Heydər Əliyev Mərkəzində “Musica Viva” Moskva Kamera Orkestrinin konserti keçiriləcək

Heydər Əliyev Mərkəzində “Musica Viva” Moskva Kamera Orkestrinin konserti keçiriləcək

Mədəniyyət
05 Noyabr 2019, 12:45 414
Dekabrın 17-də Heydər Əliyev Mərkəzində "Musica Viva” Moskva Kamera Orkestrinin konserti keçiriləcək.
Trend-in məlumatına görə, konsert proqramında dünya şöhrətli bəstəkarlar V.A.Motsart, İ.S.Bax, A.Arenski və D.Şostakoviçin əsərləri ifa olunacaq.
Orkestrin bədii rəhbəri və dirijor Aleksandr Rudin (violonçel), Aleksey Volodin (piano) və Andrey Yerşov (truba) konsertdə solist olaraq çıxış edəcəklər.
Biletləri Mərkəzin kassasından, iTicket.az saytı və satış məntəqələrindən əldə etmək olar.
"Musica Viva” Moskva Kamera Orkestri 1978-ci ildə yaradılıb. 1988-ci ildən indiyədək orkestrə dirijor, violonçel ifaçısı və pianoçu Aleksandr Rudin rəhbərlik edir. "Musica Viva” müxtəlif janrlarda ifa edən universal musiqi kollektividir. Orkestrin geniş repertuarına rus və qərb klassiklərinin nadir ifa olunan əsərləri, eləcə də müasir müəlliflərin bəstələri daxildir. "Musica Viva” son 10 il ərzində uğurla böyük layihələr həyata keçirir – opera və oratoriyaları tanınmış müğənni və dirijorların iştirakı ilə konsert şəklində təqdim edir.
"Musica Viva” beynəlxalq musiqi festivallarının daimi iştirakçısıdır. Orkestr Almaniya, Belçika, Çexiya, Çin, Finlandiya, Fransa, Hindistan, İspaniya, İtaliya, Latviya, Niderland, Sloveniya, Tayvan, Türkiyə və Yaponiya qastrollarda olub. Müxtəlif səsyazma şirkətlərində onlarla diski buraxılıb.
Aleksandr Rudin Rusiya Federasiyasının Xalq artisti, Dövlət mükafatı laueratıdır. Dünya şöhrətli violonçel ifaçısı, simfonik və kamera orkestrləri ilə əməkdaşlıq edən dirijor, pianoçu, pedaqoq-tədqiqatçı, kamera əsərlərinin orkestr redaksiyasının müəllifidir. Onun repertuarı sərhədsizdir - violonçel üçün 400 il ərzində yaradılmış həm məşhur, həm də heç vaxt ifa olunmayan əsərləri əhatə edir.
Aleksey Volodin Rusiya fortepiano məktəbinin ən istedadlı, müstəsna texniki ustalıqlara malik nümayəndələrindən biridir. 2003-cü ildə Sürixdə Geza Anda adına beynəlxalq pianoçular müsabiqəsində qələbəsindən sonra dünyanın müxtəlif şəhərlərinin nüfuzlu konsert zallarında uğurla çıxış edir.
Truba ifaçısı Andrey Yerşov 2011-ci ildə Moskva Dovlət Konservatoriyasını bitirib. Hazırda K.Stanislavski və V.Nemiroviç-Dançenko adına Moskva Akademik Musiqili Teatrının solistidir.