• cümə axşamı, 28 mart, 13:50
  • Baku Bakı 16°C

Heydər Əliyev - Azərbaycan və dünya türklərinin qəlbində taxt quran lider

13.12.17 09:00 4133
Heydər Əliyev - Azərbaycan və dünya türklərinin qəlbində taxt quran lider
Ümummilli lider, adı Azərbaycanın tarixi və taleyi ilə qırılmaz tellərlə bağlı olan Heydər Əliyevin vəfatından 14 il keçir. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə bağlıdır. Heydər Əliyev rəhbərlik etdiyi dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb. O, böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilib. Buna görə də Heydər Əliyev fenomeni həmişə diqqətləri cəlb edib. Dünya azərbaycanlılarının ümummilli liderinin heyranlıq doğuracaq dərəcədə coşqun siyasi fəaliyyəti istər ölkə, istərsə də dünya mətbuatında geniş işıqlandırılıb. Dünya şöhrətli siyasi xadimin anım günü ərəfəsində, eləcə də anım günü qardaş Türkiyə mediasında ümummilli liderin xatirəsinə həsr olunmuş məqalələr, informasiyalar yerləşdirilib. Xüsusi qeyd edilir ki, Azərbaycan xalqı öz milli dövlətçiliyinin dağılmaq təhlükəsi qarşısında qaldığını görüb, 1993-cü ilin iyununda mövcud hakimiyyətin dəyişilməsini təkidlə tələb edib və həmin vaxtdan taleyini yenə Heydər Əliyevə etibar edib. Xalqının dar gündə qaldığını görüb onun təkidli dəvətini qəbul edən Heydər Əliyev Azərbaycanda yenidən böyük siyasətə qayıdıb.
Qardaş ölkənin mətbuatında dərc edilən saysız-hesabsız materiallarda ümummilli liderlə bağlı xoş xatirələr, onun Azərbaycan və Türkiyə xalqlarının birliyi yolunda yorulmaz fəaliyyəti əks olunub. Məsələn, "Miliyyet” qəzetində dərc edilən "Büyük önderin büyük rehberi” başlıqlı yazıda türkiyəli siyasi və ictimai xadim Akkan Süverin məqaləsi dərc edilib. Müəllif yazır ki, Heydər Əliyevin əbədiyyətə qovuşmasının on dördüncü ili tamam olur. Yazar ümummilli liderin vaxtilə Hüseyn Cavidin nəşinin Sibirdən gətirib Naxçıvanda dəfn etdirməsini xatırladır. "Qeyd etmək lazımdır ki, Hüseyn Cavid iyirminci əsrdə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişafında misilsiz xidmətlər göstərmiş bir aydındır. Əsərlərində istifadə etdiyi dillə Azərbaycan ilə Türkiyə arasında ədəbi dilin ortaqlığını müdafiə edən Hüseyn Cavidin ortaya qoyduğu düşüncə əsrin əvvəlindən bu günə xitab edən bir fəlsəfədir. Hüseyn Cavid qeyri-adi bir fikirlə o dövrdə köhnələn hər şeyə qarşı çıxar və fərdin arzuları ilə cəmiyyətin istəkləri arasındakı fərqləri bir mütəfəkkir kimi göstərən bir yazar olub. Hüseyn Cavidin dili səmimidir, saf insani duyğuları ortaya qoyur, xalqı cəhalət və qaranlığa sürükləyənlərə qarşı mərhəmətsizdir. Heydər Əliyevin Hüseyn Cavid ilə üst-üstə düşən xətti - sivilizasiya, sülh anlayışı və türkçülük ideyalarına yüksək sadiqlikdir. Heydər Əliyev, kommunizmin ən sərt günlərində qadağalara baxmayaraq, azadlıq, inqilab, haqq və insanlıq şairi Hüseyn Cavidi bəyənirdi. Hüseyn Cavid də kommunizmin ən sıx olduğu günlərdə azadlıq inancını, türkçülük anlayışını və mədəniyyət düşüncəsini şeirlərində, romanlarında, yazılarında heç qopmadan davam etdirmişdi.
Heydər Əliyev SSRİ-nin süqutu günündən bəri əbədi keçən günə qədər bəşəri ideyalara xidmət edib. Heydər Əliyev Hüseyn Cavid haqqında danışarkən, "Hüseyn Cavidin yaradıcılığı, bütün fəaliyyəti Azərbaycan xalqının mədəniyyətini yüksəltməkdən, xalqımızı azad və müstəqil etməkdən ibarətdir” deyirdi” - deyə Akkan Süver sonda fikirlərini tamamlayıb.
