• çərşənbə axşamı, 16 aprel, 15:49
  • Baku Bakı 19°C

Həyatda hər şeyə yarımçıq sahib oldum Müsahibə

01.10.13 11:17 2577
Həyatda hər şeyə yarımçıq sahib oldum Müsahibə
Ötən gün teatr və film sənətkarı Tuncel Kurtiz dünyasını dəyişdi. Vəfat edən aktyorun iki dəfə dəfn olunması Türkiyə mətbuatında böyük qalmaqala səbəb olub. Belə ki, torpağa tapşırılan aktyorun cənazə namazı qılınmadığı öyrənildikdə, cəsəd qəbirdən çıxarılıb, cənazə namazı qılınaraq yenidən torpağa tapşırılıb. Aktyorun sənət dostları, dünyaca məşhur simalar da həmin dəfn mərasimində iştirak edərək Tuncel Kurtizi son mənzilə yola salıblar.
Tuncel Kurtiz tamaşaçıların yaddaşında daha çox hər kəsin sevərək izlədiyi “Ezel” serialında Ramiz dayı, son dönəmlərdə isə “Muhteşem Yüzyıl” serialında Ebru Suud obrazları ilə qalıb. Aktyor dünyasını dəyişməzdən öncə Türkiyə mətbuatına hələ də yaşamaq istəməsindən, 77 yaşın az olmasından söhbət açıb. Aktyorun mətbuata verdiyi son müsahibəsini sizə təqdim edirik.
Tamaşaçılar tərəfindən bəyənilmədim
- Necə oldu ki, yazıçı Tuncel Kurtiz aktyora çevrildi?
- Əvvəllər universitetdə mətnlər, hekayələr hazırlayırdım. O zaman partilərin birində hekayəmi oxudum. Oxuduqdan sonra Gürkal Aylan “Teatrda maraqlı pyes qoyuruq, baş rol oynamağını istəyirik” deyə mənə müraciət etdi. Tamaşanı oynadım, ondan sonra mənə “Büyük Allah Brown” oynaya bilərsənmi, dedilər. Həmin obrazlarım heç də tamaşaçılar tərəfindən bəyənilmədi. Oyunu canlandırdıqdan sonra “Pis aktyorlara nifrət dirəm” deyə salonda biri qışqırdı. Sonra hər kəs onlara qoşuldu. Bunu da teatrın təhlili zamanı oxuyanda çox pis oldum. Üzərindən bir neçə gün keçdikdən sonra Ege Ernart çiçək dəstəsi alıb məni oyunuma görə təbrik etdi.
-Sizə sual vermək üçün arxivdən müsahibələrinizi oxuduq, bir kitab dolusu müsahibələriniz var. İlk müsahibənizi xatırlayırsınızmı?
- İndi mənə o illəri xatırlamaq çətindir. Amma ilk dəfə mətbuata 1958-ci ildə danışmışam. Belə ki, teatrda çalışan aktyorlarla partidə iştirak edirdik. Orada mən aktyor kimi deyil, gənc ədəbiyyatçı kimi çıxış edirdim. Həmin gün Şükran Kurdakul bir jurnal üçün “Bu il hansı şairin misrası yadınızda qaldı” deyə bir sual verdi. Mən də hələ təzə idim deyə, başladım saatlarla danışmağa. İndiyə qədər də yadımdadır: “Üç yıldızlı bir albaydı gökyüzü, karşısında önüm açık gezerdim. Can Yücel”. Ondan sonra çox müsahibələr vermişəm. Müsahibələr əsnasında mən də danışmağı öyrəndim.
- “ Ezel” serialından sonra “bir daha seriallarda oynamaram” demişdiniz. Amma “Muhteşem Yüzyıl”-da çəkildiniz. Fikrinizi dəyişməyə sizi nə vadar etdi?
- “Ezel” filmində çox yoruldum. Serial bitdikdən sonra 1 il istirahət etdim. Hələ də özümə gələ bilməmişəm. Yaşadığım kənd həyatından məmnun idim. Mənim məmləkətimdə dağım, dənizim, torpağım, hər şeyim var. Ancaq 60 ildir işlədiyim bir sənətdən birdən-birə ayrılmaq çətin gəlir insana. Ayşe Barın mənə ondan sonra “Kabadayı” serialında oynamağı təklif etdi, ancaq mən “Muhteşem Yüzyılı” seçdim. Həmin filmdə canlandırdığım Şeyxülislam çox maraqlı bir obrazdır. Mən o obrazı çox sevirəm.
- Bu filmə çəkilməyinizdən məmnunsunuzmu?
- Çox. Bu film mənə hədiyyə kimi gəldi. Məni heç yormadan, əl üstündə tutaraq həftədə iki gün işlədirlər. Obrazım kiçik olsa belə, eşşək kimi işləyirəm. Günümün çoxu Ebu Suudun həyatını oxumaqla keçir. Oxuduqca öyrənirəm ki, evi necə idi, necə yaşayıb, hərəkətləri, Qanuni ilə münasibətləri necə olub? Filmə çəkilərkən çox həyəcanlanıram.
