Həyat faktının bədii dərki
Sabir Rüstəmxanlının povestləri, hekayələri, dram əsərləri
bədii-estetik keyfiyyəti ilə müasir ədəbiyyatımızda xüsusi bir yer tutur.
"Atamın ruhu”, "Düşmən görüşü”, "Dünya təmizlənir”, "Babadağ ziyarəti” povestlərində,
"Daş rəngi”, "Boz sərçə”, "Qayalar arasında vəd”, "Bacı”, "Qızıl diş”
hekayələrində, "Uzaq əsrlərin həqiqəti”, "Nuhun vertolyotu” pyeslərində
mənalandırmalar xüsusi üstünlük təşkil edir.
Yazıçının "Düşmən görüşü” povestində qəhrəmanın düşmənlə görüş anına
qədərki yaşantısı hiss və düşüncələrin gərgin, ağrılı psixoloji məqamları ilə müşayiət olunur. Povestin ideya-məzmunundan
aydın olur ki, gününü at belində keçirən nahiyə böyüyü Səməd sovet
hakimiyyətinin ilk illərindən ciddi düşmən kimi tanıdığı Nəcəfqulu xanla
görüşməlidir. Sirli, gözlənilməz bir xəbər onu bu görüşə tələsdirir. Nəcəfqulu
xanla Səmədin düşmənçiliyi xan, bəy əsilzadəliyinin, nəcabətin, mərdliyin,
kişilik qürurunun, mənliyin məhz hansı məqamdasa xan, bəy əsilzadəlik
xüsusiyyətində qorunmaması ilə şərtlənir.
Yazıçı görüş ərəfəsində onların arasındakı düşmənçiliyi şərtləndirən
tarixi dövrümüzün (1920-ci illər) ilk illərində baş verən daxili çəkişmələrə
Nəcəfqulu xan və Səmədin qavrayışında, duyumunda nəzər yetirdikcə onların əsər
boyu izlənilən hərəkət və davranışlarında, hiss və düşüncələrində üzə çıxan
mühüm məqamları həssaslığı, təbiiliyi, inandırıcılığı ilə oxucu düşüncəsinə
canlı, bütöv xarakterlə ötürür.
Səməd nahiyə başçısı kimi ağır, məsuliyyətli vəzifədə olduğunu
mahiyyəti ilə hiss və dərk etdikcə işində, əməlində, hərəkət və davranışlarında
da onun konkret nümunəsini yaratmağa çalışır. Bəzən günlərlə at belində gəzərək
tabeçiliyində olan ərazilərdə yerli xalqın yeni qurulmuş hökumətlə
münasibətlərini tənzimləmək üçün müxtəlif tədbirlər görür. Ancaq on birinci
ordunun gəlişi, Rusiyada baş verən ziddiyyətli proseslər, yazıçı təsvirlərinə görə,
Səmədə düşünmək üçün imkan yaradır və o, belə qənaətə gəlir ki, bu, "rus
hakimiyyətinin başqa adnan qayıdışıdır”. Digər tərəfdən, Səmədi bir nahiyə
başçısı və ya daha çox bir vətəndaş kimi düşünməyə vadar edən ən mühüm məqam
problemlərlə yüklənmiş xalqın dini bir, dili bir qardaşlar tərəfindən
talanmasıdır. O, bunun səbəbini anlaya bilmir. Yazıçı Səmədi iş qayğıları ilə
bərabər ev, ailə mühiti ilə əlaqəli şəkildə təsvir edir. Daim çapovulçuluq,
qaçaq-quldurluqla üz-üzə qalan nahiyə başçısı hamı kimi ailə qayğıları ilə yaşasa
da, təbii ki, vəzifə başında üzləşdiyi təhlükələrin qanadı altında saxladığı
ailəsindən də yan keçməyəcəyini sövq-təbii duyur. Həmçinin yazıçı təsvirində Səmədin
ailəsi olmasına baxmayaraq, bir vaxt yol üstdə gecələdiyi qonşu kənddəki evin
sahibəsi ilə yaxın əlaqələri də gözdən yayınmır.
Demək, yazıçı təsvirində obraz bir tərəfdən vətəndaş və nahiyə
başçısı olaraq yerli xalqın azad, firavan yaşayışı üçün hər cür təhlükəni
üzərinə götürən hakimiyyət təmsilçisidirsə, digər tərəfdən o, özü birbaşa
rəhbəri olduğu yerli xalqın bir nümayəndəsidir. Bu baxımdan əsərdə təsvirini
tapan fərd oxucu duyumunda canlı obraz kimi bütöv və hərtərəfli görünür.
Sabir Rüstəmxanlının "Ata ruhu” povestində insan itkisi hər bir
fərdin, şəxsin subyektiv qavrayışı və duyumunda özünəməxsus dramatizmi ilə
yaşanılır. Povestdə iştirak edən hər bir fərd, şəxs fərqli psixoloji durumda
təsvir edilir.
Yazıçının "Babadağ ziyarəti” povestində isə qəhrəmanı narahat edən
onun yaşadığı mühitin, dövrün, cəmiyyətin əxlaqi-mənəvi həyatındakı
deformasiyanın, aşınmanın təhlükəli nəticələrini görən insanların susmasıdır.
Heç kəs bu mənəviyyatsızlıq bataqlığından qurtuluş yolunu aramaq üçün düşünmək
belə istəmir. Buna baxmayaraq yazıçının qəhrəmanı özündə deformasiyaya uğramış
mühitə qarşı kəskin üsyana qalxmaq cəsarəti tapır. Qəhrəman müqəddəs yer
sayılan "Babadağ ziyarəti”nə yollanmaqla Tanrı ilə, Göylə, ürəyi ilə baş-başa
qalmaq istəyir və onun özünün ruhi təmizlənməsi ilə birgə onu əhatə edən mühit
də saflaşır.
S.Rüstəmxanlının "Dünya təmizlənir” povestinə də eyni bədii ruh,
ab-hava hakimdir. İnsanın ruhi təmizlənməsi dünyanın şər, bəd əməlindən
təmizlənməsinə yol açır. Sel, daşqın, qasırğa bu cəhətdən yazıçının povestində
xüsusi bədii dəyər kəsb edir. Əsərin qəhrəmanı Qürbət kişi hara gedirsə, hara
üz tutarsa əxlaqi-mənəvi dəyərdən uzaq vərdişlərin ab-havasına düşür, bezir.
Ümumiyyətlə, "Dünya təmizlənir” povestində hadisə, əhvalatlar və
problemlər Qürbət kişinin hərəkət və davranışları ilə müşayiət olunur.
Yazıçının povestlərində olduğu kimi, hekayələrində də insan taleyi,
şəxsiyyət bədii düşüncənin axarında təhlil süzgəcindən keçirilməklə estetik
dəyər qazanır.
"Daş rəng” hekayəsində gənc geoloq Dəmir institut illərində tanış
olduğu, sevdiyi qızla evlənə bilmir. Yol ayrıcında qalan qəhrəman çox götür-qoy
eləmir. Vağzalda rastlaşdığı başqa zərif biçimli qızda özünə tanış, doğma
hissləri tapır. Qəhrəman təzəcə tanış olduğu qızda xoş təsadüfin mahiyyətində
gizlənən zəruri məqamlarda gələcəyə uzanan səadətli günlərin ilk rəmzi,
simvolik cücərtilərini görür və inanır ki, ruhu, mayası təmiz duyğularla yoğurulan
insan heç vaxt şər əmələ üz tutmaz, yüz şəklə, yüz dona girə bilməz, çünki onun
rəngi daşın rəngi kimi dəyişilməz qalır.
S.Rüstəmxanlının "Boz sərçə”
hekayəsində də insan hisslərinin saflığı, dərinliyi lirik-romantik qatda bədii
təsvir obyektinə çevrilir. Hekayədə qəhrəman bir vaxt ayrıldığı doğma
kəndlərində hansısa unudulmuş şirin xatirələrin izinə düşür. Onda bu
xatirələrin oyanması və şirin yuxusunda ovunması bu işdən xəbərsiz həmin kənddə
arxeoloji qazıntı işləri aparan oğlu tarixçi Kamranın sayəsində baş verir.
Qəribalı kişinin yaddaşında canlanan xatirələr oğlu Kamranın həmin kəndlə bağlı
yaddaşının harasındasa ilişib qalmış, onun yaşyarımlıq, iki yaşlıq körpə
xəyalına qayıdışı da xatirələr assosiasiyasının qüvvətlənməsinə güclü bədii
zəmin yaradır. Kamran atası Qəribalının arxada qalan hisslərinin təzələnməsi
üçün onu həmin kəndlə bağlayan incə, kövrək tellərin bundan belə daha sıx və
möhkəm olmasını arzulayır. Çünki oyanmış xatirələrin dərinliyində Qəribalının
yaddaşından silinməyən uzaq, çox uzaq illərin xatirələrini özündə əks etdirən
və yalnız indilikdə boz sərçə kimi tək budaqda oturmuş zərif quşu xatırladan
Gülşən məhz Şahnazın yadigarı tək ata ilə oğulu yenidən bu kəndlə birləşdirən,
yaxınlaşdıran, bağlayan ən mühüm məqam və ya təmas nöqtəsi ola bilər.
