“Həyat riskləri sevir” - Fotolar
Məqsədli və güclüdür. Elə buna görə də 4 il oxuyub, işlədikdən sonra
ixtisasını dəyişmək üçün xaricə yollanıb. Deyir ki, qərib ölkədə yaşayan
insanlar daha çox ölkəsinin yeməklərinin həsrətini çəkirlər. Həmsöhbətimiz isə Azərbaycan
dili üçün darıxır. Düşünür ki, başqa dili nə qədər mükəmməl bilsən də, özünü
ifadə etməyi bacarsan da, problemini öz dilində danışıb həll etmək qədər yaxşı
bir şey yoxdur.Müsahibimiz xaricdə təhsil alan həmvətənimiz Şəhla Qəməridir. Şəhla
Bakıda anadan olub. Xəzər Universitetində tərcümə fakültəsini bitirib: "Tərcümə
fakültəsində oxumaq arzum idi. Hələ bakalavr dövründə təhsilimi xaricdə davam
etmək istəyirdim. Universiteti bitirdikdən sonra Bakıda ingilis dili müəllimiişlədim. Lakin işləyərkən anladım ki, bu, mənim sahəm deyil və məni xoşbəxt
etmir. Daha sonra işimdən ayrıldım və istiqamətimi dəyişdim. Hazırda
Macarıstanda İnsan resurslarının idarə olunması fakültəsində təhsil alıram”.
- Komfort zonadan çıxıb,
xaricə getmək necə hissdir?
- Universitetdə
oxuyarkən xaricdə oxumağı qarşıma məqsəd qoymuşdum. Bu da mənim bütün planlarımı
dəyişdi. Diplomumu qatlayıb kənara qoydum və tam fərqli ixtisas arxasınca
yollandım. Əlbəttə, bu mənim üçün böyük qərar idi. Çünki universiteti
bitirmişdim, diplomum var idi və işləyirdim. Amma düşündüm ki, müəllimlikdə
perspektivlik yoxdur. Bu gün də müəllimsən, 30 il sonra da. Monoton olmayan iş
istədim və dəyişdim.
- Amma işini sevməyən
insanların əksəriyyəti karyerasını dəyişməyə risk etmir...
- İnsanlar daha çox maddiyata önəm verir. Sevdiyi işdə deyil, daha
çox qazanc gətirən sahədə işləmək istəyirlər. Yəni işini sevib-sevməmək onlar
üçün önəmli deyil. Bir müddət bu davam edə bilər, amma haradasa dayanır. Artıq
səni xoşbəxt etməyən işdə işləmək istəmirsən. Bu zaman da insanlar işini dəyişməkdən
qorxurlar. Həyat riskləri sevir. Biz xoşbəxt olmaq üçün çalışmalıyıq. Çünki bir
insan özünü xoşbəxt hiss edirsə, işdə də kreativ olur. Məsələn, müəllimədir,
amma uşaqları sevmir. Yaxud ustadır, işindən zövq almır. O qədər belə hallarla
rastlaşmışıq ki. Belə halda o nə yaxşı müəllim, nə də usta ola bilər.
- Bəs, nə üçün məhz
Macarıstan və bu ölkədə ilk dəfə sizi təəccübləndirən nə oldu?
- Əslində başqa planlarım var idi. İtaliya, Kanada, ya da İngiltərədə
oxumaq istəyirdim. Hətta İngiltərə universitetlərindən birinə qəbul da olundum.
Lakin magistr təhsili almaq üçün ixtisasım bakalavrla eyni olmalı idi. Bu səbəbdən
İngiltərə alınmadı. Macarıstan isə həm büdcəmə uyğun idi, həm universitet çox
yaxşı idi, həm də istədiyim təhsili ala biləcəkdim. Beləcə, Macarıstana gəldim.
Mən heç vaxt tək səyahət etməmişdim. Təyyarədən endikdən sonra gördüm ki, heç
kimi tanımıram. Dilləri, mədəniyyətləri, insanları fərqli idi. Özüm də təəccüblü
idim. O qədər qorxdum ki... Hətta otel otağında tək oturub ağlayırdım ki, mən
burada nə edəcəm?
- Xaricə tək
yollanmağınıza ailənizin reaksiyası necə oldu?
- Valideynlərimi
buna razı salmaq çox çətin mərhələ idi. Onlar bəzən hələ də deyir ki, sənin
burada hər şeyin var idi, nə üçün əcnəbi ölkəyə getdin? Hər dəfə irad bildirirlər
ki, insan necə bir anda hər şeyi silib, həyata sıfırdan başlaya bilər. Anam əslində
məni dəstəkləyirdi. O həmişə yanımda idi. Amma atam çox mühafizəkardır. Uzun
danışıqlardan sonra bu mümkün oldu. Hətta xaricə getmək üçün ağladığım vaxtlar
da olub. Amma indi atam xaricdə qalıb işləməyimi dəstəkləyir. Burada məni ilk dəfə
təəccübləndirən ictimai nəqliyyat sektoru idi. Burada heç kimin biletini
yoxlamırlar. Fikirləşdim ki, insanlara necə inanırlar? Hamının da bileti
olurdu, biletsiz keçən, sui-istifadə edən yalnız xaricilər idi.
- Sizcə, hər kəs xaricdə
təhsil ala bilər? Çünki bəzi insanlar bunun çox çətin olduğunu düşünürlər?
- Mən düşünürəm ki, insan hər şeyə qadirdir. Bakıda hər şeyi ailəm
etdiyi üçün çətinlik görməmişdim. Burada tam başqa mühitdə, sosial həyatına
sıfırdan başlayırsan. Sənin dostun, rəfiqən yoxdur. Yenidən doğulmuş kimi
olursan. Düzdür, bəziləri dostları ilə gəlir, onlar 1:0 öndə başlayırlar. Amma
mənim üçün hər şey sıfırdan başlandı. Dil barədə problem olur. Məsləhət görərdim
ki, mütləq dilinizi inkişaf etdirin. Məhz dil baryerinə görə, təhsil almağa gələnlər
darıxırlar. İnsanı ən çox incidən məsələ isə köçməkdir. Tək köçürsən. Bütün həyatını
özün tək yaşayırsan. Düzdür, insanın böyüməsi, yetkinləşməsi üçün çox vacibdir.
Amma bir o qədər də çətindir. Mümkünsüz heç nə yoxdur. İnsanın məqsədi
olmalıdır. Mənəvi olaraq güclü olsan, bütün çətinliklərin öhdəsindən gələ bilərsən.
İnsan istəsə, hər şey mümkündür.
- Xaricdə yaşayan azərbaycanlı
gənc ölkəsi ilə bağlı nəyin həsrətini çəkir?
- İlk
növbədə insan ailəsi üçün darıxır. Bundan əlavə, burada uşaqlar Bakı, sahil, dəniz,
yeməklər üçün darıxırlar. Yeməklərin həsrətini çəkənlər çoxdur. Hər dəfə kim
Bakıya gedirsə, qayıdanda dolma bişirtdirib gətirməsini istəyirlər. Mən isə Azərbaycan
dili üçün çox darıxıram. Düzdür, burada türklər var, onlarla danışırıq, amma
yenə də onun yerini vermir. Sadəcə, öz dilində söhbət etmək istəyirsən. Çünki
başqa dili nə qədər yaxşı bilsən də, özünü nə qədər yaxşı ifadə etsən də, öz
problemini öz dilində danışmağın qədər yaxşı bir şey yoxdur. İnsan öz dili üçün
çox darıxır. Yolda azərbaycanlı görəndə çevrilib baxıram və salam verirəm. Mən
Azərbaycanda insana olan münasibət üçün də darıxıram. Ofisdə, oteldə, mağazada -
harada olursan-ol, bizim insanlar kömək etməyə hazırdır. Çünki yardımsevər millətik.
Burada o istiliyi ala bilmirsən.
- Macarları necə
xarakterizə edərdiniz?
- Macarların
ən xarakteristik xüsusiyyətləri budur ki, çox sakitdirlər. Ümumiyyətlə, ölkə
çox sakitdir. Öz mədəniyyətlərinə bağlıdırlar. Bir az da süst insanlardır. Bəlkə
də çox müharibə gördükləri üçün bu, tarixləri ilə də bağlıdır. Hətta bir yerdə
oxumuşdum ki, Avropa Birliyi ölkələrində iki ölkənin əhalisi depressivdir.
Bunun biri Portuqaliya, biri də Macarıstandır. Yardımsevər deyillər. Heç kimin
problemlərinə qarışmırlar. Sadəcə, səssiz öz həyatlarını yaşayırlar. Bərkdən
danışmaz, bərkdən gülməzlər. İşlərində çox ciddi, amma tənbəldirlər. İş
saatları azdır. Saat 5-də hər yer bağlanır. Hətta marketlər saat 7-dən sonra
işləmir. Bazar günü isə 5-ə qədər işləyirlər. İş saatından sonra işləməyə
meyilli deyillər. Axı bizdə daha çox işləyib daha çox qazanmaq məsələsi var.
Onlar isə deyir ki, az qazansam da olar, əsas odur ki, yorulmayım. Çox vaxt
deyirlər ki, Avropada ailə anlayışı yoxdur. Macarlarda ailə anlayışı bizimki qədər
güclüdür. Ailə onlar üçün çox vacibdir.
- Gələcək planlarınız necədir?
- Hazırda burada işə başlamışam. Bir müddət karyerama davam edib
Kanadaya köçməyi planlaşdırıram.
Aygün ƏZİZ