“Hətta belə şərait də, milyonçuya çevrilmək şansı verir” - Onun film seçimi
Filmlərin insanların həyatında, dünyagörüşündə rolu
danılmazdır. Bu gün internetdə axtarış edərkən, qarşımıza o qədər film çıxır ki, hansına baxacağımızı bilmirik.
Həm də elə seçim etmək lazımdır ki, əlavə vaxt itkisi olmasın, baxdığımız
filmin aşıladığı fikir bizim üçün müəyyən bir anlam daşısın. Bəzən gənclər bu
kimi nüanslara görə film seçimi edərkən çətinlik çəkirlər. Lakin filmləri izləyən
insanların təcrübələri bu mövzuda bizə çox kömək edə bilər.
Bu rubrikamızda da qonağımızın sevdiyi və gənclərə məsləhət
gördüyü 3 filmi sizlərə təqdim edirik. Müsahibimiz Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının
sədri Sahib Məmmədovdur. Məsləhət verməyi sevməsə də, gənclərə
baxmaq üçün 3 film adını bizə söylədi.
Onun məsləhət gördüyü birinci film "Gecəqondudan olan milyonçu”dur
("Slumdog Millionaire”). S.Məmmədov
deyir ki, film səfalət həyatı keçirən uşaqların həyatından bəhs edir. Hətta belə
şərait də, bilikli olmaq və milyonçuya çevrilmək şansı verir. Həyat məktəbi ən
yaxşı məktəbdir, kifayətdir ki, sən o məktəbi ləyaqətlə bitirəsən.
İkinci film isə "Hatiko: Ən sədaqətli dost”dur. Filmin
ssenarisi real həyat hadisələri əsasında qurulub. Müsahibimizin sözlərinə görə,
film insanlarda, xüsusən gənc nəsildə humanizm prinsiplərini aşılayır.
Heyvanlara, özəlliklə də ev heyvanlarına sevgini artırır. Bu film bir itin necə vəfalı olmasından, onun
taleyindən bəhs edir. Belə ki, bu it sahibinə çox sədaqətli olub. Hatiko bütün
Yaponiyada 1932-ci ildə Tokionun iri qəzetlərindən birində nəşr edilmiş "Sadiq
it 7 il əvvəl ölmüş öz sahibinin gəlişini
gözləyir” başlıqlı məqalədən sonra məşhurlaşıb. 1987-ci ildə çəkilmiş
"Hatikonun taleyi” filmi bu köpəyin sədaqətindən bəhs edir. 2009-cu ildə isə bu
filmin remeyki olan "Hatiko, bir köpəyin taleyi” filmi çəkilib.
Digər film isə öz ölkəmizin istehsalı olan "Gün
keçdi”dir. Filmin rejissoru Arif Babayev, ssenari müəllifi isə Anar
Rzayevdir. Kino, yazıçı Anarın "Gürcü
familiyası” hekayəsi əsasında ekranlaşdırılıb. S.Məmmədov qeyd etdi ki, bu
filmdə çox şey var. Nakam sevgi, tarixi abidələrin mühafizəsi problemi, 70-ci
illərin Bakısı, "Gün keçdi, amma ömür hələ keçməyib. Ömrün daha yaxşı günləri
hələ qabaqdadır" optimizmi.
Günel Azadə