təbii ki, 1990-cı illərin əvvəllərində cərəyan edən hadisələrə mənim kimi alimlər biganə qala bilməzdi. Bir araya gəlib üzümüzü böyük şəxsiyyətə tutduq, 91 nəfərin imzası ilə Heydər Əliyevə müraciət etdik. Naxçıvanda Yeni Azərbaycan Partiyasının konfransı keçirildi, Heydər Əliyev partiyaya sədr, 55 nəfər Siyasi Şuranın, 15 nəfər isə İdarə Heyətinin üzvü seçildi. Heydər Əliyev Naxçıvanda olsa da İdarə Heyətinin üzvləri ilə daim əlaqə saxlayırdı. Cəmi 6 aydan sonra xalq Heydər Əliyevi Bakıya dəvət etdi. Onun paytaxta gəlişindən sonra Azərbaycandakı gərginlik getdikcə azalmağa başladı, quruculuq, inkişaf, tərəqqi böyük vüsət aldı.

- Bəs, siyasətçi kimi ulu öndərin dünya və Azərbaycan tarixində yerini necə görürsünüz?

- Heydər Əliyev təkcə tarixi yaşamadı, eyni zamanda yeni tarix yaratdı. Dünya sivilizasiyasına böyük təkan verdi. Azərbaycanın tarixinin gedişinin istiqamətini iki dəfə dəyişdi. İlk dəfə bu, SSRİ zamanı - Azərbaycanın birinci katibi olanda baş verdi. O vaxtlar Azərbaycan 80 faiz aqrar ölkə olsa da, kənd təsərrüfatının vəziyyətinə görə 15 müttəfiq respublika arasında hamıdan geridə idi. Hər zaman bu amil SSRİ rəhbərlərinin tənqid hədəfinə çevrilirdi. Heydər Əliyev nəinki kənd təsərrüfatını böyük sürətlə inkişaf etdirdi, eyni zamanda iqtisadi əsasların istiqamətini dəyişdi. Sənayeləşmə proqramı həyata keçirildi. Bununla da SSRİ və sosialist ölkələri üçün nümunə yaratdı. İkinci dəfə isə Heydər Əliyev Azərbaycanı üzləşdiyi ağır vəziyyətdən qurtarmaq üçün tarixin gedişini kökündən dəyişdi. Dünya tarixində birinci dəfə olaraq sosializmdən kapitalizmə keçidə getdi. Az müddətdə Azərbaycan iqtisadi-siyasi imkanlarına görə dünya miqyasında tanınan ölkələrdən birinə çevrildi. Nəhayət, dünya sivilizasiyasına, tərəqqisinə ən böyük təsirlərindən biri də onun BMT, Avropa Şurası və İslam Konfransındakı çıxışları oldu. Bununla da dünya dəyərlərinə yeni baxışı ortaya qoydu. Bu mənada Heydər Əliyev dünyəvi şəxsiyyət idi. Dünya tarixində onun ayrıca yeri var.

- Ümummilli lider Heydər Əliyev özündən sonra Azərbaycan xalqına zəngin bir irs qoyub gedib. Bu irsin öyrənilməsi, gələcək nəsillərə çatdırılması istiqamətində görülən işlər qənaətbəxşdirmi?

