• cümə axşamı, 18 aprel, 04:28
  • Baku Bakı 15°C

“Həyatdan nə görmüşəmsə, cavanlığımda görmüşəm”

05.05.16 13:38 3873
“Həyatdan nə görmüşəmsə, cavanlığımda görmüşəm”
Bu günlərdə Əməkdar artist Ruhəngiz Musəvi qəzetimizin qonağı oldu. 40 ildən artıqdır sənətdə olan ifaçı bizimlə söhbətində bir çox məsələlərə toxundu.
- Ruhəngiz xanım, illər ötsə də, əvvəlki təravətiniz hələ də qalıb. Özünüzü belə cavan saxlamaq üçün nələr edirsiniz?
- İnsanın həyatında hər şey olur-problemlər, depressiyalar, xoş xatirələr, maraqlı hadisələr və beləliklə, zaman keçir. Hesab edirəm ki, mənim belə qalmağımın sirri sənətimlə əlaqədardır. Sənətimi çox sevirəm. Məni belə gənc saxlayan sənətimdir. Ona görə də hər zaman Tanrıma şükür edirəm. Tamaşaçılar tərəfindən sevildiyimi hiss edəndə çox sevinirəm. Sənətçiyə bundan artıq nə lazımdır ki?
- 60 yaş heç də az yaş deyil. Bu yaşda belə arıq qalmağın sirlərini bəlkə bizimlə də bölüşəsiniz?
- Daxilən də çox gəncəm. Efir məni çox kök göstərir. Məni belə saxlayan orqanizmimdir. Arıqlıq bizim genimizdən gəlir. Hər şey yeyirəm, ancaq kökəlmirəm. İştaham çox yaxşıdır. Heç bir pəhrizdən istifadə etmirəm.
- Uşaqlıqdan Sizin mahnılarınızı dinləyərək böyümüşük. İndi də əvvəlki repertuarınıza müraciət edirsiniz. Nə üçün yeni mahnılara üstünlük vermirsiniz?
- Yeni mahnılarım çoxdur. Verilişlərə dəvət alarkən məndən tələb edirlər ki, orada oynaq, şən mahnılar ifa edim. Hazırda Eldar Mansurov mənə iki yeni mahnı verib. Nə qədər yeni mahnı ifa etsəm də, retro mahnılar mənə daha doğma və əzizdir. Oxucular elə düşünməsinlər ki, Ruhəngiz xanım tənbəllik edir, yeni mahnılar almır. Bir neçə bəstəkar var ki, onlar mahnıları mənə təmənnasız veriblər. Gənc bəstəkarlar da mənə tez-tez müraciət edirlər. Di gəl ki, onların hazırladıqları mahnıları dinlədikdə hiss edirəm ki, həmin mahnılar ruhuma yaxın gəlmir. Elə mahnılar var ki, yazdırmışam, ancaq ifa etmirəm.
- Bəs klip necə?
- Bilirsiniz ki, klip də ifaçıya heç də ucuz başa gəlmir. Hər şey maddiyyatın başında dayanır. Həm dövlətimiz, həm də sənət yoldaşlarım tərəfindən hər zaman böyük diqqət görmüşəm. Hər yerə dəvət edilmişəm. Bizim nəsildən çox az adam qalıb. Gənclər daha çox bizdən istifadə etməlidirlər.
- İllərdir ki, səhnədəsiniz. Bu illər ərzində həyatınızda nələr dəyişib?
- Nələr dəyişmir ki? Zaman keçdikcə insan özü də dəyişir. Bu illər ərzində heç zaman özümdən razı olmamışam. Mən Rəşid Behbudovla birgə onun teatrında işləmişəm. Səhnədə olduğum illər ərzində Azərbaycanın əfsanəvi sənətkarları ilə bir yerdə olmuşam. Onlardan dərs almışam. Şamil Mahmudbəyov, Leyla Bədirbəyli kimi aktrisalarla işləmişəm. Belə dahi sənətkarlarla çalışsam da, heç zaman ulduz xəstəliyinə tutulmamışam, bir dəfə belə olsa özümdən razılıq etməmişəm. Əvvəllər sənətkarlara daha çox qiymət verirdilər.
Mən 1971-ci ildə Yaşıl Teatrda keçirilən "Qızıl payız” festivalında iştirak etmişəm. O zaman yaşım az idi. Həmin ildən etibarən səhnədəyəm.
- Ruhəngiz xanım, bəzən müğənniləri kimlərinsə ailə məsələlərini həll etmək üçün ekspert qismində verilişlərə dəvət edirlər. Sizcə, ifaçıları ailədaxili məsələləri həll edə biləcək ekspert hesab etmək olarmı?
- Məni elə verilişlərə çağıranda getmirəm. Bu sahə üzrə ixtisaslaşmış hüquqşünaslar, psixoloqlar, müxtəlif təşkilatların nümayəndələri var. Bu mövzu barədə onlar daha faydalı məsləhət verə bilərlər. Mən çox danışan insan deyiləm. Elə verilişlər var ki, məni orada öz həyatımdan danışmağa çağırıblar. Heç zaman efirdə yalan danışmamışam. Nə varsa, onları deyirəm. Məni tanıyan, bilən bilir. Bunlardan qorxmuram. İndiyə kimi heç kim mənim haqqımda bir şayiə eşitməyib.
- Bəzən müğənnilər efirdə görünmək üçün bütün təkliflərə razılıq verirlər. Mövzunun nə ilə bağlı olması onlar üçün maraqlı deyil. Təki gündəmdə olsunlar.
- Ruhuma yaxın olmayan mövzular olanda həmin verilişdə iştirak etməkdən imtina edirəm. Davamlı olaraq efirə çıxıram. Oxuduğum mahnılar dillər əzbəridir. Ruhəngiz Musəvi asan unudulan insan deyil. Mən öz dəst-xəttimə, ifama görə gündəmdən düşmürəm. Bunun üçün heç çalışmıram da.
- Sosial şəbəkələrdən istifadə edirsinizmi?
- Əlbəttə, ötən ildən Feysbuk sosial şəbəkəsindən istifadə etməyə başladım. Nəvəm İnstaqramda mənim səhifəmi açıb. Daha çox köhnə şəkilləri paylaşıram. Oradan mənə tamaşaçılar xoş sözlər yazırlar. Məni nə qədər çox sevdiklərini bildirirlər.
- 40 ildən artıqdır ki, səhnədəsiniz. Nə üçün prodüseriniz yoxdur?
- Bir neçə dəfə mənimlə işləmək üçün müraciət ediblər. İndiyə kimi hər işimi özüm görmüşəm. İndiki prodüserlərin əksəriyyəti o qədər də böyük bir iş görmürlər. Məni beynəlxalq arenalarda tanıdan, böyük konsertlər təşkil edən prodüser olsa, niyə də olmasın, onunla işləyərəm. Yoxsa gəlib mənə deyirlər ki, bir yerdə işləyək, kanallara dəvət alanda mən sizinlə bir yerdə gedim. Mən onsuz da efirə çıxıram, neynirəm prodüseri? 40 ildən çoxdur ki, bu sənətdəyəm. Bəzi müğənnilər sponsorun gücü ilə bu səviyyəyə gəlib çatıblar.
- Bəzi xalq artistləri hərdən əndazəni aşaraq mətbuatda həmkarlarına söyüşlərlə cavab qaytarırlar. Onları kənardan izləyirsinizmi?
- Bu sənətə gələn hər kəs sənətini sevib ona hörmət etməlidir. Söyüşlə danışan hər hansı bir insan mədəniyyətsiz insandır. İndiyə kimi heç kimdən ad istəməmişəm. Əvvəllər bu sənətə hobbi kimi baxırdım. Özüm-özümə kənardan baxmışam, deyirəm ki, doğrudan da mən müğənni olmuşam. Müğənni kimi xalq tərəfindən sevilməyim mənə bəsdir. Heç zaman ad almaq üçün can atmamışam. Onsuz da tamaşaçılar tərəfindən sevilirəm. İndi adı çox ucuz tuturlar. Əməkdar artist adını biz öz zəhmətimizlə, halallıqla almışıq. Mənim bu sənətdə fəaliyyətim çox olub. Sənətimlə dünyanı gəzmişəm.
- İndi müğənnilər efirlərdən çox seriallara, filmlərə çəkilməyə can atırlar.
- Elədir. Müğənnilərin əksəriyyəti çalışır ki, filmlərə, seriallara çəkilsin. Heç zaman gedib rejissorlara demərəm ki, məni seriala çək. Qoy məni onlar özləri çəksinlər. Mən həyati filmləri sevirəm. Uşaqlıqdan ifaçılığa, aktrisalığa böyük həvəsim olub. Bu arzuma da çatmışam. Tanrım mənim ürəyimə görə verib. Gənc olarkən məni "Nəsimi” filmində Şəms roluna çəkmək istəyirdilər. Belə ki, 1972-ci ildə Tofiq Quliyevin yaradıcılıq gecəsi idi. Aparıcı Rafiq Hüseynov mənə yaxınlaşıb bildirdi ki, İsa Hüseynov səni görüb deyir ki, mən Şəmsimi tapmışam. Əvvəl tərəddüd etdim. Rafiq müəllim bildirdi ki, "Nəsimi” filmində məni Şəms obrazına çəkmək istəyirlər. Biz rejissorla tanış olduq, şəklimi çəkdilər. Onlar Rəşid Behbudovun yanına gəldilər ki, filmdə çəkilməyim üçün ondan icazə alsınlar. Mən də o zamanlar Rəşid Behbudovun teatrında işləyirdim. Rəşid Behbudov mənə dedi ki, ya aktrisa, ya da müğənni ol. İşimdən çıxmaq istəmirdim. Daha sonra "Baladadaşın ilk məhəbbəti” filmi çəkilirdi. Həmin filmdə məni Sevinc obrazına dəvət etdilər. Düşündüm ki, böyük tarixi filmə çəkilmədim. Bu film nə olacaq ki? Həvəssiz şəkildə çəkilişlərə getdim. Ondan əvvəl Şamil Mahmudbəyovun "Həyat bizi sınayır” filmində epizodik rolda çəkilmişdim. Məni oradan görüb bəyənmişdilər. Elə bildim ki, "Baladadaşın ilk məhəbbəti”ndə rejissor məni müğənni kimi görüb. Məni Telman Adıgözəlovla kino sınağına çəkdilər. Orada cavan, gözəl qızlar çox idi. Könülsüz şəkildə çəkildim. Ancaq filmə kənardan baxanda gördüm və özümə vuruldum. İçimdə filmə qarşı həvəs oyandı. Məni müğənni kimi sevirdilər. Bu filmlə tarixə düşdüm. O film indi də maraqla izlənilir.

