“Həyata gülümsə” adlı layihəsi çərçivəsində tədbir keçirilib

“Həyata gülümsə” adlı layihəsi çərçivəsində tədbir keçirilib

Təfsilat
20 Sentyabr 2016, 14:31 1096
Bu gün Binəqədi rayonu Heydər Əliyev adına istirahət parkında yerləşən "Park Çinar” kafesində Günel Vahabzadənin "Həyata gülümsə” adlı layihəsi çərçivəsində daun sindromlu uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədilə əyləncəli tədbir keçirilib. Tədbir Binəqədi rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi, Binəqədi rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə baş tutub.
 
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, YAP Binəqədi rayon Təşkilatının Aparat rəhbəri Sevinc Abdullayeva, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin direktoru Natella Həsənova, M.Ə.Rəsulzadə bələdiyyəsinin əməkdaşları, daun sindromlu uşaqlar, bir qrup fəal gənclər iştirak ediblər.
 
Tədbiri giriş sözü ilə açan "Həyata gülümsə” layihəsinin rəhbəri G.Vahabzadə layihə haqqında ətraflı məlumat verib, layihənin həyata keçirilməsində göstərdikləri köməyə görə təşkilatçılara öz təşəkkürünü bildirib.
 
Sonra çıxış edən İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov və YAP Binəqədi rayon Təşkilatının Aparat rəhbəri Sevinc Abdullayeva ölkəmizdə uşaqlara və gənclərə göstərilən diqqət və qayğıdan, bu sahədə görülən işlərdən, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası istiqamətində qəbul olunan dövlət proqramlarından danışıblar.
 
Çıxışlardan sonra tədbir uşaqlar üçün hazırlanmış nahar fasiləsi, nağıl qəhrəmanları, şən klounlar və Dj Aydının təqdimatında əyləncəli proqramla davam etdirilib. Uşaqlara şarlardan hazırlanmış hədiyyələr təqdim olunub, onların Heydər Əliyev adına istirahət parkında fotosessiyası təşkil edilib.
 
Sonda parkda quraşdırılmış atraksionlarda oynayan uşaqlar 21 Sentyabr - "Beynəlxalq Sülh Günü” münasibətilə havaya göyərçinlər uçurublar.