- Qəbul etməsəniz də, siz aktyorların ustası hesab edilirsiniz…
- Ayaqqabı ustası olar, ancaq sənətçinin ustası olmaz.
Gücüm yoxdur artıq
- Siz özünüzü peşəkar aktyor hesab etməsəniz belə, hər kəs sizi mükəmməl aktyor hesab edir. Saysız filmlərdə obrazlar canlandırmısınız. Sizin kimi aktyorun məşqə ehtiyacı olmamalıdır.
- Xasiyyətim çox pisdir, ancaq yaxşı insanam. Tələbə vaxtı zamanımın çoxunu kitabxanada keçirirdim. Böyük müəllimlərin dərsinə girdim. Mina Urganla, Tatyana Moranla yaxınlığım oldu. O zamankı sevgilimlə fəlsəfə kitabxanasında tanış olmuşdum. Həmin kitabxanada Asaf Halet Çelebi ilə tanışlığım oldu. Bundan başqa, Özdemir Asafla, Can Yücellə qardaş kimi olmuşuq. Sizə uzun bir siyahı da söyləyə bilərəm. Mən o onların əhatəsində böyümüşəm. İndi necə ola bilər ki, hansısa obrazı məşq etməmiş canlandırım? Mənə sizin asan dediyiniz bir şey çox çətin gəlir. Mənə verilən kiçik bir obrazı da oynamağa gücüm çatmır. Bundan böyük rolu da canlandırmağı istəmirəm. Gücüm yoxdur artıq, üstəlik, işim də getdikcə çətinləşir.
- Nə üçün? Axı siz istedadlı aktyorsunuz...
- Altan Elbulakın demişdi ki: “Həyatımın ilk 20 ili asan idi”. O haqlı imiş. Hazırda işləmək doğrudan da çətindir. Bacarıqlı bir insan olmadığımı qəbul etmişəm. Çalışaraq, əziyyətlər çəkərək bu nöqtəyə qədər gəlmişəm. Bilirəm ki, bu çətinlikləri məcburən də olsa keçməliyəm. Siz mənim istedadlı olduğumu söyləyirsiniz, amma elə deyil. Mən Marlon Brandonu, Müşfiqi, Ülvi Urazı, Humphrey Bogartı görürəm. Müşfiq bir rolu hop deyə çıxarır. Erol Günaydın çəkiliş məkanında bir dəfə yerisə belə, ondan film çəkilir. Mən də çox çalışdım, ingilis, alman, ərəb dillərini öyrəndim. Ancaq istedadlı ola bilmədim.
- Bəs, bu gündən belə hədəfləriniz nədir?
- Əslində həyatda mənim heç hədəfim də olmadı. Küləkdə havalanan yarpaq kimiyəm. Amma düşüncəmi, vicdanımı, özümü heç zaman tərk etmədim.
- İllər öncə, “sadəcə inandığım, sevdiyim işlərlə məşğul olmaq istəyirəm” demisiniz, bacardınızmı?
- Çalışıram. Çətin dövrlərdə, xüsusilə Avropada elə də sevərək etmədiyim işlərim çox oldu. Amma Peter Brookun dediyi kimi, “Tox aktyor, ac aktyordan daha yaxşıdır”.
- Çəkildiyiniz filmlərdə özünüzü görəndə nə edirsiniz?
- Filmlərdə oynadığım obrazlara bir az da özümdən nələrsə qatıram. Haradasa həmin obrazlarda bir az da özümü görürəm. Çəkildiyim filmə ilk baxanda özümü bəyənmirəm, amma zaman keçdikdən sonra həmin filmləri çox bəyənirəm.
Hər zaman kasıb filmlər çəkdik
- 60 ildir ki, sənətdəsiniz. İnsanların sizi ancaq Ramiz dayı kimi tanıması sizə təsir etmirmi?
- Bir müddət buna hirslənirdim. Kenan İmirzalıoğlu çox yaxşı insandır, biz bir-birimizdən çox şey öyrəndik. Ümumiyyətlə, hər sənətkar həyatda bir obrazı ilə yadda qalır. Yeni bir film gələr, bundan öncəki unudular, yerinə başqası başlayar. Ancaq film, kitab daima yaşayır. Kitab bir dənə belə satılsa. yenə də tarixdə qalır.
- Bildiyimiz qədər, “Ailə dəftəri” adlı yeni bir filmə də çəkilmisiniz.
- Bəli. Həmin filmdə xoşbəxt bir ailə dəftərindən bəhs olunur. Filmdəki ata övladlarının özü kimi əsgərlik çəkməsini istəyir, ata ilə övladları arasında olan münasibət tamaşaçıların diqqətinə çatdırılır. Hər bir insan istəyir ki, övladı özü kimi olsun. Övlad atası kimi olmayanda ata küsür, inciyir, ancaq nəticədə öz övladını yenə də sevir. İnsanların filmə olan münasibəti mənə çox maraqlıdır. Bəyənilərsə sevinərəm, bəyənilməzsə də, “bacardığım bu qədərmiş deyərəm”, hər şeyi qəbul edib, öz guşəmə çəkilərəm. İndi işlər də dəyişib, filmlərə böyük maliyyələr ayrılır. Biz hər zaman Yılmaz Güneylə kasıb filmlər çəkdik.
Yaşamaq istəyərəm
- Artıq qocalmısınız. Uzun müddətdən sonra necə xatırlanmanızı istəyirsiniz?
- Heç nə vecimə deyil, nə deyirlər-desinlər. Mən ölümə inanmıram. Ölüm bəlkə də bahar ölkəsinə açılan qapıdır. Hamımız bu qapıdan keçəcəyik. Nədir ki, bu dünya? Biz bunu təkzib edə bilmərik. Şamanların elədiyi kimi istəyirəm ki, öləndə məzarıma iki şüşə şərab, sevdiyim filmləri, bir də yarımçıq qalan kitabları qoysunlar. Həmin yolda onlardan zövq alım deyə.
- Nədənsə peşmanlıq çəkdiyiniz oldumu?
- Çətin günlər gördüm, hətta düz divara da dırmaşdım, ancaq hələ də inanclıyam və yaşayıram. Ona görə də əgər lazımdırsa, eyni həyatı yenidən yaşamağa da razıyam. Həyatda peşman olmaq deyə bir şey yoxdur. Həyatda etdiyim hər işi zövqlə etdim. Onları etməsəydim, bu gün sizin qarşınızda Tuncel olaraq dura bilməzdim. Sözdə deyirik ki, eyni günahı bir də etmərəm, ancaq yaşadıqca onları edirik. Səsimi də bəlkə də içdiyim içkilərin hesabına qazandım. Amma daha sistemli şəkildə yaşamaq istəyərəm. Həyatda hər şeyə yarımçıq sahib oldum. Misal üçün, ingilis, alman, ərəb dilini yarı olaraq bilirəm. Hər kəs elə hesab edir ki, bütün dilləri mükəmməl bilirəm.
- Çoxdandır sizi teatr səhnəsində görmürük. Bu nə ilə əlaqədardır?
- Teatrda elə bir nöqtəyə qədər gəlmişdim ki, yüz insanla Şeyx Bedrettini oynamışam. Öyünmək haqqım deyil, amma çox tənqidlərimi Vyanada çalışanda aldım. Bunlara önəm vermədim, başladım var gücümlə işləməyə. Həkimlərim mənə təyyarə səyahətlərini qadağa edib. Ancaq mən bir yerdə qala bilmirəm. Ankaraya “Siyah Beyyaz” filmi üçün getdim. Filmi çəkərkən 9 gün həkimlərin nəzarəti altında xəstəxanada qaldım. Ondan sonra ağıllandım (gülür). Teatr böyük bir nizam-intizamdır, çox çətin sənətdir. Orada işləmək kənardan sizə elə də asan görünməsin. Teatrda işləyəcək gücüm qalmayıb artıq.
Oynamaq istədiyim o qədər obrazlar qalıb ki...
- Bu yaşdan sonra canlandırmaq istədiyiniz rol varmı?
- Xaricdə yaşayanda Muhsin Ertuğrul “Galileo gəldi” filmində mənə rol vermək istədiyini demişdi. Ona imkansız bir müqavilə imzaladığımı, ancaq o obrazı canlandırmaq istədiyimi söylədim. Daha sonra Çexovun “Üç qız qardaşı”-nda, “Vanya Dayı”-da oynamağı çox istərdim. Oynamaq istədiyim o qədər obrazlar qalıb ki... Bu yaşdan sonra onları oynaya bilmərəm. Xəyallarımı bir kənara yazıram. Edə bilmədiklərimi, etmədiklərimi və gələcəkdə etmək istədiklərimi...
- Tuncel bəy, qadınların həyatınızdakı yeri necədir?
- Mənə baxan qadınlar sağ olsunlar. “Ümid” filmində “Kannes”i yaradarkən orada pulum bitdi, İsveçrədəki sevgilim məni əl üstündə saxladı. Məni həyatdan başqa bir az da onlar böyütdülər. Onlar olmasa, işim çox çətin olardı. İsveçrədən Türkiyəyə döndüm. Bir müddətdən sonra Bahiya komunist yazar Jarge Amadonun yanına gedəcəkdim ki, həyat yoldaşımla qarşılaşdım. Onu görən kimi aşiq oldum. Ondan sonra İstanbulda qaldım. Yaşı ki, həyat yoldaşımla qarşılaşdım, yoxsa xaricdə çoxdan baxımsızlıqdan ölərdim. Həyat yoldaşım mənə yaxşı baxır və məni bu xəstə halımla yaşatmağa çalışır.
Hazırladı: Xəyalə Rəis

banner

Oxşar Xəbərlər