• cümə, 19 Aprel, 07:27
  • Baku Bakı 13°C

Həvəsdən düşməmək, pozitiv olmaq, gözəl şeyləri görmək... – Uğur hekayəsi

06.05.14 09:06 7309
Həvəsdən düşməmək, pozitiv olmaq, gözəl şeyləri görmək... – Uğur hekayəsi
Çətinliklərin içərisindən həmişə gözəl şeylər, gözəllik olmayan yerdə gözəllik, alınmayan bir işdə uğur axtardığını deyir. Enerjisi bitib tükənməz olsa da, deyir ki, uğurunu istedadına borcludur. Düşünür ki, heç vaxt istedadsız adam uğur qazana bilməz. Rubrikamızın budəfəki qonağı Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylidir.
- Artıq 5 ildir ki, Bakı Milli Geyim Evinin rəhbərisiniz. Bundan əvvəl haralarda fəaliyyət göstərmisiniz?
- Uzun illər Azərbaycan mətbuatında işləmişəm. İxtisasım pedaqoji yönümlü olsa da, tələbəlik illərindən başlayaraq “Azərbaycan gəncləri” və digər qəzetlərlə əməkdaşlıq edirdim. Tələbə təşkilatlarında, qeyri-hökumət təşkilatlarında da işləmişəm. Universitet illərində düşünürdüm ki, nə vaxtsa kitabım çap olunacaq. Şeirlər, hekayələr də yazırdım. Düşünürdüm ki, Azərbaycanın tanınmış yazıçısı, şairəsi olmaq üçün mütləq bir neçə kitabım çap olunmalıdır. Hələ tələbəlik vaxtımdan həmişə uğur arxasınca qaçmışam. Gördüyüm işlərdə uğur qazanmaq isə məni daha da həvəsləndirirdi. Amma həmişə sərbəst çalışmağa üstünlük vermişəm. Yəni hər yerdə ştatdan kənar çalışmışam. Hardasa bir yerdə oturub işləmək mənim metodum olmayıb. Düşünmüşəm ki, mən öz biznesimi, öz karyeramı quracağam, özüm özümün ağası olacağam. 22 yaşımda 4 jurnal təsis etdim. İlk jurnalımız “Sara Xatun” idi. Az bir zamanda jurnalımız ziyalı, diplomatik Azərbaycan qadınları arasında tanındı və sevildi. Biz təmənnasız olaraq hazırda və vaxtilə Azərbaycanda fəaliyyət göstərən qadınları tapır və maraqlı müsahibələr edirdik. Jurnal 7 ilə yaxın çıxdı. “Sara Xatun”la eyni vaxtda “Şəkər bala”, “Sport-maqazin”, Azərbaycan, ingilis və rus dillərində “Ekonomik.az” jurnallarının da təsis,isi v’ rəhbəri oldum. O vaxt Azərbaycanda jurnallar çox az idi. İndiki kimi reklam bazası da yoxdu, jurnallara reklamlar verilmirdi. Karyera baxımından çox uğurlu layihələr olsa da, biznes baxımından bir o qədər də gəlir gətirmədiyi üçün uzun müddət bu işlərin üzərində dayansam da, biz bu jurnalları bağlayası olduq.
- Bəs necə oldu ki, Bakı Milli Geyim Evini yaratmağa qərar verdiniz?
- “Sara xatun”un son nömrəsini hazırlayırdıq. Son nömrə olduğuna görə dedik yaddaqalan olsun. Bütün gözəl, ziyalı xanımlarımızı, millət vəkillərimizi, sevdiyimiz yaradıcı qadınları bir yerə yığıb milli geyimlərdə çox gözəl bir xüsusi nömrə hazırlamağa qərar verdik. O vaxt milli geyim axtarışında olduq. İndiki Mədəniyyət və Turizm Nazirliyi ilə danışdıq. Amma istədiyimə nail ola bilmədim. Çünki axtardıqlarımı tapa bilmədim. Həm say, həm ölçü, həm fərqlilik baxımından geyimlər çox az idi. Milli geyim axtaranda hər yerə ansamblların köhnə geyimlərini göndərirdilər. Bundan sonra dostlarımızla birgə qərara gəldik ki, Milli Geyim Evi yaradaq. Azərbaycanın bütün bölgələrinin geyimlərini araşdırmağa başladım. Özünüz bilirsiniz ki, ümumiyyətlə, jurnalistika elə bir sahədir ki, bu sahəni keçən insanlar araşdırma sahəsində az bir zamanda keyfiyyətli işlər üzə çıxarmaq iqtidarındadırlar. Bütün zamanını, ideyasını, pulunu, həyatını, hər bir şeyini mili geyim evinə yatıran bir insan kimi demək istəyirəm ki, bu beş ildə demək olar ki, Bakı Milli Geyim Evi fəaliyyətini heç dayandırmadı. İşə başladığımız ilk ildə Azərbaycanın 7 bölgəsinin geyimlərini hazırladıq. İlk təqdimatımızı Muğam Evində həm də muğam kolleksiyası ilə birgə təqdim etdik. Bundan başqa, muğam ustalarının iştirakıyla canlı dəfilə hazırladıq.