Hekayədə təsvirini tapan Qəribalının düşüncəsinə görə də oğlu
Kamranla da Sahnazın yadigarı Gülşən ruhən bir-birilərinə çox oxşayır və oğlu
ilə yanaşı, qoşa dayanmağa layiqdir. Bu baxımdan hekayə boyu izlənilən həm
atanın, həm də oğulun daxili düşüncələri təbiiliyi, inandırıcılığı ilə
yaşanılaraq yadda qalır.
S.Rüstəmxanlının "Qayalar arasında vəd” hekayəsi də fərdi və sosial
münasibətlərin mühüm tərəflərinə, ailə zəminində yaranan ata-oğul
münasibətlərindəki qarşıdurmaların bədii həllinə diqqəti çəkir. "Boz sərçə”
hekayəsində tanış olduğumuz ata ilə oğulun hərəkət və davranışlarında qarşılıqlı
anlaşma prosesi ön planda dayanırsa, "Qayalar arasında vəd” hekayəsində
ata-oğul qarşılaşmasının ən kəskin məqamları daha qatı boyalarla bədii lövhəyə
çəkilir. Problem xarakterli, ciddi ictimai-əxlaqi tərəfləri ilə şərtlənən bu
hekayədə konkret bir ailənin taleyi fonunda işıqlanan həyati əhəmiyyətli
ibrətamiz məqam gizlənir.
Hekayənin məzmunundan aydın olur ki, Hüseynəli kişinin cəmisi üç-dörd
ay evlilik həyatı sürmüş cavan oğlu Qəzənfər kolxoz sürüsünü örüşdən qaytaranda
leysana düşür, güclü, nəhəng dalğa kimi gələn sel çayları aşırıb-daşırır,
Qəzənfəri də özü ilə aparır. Ertəsi gün oğlunun meyitini aşağı kəndlərin
camaatı su ayrıcına qalanmış kötüklərin arasından tapır. Hekayə boyu izlənilən
bu faciəli hadisə əsərdə əksini tapan Hüseynəli kişinin ailəsinin dərin
sarsıntılar yaşamasına səbəb olur. Mərhumun dul qalmış cavan qadınını
Qəzənfərdən sonra söz-söhbət yayılmasın deyə Hüseynəli kişi ikinci oğlu
Müzəffərin qəbul edib onunla ailə qurmasını tələb etmişsə, o, cavan getmiş
qardaşının dul qalmış qadınıyla bir yastığa baş qoymağın şərəfsiz bir iş
olduğunu dönə-dönə xatırlatmış və bir də bu mövzuya qayıtmasını qəti
istəməmişdi. Hüseynəli kişi yenə bu mövzuya qayıtdıqda Müzəffər bu dəfə atasına
qarşı ciddi tədbirlərə əl atır. Hekayədə oğul itkisinə alışa bilməyən Hüseynəli
kişi ilə bərabər Nənəxanım ananın ah-naləsi, dərin sarsıntı içərisində yaşaması
da eyni dərəcədə bədii-psixoloji baxımdan incəliyinə qədər əsaslandırılır. Bu
cəhətdən hekayədə izlənilən mövzu, ideya, problem, obrazlar aləmi oxucu
qavrayışına özünəməxsus güclü bədii mənalandırmaları ilə ötürülür.
S.Rüstəmxanlının "Bacı” hekayəsində də təsvir olunan hər obraz özünün
daxili yaşantısı və əzabları ilə yadda qalır. Yazıçının təsvir və təhkiyəsində
inikas etdirilən hadisə və əhvalat birinci şəxsin – Əlinin subyektiv
qavrayışında ələnərək daxili düşüncələr axarında təqdim olunur.
Nəql olunan əhvalatda bacı və qardaş olan Surxayla Qızılgülün fəci
taleyi öndə dayanır. Hekayənin qəhrəmanı Surxay kiçik yaşlarından ata-ana
itkisi ilə üzləşir, bacısı ilə balaca daxmada tək, kimsəsiz qalır, az sonra
bacı-qardaş da bir-birindən xəbərsiz yaşamalı olur. Surxay on dörd yaşında
sənət məktəbinə gedəndən sonra tək qalmış bacısı rayon uşaq evinə göndərilir və
onun sonrakı taleyi Surxay üçün müəmmalı qalır.
Surxayın ata-ana itkisi ilə bərabər bacı itkisinin əzablarını
yaşaması, eyni zamanda kimsəsiz qalan bu insana mühitin ögey münasibəti əsərdə
ön plana çəkilir. Kəndə yenicə gələn və Surxayın ailə taleyinə yaxından bələd
olan, onu bizə tanıdan həmyerlisi Əlinin əvəzedilməz xeyirxahlığı sayəsində
Surxay yenidən ruhən dirçəlir, lakin bu "ruhi dirçəlmə”nin ömrü çox qısa olur.
Surxay əvvəl tanımadığı və o qədər də ciddi qəbul eləmədiyi, sonra həmyerlisi
"bacı oğlu” adlandırdığı Əlinin güclü savadı və qabiliyyətinin müqabilində
özünü ev, ailə mühitində qonşular arasında əsl-nəcabətli sayılan şəxs kimi hiss
etsə də, məhz Əlinin uzun vaxt ərzində yazdığı məktubların əsasında tapılan
bacı əhvalatı onun tamam başqa yöndən dəyişilməsinə səbəb olur. Surxay
özlüyündə bacısı Qızılgülün artıq ərə getdiyini, oğul-uşaq sahibi olduğunu
düşünürdü.
Hazırkı vəziyyət Surxayın bu fantaziyası, şirin xəyalları ilə
üst-üstə düşmür. Surxay bacısı Qızılgüldə indiki pırtlaşıq saçları, ifadəsiz,
eybəcər üzü yox, beş yaşındakı Qızılgülün yaraşıqlı, gözəl, məsum bacı ətri
axtarır. Sonda Surxay bacı eybəcərliyinə görə, "utanmaq məcburiyyətində qalır”.
Bu "utanma” isə Surxayın bacı-qardaş sevgisinə qovuşmaq həsrətinə münasibətdə
açıq-aydın hörmətsizlik yaradır. Oxucu isə bu anda Surxayın keçirdiyi hissləri qəbul
edə bilmir. Surxay bacısı ilə bağlı hisslərində səmimiliyini son ana qədər qoruya
bilmir.
"Bacı” hekayəsində həmçinin yazıçı hadisə və əhvalatı nəql edən Əlinin
bir ailənin fonunda gerçəkləşən bacı və qardaşla bağlı düşüncələrində qəhrəmanı
ağrıdan, narahat edən məqamları təbiiliyi, inandırıcılığı və ya həssaslığı ilə
bədii təsvir obyektinə çevirir və qabardır.
S. Rüstəmxanlının bədii yaradıcılığında dram əsərləri də ("Uzaq
əsrlərin həqiqəti”, "Nuhun vertalyotu”) janr, üslub baxımından qaldırılan
mövzu, ideya, problemin həlli nöqteyi-nəzərdən özünəməxsusluğu və orijinallığı
ilə seçilir.
"Uzaq əsrlərin həqiqəti”
pyesində keçmiş və indiki zaman anlamı daxili analoji rabitədə davam və inkişaf
etdirilir. Müraciət olunan tarixi fakt bədii gerçəkliyin aynasında yeni məzmun
qazanır. Pyesdə həmçinin əksini tapan mövzu, ideya, problem tarixiliklə müasirliyin
ümumi qovşağında S.Rüstəmxanlı yaradıcılıq manerasına xas publisistik elementin
məhz haray şəklində və vətəndaşlıq duyğusu üzərində köklənməsi ilə üzə çıxır.
S.Rüstəmxanlının "Nuhun vertolyotu” pyesində toxunulan mövzu, ideya,
problem əsasən bu günümüzlə səsləşən reallıqlar üzərində qurulur. Dramaturqun
bu əsərdə "Uzaq əsrlərin həqiqəti” pyesində olduğu kimi, keçmiş-indiki zaman
anlamı daxili analoji rabitədə özünün qabarıq bədii ifadəsi tapır. Nuh
peyğəmbər müşavir Viktor Petroviç və digər obrazlar ibrətamiz, simvolik
mənalandırmaları ilə seçilən səhnələrdə özünün daxili aləmini və ya fərdi
psixoloji vəziyyətini ifadə edən dialoq və replikaları ilə pyesin bədii ruhuna bütövlük
gətirir və onun estetik dəyər qazanmasına zəmin yaradır.
Xanverdi Turaboğlu