AZE | RUS | ENG |


“Həyatmı elə qurmuşam ki, əlilliyim mənə mane olmur” - Xarakter

“Həyatmı elə qurmuşam ki, əlilliyim mənə mane olmur” - Xarakter
Murad Məmmədov deyir ki, insan güclü, müdrik olmaq üçün mütləq şəkildə çətinlik çəkməlidir


15 yaşına kimi bir addım belə atmayıb. Amma 15 yaşında onu addımlamağa vadar edən sevgi hissi olub. Sevdiyi qızla vaxt keçirmək istəyi ona  motivasiya verib və gəzməyə cəhd edib. Heç bir tibbi müdaxilə olmadan ilk addımını atıb və bu addımından ilhamlanaraq, addımlarının sayını artırmaq üçün aylarla məşq edib. Baxmayaraq ki, həkimlər onun gəzə bilmək imkanının sıfır olduğunu deyib. Cəhdi uğurlu alınıb. Əvvəlcə evdə, sonra öz məhəllələrində, sonra qonşu məhəllələrdə gəzməyə başlayıb… Bir gün baxıb ki, sərbəst şəkildə gəzə, hətta yaşadığı ölkədən başqa bir ölkəyə gedə bilir. Qəhrəmanımız  27 yaşlı Murad Məmmədovdur. Murad "Müstəqil Həyat” təşkilatında əlillik sahəsi üzrə ekspert, "Bank of Baku”nun Məlumat Mərkəzi şöbəsində operator-ekspert kimi fəaliyyət göstərir. Həm də bloger, "Uğurun xəritəsi” adlı kitabın müəllifidir.  Eyni zamanda, yeni yaranan "Əsa” Teatrında direktor və aktyor kimi alışır. 
 
- Bloqunuzdakı yazılardan, "facebook” statuslarınızdan çox güclü xarakterə sahib insan təsiri  bağışlayırsınız. Bu gücü haradan alırsınız?
- Uşaqlıqda çox çətinliklər çəkmişəm. 15 yaşıma qədər gəzə bilməmişəm. 15 yaşımda heç bir tibbi müdaxilə olmadan gəzməyə başlamışam. Həyatımın bütün mərhələlərində olduqca böyük çətinliklərlə rastlaşmışam və hamısının öhdəsindən demək olar, təkbaşına gəlmişəm. Bu, mənə daha da güc verib. Hazırda isə gücü keçmiş uğurlarımdan alıram. Bir neçə gün arxaya çevrilib baxanda necə böyük işlər gördüyümün şahidi olmağım yetərlidir. Bu, qarşılaşdığım problemləri tamamilə həll edə biləcəyimə əmin olmağım üçün kifayətdir. Mənə elə gəlir ki, insan güclü, müdrik olmaq üçün mütləq şəkildə çətinlik çəkməlidir. Çətinlik çəkməyən insan heç vaxt bu xüsusiyyətlərə sahib ola bilməz. 
 
 

- 15 yaşınıza qədər gəzə bilmədiyinizi dediniz. 15 ildən sonra nə sizə motivasiya verdi, nə silkələdi ki, özünüzdə güc tapıb gəzməyə başladınız?
- Uşaqlıq sevgim olub və onunla daha çox vaxt keçirmək istəyi, arzusu, xəyalı mənə motivasiya verdi və gəzməyə cəhd etdim. Heç bir tibbi müdaxilə olmadan ilk addımımı atdım və bu addımımdan ilhamlanaraq aylarla məşq etdim. Əvvəlcə evdə, sonra öz məhəlləmizdə, sonra qonşu məhəllələrdə… Bir gün baxdım ki, sərbəst şəkildə gəzə, yaşadığım ölkədən başqa bir ölkəyə gedə bilirəm.
 
- Video çıxışlarınızdan birində dediyiniz kimi, hərənin hansısa məhdudiyyəti var; fiziki məhdudiyyət, maddi məhdudiyyət, mənəvi məhdudiyyət. Təcrübədən keçirmiş birisi kimi bunları aradan qaldırmağın sirri nədədir
- Ümumiyyətlə, hər kəsin həyatında məhdudiyyət var. İnsan varlıqlar arasında ən alisidir və bu baxımdan məhdudiyyətləri aradan qaldırmaq onun üçün problem yaratmamalıdır. Düşünürəm ki, məhdudiyyətləri aradan qaldırmağın yollarından biri bu məhdudiyyətləri kompensasiya etməkdir. Məsələn, kiminsə bir qolu yoxdur. O, evdəki əşyaları elə qura bilər ki, bir qolunun yoxluğunu, yəni məhdudiyyətini hiss etməz. Mən də çəliklə gəzirəm, amma həyatımı elə qurmuşam ki, bu məhdudiyyəti gündəlik həyatımda hiss etmirəm. Çünki mən bunu digər şeylərlə kompensasiya etmişəm. Həyatmı elə qurmuşam ki, əlilliyim mənə mane olmur. Çox nadir hallarda fiziki məhdudiyyətimin olduğunu hiss edirəm. Bir sözlə, öz ağlımızdan istifadə edərək, məhdudiyyətlərimizi kompensasiya etsək, onlar yoxa çıxar.


 
- Hazırda motivatorsunuz, təlimçisiniz, qeyri-hökumət təşkilatında məsləhətçisiniz, "Bank of Baku”da çalışırsınız. İlk işə başlamağınız maraqlıdır…
-  15 yaşıma qədər gəzmədiyimə görə həm fiziki, həm də maddi baxımdan çox asılı olmuşam. Gəzməyə başlayanda artıq qərar verdim ki, tamamilə azad, müstəqil olmalıyam və 17 yaşımda işləməyə başladım. İlk işə kompyuter salonunda kassa bölməsində çalışmaqla başladım. Gündəlik bir manat, yaxud bir manat 50 qəpik qazancım olurdu. Sonra internet klubda çalışmağa başladım. İnternet klubun idarəçiliyi də tamamilə mənə baxırdı. Müdir həftədə cəmi bir dəfə gəlirdi. 18 yaşımda bir il internet klubu işlətdim. Sonra karyera pillələrində yavaş-yavaş qalxmağa başladım. 
 
- İlk maddi qazancınızı əlinizə alanda hansı hissləri keçirdiniz?
- İlk qazancımın ən böyük sevinc gətirən tərəflərindən biri o idi ki, vəsaiti xərcləyərkən heç kəsə hesabat verməməli olduğumu başa düşdüm. 
 


- "Facebook” səhifənizdə insanın mənəvi azadlığından tez-tez statuslar yazırsınız. Azadlıq sizin üçün nədir?
- Azadlıq mənim üçün istədiyim bir şeyi etməkdir. Nəsə istəyirsən və onu reallaşdırırsan. Nə kimdənsə təsdiq alır, nə də ətrafı düşünürsən. Amma söhbət  başqalarının hüquqlarını pozmayan şəxsi seçimlərdən gedir. Bu şəxsi seçimləri reallaşdıranda insan azad olur. Ən əsası da burada mənəvi azadlıq önəm daşıyır. Söhbət istədiyin vaxt yatıb, istədiyin vaxt durmaqdan getmir. İstəyəndə yatıb, istəyəndə dura biləcəyini dərk etmək sənə rahatlıq, azadlıq verir. İlk növbədə mənəvi olaraq azad olmaq lazımdır, sonra fiziki olaraq. İnsan nə zaman xoşbəxt olur? Diqqətlə analiz etsəniz, fərqinə varacaqsınız ki, istədiyiniz şeyləri etdikdə,  xoşbəxt olursunuz. İstədiyiniz şeyləri etdikdə xoşbəxt olursunuzsa, deməli, xoşbəxtliyə gedən yol azadlıqdan keçir.
 
- Motivator kimi də fəaliyyət göstərirsiniz. Gənclərimizə müxtəlif təlimlər verir, onlarla tez-tez görüşürsünüz. Gənclərimiz nikbindir, ya bədbin?
- 6 ilə yaxındır gənclərin qarşısında mühazirələr söyləyir, təlimlər keçirəm. Get-gedə gənclərimiz ailələrindən daha az asılı olurlar ki, bu da çox önəmlidir. Çünki gənclərimiz ailələrindən nə qədər asılı olacaqlarsa, bir o qədər zəif, özlərinə güvəni az olacaq. Özünə güvəni az olan insan isə pozitiv ola bilməz. Təəssüf ki, gənclərimizin çoxu potensiallarından, güclərindən çox az istifadə edirlər. Potensiallarından tam istifadə etsələr, daha nikbin, özlərinə güvənli ola bilərlər. 
 


- Blogerliyə nə vaxt başladınız? 
- Əvvəllər mobil çatlar var idi. Mən söhbət etmək, ünsiyyət qurmaq üçün ora daxil olurdum. Orada özüm üçün statuslar yazırdım. O vaxtdan özümdə yazmaq qabiliyyətini aşkarladım. Sonra Azərbaycanda "facebook” sosial şəbəkəsi yayıldı. Mən də hesab açdım və statuslar yazmağa başladım. Gördüm ki, bu, məndə yaxşı alınır.  3-4 il bundan öncə düşündüm ki, bir gün "facebook” olmaya bilər və fikirlərimi paylaşmaq üçün məkana ehtiyacım yaranar. Beləliklə, öz bloqumu açdım. Bir il ərzində 100 minə yaxın ziyarətçi oldu. Yazı yazmaqdan zövq alıram. Yazını yazıb bitirəndən sonra o qədər rahatlaşıram ki, sanki hansısa dini ayini yerinə yetirmişəm, yaxud ibadət etmişəm.
 