- 1997-ci ildə mən mətbuatda bir məqalə ilə çıxış etmişdim. Bildirmişdim ki, Heydər Əliyevin dərin elmi irsi var. Ümummilli lider bu məqaləni maraqla oxuyub mənimlə əlaqə saxlamışdı. Mən bildirmişdim ki, Heydər Əliyevin təcrübəsini, fəaliyyətini ən azı 15 istiqamətdə tədqiq etmək lazımdır. Xüsusi tədqiqat mərkəzi yaradılmalı və gələcək nəsillərə bu irs çatdırılmalıdır. Bu, indiyə kimi yığılmış mənəvi nemətləri saxlamaq, inkişaf etdirmək üçün lazımdır. Sevindirici haldır ki, bu istiqamətdə müəyyən işlər görülür. Mən də bundan irəli gələrək, Heydər Əliyevlə bağlı bir neçə kitab yazmışam. Onlardan biri də “Heydər Əliyevin elmi irsi: Nəzəriyyə və təcrübə” ikicildlik kitabıdır. Əvvəlcədən onu qeyd edim ki, Heydər Əliyev haqqında kitab yazmaq da böyük məsuliyyət tələb edir. Bu məsuliyyəti dərk edərək, onun irsini olduğu kimi gələcək nəsillərə çatdırmaq üçün belə bir addım atmışam. Ümumiyyətlə, Heydər Əliyevin iş üslubu, insanlara münasibəti nadir şəxsiyyətlərdə rast gəlinən haldır. Bəzən Heydər Əliyevi başqa dövlət xadimləri ilə müqayisə edirlər. Mən bunun əleyhinəyəm. O, təkrarolunmaz şəxsiyyət idi. Heydər Əliyevdə olan fərdi xüsusiyyətlər, iş bacarığı, idarəetmə səriştəsi, siyasi mədəniyyətlə başqalarında olan xüsusiyyətlər arasında paralellik axtarmaq çətindir. Ona görə də Heydər Əliyevin özü öyrənilməlidir. Çünki onun özü örnəkdir. Fikrimcə, Heydər Əliyevin ideallarının, ruhunun, elmi irsini müdafiəsinə öz sağlığından daha çox indi ehtiyac var. Çünki Heydər Əliyevin elmi irsinə, ruhuna hörmət, Prezident İlham Əliyevin zəhmətinə hörmətdir.

- Müstəqil Azərbaycan Heydər Əliyevin əsəri kimi təqdim edilir. Biz, bu əsəri qoruyub inkişaf elətdirə bilirikmi?

- Xalqın bu qiymətləndirməsi tamamilə yerindədir. Azərbaycan dövləti, ölkənin suverenliyi, xalqın yaşadığı şərait, həqiqi mənada Heydər Əliyevin şah əsəridir. Onun bir fikri bu gün də şüara çevrilib. Deyirdi ki, xalq dövlətə deyil, dövlət xalqa xidmət etməlidir. Çünki dövləti xalq yaradır, ölkə başçısını xalq seçir. Amma bunlar hökmən qarşılıqlı əlaqədə olmalıdır. Əgər dövlətlə xalq arasında aralanma olarsa, məhv olma təhlükəsi yaranar. Heydər Əliyev 1993-2003-cü illərdə dövlətlə xalq arasında qırılmaz bağlar formalaşdırdı. 2003-cü ildə seçkiyə 10 gün qalmış namizədliyini geri götürərək, hər zaman arxalandığı Azərbaycan xalqına, Yeni Azərbaycan Partiyasına müraciət etdi, özü qədər inandığı İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləməyə çağırdı. İlham Əliyev gənc kadr kimi prezident seçiləndən sonra ümummilli liderin son məktubunda yazılanları yüzdə-yüz doğrultdu. İlham Əliyev həqiqi mənada Heydər Əliyevin bütün sahələrdə əsasını qoyduğu məsələlərə tam nəzarət etməyi, siyasi kursu düzgün istiqamətdə davam etdirməyi bacardı. Bu mənada, tam əminliklə demək olar ki, ulu öndərdən bizlərə miras qalan bu əsər, bu əmanət qorunur, inkişaf etdirilir və gələcək nəsillərə çatdırılır. Ona görə də partiyamızın növbəti qurultayında prezidentliyə yeganə namizəd Prezident İlham Əliyev olacaq. Konstitusiya buna imkan verir, xalqın böyük dəstəyi bunu tələb edir. Avropa ölkələrinin nə deməsinin isə əhəmiyyəti yoxdur.

- Azərbaycanın bugünkü durumunu necə qiymətləndirirsiniz?

- Azərbaycanda həm siyasi, həm də ictimai sabitlik var. Müxtəlif sahələrdə, xüsusən də iqtisadiyyatda sürətli inkişaf gedir. Sadəcə neftin istehsalından deyil, iqtisadiyyatın digər sahələrindən də ciddi gəlir əldə edir ölkəmiz. İri həcmli tikinti-quruculuq işləri görülür, yeni-yeni zavod, fabrik, istehsal müəssisələri, təsərrüfatlar yaradılır, sahibkarlara böyük dəstək verilir və sair. İnsanlara dövlət tərəfindən şərait yaradılır, onlar da öz növbəsində müxtəlif sahələrdə inkişafa nail olur, ölkənin daha da güclənməsinə töhfə verirlər. Bütün bunlar müasir, güclü Azərbaycanın mənzərəsidir və bundan sonra da belə davam edəcək.

Rufik İSMAYILOV