• çərşənbə axşamı, 19 mart, 06:11
  • Baku Bakı 8°C

Həyatda filmlərdəkindən də pis insanlar görən romantik qəhrəman - Fotolar

28.07.17 09:30 5549
Həyatda filmlərdəkindən də pis insanlar görən romantik qəhrəman - Fotolar
Bir neçə il əvvəl türklərin "Yeşilçam” filmlərini izləyir, demək olar ki, hər birini əzbər bilirdik. Artıq yeni dönəmə qədəm qoyduq, filmlər, seriallar çəkilməyə başladı. Çəkilən yeni filmlər "Yeşilçam” filmlərini kölgədə qoydu desək, yəqin ki, yanılmarıq. Həmin dövrdə filmlərdə rol alan aktyorlara bu gün film sektorunun ata-anası kimi qəbul edirlər. Onlardan biri də "Yeşilçam”ın bir çox filmlərində baş rolları canlandıran Ediz Hundur. "Yeşilçam”ın əfsanəvi aktyorlarından olan Ediz Hun yeni layihələri ilə qarşınıza çıxmağa hazırlaşır. Türkiyənin "Akşam” saytında Mehmet Emin Demirezenə verdiyi müsahibədə, aktyor bir çox məsələlərə aydınlıq gətirib.
- Nə üçün sizi nə gündəmdə, nə də ekranlarda görə bilmirik?
- İşimdə çox məsuliyyətliyəm. Xalqın çox sevdiyi bir xarakter olduğumdan, tamaşaçıların qarşısına ancaq yaxşı bir rol təklifi alandan sonra çıxa bilərəm. Ancaq onu deyim ki, həsrət tezliklə bitəcək. Belə ki, yaxın zamanlarda tamaşaçıların qarşısına Cem Yılmazın çəkdiyi "Arif V216” filmində sürpriz aktyor olaraq çıxacağam.

- Necə oldu ki, belə bir filmdə oynamaq qərarına gəldiniz?
- Cem Yılmaz gəlib mənə dedi ki, filmin sonunu səninlə bitirmək istəyirəm. Biz də onunla danışdıq, belə məsləhətə gəldik ki, bu filmdə mən çəkilim. O, mənə çox mülayim və mehribanlıqla filmdə oynamağı təklif etdi, mən də qəbul etdim.

- Çəkiləcəyiniz necə bir film olacaq?
- Filmin çox əyləncəli bir ssenarisi var. Cem Yılmaz çox ağıllı və böyük-kiçik yerini bilən bir insandır. Bundan əlavə, o, həyat doludur. İnsanlarla danışarkən gözlərinin içinə baxır. Bu da önəmli bir şeydir. Onun komandası və aktyorları çox peşəkar insanlardır. O, ətrafına istedadlıları və ən səriştəli insanları cəlb edib. Təsəvvür edin ki, günəşin altında işləyərkən belə çəkiliş fasilələrində mənə çətir və sərinlənmək üçün çadırlar təklif edir. Çadırların üzərində də Ediz Hun yazıblar. Mən də Cemə dedim ki, indiyə qədər belə diqqət və qayğı görməmişəm, məni utandırırsınız”.

- Filmdə necə bir obraz canlandıracaqsınız?
- Mənim rolum film boyu iştirak etməyəcək. Filmin sonunda sadəcə olaraq, Ediz Hun xarakteri olaraq yer alacağam. Tamaşaçılar "Ediz Hun da burada oynayıb” - deyəcəklər.

- Qeyd etdiniz ki, hər rolda oynamaram, bəs sizin sənətdə standartlarınız nələrdən ibarətdir?
- Tamaşaçılar mənə romantik rolların atası deyirlər. Mən indiyə qədər təkcə romantik aktyor olmadım, dava-dalaşlı filmlərdə də yer aldım. Hətta indi sağ qolum tam açılmır. Keçmişdə oynadığım filmlərdə çəkiliş prosesində kadrların təbii alınması üçün o qədər qollarıma stulları vurublar ki... Dava-dalaş səhnələrində yumruq atmaqdan daha önəmlisi isə o yumruğu öz üzərində tətbiq etmək idi. Aldığın yumruğun təsiri ilə yerə düşə bilmək üçün hər şeyi edirdim. Yerə düşərkən isə dizimizlə özümüzü müdafiə etdiyimiz üçün qolumda bir zəiflik və problem yarandı. Hər aktyorun özünə görə bir standartı olur. Bu, sadəcə, bizdə belə deyil, Amerikada da belədir. Misal üçün, Keri Qrant və Klark Qeybl. Bunlar sadəcə, filmlərdə romantik obrazlar canlandırıblar. Skott Rendolf, Qeri Kuper isə kovboy filmlərində yer alan aktyorlardır. Buna görə də qeyd edirəm ki, hər bir aktyorun öz standartı olmalıdır. Bu məsələdə əlbəttə ki, tamaşaçılar da çox önəmlidir. Çünki tamaşaçılar sizi öz fantaziyasına görə gördüyü tipə uyğun beyinlərinə həkk edir. Biz də məcburən vəziyyətlə razılaşırıq. Məndən pis adam olarmı? Olmaz.

- Bu günə qədər bir çox "Yeşilçam” filmində yer alıbsınız. Keçmişə baxanda, oynadığınız filmlər sizə nə öyrədib?
- İş həyatına 22 yaşında atılanda qayda-qanuna və zamanı qavramağa alışdım. Çəkiliş prosesinə daha tez gedirdim və komanda heyətinə hörmət edirdim. Məndən 25-30 yaş böyük olan aktyorların heç biri çılğın biri olduğumu heç zaman üzümə vurmayıblar. Onların əlləri daima mənim kürəyimdə olub. Bu da məni bir gənc aktyor olaraq çox sevindirirdi. Bir neçə yaxşı filmdə rol aldıqdan sonra gördüm ki, artıq bu aləmin içindəyəm. Daha sonra isə bu aləmdə insanlığın nə demək olduğuna səbir etməyi öyrəndim.

- Ötən gün araşdırmalar nəticəsində məlum olub ki, film izləyən tamaşaçıların sayı azalıb, teatr tamaşaçılarının sayı ilə günü-gündən artır. Sizcə, bu, nədən qaynaqlanır?
- Teatr tamaşaçısı daha səviyyəli və mədənidir. Teatr aktyorları daha çox peşəkar və istedadlıdırlar. Filmlə teatr arasında böyük fərq var. Teatrda rolun içinə girə bilmək və tamaşaçıya qarşı canlı vəziyyətdə oynamaq heç də asan deyil. Filmdə isə məsələ belə deyil. Filmlərin hamısı bir-birinə bənzəyir. Bu araşdırmadan çıxan nəticəni də normal qarşılayıram. İndi çəkilən filmlər əvvəlkilərin yerini vermir. Ancaq komediya filmləri çəkilərkən ondan daha çox şey gözləyirik. Misal üçün əvvəlki romantik filmlər bu gün çəkilsə, baxılarmı? Baxılmaz.

- Görəsən biz nə üçün yaşayan sənətçilərimizin qiymətini bilmirik?
- Elədir. Yaşayarkən qiyməti bilinməyən sənətçilərin dəfninə çox adamlar gəlir. Mən bunun fəryadını çox verdim. Rəhmətlik Orhan Günşiray Hollivud aktyoru kimi yaşadı. Ancaq vəfat edəndə "Atlas” kinoteatrına 50 nəfərdən artıq adam gəlmədi. Kinoteatrın ancaq beşdə biri doldu. Bizdə belə hallar tez-tez olur. Təşkilatçılara dedim ki, bu insandan çox faydalandınız, bəs indi hardasınız? . Belə hallar bu günümüzdə də yaşanır. Onsuz da biz saxta bir dünyada yaşayırıq.

- Bəs siz, yoldaşlarınızın xeyrinə, şərinə gedirsiniz?
- Mən hər bir insanın pis günündə yanında olmuşam. İnsanların pis günlərində onları tərk edib getməməlisiniz. Əgər gedərsinizsə, bu, siz tərəfdən eqoist bir davranış olar. 15 yaşım olarkən, atam məni amerikan filmlərinə aparardı. O zaman sual verərdim ki, görəsən doğurdan da həyatda belə insanlar varmı? O, mənim qəlbimə dəyməmək üçün "yox” deyirdi. Amma sonra gördüm ki, həyatda o filmlərdəkindən də pis insanlar var.

- Köhnə dostlarınızla görüşürsünüzmü?
- Hamımız müəyyən bir yaşa qədər gəlib çıxmışıq. Əlbəttə, əvvəlki kimi olmasa da, tez-tez görüşür, söhbət edirik. Xüsusən də Türkan Şorayla. Bizim yaşda olan insanlar artıq hər şeyi normal qəbul edir. Görüşməmək də onlardan biridir. Onsuz da 10 ildən sonra heç birimiz yaşamayacağıq.

- Bundan sonra "Yeşilçam” anlayışı davam edəcəkmi?
- Təəssüflər ki, artıq "Yeşilçam” bitdi.

- İndi iki günlük aktyorlar belə "Ulduz oldumsa, hər şey mənimdir” deyir.
- Kim, "mən aktyor oldum, mükəmməl bir sənətçiyəm” deyirsə, ona inanmayın. Bu yaşımda belə heç bir zaman "mən ulduzam” kəlməsini işlətməmişəm. Hər zaman öyrənən biri olmuşam. Çəkildiyim filmlərdə oxuduğum hər bir ssenari mənim üçün bir dərs olub. Buna görə də dünən bu sənətə gələn insanların belə fikir söyləməsi yanlışdır. Bunu deyə bilmək ixtiyarı olan tək insan isə xalqdır.

- Yaxşı, bəs "ulduz” kimə deyirlər?
- Lokomotivə, yəni filmin bütün yükünü üzərinə götürən insana. Əvvəllər star, ulduz sistemi dediyimiz bir sistem vardı. Bölgələrdən bizə təkliflər gəlirdi. Bu aktyorlarla film çəkilsin deyə, göstərişlər verilirdi. Filmi məhz aktyora görə çəkirlər. Ancaq indi belə bir şey yoxdur.

- Necə?
- Ulduzluq iddiasına qapılarsansa, bu sektordan əlini tez üzərsən. Bu aləmdən getməmək üçün isə aktyorluğunun yaxşı olmağı ilə bərabər, düzgün bir ailə yaşamının olmağı da önəmlidir.

- Bəs modellərin aktyor olmasını aktyorluq sənətinin zəifləməsi hesab edirsinizmi?
- Xeyr. "Yeşilçama” görə, indiki aktyorların oynadığı rollar daha yaxşıdır. İndikilər bizi keçib. "Yeşilçam” sinifdə qalıb.

Xəyalə Rəis

banner

Oxşar Xəbərlər