- Ruhəngiz xanım, əvvəlki şou-bizneslə indikinin arasında nə kimi fərqlər var?
- Əvvəllər də ifaçılar arasında inciklik olurdu. Ancaq bu, mətbuatda, efirdə işıqlandırılmırdı. Biz efirdə oturuşumuza, duruşumuza, danışığımıza çox diqqət edirdik. Əvvəllər şou-biznes deyilən bir şey yox idi. Əgər şou-biznesi qalmaqal hesab edirsinizsə, mən bunu qəbul etmirəm. Şou-biznes odur ki, sən dünyada özünü tanıtdıra biləsən, sənətinlə ölkən üçün nəsə edəsən.
Bizim nəslin ifaçılarının öz dəst-xətti var. Özlərini görməsən də, səslərini eşidəndə həmin mahnını kimin oxuduğunu sezə bilirsən. Misal üçün, "Bəyin oğurlanması” filmində qızların ifasını mən oxumuşam. Filmi izləyəndə elə bildim ki, çox adam bunu hiss etməyəcək. Film efirlərdə yayılandan sonra hər kəs mənə dedi ki, o mahnını gözəl oxumusan. Yəni deməyim odur ki, müğənni gərək səsi ilə seçilsin. Özünü kiməsə oxşada bilərsən, ancaq kimisə yamsılayanda ifaçı inkişaf etmir. Mən teatrda çalışmamışdan əvvəl "Dan ulduzu”nda oxumuşdum. Daha sonra Rəşid Behbudovun teatrına getdim. Rəşid Behbudov öz solistini başqa yerdə görmək istəmirdi. O zamanlar mən də onun dediklərini edirdim.
- Keçən günlərinizi qaytarsaydılar, gələn günlərinizi qurban verərdinizmi?
- ... Çəkildiyim filmə baxanda çox kövrəlirəm. Mən o filmə baxanda gəncliyimi görürəm. O səhnə, dəniz, səma, gənclərin qaçışı... Baxıram, gözlərim dolur. Deyirəm ki, ilahi, görəsən, orada qaçan qız mənəmmi? Film tarixdir. Nə qədər izləsəm də, heç zaman özümdən razı olmamışam. Həyatdan nə görmüşəmsə, cavanlığımda görmüşəm. Gəncliyim çox maraqlı keçib. Yaxşı ki, Allah-təala mənə bu sənəti verib. Məni yaşadan sənətimdir. Özümü başqa sənətdə görmürəm. Şükür edirəm ki, Allah mənə səs verib. Sənətim məni yaşadır, çörək verir. İnsanlardan xoş sözlər eşidəndə böyük stimul alıram. Nə qədər nailliyyətlər əldə etsəm də, özümdən razı olmamışam. İndiki ifaçıların əksəriyyəti sənətə pulla gəlir, özlərini reklam edirlər. Hələ efirə çıxmamış deyirlər ki, görün mən nələr edəcəyəm. Sən efirə çıxma, görünmə, gör heç yadda qalacaqsanmı? Əslində biz yaxşı zəmanədə efirə çıxmışıq, tanınmışıq.
- Əvvəllər tanınmaq asan idi, yoxsa indi?
- Əvvəllər çox çətin idi. Mənim xarici görünüşüm də tanınmağımda böyük rol oynayıb. Məni Rəşid Behbudovun yanına gətirəndə o dedi ki, sənin bəxtin gətirib ki, xarici görünüşün səhnə üçün yaranıb. Məni oraya Eldar Axundov aparmışdı. Bizim sənətdə xarici görünüş böyük rol oynayır. Səslə xarici görünüş bir-birini tamamlamalıdır.








Xəyalə Rəis

banner

Oxşar Xəbərlər