• cümə axşamı, 25 aprel, 09:41
  • Baku Bakı 14°C

Həssas və təhlükəli problem

31.01.14 08:48 1213
Həssas və təhlükəli problem
Suriyadakı döyüşlərlə cəlb olunan Azərbaycan vətəndaşları ilə bağlı narahatçılıqlar davam edir. Dekabr və yanvar aylarında qanlı döyüşlərin getdiyi bölgədən ard-arda gələn ölüm xəbərləri həm dindarları, həm ictimaiyyəti, həm də dövlət orqanlarını hərəkətə keçirib. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının Suriyaya gedənlərlə bağlı verdiyi fətvadan sonra bu problemlə bağlı müzakirələr daha da intensivləşib. Azərbaycan ictimaiyyətinin, dindar kəsimin, ziyalıların bu məsələ ilə bağlı mövqeyi demək olar ki, üst-üstə düşür. Azərbaycanda demək olar ki, heç bir dini cərəyan ölkə vətəndaşlarının cihad adı altında Suriyaya göndərilməsinin tərəfdarı kimi çıxış etmir. Buna baxmayaraq, ölkədən Suriyaya döyüşmək üçün gedənlərin sayı o qədər də az deyil. Bütün bunlar bu işin təşkili üçün pərə arxasında kifayət qədər mütəşəkkil bir şəbəkənin fəaliyyət göstərdiyini sübut edir.
Azərbaycan dövlətinin də bu məsələ ilə bağlı mövqeyini APA-ya açıqlamasında Azərbaycan Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ifadə edib. Şöbə müdiri qeyd edib ki, bəzi vətəndaşlarımızın qeyri-qanuni yollarla cəlb edilməsində dünyanın müxtəlif qaynar nöqtələrinə göndərilməsi prosesində bəzi beynəlxalq təşkilatlar da iştirak edirlər. Onun sözlərinə görə, Azərbaycanın təhlükəsizlik orqanları ilə yanaşı, Xarici İşlər Nazirliyi və xarici ölkələrdəki səfirliklərimiz də bu işlə yaxından məşğuldurlar: “Xarici ölkələrdəki səfirliklərimiz bu məsələ ilə ona görə məşğuldurlar ki, qeyri-qanuni yollarla azərbaycanlı gənclərin, vətəndaşlarımızın səfərbər olunub, dünyanın müxtəlif qaynar nöqtələrinə, o cümlədən Suriyaya göndərilməsi prosesində bəzi beynəlxalq təşkilatlar da iştirak edirlər”.
PA rəsmisi deyib ki, bu gün Azərbaycanın özünün vətənpərvər, öz torpağı uğrunda mübariz mövqe nümayiş etdirən insanlara ehtiyacı var: “Azərbaycan Suriyada hansısa formada konfliktlərdə, münaqişələrdə iştirak etmir və etmək niyyəti də yoxdur. O zaman nəyə görə bizim vətəndaşlarımız həmin münaqişənin iştirakçısı və qurbanına çevrilməlidirlər? Ona görə də Azərbaycan dövləti belə halların qarşısını almağa çalışır. Ancaq bu bir reallıqdır ki, bəzi vətəndaşlar ayrı-ayrı daxili və xarici qüvvələrin təsiri altında bu işə qoşulur və bunların hamısının qarşısını almaq çətindir. Bununla belə, dövlət bütün mümkün vasitələrlə bu halın qarşısının alınması istiqamətində işləri davam etdirir”.
Doğrudan da Azərbaycan vətəndaşlarının təsir altına salınaraq, pul vədi ilə xarici ölkələrə döyüşmək üçün aparılması halları kifayət qədər mürəkkəb və təhlükəli bir problemlə üz-üzə olduğumuzu ortaya qoyur. Bu birmənalıdır ki, azərbaycanlı gənclərin din təsiri altına salınaraq dünyanın müxtəlif ölkələrindəki qaynar nöqtələrə aparılması proesedurunun işə düşməsi heç də təsadüfü deyil. Burada həm xarici, həm də yerli faktorlar rol oynayır.
Xarici faktorlardan danışarkən müstəqilliyin ilk illərindəki boşluqlardan istifadə edərək Azərbaycana gətirilən kənar, radikal meyilləri təbliğ edən dini cərəyanları xüsusi qabartmaq lazımdır. Bu cərəyanlar xeyli müddətdir Azərbaycanda mövcuddur və onların təhlükəsi ilə bağlı xeyli müddətdir həyəcan təbili çalınır.
Problemi yaradan yerli faktorlardan danışarkən isə insanlarımızın dini və dünyəvi biliklərinin yetərincə olmamasını qeyd edə bilərik. Ölkədə dindarların fəaliyyətini əlaqələndirən Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi bu sahədəki fəaliyyəti daha da gücləndirməlidirlər.
Bu baxımdan problemin bütün incəlikləri nəzərə alınmaqla qabardılması, yaranmış vəziyyətin aradan qaldırılması üçün müəyyən addımların atılması olduqca vacibdir. Qabaqlayıcı addımlar yeni-yeni gənclərin ölkəni tərk etməsinin qarşısını almaq baxımından da əhəmiyyətli ola bilər. Sirr deyil ki, hazırda xeyli sayda valideyn övladlarını radikalların təsir dairəsindən xilas edə bilmir. Bu işdə onlara dövlətin və cəmiyyətin də dəstəyi lazımdır.
Problemin dövlətdən və cəmiyyətdən müdaxilə tələb etməsini şərtləndirən tərəfləri kifayət qədər ciddidir. İlk növbədə nəzərə almalıyıq ki, təsir altına düşüb Suriyaya, digər döyüş bölgələrinə yollananlar hansı məzhəbin daşıyıcısı, hansı ideologiyanın tərəfdarları olmasından asılı olmayaraq Azərbaycan vətəndaşlarıdır. Azərbaycan dövləti, cəmiyyətimiz hər bir vətəndaşının təhlükəsizliyinin qorunması, məruz qaldığı kənar təsirlərdən sığortalanması üçün öz yardım əlini uzatmalıdır. Bir də məsələnin başqa tərəfi var. Sabah Suriyada vətəndaş müharibəsi başa çatanda bu insanlar təbii ki, orada qala bilməyəcəklər. O vaxt onların vətəndaşı olduqları ölkəyə qayıtmaqdan başqa əlacları qalmayacaq. Bu zaman xeyli müddət qanunların hakim olmadığı, terrorun adi həyat normasına çevrildiyi yerlərdə yaşayanlar sivil həyata uyğunlaşmaqda çətinlik çəkəcəklər. Onlar təkcə, öz yaxınları, ailə üzvləri üçün deyil, bütün cəmiyyət üçün, dövlət üçün təhlükə mənbəyinə çevriləcəklər. Onların hazırda sıralarında döyüşdükləri terror təşkilatları ilə təhlükəli əlaqələrinin olması da ölkə üçün ciddi problemlər yaradacaq.
Bütün bunlar son günlər müzakirə mövzusuna çevrilmiş problemin həllinin kifayət qədər aktual olduğunu bir daha ortaya qoyur.
F.Qəhrəmanlı
banner

Oxşar Xəbərlər