• cümə, 19 Aprel, 18:48
  • Baku Bakı 24°C

Həssas məqamda unudulmayan tələbələr

06.04.20 18:44 1607
Həssas məqamda unudulmayan tələbələr
Deputatlar hesab edir ki, bu addım Azərbaycan hökumətinin aztəminatlı ailələrə qayğı və diqqətinin növbəti təzahürüdür

Bütün dünyada koronavirus (COVİD-19) pandemiyası ilə bağlı sosial-iqtisadi çətinliklər yaşanır. Hətta ən inkişaf etmiş ölkələr belə mövcud təhlükə ilə bağlı əhalinin sağlamlığının qorunması ilə yanaşı, həm də onların qarşılaşdıqları problemlərin həllinə cəhd göstərir. Azərbaycanda da koronavirus təhlükəsi ilə bağlı sosial və iqtisadi sahədə tədbirlər planı həyata keçirilir. Bu tədbirlər planı bir çox sahələri, o cümlədən təhsil sahəsini də əhatə edir. Belə ki, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərcləri ödəniləcək.
Bu, Nazirlər Kabinetinin "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı"nda əksini tapıb. Sənədə əsasən, bu məqsədlə 40 milyon manat ayrılıb və Maliyyə Nazirliyinə 2020-ci il ərzində bu tədbirin həyata keçirilməsi ilə bağlı göstəriş verilib.
"Kaspi” qəzetinin məlumatına görə, təhsil nazirinin müşaviri Elnur Məmmədov mövzu ilə bağlı bildirib ki, Nazirlər Kabineti tərəfindən 4 aprel 2020-ci il tarixində təsdiq edilmiş "Tədbirlər Planı”na əsasən, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi üçün 40 milyon manat məbləğində kompensasiya nəzərdə tutulub: "Bu istiqamət üzrə icraçı qurumlar Təhsil və Maliyyə nazirlikləri, icra müddəti isə 2020-ci il müəyyən edilib. Təbii olaraq, bu tədbirin konkret olaraq hansı ailələrin üzvü olan tələbələrə aid olmasına və təhsil haqqının hansı şərtlərlə ödənilməsinə dair hazırda sosial mediada çoxsaylı suallar verilir, rəy və mülahizələr irəli sürülür. Bəzi hallarda verilən suallara şərhlərdə konkret cavablar da verilir (bu sizə aiddir/aid deyil, artıq ödənilmiş məbləğ nəzərə alınacaq/alınmayacaq, yalnız ali təhsilə aiddir və sair).
Hazırda sərəncamdan irəli gələn məsələlər müzakirə olunur və qərar layihəsi üzərində iş gedir. Qərar qəbul və elan ediləndən sonra verilən bütün suallara dəqiq cavab vermək mümkün olacaq”.

Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirdi ki, bu addım Azərbaycan hökumətinin aztəminatlı ailələrə qayğı və diqqətinin növbəti təzahürüdür: "Dövlət hər zamankı kimi, vətəndaşının yanındadır, diqqət və qayğısını ondan əsirgəmir. Bildiyiniz kimi, koronovirus (COVİD-19) infeksiyasının sürətlə yayılması dünya ölkələrinin, o cümlədən Azərbaycanın da iqtisadiyyatına ciddi təsir etdi. Belə vəziyyətdə bəzi imkansız ailələrin övladlarının təhsilində müəyyən çətinliklər yarana bilərdi. Dövlət aztəminatlı ailələrin bu prosesdən əziyyət çəkməməsi üçün bir sıra ciddi qərarlar qəbul etdi, zəruri tədbirlər həyata keçirdi. Bu baxımdan, həmin qərarın qəbul edilməsi xüsusi əhəmiyyət daşıyır.
Onu da qeyd etməliyik ki, son illər Azərbaycanda təhsil sistemində ciddi islahatlar həyata keçirilir, bu sahəyə diqqət və qayğı daha da artırılır. Bu qərarın qəbul edilməsi imkansız ailələrin övladlarının təhsilinə və təhsil prosesinə öz töhfəsini verəcək”.

Millət vəkili Tamam Cəfərova bildirdi ki, bir neçə gün öncə Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında Prezident İlham Əliyev sərəncam imzaladı: "Bu sərəncamda sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi məsələsi də var. Bildiyiniz kimi, koronavirus bütün dünya iqtisadiyyatına ciddi təsirlər göstərməkdədir və göstəricilər ən nüfuzlu ölkələrdə belə kəskin şəkildə azalmağa doğru gedir. Təəssüf ki, bu qlobal bəlanın qarşısını yalnız evdə qalmaqla, dövlətin apardığı izolyasiya və məhdudlaşdırıcı tədbirlərə əhalinin ciddi əməl etməsi şərti ilə almaq olar. Belə olan halda, aztəminatlı ailələr daha çox əziyyət çəkirlər. Koronavirus pandemiyası səbəbi ilə Azərbaycan əhalisinin maddi vəziyyətinin dəstəklənməsi üçün hazırlanan sosial paketdə həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələr də nəzərə alınıb”.
T.Cəfərova qeyd etdi ki, bu paketdə sosial baxımdan həssas əhali qrupuna təkcə maddi dəstək deyil, eləcə də həmin şəxslərin övladlarının təhsil xərclərinin ödənilməsi də nəzərdə tutulub: "Dövlət başçısı bu həssas məqamda tələbələri də unutmadı. Cənab Prezident təkcə insanların sosial məsələlərini deyil, o cümlədən tələbələrin təhsilini yüksək səviyyədə davam etdirmələrini də düşünür. Bu qərarlar dövlət başçısının təhsilə nə qədər böyük önəm verdiyini göstərir. Xatırlatmaq istəyirəm ki, cənab Prezident 2019-cu ildə tələbələrin təqaüdlərinin, o cümlədən təqaüd alan tələbələrin sayının artırılması ilə də bağlı sərəncamlar imzalamışdı. Bundan başqa, dövlət başçısının digər sərəncamı ilə I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil müddəti ərzində təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi qərara alınmışdı. Bütün bu qərarlar özlüyündə tələbələrin sosial yükünün azaldılması baxımından çox mühüm əhəmiyyətə malikdir. Pandemiya bitdikdən sonra aztəminatlı ailələrdən olan tələbələr təhsil haqqı xərclərini necə ödəyəcəklərini düşünməkdən daha çox, öz dərslərinə vaxt ayıra biləcəklər. Bu da onların təhsilində göstəricilərinin yüksəlməsinə gətirib çıxaracaq”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər