Heydər Əliyev incəsənətin hamisi idi
"Ümummilli lider Heydər Əliyev bütün
fəaliyyəti dövründə elm, təhsil və mədəniyyətin inkişafına xüsusi qayğı ilə
yanaşırdı.Bu da təsadüfi deyildi. Çünki bu dahi şəxsiyyət yaxşı bilirdi
ki, Azərbaycanın tərəqqisinin yeganə yolu məhz xalqın yüksək təhsil almasında,
maariflənməsindədir, fundamental və humanitar elmlərə mühüm əhəmiyyət
verilməsindədir”. Ümummilli liderin xatirəsini yad edərkən görkəmli elm,
ədəbiyyat, kino, mədəniyyət xadimləri onu yalnız bu qəbil fikirlərlə anırlar.
Dil məsələsini
dövlət siyasəti səviyyəsinə qaldıran lider
"Dilimiz çox zəngin və ahəngdar dildir, dərin
tarixi köklərə malikdir. Şəxsən mən öz Ana dilimi çox sevir və bu dildə
danışmağımla fəxr edirəm” - deyən ulu öndər Ana dilimizin inkişafı və
saflaşdırılması istiqamətində mühüm işlərə imza atıb. Belə ki, 1995-ci ildə ilk
milli Konstitusiyamıza Azərbaycan dili dövlət dili kimi daxil edilib. 2001-ci
ilin iyul ayında ulu öndər "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında” Fərman imzalayıb. Eyni zamanda, Dil Şurası yaradılıb. Ümummilli
liderin 2001-ci ildə imzaladığı fərmana əsasən, avqustun 1-i respublikamızda
Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi elan olunub.
"Milli varlığımızın əsas atributlarından olan Ana
dilimizin bu gün dövlət statuslu dillər arasında olmasına görə, bu dilin mənəvi
dirilik atributuna çevrilməsi yolunda böyük fədakarlıqlar göstərmiş ümummilli
lider Heydər Əliyevə minnətdar olmalıyıq” - deyə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün
Nağısoylu bildirir: "Ölkəmizdə Azərbaycan dilinin hərtərəfli inkişafı,
işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması məhz Ana
dilimizin gözəl bilicisi Heydər Əliyevin dilimizin qorunmasına yönələn
düşünülmüş siyasətinin nəticəsidir”. Akademik deyir ki, ümumiyyətlə, dünyanın
böyük liderləri içərisində, o cümlədən türk dünyasında Heydər Əliyev qədər dil
məsələsini dövlət siyasəti səviyyəsinə qaldıran lider olmayıb: "Bu amilin çox
böyük əhəmiyyəti var. Çünki bu amil millətin özünüdərki üçün çox mühüm məsələ
idi. Ulu öndər bunu milli dəyər səviyyəsinə qaldırdı”. Akademik bildirir ki, sovet
dövründə siyasi quruluşun müəyyən təzyiqlərinə, diktələrinə baxmayaraq,
ümummilli lider Azərbaycan dilinin respublikada dövlət dilinə çevrilməsində əsil
fədakarlıq göstərib: "Ana dilinin inkişafı ilə əlaqədar ulu öndərin müntəzəm
imzaladığı fərman və sərəncamlarda, eləcə də çıxış və məruzələrində,
tövsiyələrində vaxtaşırı ortaya çıxan problemlərin həlli vacib sayılırdı. Bu
gün Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi,
diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi
ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə
bağlıdır. Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir”.
Azərbaycan
ədəbiyyatının dünyada daha bəşəri tanınması dövrü
XX əsr Azərbaycan ədəbiyyatının parlaq
səhifələrinin bir dövrü ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Cəmiyyətin
aparıcı ideologiyasını təmsil edən ədəbiyyatın insanlar üçün gələcəyin yolunu
işıqlandıran bir məktəb olduğunu məruzə və çıxışlarında dönə-dönə vurğulayan
ulu öndər "şübhəsiz ki, insanlara şeir, ədəbiyyat, mədəniyyət nümunələri qədər
güclü təsir edən, yəni insanlığın mənəviyyatına, əxlaqına, tərbiyəsinə,
fikirlərin formalaşmasına bu qədər güclü təsir göstərən başqa bir vasitə
yoxdur” - deməklə, ədəbiyyatın milli mentalitetin formalaşmasında mühüm rolunu
izah edib.