- Bir az da müəllifi olduğunuz "Uğurun xəritəsi” kitabından danışardınız...
- "Uğurun xəritəsi” mənim yaşadıqlarımla birlikdə hər gün yazılırdı. Mən yaşayırdım və bu fonda "Uğurun xəritəsi” yaranırdı. 21 yaşımdan təlimçi kimi fəaliyyət göstərməyə başladım. Yazmaq bacarığımı da blogerliyim sayəsində məqalə yaza-yaza əldə etdim. Gördüm ki, mən kitab yazacaq gücə, zehnə sahibəm və yazmağa başladım. "Uğurun xəritəsi” təcrübəyə əsaslanaraq yazılan bir kitabdır.
 


- Uğurun xəritəsini qısa olaraq necə cızardınız?
- Mənə görə, uğurun xəritəsinin üç gedişatı var. İlk növbədə komplekslərdən uzaq olmaq, öz üzərində işləyərək özünü inkişaf etdirmək lazımdır. İkincisi, cəhd etmək, üçüncüsü isə mübarizə aparmaq.  
 
- Həm də "Əsa” teatrının direktoru və aktyorusunuz? Necə oldu ki, belə bir teatr ərsəyə gəldi?
- Bu teatrın yaradılmasının ideya müəllifi və təsisçisi yaxın tanışlarımdan biridir. Amma onun əlillik sahəsi üzrə heç bir təcrübəsi yoxdur. O düşünüb ki, aparıcı üzvləri əsasən əlilliyi olan şəxslərdən ibarət teatr yaratsın. Bu ideyanı mənimlə bölüşdü və direktor olmağımı təklif etdi. Mən dəstəklədim və işə başladıq. Həm də aktyor kimi çalışıram. Amma bütün bu işləri bir arada aparmaq mənim üçün çox çətindir. 
 


 - Həm də "Bank of Baku”da işləyirsiniz. Bankla yollarınız necə kəsişdi?
- 2010-cu ildən bu yana 100-dən çox yerli, regional və beynəlxalq təlimdə, layihədə iştirak etmişəm. İştirak etdiyim layihələrdən biri də "Bank of Baku”nun "Məhdudiyyətlərə meydan oxu” layihəsi idi. Bu layihə çərçivəsində bir ay ərzində əlilliyi olan insanlara təlim keçirdilər. Sonradan bəlli oldu ki, imtahanlardan yaxşı nəticə əldə edən iki nəfəri işə götürmək istəyirlər. Mən ən perspektivli şəxslərdən biri idim. Çünki avtobioqrafiyam oradakı iştirakçılara nəzərən həddən artıq zəngin idi. Onlarla layihədə iştirak etmişdim və müştərilərlə iş təcrübəm var idi. Müxtəlif şirkətlərdə çalışmışdım. İmtahanları yaxşı verdim və beləliklə, 2015-ci ildən  bankda çalışmağa başladım. Hazırda "Bank of Baku”nun Məlumat Mərkəzi şöbəsində operator-ekspertəm. Doğrusunu deyim ki, məqsədlərim, planlarım sırasında hər hansı bankda çalışmaq iddiası yox idi. Artıq bir ildən çoxdur bu bankdayam.
 
- Fiziki məhdudiyyətli uşaqları adətən valideynləri evə qapadır, sosiallaşmalarına izn vermirlər. Bu cür valideynlərə sözünüz?
- Bu, təbii ki, yanlışdır. Ola bilər ki, uşağın əlilliyi aradan qaldırılmasın, amma onun reabilitasiyası mümkündür. Valideynlər çalışmalıdırlar ki, övladlarını reabilitasiyaya cəlb etsinlər. Üstün olan xüsusiyyətlərini daha da inkişaf etdirərək, övladlarını cəmiyyətə qazandırsınlar. Çünki əlillik son, dünyanın axırı deyil. İnsan əlilliyi olduğu halda belə, çoxsaylı uğurlar qazana bilər. Bu yolda valideynlər övladlarına dəstək olmalıdırlar. Əgər belə etsələr, valideynlər nə qədər yaxşı iş gördüklərinin fərqinə varacaqlar və əlilliyi olan övladların uğurlarından faydalanacaqlar.

Lalə MUSAQIZI
 
 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.6847
GBP 1 İngilis funt sterlinqi 2.2421
TRY 1 Türk lirəsi 0.4638
KWD 1 Küveyt dinarı 5.6276
SEK 1 İsveç kronu 0.2085
EUR 1 Avro 2.0000
CHF 1 İsveçrə frankı 1.7374
USD 1 ABŞ dolları 1.7001