Hesabı kim ödəməlidir? - Polemika
Dostlarımız, yaxınlarımız, sevdiyimiz insanlarla vaxt
keçirmək həmişə gözəldir. Saatlarla söhbətləşmək, yaxınlarımızın əhatəsində
olmaq həm də gözəl terapiyadır. Amma dövr dəyişdikcə istər-istəməz, onun tələbləri
də müasirləşir. Bizdən əvvəlki nəslin nümayəndələri parklarda, kinoteatr və
kitabxanalarda vaxt keçirirdilər.
Amma indi kimisə üzbəüz görmək istəyirsənsə, mütləq
hansısa kafeyə, yaxud restorana dəvət etməlisən. İş belə olanda gərək əlini də
cibinə salasan. Çünki adətən vaxtın necə keçdiyini bilmədiyin bir anda ofisiant
hesabı gətirir. Dünya praktikasında "alman hesabı” deyilən bir anlayış var. Yəni,
hərə öz hesabını ödəyir. Bizdə isə çox vaxt hesab bəylərin üzərinə düşür. Əksər
qadınlar və kişilər düşünür ki, hesabı elə bəylər ödəməlidir. Bu onların ən müqəddəs
vəzifəsidir. Digər qisim isə deyir ki, bu bir qədər ədalətsizlikdir. Öz
hesabını başqasına ödətdirmək düzgün deyil. Bəs görəsən, gənclərimiz necə
fikirləşir? Hesabı kim ödəməlidir?
"Xanımlar
da hesabı ödəyə bilər"
Şəfiqə
Məlikova, jurnalist
Şəfiqə deyir ki, hər şey situasiyadan asılıdır:
"Fikrimcə, hesabın kim tərəfindən ödənilməsi məsələsi yerindən və situasiyadan
asılıdır. Yəni belə demək olarsa, hesabın kim tərəfindən ödənilməsi kiminlə və harada oturmağına bağlıdır. Düzdür,
bir çoxları həmişə hesabı kişilərə ödətdirir. Amma fikrimcə, həmişə kişi ödəməlidir
deyə bir şey yoxdur. Çünki bu bir qədər haqsızlıqdır. Düzdür, bəzən qadınlar
arasında söz düşəndə, "hesabı kim ödədi” sualı şablona çevrilib. Qız özü ödədiyini
desə, bir az qəribə qarşılayırlar. Amma məncə, bu, normaldır”.
Həmsöhbətim deyir ki, hesabı xanımların ödəməsində
utanılası heç nə yoxdur: "Burada pis olan heç nə yoxdur. Təsəvvür edin ki, bir
qrup gənc bir kafedə toplaşıb. Adətən
belə toplantılarda xanımlar üstünlük təşkil edir. 10-15 nəfər xanımın hesabını
bir, yaxud iki oğlana yükləmək düzgün deyil. Belə məqamlarda hesabı oğlanların
ödəməsini qəbul etmirəm. Ona görə bu kimi vəziyyətdə almanlarda olduğu kimi, hərə
öz hesabını ödəsə, daha yaxşı olar. Amma məsələ ailə çərçivəsinə keçərsə, təbii
ki, kişinin hesabı ödəməyi daha etikdir”.
"Mənim
hesabımı heç bir xanım ödəməyib”
Rövşən
Əsədov, jurnalist
Rövşən deyir ki, bu, tərəf müqabilinə bağlı olan məsələdir:
"Demək olar ki, tanımadığımız adamlarla
nadir hallarda bir masanı bölüşürük. Əgər tanıdığım adamdırsa və mən
qarşımdakının imkanını bilirəmsə, ona uyğun hərəkət edirəm. Tez-tez işlə bağlı tanınmışlarla
işdən sonra görüşüb hansısa bir məkanda əyləşirik. Bilirəm ki, qarşımda əyləşən
şəxs istəsə, restoranı bir həftəlik sifariş edib bağlatdıra bilər. Ona görə də
mənim orada əlimi cibimə salmağım tamamən mənasızdır. Çox vaxt anlayışlı
insanlarla rastlaşıram. Yəni hesabı mənim ödəməyimə heç şərait də yaratmırlar.
Düzünü deyim, bəzən yalançı cəhdlər də edirəm. Əlimi cibimə salıb sanki hesab
ödəyəcəyəm kimi də edirəm. Hərçənd, əminəm ki, cibimdəki pul hesabı ödəyəcək qədər
belə deyil. Amma hərdən anlayışsızlar da kefimə soğan doğrayır. Bəzən də elə
olur ki, birlikdə oturduğum insanın maddi imkanının zəif olduğunu bilib, gizlicə
hesabı ödəyirəm ki, həmin şəxs narahat olmasın. Adətən belə hallarda telefonuma
gələn zəngdən sui-istifadə edərək bir az kənarlaşıb hesabı gizlicə ödəyirəm”.