- Milli geyimləri tikə bilən mütəxəssisləri, bu geyimlər üçün parçaları tapmaq çətin olmadı ki?
- Parça məsələsində mən özüm uşaqlıqdan təcrübəliyəm, çünki gözümü açandan nənəm həmişə paltar tikdirirdi. Həmişə mən onunla parça almağa gedirdim. Hətta 13-15 yaşımdan etibarən gündəlik geyimlərimi özüm tikirdim. Həmişə mənim parça zövqümü tərifləyirdilər. Azərbaycanda axtarıb araşdırdıqdan sonra ki, istədiyim parçaları burada tapa bilməyəcəyimi görüb Dubaya, Türkiyəyə getdim. Mütəxəssis axtarışında da gənclərə üstünlük verdim.
- Bəs kəsimlərin formasını kim verir, eskizləri kim çəkir?
- Geyimlərin naxışlarını da, quruluşunu da, kəsimini də həmişə özüm vermişəm. Çünki işə başlamamışdan əvvəl araşdırma etdim. Muzeylərimizi gəzdim, ensiklopediyalara baxdım, yaşlı mütəxəssislərlə danışdım. Eskizlərə gəlincə, rəssamlarımız var. Bir maraqlı məsələni sizə açıqlayım. Bizim geyimlər tikilir, hazırlanır, sonra eskizlər çəkilir. Çünki eskizə uyğun geyim tikmək tamam başqa bir şeydir, mənə süni gəlir. Amma bir geyimi canlı yaratmaq, rənglərin, parçaların bir-biri ilə tutmasını canlı görmək başqa bir şeydir.
- Bakı Milli Geyim Evindən qazanc götürə bilirsinizmi?
- Həmişə Milli Geyim Evinə öz şəxsi büdcəmdən pul ayırmışam, yəni indiyə kimi də digər biznesimdən qazandığım pulları buraya qoyuram. Həmişə evdə mənə deyirlər ki, camaat biznesdən pul qazanır, maşın, torpaq, ev alır, sən həmişə aparıb geyimlərə xərcləyirsən. Mən bir şey söyləyim ki, əgər gözəl bir şeylər hazırlamasam, düzəltməsəm, bu yeni layihər olmasa, bəlkə də yaşaya bilmərəm. Mənim yaşama səbəbim daha çox gördüyüm işlərdir. Buna görə maddi baxımdan olmasa da, Bakı Mili Geyim Evi yaradıcılıq baxımından çox böyük uğur əldə edib, dünyanın hər bir yerində sərgilərimiz olub, Azərbaycan milli geyimlərini göstərmişik. Azərbaycanda hər il canlı dəfilə, böyük sərgilər etmişik, teatrlarımız üçün də geyimlər hazırlamışıq.
- Həm də milli geyimlərin kirayəsi və satışı ilə məşğulsunuz. Milli geyimə Azərbaycan gənclərinin marağı nə dərəcədədir?
- Xaricdə, elə öz ölkəmizdə yaşayan o qədər həmyerlimiz var ki, qarderoblarında bir dənə mili geyimin olmasını istəyirlər. Bu, bizim üçün doğrudan da böyük fəxrdir. Gənclərimiz bizim mili geyimlərimizə üstünlük verir. Toylarda, xınayaxdılarda, özəl günlərdə, Novruz bayramlarında, toy fotsessiyalarında bizə müraciət edirlər. Mən bu işi pul qazanmaq üçün qurmamışam. Buna görə də geyim evinə nə qədər xərclənir, nə qədər gəlir, bunun hesabatını tutmuram. Çalışıram ki, qazancım olsun ki, hər il bu sahəyə müəyyən büdcə yatırım.
- Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq edirsiniz?
- Bəli. Mədəniyyət və Turizm Nazirliyinin bütün tədbirlərində, xaricdə keçirilən Azərbaycan Mədəniyyət Günlərində iştirak edirik. Keçən il Los-Ancelsdə 3500 nəfərlik böyük bir teatrda “Arşın mal alan”ı səhnəyə qoyuldu. “Arşın mal alan”ın bütün obrazlarının geyimlərini biz hazırladıq. Bir amerikanın Azərbaycan mili geyimini necə geyinib necə daşıyacağı mənim üçün doğurdan böyük bir həyəcan idi. Mən arxalığı, baş yaylığını, araxçını və s. necə geyinməyi amerikanlara 2 saat ərzində başa saldım. Fəxr edirəm ki, belə bir tamaşada əməyimiz keçdi. O geyimləri də onlara hədiyyə etdim ki, dünyanın hər yerində geyim problemi yaşamadan bu tamaşanı göstərsinlər. Ümumiyyətlə, hansısa ölkəyə milli geyimlərlə bağlı səfərə gedirəmsə, apardığım geyimlərin yarısını hədiyyə edirəm. Düşünürəm ki, milli geyimləri təbliğ etmək üçün mütləq bir qurban vermək lazımdır.
- Hazırda Bakı Milli Geyim Evi ünvan olaraq harada fəaliyyət göstərir?
- Əvvəllər bizdə satış, təqdimat və tikiş bir yerdə idi və kollektiv olaraq şəhərin mərkəzində kirayə tutduğumuz yerdə işləyirdik. Bu ildən Mədəniyyət və Turizm Nazirliyi Muzey Mərkəzində bizə yer ayırıb. Orada milli geyimlərimizi, hətta parçalarımızı həm nümayiş etdirəcək, həm də satışı, kirayəsi ilə məşğul olacağıq. Hər gün Muzey Mərkəzinə gələn onlarla qonaq da bizim geyim evi ilə tanış olacaqlar.
Layihəmizin yeni məkanda təqdimatını mayın 3-də edəcəyik. Milli geyimlərimizi layiq olduğu, lazım olduğu, ehtiyac duyulduğu yerdə təqdim etmək çox gözəldir.
- Nə vaxt sizi görürük çox enerjilisiniz. Uğurunuzu enerjinizəmi borclusunuz?
- Düzdür, bir yerdə dayanmağı xoşlamıram. Amma düşünürəm ki, hər bir yaradıcı insan üçün mütləq istedad lazımdır. Hər bir uğurun arxasında bir istedad dayanır. İstedadsız bir insan nələrisə qurub yarada bilməz. Nə qədər enerjisi olur-olsun yaradıcılığın arxasında mütləq istedad durmalıdır və istedadlı bir insan qurduğu hər bir sahədə seçilib fərqlənə bilir. Bunun üçün həvəsdən düşməmək, hər zaman pozitiv olmaq, həmişə gözəl şeyləri görmək lazımdır. Məsələn, mən çətinliklərin içərisindən həmişə gözəl şeylər, gözəllik olmayan yerdə gözəllik, alınmayan bir işdə uğur axtarıram. Həmişə düşünürəm ki, mən bunu çox gözəl, az bir zamanda, keyfiyyətlə yerinə yetirəcəm. Bunun üçün həm də gözəl bir kollektivlə işləməlisən. Hər bir uğur mütləq bir kollektivdən, səni sevən işçilərindən, ətrafındakı insanlardan asılıdır. Heç bir uğur tək bir səs deyil. Yəni mənim bütün uğurlarımda yanımda sevdiyim insanlar olub. Mənim enerjim, üst-üstə layihələrim, ideyalarım, bitib-tükənməyən həvəsim nəticəsində hər dəfə gözəl-gözəl işlər ortaya çıxıb.
- Bir az da planlarınız barədə danışardınız...

- Biz beş ilə yaxındır ki, bu işlə məşğuluq. Çox böyük layihələrim, ideyalarım var, amma onların həyata keçməsi üçün zamana ehtiyac var. Dünyanın hansısa inkişaf etmiş ölkəsində Azərbaycanın milli geyimlərindən ibarət butik açmaq istərdim. Arzumdur ki, bütün bu gördüyümüz işləri tək Azərbaycanda deyil, xarici ölkələrdə həyata keçirək. Azərbaycanın tarixi filmləri üçün kostyumlar hazırlamaq da arzularımdan biridir.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər