Heydər Əliyev Fondu təhsilli gələcəyimizə xidmət edir
15
il ulu öndərin ideyalarını, xeyirxah və müqəddəs əməllərini yaşatmaq üçün fəaliyyətə
başlayan Heydər Əliyev Fondu bu gün ictimai həyatın bütün sahələrində fəal iştirak
edir, fundamental layihələrlə ölkənin sosial-iqtisadi inkişafına layiqli töhfələr
verir. Fəaliyyətinin əsasında ümimmilli liderin ideyalarının yaşadılması
dayanan Heydər Əliyev Fondu Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO və
ISESCO-nun Xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə xalqımızın
maddi rifahının yaxşılaşması naminə müxtəlif sahələr üzrə genişmiqyaslı proqram
və layihələri uğurla reallaşdırıb. Fond həmçinin hər bir ölkə vətəndaşının istək
və arzularının gerçəkləşməsinə, problemlərinin həllinə hər zaman maddi və mənəvi
dəstək olur.
Heydər
Əliyev Fondu yarandığı gündən səhiyyə, mədəniyyət, idman, elm və texnologiya,
ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələri gerçəkləşdirməklə, əvəzsiz
töhfələr bəxş etməklə yanaşı, təhsilli gələcəyimizə xidmət edir. Fondun gələcəyimiz
olan uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi
istiqamətində misilsiz xidmətləri saysız-hesabsızdır. Gələcək nəslin biliklərə
yiyələnməsi, ümumilikdə təhsil sisteminin inkişaf etdirilməsi məqsədilə Fondun
"Uşaq evləri və internat məktəblərinin inkişafı”, "Məktəbəqədər təhsil müəssisələrinin
inkişafı” proqramları, "Yeniləşən Azərbaycana yeni məktəb” və "Təhsilə dəstək”
layihələri artıq cəmiyyətimizdə böyük nüfuz qazanıb.
"Azərbaycanın
gələcəyinin təhsilli insanların çiyinləri üzərində qurulacağını” söyləyən
ümummilli lider Heydər Əliyevin müqəddəs
ideyalarını, arzularını
yüksək səviyyədə həyata keçirən Fond rəhbərliyi xalqın inkişafını təmin edən əsas
amillərdən olan təhsilə hər zaman xüsusi diqqət yetirib. Ümummilli lider Heydər
Əliyevin "Təhsil milli məqsədlər, mənafelər əsasında qurulmalıdır” sözlərini əsas
götürən Fond digər sahələrdə olduğu kimi, elmin və təhsilin də inkişafında da əvəzsiz
xidmətlər göstərib, ulu öndərin siyasi varisi, Azərbaycan Respublikası
Prezidenti cənab İlham Əliyev rəhbərliyi ilə təhsil siyasətinin həyata keçirilməsinə
layiqli dəstəyini verib.
Ölkədə
milli təhsil modelinin gerçəkləşdirilməsinə yardımçı olmaq məqsədi ilə Heydər Əliyev
Fondu fəaliyyətində yeni məktəblərin tikintisinə, tədris müəssisələrinin
bərpasına, təmirinə və müasir avadanlıqlarla təchiz olunmasına xüsusi önəm
verir. Yarandığı
ilk gündən təhsilə yardımı fəaliyyətinin prioritet istiqaməti elan edən Fondun
"Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində hər il neçə-neçə
müasir məktəb binası inşa olunaraq, müasir avadanlıq, istilik sistemi, zəngin
kitabxana, əyani vəsait və kompüter avadanlıqları ilə təchiz edilib, gənc nəslin
istifadəsinə verilib. Fond hər yeni tədris ili ərəfəsində qaçqın və məcburi
köçkün, aztəminatlı ailələrindən olan birinci sinif şagirdləri də yaddan
çıxartmır. Onlara çanta və lazımi məktəb
ləvazimatları Heydər Əliyev Fondu tərəfindən hədiyyə olunur.
Fərəhli
haldır ki, Heydər Əliyev Fondu ABŞ, Rusiya, Hollandiya, Gürcüstan, Rumıniya,
Pakistan, Misir, Bosniya və Herseqovina məktəblərində də mühüm layihələri
reallaşdırıb. Həmçinin Azərbaycanın Qax, Zaqatala və Balakən rayonlarında tədrisin
gürcü dilində aparıldığı məktəblərə, Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrindəki
məktəblərə mütəmadi olaraq yeni dərslik və tədris ləvazimatları göndərir.
Ümummilli
liderin adını daşıyan və onun özü kimi əzəmətli olan amallara xidmət edən Heydər
Əliyev Fondu yeni dərs ili ərəfəsində ölkənin hər yerində olduğu kimi Gəncə şəhər
sakinlərinə sevinc bəxş edib. Fond tərəfindən
Nizami yurdunda daha iki məktəb və uşaq bağçası əsaslı təmir olunaraq şagird və müəllimlərin ixtiyarına verilib, onların
sevincinə sevinc qatıb.
Bu
gün inamla demək olar ki, ölkəmizdə təhsilin sürətli inkişafı, gələcək nəslin təlim-tərbiyəsinin
yüksək səviyyədə qurulması, onların Azərbaycanın layiqli vətəndaşları kimi
yetişməsi istiqamətində Heydər Əliyev Fondunun gördüyü məqsədyönlü işlər
Mehriban xanım Əliyevanın rəhbərliyi ilə uğurla davam edir. Eyni zamanda nəcib əməlləri
ilə xeyirxahlıq ünvanına çevrilən Heydər Əliyev Fondu fəlsəfəsinin ulu öndərin
ideya və amala söykəndiyini fəaliyyəti ilə təsdiq edir.
Pərvin Kərimzadə
Milli Məclisin
deputatı