Həmsöhbətim hesabı ödəməklə bağlı başına gələn əhvalatı
da danışdı: "Bir dəfə bir aktrisa ilə müsahibə edirdik. Aktrisanın istəyi ilə
elit məkan sayılan bir ünvanda əyləşdik. Xeyli oturduq, şad-şalayın söhbət
etdik, yedik-içdik, sonra hesab mərhələsi gəldi. Düşündüm ki, yəqin bu dəfə də əlimi
cibimə salsam, xidmətçi "hesabınız ödənilib” deyə məni sevindirəcək. Amma belə
olmadı... Yaxşı ki, həmin gün maaşımı almışdım. Maaşımın 3-də biri ilə hesabı
ödədim. Bu mənə həm də bir dərs oldu. Sonra məkan məsələsində çox təkid edib öz
istədiyim yeri seçirəm. Nə olar, nə olmaz deyə. Yəni, bu, tam cibə bağlı məsələdir.
Əgər imkanı varsa, qadın da ödəyə bilər, kişi də. Amma yükün hər hansı bir tərəfin
üzərinə düşməsi haqsızlıqdır. İstərdim ki, qadınlar da bir az bu məsələdə
anlayışlı olsunlar. Daha çox bahalı yerlərə meyil etməsinlər, bahalı nemətlər
sifariş edib qarşı tərəfi çıxılmaz durumda buraxmasınlar. Onlar üçün bəzən
qarşı tərəfin hər sifarişdə hansı hisslər keçirdiyi maraqsız olur, amma əmin
olsunlar ki, sifariş etdiklərinin dadından və gözəlliyindən öncə kişilər onun
qiyməti ilə maraqlanırlar. Pulu çatıb-çatmayacağını var-gəl edirlər. Mənim
hesabımı hər hansı bir xanım ödəməyib, çünki mən buna şərait yaratmamışam. Ən
azından hesabın yarısını özüm ödəmişəm. Birmənalı olaraq hesabın yalnız bir nəfər
tərəfindən ödənilməsinin əleyhinəyəm. Bərabərliyin tərəfdarıyam, bərabərlik hər
yerdə keçərli olmalıdır”.
"Hesabı bəylər ödəməlidir"
Məmməd
Ağayev, baş redaktor
Məmməd isə digərlərindən fərqli olaraq fikirləşir
ki, hesabı mütləq bəylər ödəməlidir: "Nə qədər insan varsa, o qədər də xarakter
var və hər bir xarakter müstəqil fikrə sahibdir. Fikir anlayışının özünü də iki
hissəyə ayırmaq olar. Hər bir fərdin şəxsi fikri və bir toplumun sahib olduğu
ümumi fikir. Millətlərin və irqlərin sahib olduqları fərqli xarakterik özəlliklərini
göz önündə canlandırsaq, deyə bilərik ki, dünya çərçivəsində baş verən oxşar
hadisələrə hər bir toplumun, sahib olduğu ümumi fikrə uyğun digərlərindən fərqli
yanaşma şəklini tətbiqi etməsi mövcud təbii prosesdir. Bütün bu fikir və düşüncələrə
əsasən deyə bilərəm ki, hesabın bəy, yoxsa xanım tərəfindən ödənilməli olduğu məsələsinə
münasibət hər bir fərdə görə dəyişdiyi kimi, hər bir ölkə-topluma görə də fərqlidir.
Elə ölkələr var ki, orada ictimai nəqliyyatda yerini bir xanıma vermək ayıb
sayılır, hesabı bəyin ödəməsi qarşı tərəfi aşağılamaq hesab olunur və s. Məncə,
münasibət növündən, milli mənsubiyyətindən, dinindən və irqindən asılı
olmayaraq, xanım ilə bəy bir restoran masası arxasında əyləşibsə, hesabı bəy ödəməlidir.
Çünki pul o qədər natəmiz aksesuar, hesab ödəmək isə o qədər kobud hadisədir
ki, məncə, bu ağırlığı bir incəliyə həvalə etmək ən azından insafsızlıq olar. Hesabın
bəy tərəfindən ödənməli olduğu fikrimi alicənablıq və ya tam anlamda
centlmenlik kimi dəyərləndirənlər də ola bilər, bunu ədabaz, bədxərc və ifrat
altruist bir addım olaraq görənlər də... Düşünürəm ki, dünya düzənində qəbul
edilmiş etik davranış qaydalarının fonunda ölçünü doğru müəyyən edərək o mizana
uyğun addım atmaq bütöv bir insanlığa xidmətdir”.
Şəbnəm
Mehdizadə