"Heydər Əliyev hakimiyyətinin həm birinci dövrü (1969-1983),
həm də ikinci dövrü (1993-2003) Azərbaycanın ictimai həyatının bütün
sahələrində olduğu kimi, Azərbaycan ədəbiyyatının da dünyada daha ünlü, daha
bəşəri tanınması və qəbul olunması dövrüdür” - deyə Xalq şairi Nəriman Həsənzadə ulu öndərin ədəbiyyata qayğısını
məhəbbətlə xatırlayır: "Məni
"Ədəbiyyat və incəsənət” qəzetinə Heydər Əliyev baş redaktor təyin etdi. Həsən
Həsənov "26-lar” rayonunun birinci katibi idi. "Heydər Əliyev səninlə görüşmək
istəyir. Ona "yox” demə” - dedi. Heydər Əliyev məni qəbul elədi. Mən onda
Yazıçılar İttifaqında partkom idi. "Ədəbiyyat” qəzetində baş redaktor işlə”, -
dedi. Dedim, Heydər Əliyev, orda-burda, iki yerdə bacarmaram. "Ədəbiyyat”
qəzetinin üstündə dayandı. İnanın, qəzetin hər nömrəsini Heydər Əliyevlə bir
yerdə buraxırdıq. Hər nömrəni oxuyurdu. Altı aydan sonra qəzetin üç illik
fəaliyyətini Mərkəzi Komitənin bürosunda müzakirəyə qoydular. "Qəzet pis çıxır”
- deyənlər az deyildi. Yazıçılar İttifaqının katibi də deyirdi ki, qəzet pis
çıxır. Mənə söz verəndə, dedim, Heydər Əliyeviç, bilmirəm, haradan başlayım,
harada qurtarım, çünki üç illiyi yoxlayırlar, mən də altı aydır baş redaktoram.
Dedi: "Haradan istəyirsən başla, harada istəyirsən qurtar”. Danışdım, sonra özü
qalxıb ayağa dedi ki, qəzeti oxuyuram, qəzet yaxşı çıxır. Heydər Əliyev büroya
qarşı getdi. Ondan sonra soruşdu ki, qəzetə nə lazımdı? Mən də nə lazım idisə,
hamısını dedim. Bizim rəhbərlərdən biri dedi ki, ola bilsin, "İzvestiya”
qəzetinin mebelləri yaxşı deyil, ancaq qəzeti buraxırlar. Heydər Əliyev də dedi
ki, bəs bunları harada desin? "Ədəbiyyat” qəzetinə maliyyə ayırdı, avtomabil
verdi. Biz onun qayğısı ilə əhatə olunduq. Bu, əslində ulu öndərin ədəbiyyata
qayğısı idi”.
Ulu öndər fenomen
şəxsiyyət idi
Kino xadimləri deyirlər ki, Heydər Əliyevin
hakimiyyətə gəlişi ilə dondurulmuş kino istehsalı bərpa edilib,
"Azərbaycanfilm”in fəaliyyətində canlanma yaranıb. Dövlət sifarişi ilə
filmlərin istehsalı kino xadimlərini yenidən işləməyə sövq edib. Ümummilli
lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino
işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur. Bir çox
filmlər məhz ulu öndərin təşəbbüsü ilə yaranıb. "Uzaq sahillərdə”, "İstintaq”,
"Bir cənub şəhərində”, "Nəsimi”, "Babək” filmlərinin yaranmasında, sovet
senzurasından keçməsində Heydər Əliyevin səyləri danılmazdır.
"Ulu öndər Azərbaycanda tarixi filmlərin
çəkilməsinə xüsusi diqqət göstərirdi. O istəyirdi ki, çoxlu sayda tarixi
filmlərimiz çəkilsin. Dünyaya çıxsın və dünya görsün ki, Azərbaycan necə
milli-mənəvi dəyərlərə malik, gözəl adət-ənənəsi olan bir xalq olub” - deyə Xalq artisti Eldar Quliyev ulu öndərin
Azərbaycan kinosuna diqqətindən danışır: "Yadımdadır, "Babək” filminin çəkilişi
ilə bağlı yaradıcı qrupa mane olmaq istədilər. Bəziləri bu filmin
çəkilməsinin əleyhinə idi. O zaman ulu öndər işə qarışdı. Filmin çəkilişləri
başlandı. Moskvanın verdiyi vəsaitdən əlavə, filmə respublika büdcəsindən
1 milyon rubl ayırdı. Bu pulun hesabına filmin çəkilişləri üçün mindən çox
silah-sursat, hərbi geyimlər hazırlandı, kütləvi səhnələr çəkildi”. Ulu öndər
Azərbaycan kinosunun inkişafı üçün xaricdən kino texnikası da gətirtdirib: "O
texniki avadanlıqdan sovet məkanında üç ölkədə vardı. Ulu öndər fenomen
şəxsiyyət idi. O, musiqini, rəssamlığı, kinonu beş barmağı kimi bilirdi.
Fenomen yaddaşa malik idi, bütün Azərbaycan filmlərinə baxmışdı. Kinonu
kinematoqrafçılardan, rəsmi rəssamlardan, musiqini musiqiçilərdən gözəl bilirdi
və duyurdu. Onun mədəniyyət işçilərinə göstərdiyi diqqət və qayğını unutmaq
mümkünsüzdür. Nə qədər sənət adamını mənzillə, fəxri adlarla, təqaüdlərlə təmin
elədi. Bu gün də bu ənənəni ulu öndərin siyasətinin layiqli davamçısı İlham
Əliyev uğurla davam etdirir”.
Azərbaycan
kinosunun tarixi
Ümummilli lideri Azərbaycan kinosunun hamisi və
təəssübkeşi kimi xatırlayan və bu haqda əsər yazan Əməkdar incəsənət xadimi Aydın Kazımzadə Heydər Əliyevin kinomuzun
çətin günlərində ona dayaq durduğunu deyir: "1993-cü il çətin dövr idi. Bütün
kino infrastrukturu dağıdılmışdı, büdcə boş idi. Kinostudiyanın həyətində
çayxanalar, restoranlar tikilmişdi. Bütün bunları "Bizim Azərbaycanfilm”
kitabımda yazmışam. Belə bir vəziyyətdə Heydər Əliyev kino işçilərini yığıb
bildirdi ki, vəziyyət ağırdır, amma Azərbaycan kinosunu yaşatmalıyıq. Kino üçün
maliyyə ayrıldı. İncəsənət adamları üçün prezident təqaüdləri verildi. Fəxri
adlar və mənzillər verildi. Ulu öndər imkan daxilində əlindən gələni edirdi”.
Aydın Kazımzadə Heydər Əliyevi 1965-ci ildən
tanıdığını deyir: "O vaxt hələ Heydər Əliyev cəmiyyət üçün bir qədər qapalı
insan idi. Çünki Dövlət Təhlükəsizliyi Komitəsində rəhbər vəzifədə çalışırdı.
Yalnız müəyyən insanlar onu tanıyırdılar. O vaxt bizdə "İstintaq davam edir”
filmi çəkilirdi. Azərbaycan çekistlərinin fəaliyyətindən bəhs edən bu filmin
məsləhətçisi Azərbaycan DTK-sının o vaxtkı rəhbəri Sviqun hesab olunurdu. Amma
filmin ərsəyə gəlməsinə DTK sədrinin müavini Heydər Əliyev böyük yardım göstərirdi.
Mən o vaxt "Kino” qəzetini və "Film” jurnalını buraxırdım. Redaksiya
respublikanın Kinoprokat İdarəsinin nəzdində yerləşirdi. Hər həftə axşam oraya
Mərkəzi Komitədən adamlar gəlir və oturub filmlərə baxırdılar. Təzə Azərbaycan
filmlərinə və xarici filmlərə baxırdılar. Bir gün xəbər gəldi ki, bundan sonra
Heydər Əliyev də filmlərə baxmağa gələcək. Mən də Heydər Əliyevi onda tanıdım.
Hündürboylu bu adam general formasında xidməti maşınından düşür, zala keçir və
filmləri diqqətlə izləyirdi. Sonrakı dövrdə Heydər Əliyev DTK sədri işləyərkən
"Bir cənub şəhərində” filmini və onun yaradıcı heyətini təhlükədən qurtardı.
Heydər Əliyev öz nüfuzu sayəsində bu filmi xilas etdi. O, sənəti dərindən bilib
və duyduğuna görə filmi ekranlara buraxdıra bildi. Bu film Azərbaycan kinosunda
dönüş nöqtəsi oldu. "Bakinskiy raboçiy” yazırdı: "Nəhayət ki, otağın nəfəsliyi
açıldı və Azərbaycan kinosuna təzə nəfəs gəldi. Sonra Heydər Əliyev Azərbaycana
rəhbər təyin ediləndə, biz onu yeni tipli rəhbər kimi tanıdıq”.
A.Kazımzadə Azərbaycan kinosunun tarixinin 1898-ci
ildən hesablanmasında ulu öndərin xidmətinin əvəzsiz olduğunu deyir:
"Azərbaycan kinosunun tarixi üç dəfə dəyişib. Ancaq bizdə 1898-ci ildə
"Bibiheybətdə neft fontanı yanğını”, "Balaxanıda neft fontanı”, "Şəhər bağında
xalq gəzintisi”, "Bazarnı” küçəsi sübh çağı” filmləri çəkilib. Mən bunları
araşdırıb üzə çıxardım. 2000-ci ildə Heydər Əliyev fərmanla bu tarixi təsdiq
etdi. O vaxtdan da 1898-ci il Azərbaycan kinosunun tarixi kimi qəbul edilir”.
Təranə Məhərrəmova