• cümə, 29 Mart, 04:08
  • Baku Bakı 7°C

«Həyatım iki hissəyə bölünüb…» Müsahibə Fotolar

05.02.14 09:09 4861
«Həyatım iki hissəyə bölünüb…» Müsahibə Fotolar
Bu gün televiziya məkanında savadlı aparıcılar azlıq təşkil edir. Bəzilərinin danışıq tərzi, bəzilərinin isə intellektual səviyyəsi onları sözün əsil mənasında canlı efirdə rüsvay edir. Bunların əksəriyyəti isə efirlərə yeni yol tapan gənc “aparıcılar” təşkil edir. Əslində isə efir gözəlliyi ilə yanaşı danışıq tərzi ilə seçilən, istedadlı, hər vəziyyətdən çıxmağı bacaran aparıcıların yeri olmalıdı. Elə müsahibimiz İlkin Həsənli kimi. İlkin Həsənli uzun müddətdir ki, aparıcılıqla yanaşı gənclərin sevərək izlədiyi “Bozbaş Picture” yumoristik layihəsinin rəhbəri, qohumlarının tacı Şəmi müəllim kimi tanınır. Hər kəsin maraqla izlədiyi bu veriliş uzun müddətdir ki, reytinqlərdə birinciliyi qoruyub saxlamağı bacarır.
Qəzetimizin suallarını cavablandıran İlkin Həsənli özünü həftənin bir günü aparıcı, bir günü isə aktyor kimi hiss etdiyini söyləyir.
Çərçivədəyəm

- İlkin Həsənli özünü gənc hesab edirmi?
- Əlbəttə. Hələ ki, özümü gənc hesab edirəm. Mənim düşüncəmə görə, hər bir insan yaşından asılı olmayaraq özünü gənc hesab edə bilər. Elə adamlar var ki, yaşı 35-i keçsə də gənclərin etdiyi hərəkətlər onun yanında heç nədir. Demək ki, onun ruhu gəncdir. Bir də görürsən ki, 25-27 yaşındakı gənc nəsil kimi təqdim etdiyimiz insanlar 40-45 yaşında olan nəslin həyat tərzi kimi yaşamağa üstünlük verirlər. Hər şey insanın özündən asılıdır. Bu baxımdan deyə bilərəm ki, mənim ruhum da, özüm də gəncəm.
- Bəs gəncliyin dadını necə, çıxara bilirsinizmi?
- Gəncliyin dadını yetərincə çıxara bilirəm. Hər bir yaş dövrünün öz əyləncə tərzi var. Misal üçün 4 il bundan əvvəl müəyyən klublara partilərə gedirdim. Ancaq indi onlar mənim diqqətimi çəkmirlər. Yəni o sahəyə marağım bir az azalıb. Sabah isə nəyə maraq göstərəcəyimi bilmirəm. İl ötdükcə insanın istəkləri və vərdişləri dəyişir.
- Məşhurluq bu işdə sizə mane olurmu?
- Məşhurluğun müəyyən qədər müsbət tərəfləri varsa da, mənfi tərəfləri də var. İnsan özünü cəmiyyətdə rahat şəkildə apara bilmir. Tanınmış simalar göz önündə olurlar deyə rahat hərəkət edə bilmirlər. Hansısa bir əyləncə məkanında və yaxud yay vaxtı çimərlikdə dostlarımla sərbəst, rahat şəkildə istirahət edə bilmirəm. Həmin an məşhur olmaq istəmirəm. Bu işdə məşhurluq insana sərf etmir (gülür). İstirahət etdiyin an ətrafında olan insanların diqqət mərkəzində olduğunu gördükdə özünü daha çox çərçivəyə salırsan. İnsanlar elə düşünürlər ki, hansısa məşhur bir sima ekran qarşısında necədirsə, həyatda da elədir.
- Bəs sizdə necə, həyatda da efirdəki kimisiz?
- Efirin öz normaları var. Hər bir verilişin öz qayda-qanunları var. İnsan həyatda olduğu kimi ekran qarşısına çıxa bilmir. Dostlarımın çoxu mənə deyir ki, həyatda başqa cür, efirdə başqa cürsən. Ancaq bəziləri isə bunun əksini söyləyir.
İnternet gənclərimizi oğurlayıb

- Sizcə bugünkü televiziya verilişləri gənclərin tələbatına cavab verirmi?
- Düzünə qalsa, bu gün televiziyada yayımlanan verilişlər gənclərin tələblərinə cavab verə bilmir. Çünki internetin inkişafı elə bir həddə gəlib çatıb ki, o sanki gəncliyi özünə tərəf çəkib. Gənclərimiz internetə çox bağlanıb. Elə təsəvvür yaranıb ki, internet gənclərimizi oğurlayıb, öz ağuşuna alıb. Bilirəm ki, hər hansı bir efir məkanında super bir televiziya layihəsi olsa belə, o layihəyə maraq göstərə biləcək gənclik gözləyəcək ki, həmin verilişin “Youtub”-da linki çıxsın və həmin an onlar sevdikləri verilişləri məhz internetdən izləsinlər. Yəni gənc nəsil efir qarşısında oturub sevdiyi verilişə baxmaz.
- Sizcə bu, nədən qaynaqlanır?
- Bu internetin günbəgün məşhurlaşmasından və gənclərimizi özünə cəlb etməsindən qaynaqlanır. Şükürlər olsun ki, bu gün Azərbaycanın həm paytaxtında, həm də bölgələrində sürətli internet var. Mobil telefonunda interneti olan istənilən bir Azərbaycanlı bu gün hər şeydən xəbər tuta bilər. İstər bu, paytaxt olsun, istər dünyanın o biri başı. Artıq hər şey sadələşib.
- Nə üçün bugünkü gənc nəsil daha çox şou-proqramlara meyllidirlər? Gənclər ağır janrlı verilişlərə baxmaq istəmirlər.
- Burada qəbahətli bir şey yoxdur. Hər yaş dövrü üçün müəyyən verilişlər nəzərdə tutulub. Televiziya kanallarımızda əyləncəli proqramlarımız da az deyil. Ola bilsin ki, Azərbaycan gəncləri o verilişdə özünə maraqlı olan bir şey görmür. Televiziyalarda bütün verilişlər reytinq üzərində qurulub. Hansı verilişin nə qədər reytinq topladığını televiziya işçiləri çox gözəl bilir. Bu gün şou xarakterli verilişlər daha çox reytinq toplayır, nəinki oturub aşıqlardan danışan, muğamdan bəhs edən, Azərbaycanın tarixindən bəhs edən veriliş. Bu, reallıqdır. Biz bunu artıq qəbul etmişik.
- İlkin Həsənli televiziya rəhbəri olsaydı, daha çox hansı məzmunlu verilişlərin hazırlanmasına üstünlük verərdi?
- Mən televiziya rəhbəri olsaydım, əyləncəli verilişlərin hazırlanmasının daha çox tərəfdarı olardım. Hər bir insanın həyatında gündəlik müxtəlif səpkidə problemlər, stresslər yaşayır. İnsanlar işdən yorğun halda evə gəlir və yaxud da hansısa bir işi alınmayıb, gəlib istirahət etmək və ya fikrinin dağılması üçün televiziyanı açır görür ki, 4 nəfər qoca kişi oturub folklordan, ya da tarixdən danışır. Təbii ki, insan həmin anda bu auraya qapanmaq istəmir. Bu zaman pultu əlinə alıb, kanalı dəyişir. O, hansısa kanalda əyləncə axtarır ki, əhvalı dəyişsin, pozitivliyə əhval ruhiyyəyə köklənsin. Yəni mən demirəm ki, bütün verilişləri şou və əyləncə üzərində qurardım. Verilişlərin yalnız 80-90 % əyləncəyə sərf edərdim.
- Sizi həm də yumoristik aktyor kimi tanıyırıq. Aparıcılıqdan aktyorluğa keçid hansı zərurətdən yarandı?
- Əvvəlcədən aktyor olacağımı planlaşdırmamışdım. Bu, təsadüf nəticəsində yaranan bir şey idi. Çünki həmin dövrlərdə o efirə çıxsaydı mən çox utanardım. Bu obrazı sırf təsadüf nəticəsində yaratdım, mən və Ramil Babayev 2004-də ATV-nin ad günü şənliyi üçün düşündüyümüz obrazlar idi, mən Şəmi, o da Şöşü - səhnəciklər hazırladıq, hər kəs maraqla qarşıladı, güldü və belə bir qərara gəldik ki, bu səhnəcikləri ekranlaşdıraq. Sözün düzü, yox, obrazlarımızın belə seviləcəyini bilmirdik, hər kəs, hətta dost-tanışlar belə deyirdi ki, lazım deyil, bu işi etməyin, heç bir xeyri yoxdur sizə. Həqiqətən elə idi, illər əvvəl səhnəciklərin hazırlanması üçün hətta öz cibimizdən müəyyən vəsait ödəmişik, minimum şəraitdə maksimum iş görmüşük! Amma əsas dəstək bizə 2013-ün yayında ATV müdiriyyətindən gəldi, çəkiliş keyfiyyətini daha da artırılması üçün hər cür köməklik etdilər və bu gün “Bozbaş Pictures” ən sevilən layihələrdən biridir. 2004-cü ildə belə bir layihə fikirləşdik. Hazırda yumoristik verilişlər içərisində “Bozbaş Pictures” zirvədədir.
- Sizcə indi sizi Şəmi kimi, yoxsa İlkin Həsənli kimi daha çox tanıyırlar?
- Məni çoxdan tanıyan, yaradıcılığımı izləyən tamaşaçı İlkin Həsənli kimi tanıyır. Ancaq azyaşlı tamaşaçılar isə daha çox Şəmi kimi tanıyır. Azyaşlı tamaşaçılar məni istər küçədə, istər mağazada görəndə məni “Şəmi müəllim” deyərək çağırırlar. Həyatım iki hissəyə bölünüb - bir həftə Şəmi müəllim, bir həftə də İlkin Həsənli oluram.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər