AZE | RUS | ENG |


Hesabı kim ödəməlidir? - Polemika

Hesabı kim ödəməlidir? - Polemika
“Alman hesabı”nı ədalətli sayanlarla yanaşı, “azərbaycanlı yanaşması”nı daha doğru hesab edənlər də var

Dostlarımız, yaxınlarımız, sevdiyimiz insanlarla vaxt keçirmək həmişə gözəldir. Saatlarla söhbətləşmək, yaxınlarımızın əhatəsində olmaq həm də gözəl terapiyadır. Amma dövr dəyişdikcə istər-istəməz, onun tələbləri də müasirləşir. Bizdən əvvəlki nəslin nümayəndələri parklarda, kinoteatr və kitabxanalarda vaxt keçirirdilər.

Amma indi kimisə üzbəüz görmək istəyirsənsə, mütləq hansısa kafeyə, yaxud restorana dəvət etməlisən. İş belə olanda gərək əlini də cibinə salasan. Çünki adətən vaxtın necə keçdiyini bilmədiyin bir anda ofisiant hesabı gətirir. Dünya praktikasında "alman hesabı” deyilən bir anlayış var. Yəni, hərə öz hesabını ödəyir. Bizdə isə çox vaxt hesab bəylərin üzərinə düşür. Əksər qadınlar və kişilər düşünür ki, hesabı elə bəylər ödəməlidir. Bu onların ən müqəddəs vəzifəsidir. Digər qisim isə deyir ki, bu bir qədər ədalətsizlikdir. Öz hesabını başqasına ödətdirmək düzgün deyil. Bəs görəsən, gənclərimiz necə fikirləşir? Hesabı kim ödəməlidir?

"Xanımlar da hesabı ödəyə bilər"

Şəfiqə Məlikova, jurnalist

Şəfiqə deyir ki, hər şey situasiyadan asılıdır: "Fikrimcə, hesabın kim tərəfindən ödənilməsi məsələsi yerindən və situasiyadan asılıdır. Yəni belə demək olarsa, hesabın kim tərəfindən ödənilməsi  kiminlə və harada oturmağına bağlıdır. Düzdür, bir çoxları həmişə hesabı kişilərə ödətdirir. Amma fikrimcə, həmişə kişi ödəməlidir deyə bir şey yoxdur. Çünki bu bir qədər haqsızlıqdır. Düzdür, bəzən qadınlar arasında söz düşəndə, "hesabı kim ödədi” sualı şablona çevrilib. Qız özü ödədiyini desə, bir az qəribə qarşılayırlar. Amma məncə, bu, normaldır”.

Həmsöhbətim deyir ki, hesabı xanımların ödəməsində utanılası heç nə yoxdur: "Burada pis olan heç nə yoxdur. Təsəvvür edin ki, bir qrup gənc bir kafedə  toplaşıb. Adətən belə toplantılarda xanımlar üstünlük təşkil edir. 10-15 nəfər xanımın hesabını bir, yaxud iki oğlana yükləmək düzgün deyil. Belə məqamlarda hesabı oğlanların ödəməsini qəbul etmirəm. Ona görə bu kimi vəziyyətdə almanlarda olduğu kimi, hərə öz hesabını ödəsə, daha yaxşı olar. Amma məsələ ailə çərçivəsinə keçərsə, təbii ki, kişinin hesabı ödəməyi daha etikdir”.

"Mənim hesabımı heç bir xanım ödəməyib”

Rövşən Əsədov, jurnalist

Rövşən deyir ki, bu, tərəf müqabilinə bağlı olan məsələdir: "Demək olar ki,  tanımadığımız adamlarla nadir hallarda bir masanı bölüşürük. Əgər tanıdığım adamdırsa və mən qarşımdakının imkanını bilirəmsə, ona uyğun hərəkət edirəm. Tez-tez işlə bağlı tanınmışlarla işdən sonra görüşüb hansısa bir məkanda əyləşirik. Bilirəm ki, qarşımda əyləşən şəxs istəsə, restoranı bir həftəlik sifariş edib bağlatdıra bilər. Ona görə də mənim orada əlimi cibimə salmağım tamamən mənasızdır. Çox vaxt anlayışlı insanlarla rastlaşıram. Yəni hesabı mənim ödəməyimə heç şərait də yaratmırlar. Düzünü deyim, bəzən yalançı cəhdlər də edirəm. Əlimi cibimə salıb sanki hesab ödəyəcəyəm kimi də edirəm. Hərçənd, əminəm ki, cibimdəki pul hesabı ödəyəcək qədər belə deyil. Amma hərdən anlayışsızlar da kefimə soğan doğrayır. Bəzən də elə olur ki, birlikdə oturduğum insanın maddi imkanının zəif olduğunu bilib, gizlicə hesabı ödəyirəm ki, həmin şəxs narahat olmasın. Adətən belə hallarda telefonuma gələn zəngdən sui-istifadə edərək bir az kənarlaşıb hesabı gizlicə ödəyirəm”.

Həmsöhbətim hesabı ödəməklə bağlı başına gələn əhvalatı da danışdı: "Bir dəfə bir aktrisa ilə müsahibə edirdik. Aktrisanın istəyi ilə elit məkan sayılan bir ünvanda əyləşdik. Xeyli oturduq, şad-şalayın söhbət etdik, yedik-içdik, sonra hesab mərhələsi gəldi. Düşündüm ki, yəqin bu dəfə də əlimi cibimə salsam, xidmətçi "hesabınız ödənilib” deyə məni sevindirəcək. Amma belə olmadı... Yaxşı ki, həmin gün maaşımı almışdım. Maaşımın 3-də biri ilə hesabı ödədim. Bu mənə həm də bir dərs oldu. Sonra məkan məsələsində çox təkid edib öz istədiyim yeri seçirəm. Nə olar, nə olmaz deyə. Yəni, bu, tam cibə bağlı məsələdir. Əgər imkanı varsa, qadın da ödəyə bilər, kişi də. Amma yükün hər hansı bir tərəfin üzərinə düşməsi haqsızlıqdır. İstərdim ki, qadınlar da bir az bu məsələdə anlayışlı olsunlar. Daha çox bahalı yerlərə meyil etməsinlər, bahalı nemətlər sifariş edib qarşı tərəfi çıxılmaz durumda buraxmasınlar. Onlar üçün bəzən qarşı tərəfin hər sifarişdə hansı hisslər keçirdiyi maraqsız olur, amma əmin olsunlar ki, sifariş etdiklərinin dadından və gözəlliyindən öncə kişilər onun qiyməti ilə maraqlanırlar. Pulu çatıb-çatmayacağını var-gəl edirlər. Mənim hesabımı hər hansı bir xanım ödəməyib, çünki mən buna şərait yaratmamışam. Ən azından hesabın yarısını özüm ödəmişəm. Birmənalı olaraq hesabın yalnız bir nəfər tərəfindən ödənilməsinin əleyhinəyəm. Bərabərliyin tərəfdarıyam, bərabərlik hər yerdə keçərli olmalıdır”.

"Hesabı  bəylər ödəməlidir"

Məmməd Ağayev,  baş redaktor

Məmməd isə digərlərindən fərqli olaraq fikirləşir ki, hesabı mütləq bəylər ödəməlidir: "Nə qədər insan varsa, o qədər də xarakter var və hər bir xarakter müstəqil fikrə sahibdir. Fikir anlayışının özünü də iki hissəyə ayırmaq olar. Hər bir fərdin şəxsi fikri və bir toplumun sahib olduğu ümumi fikir. Millətlərin və irqlərin sahib olduqları fərqli xarakterik özəlliklərini göz önündə canlandırsaq, deyə bilərik ki, dünya çərçivəsində baş verən oxşar hadisələrə hər bir toplumun, sahib olduğu ümumi fikrə uyğun digərlərindən fərqli yanaşma şəklini tətbiqi etməsi mövcud təbii prosesdir. Bütün bu fikir və düşüncələrə əsasən deyə bilərəm ki, hesabın bəy, yoxsa xanım tərəfindən ödənilməli olduğu məsələsinə münasibət hər bir fərdə görə dəyişdiyi kimi, hər bir ölkə-topluma görə də fərqlidir. Elə ölkələr var ki, orada ictimai nəqliyyatda yerini bir xanıma vermək ayıb sayılır, hesabı bəyin ödəməsi qarşı tərəfi aşağılamaq hesab olunur və s. Məncə, münasibət növündən, milli mənsubiyyətindən, dinindən və irqindən asılı olmayaraq, xanım ilə bəy bir restoran masası arxasında əyləşibsə, hesabı bəy ödəməlidir. Çünki pul o qədər natəmiz aksesuar, hesab ödəmək isə o qədər kobud hadisədir ki, məncə, bu ağırlığı bir incəliyə həvalə etmək ən azından insafsızlıq olar. Hesabın bəy tərəfindən ödənməli olduğu fikrimi alicənablıq və ya tam anlamda centlmenlik kimi dəyərləndirənlər də ola bilər, bunu ədabaz, bədxərc və ifrat altruist bir addım olaraq görənlər də... Düşünürəm ki, dünya düzənində qəbul edilmiş etik davranış qaydalarının fonunda ölçünü doğru müəyyən edərək o mizana uyğun addım atmaq bütöv bir insanlığa xidmətdir”.

Şəbnəm Mehdizadə


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.6836
GBP 1 İngilis funt sterlinqi 2.2469
TRY 1 Türk lirəsi 0.4627
KWD 1 Küveyt dinarı 5.6276
SEK 1 İsveç kronu 0.2089
EUR 1 Avro 2.0063
CHF 1 İsveçrə frankı 1.7339
USD 1 ABŞ dolları 1.7001