Başqa bir nəşr "Milat qazetesi”də dərc edilən "Tek millet, iki devlet’ projesinin fikir babası: Haydar Aliyev” başlıqlı məqalədə qeyd edilir ki, "tək millət, iki dövlət” ifadəsinin müəllifi olan Heydər Əliyev Azərbaycan və dünya türklərinin qəlbində taxt qurub. Onun vəfatının 14-cü ildönümü hörmət və sevgi ilə yad edilir. Azərbaycanın İstanbul baş konsulu Məsim Hacıyev ümummilli liderin siyasəti nəticəsində Bakı-Tiflis-Ərzurum qaz xətti, Bakı-Tiflis-Qars dəmiryolu xətti, TANAP kimi layihələrin türk dünyasında qəlb bağlarını da reallaşdırdığını söyləyib.
Qəzetə açıqlama verən baş konsul "Heydər Əliyev Azərbaycan ilə Türkiyə arasındakı münasibətləri dünyada bənzəri olmayan bir qardaşlıq hüququna bağlayıb” fikrini işlədib. Onun sözlərinə görə, Heydər Əliyevin Türkiyə sevgisi Türkiyə tərəfindən yüksək qiymətləndirilmiş və ona "Atatürk Barış Ödülü” mükafatı təqdim edilmişdi. "Heydər Əliyevin uzun müddətli strategiyası sayəsində Azərbaycan və Türkiyə beynəlxalq enerji bazarının aktiv siyasi fiqurları mövqeyində iştirak etməyə başladılar. Bakı-Tiflis-Ceyhan neft boru xətti ilə Türkiyə üzərindən dünya bazarına Azərbaycan nefti ixrac edilir. Heydər Əliyevin təməlini atdığı siyasət bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bakı-Tiflis-Ərzurum qaz kəməri və oktyabr ayında açılışı edilmiş Bakı-Tiflis-Qars dəmir yolu xətti kimi çox əhəmiyyətli regional layihələr həyata keçirilib. Bu gün Azərbaycanın yenə Türkiyə üzərindən icra etdiyi başqa bir əhəmiyyətli layihə olan Trans Anadolu Təbii qaz xəttinin (TANAP) tikintisi bütün sürətiylə davam etməkdədir. Layihənin artıq böyük bir qismi tamamlanmış vəziyyətdədir. Məqalədə daha sonra ümummilli liderin həyat yolu, nailiyyətləri barədə ətraflı məlumat verilir.
Başqa bir nüfuzlu nəşr – Haberler.com "Ünüvar: "Haydar Aliyev”i Hayırla Yad Ediyoruz” başlıqlı məqalədə Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, AKP-nin Adana millət vəkili Necdət Ünüvarın fikirləri yer alıb. O bildirib ki, dost və qardaş ölkə Azərbaycanın üçüncü prezidenti Heydər Əliyev həyatı boyunca atdığı hər addımda həm Azərbaycanın, həm də Türkiyənin mənfəətlərini güdən bir lider olub. Ünüvar, Heydər Əliyevin vəfatının 14-cü ili bağlı yayımladığı mesajda ümummilli liderin müdrik liderliyi, qürurlu duruşu və mütərəqqi fikirləri ilə Azərbaycan xalqının qarşısında sanki bir mayak kimi parladığını ifadə edib. 2003-cü ildə vəfat edən Əliyevin 80 illik ömrünün hər gününü mənalı keçirdiyiniz vurğulayan Ünüvar, "Heydər Əliyev, yaşadığı dövrdə Türkiyə sevdalısı olduğunu hər zaman dilə gətirib. Atdığı hər addımda həm Azərbaycanın, həm də Türkiyənin mənfəətlərini güdən bir lider olub. Belə ki, Heydər Əliyevin "Biz bir millət, iki dövlətik” sözü, Azərbaycan və Türkiyə üçün nəsildən nəslə ötürülən atalar sözü halına gəlib. Bu əhəmiyyətli söz, keçmişdə olduğu kimi gələcəkdə də münasibətlərimizdə əsas yaradacaq. Bizlər, birliyimizi və qardaşlığımızı qoruduğumuz müddətcə dəf edə bilməyəcəyimiz bəla ola bilməz. Yetər ki Türkiyə və Azərbaycan üzərində oynanan böyük oyunların fərqində olaq. Bir olaq, diri olaq” deyib. Liderlərin, yaşadıqları dövrdə çəkdikləri xətti və aldıqları qərarlarla ölkələrinin gələcəyində əhəmiyyətli rolları üzərlərinə götürdüklərini dilə gətirən Ünüvar belə davam edib: "Bu gün müasir Azərbaycanın gəldiyi nöqtəyə baxdığımız zaman, rəhmətlik Heydər Əliyevin etdiyi qərarların nə qədər məqsədəuyğun olduğunu görürük. Dünən olduğu kimi bu gün də Heydər Əliyevin oğlu prezident İlham Əliyev ilə prezidentimiz Rəcəb Tayyib Ərdoğan və baş nazirimiz Binəli Yıldırım da eyni prinsiplər istiqamətində Türkiyə-Azərbaycan əlaqələrini daha irəli aparmaq üçün səy sərf edirlər. Onlar da tarixdəki yerlərini aldıqlarında, bizim nəvələrimiz o əlaqələrin nə qədər əhəmiyyətli olduğunu görəcəklər. Bizlər bu gün eynilə Heydər Əliyevi necə xeyirlə yad ediriksə, irəlidəki tarixlərdə də bugünkü liderləri hörmətlə yad edəcəyik. Bu duyğu və düşüncələrlə müdrik lider Heydər Əliyevi vəfatının 14- cü ildönümündə hörmətlə yad edirəm”- deyə millət vəkili bildirib.
"Haberturk”də dərc edilən "Asimder ve Azerbaycan heyeti Aliyev'i andı” məqalədə isə ASİMDER (Uluslararası Asılsız Ermeni İddialarıyla Mücadele Derneği) üzvlərinin dəvəti ilə İqdırda keçirilən tədbirlərdən bəhs edilib. Azərbaycan Beynəlxalq Diaspor Mərkəzi (BDM) liderliyindəki şəxslər, eləcə də Azərbaycan QHT-ləri ümummilli lider Heydər Əliyevi anmış və onun İqdırda olan abidəsi qarşısına əklillər qoyub, Quran-ı Kərim oxuyublar. Heydər Əliyev güclü siyasəti və vətən sevgisiylə yeni Azərbaycan gəncliyinə nümunə olduğunu ifadə edən ASİMDER Ümumi Başçısı Göksel Gülbey, "Heydər Əliyev Azərbaycanın son dövr tarixinə üstün müvəffəqiyyətiylə damğa vurmuş bir türk lideridir” - deyib. Onun sözlərinə görə, Azərbaycanı od-alovdan çıxaran Heydər Əliyev, xalqın könlündə taxt qurmuş bir lider idi.
Bundan əlavə, "Siyasal BirikiM” nəşrində "Azerbaycanın Eski Cumhurbaşkanı Haydar Aliyevi Rahmetle Anıyoruz” başlıqlı məqalədə yerləşdirilib. Məqalədə Türkiyə-Azərbaycan Dostluq Assosiasiyaları Federasiyasının prezidenti və İqdır Azərbaycan Evləri Assosiasiyasının prezidenti Serdar Ünsalın türk dünyasının liderlərindən olan Heydər Əliyev barədə fikirləri yer alıb. "Heydər Əliyev Azərbaycanı ən qısa müddətdə inkişaf etmiş ölkələr səviyyəsinə çıxardı və türk dünyası və Türkiyə ilə qurduğu yaxşı dostluq sayəsində türk dünyasının əsl liderlərindən birinə çevrildi”. Bundan əlavə, "TRT Haber”in "Haydar Aliyev vefatının 14. yılında anılıyor” məqaləsində qeyd edilir ki, Türkiyənin Bakıdakı səfiri Erkan Özoral səfirlik əməkdaşları ilə birlikdə Heydər Əliyevin məzarını ziyarət edib. Bundan əlavə, Türkiyənin əksər aparıcı agentlikləri, telekanallarında ümummilli liderin anım günü ilə bağlı xəbərlər yer alıb. Bura "Anadolu”, "İhlas”, "DHA” agentlikləri daxildir. Bu xəbərlərdə ümummilli liderin anım günündə Bakıda keçirilən tədbirlər, o cümlədən qanvermə kampaniyasından bəhs edilib.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər