• şənbə, 20 Aprel, 01:43
  • Baku Bakı 15°C

“Hesabat tamamilə qərəzlidir”

05.03.14 09:25 1788
“Hesabat tamamilə qərəzlidir”
ABŞ Dövlət Departamentinin 2013-cü il üzrə dünyada insan haqlarına dair hesabatında Azərbaycanla bağlı bəzi məqamlar yer alıb. Sənəd müəllifləri ənənəvi qərəzli fikirlərini növbəti dəfə hesabat şəklində ortaya qoyaraq, ötən ilin 9 oktyabrında, eləcə də 2010-cu ildə keçirilən seçkilərin ATƏT-in bir sıra əsas standartlarına cavab vermədiyini iddia ediblər. Dövlət Departamentinin qərəzli hesabatı, bu sənədin hansı məlumatlar əsasında nə məqsədlə hazırlanması və digər məsələlərlə bağlı “Kaspi”nin suallarını Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquq müdafiəçisi Çingiz Qənizadə cavablandırır.
- Çingiz müəllim, Dövlət Departamentinin son hesabatını necə qiymətləndirirsiniz?
- Hesabat tamamilə qərəzlidir. Niyə? Əvvəla, harada həqiqət varsa, hesabat müəllifləri oradan ehtiyatla, sürüşkən mövqe göstərməklə keçiblər. Ermənistanın dəstəyi ilə separatçıların Dağlıq Qarabağın bir hissəsini və ətraf 7 rayonu işğal etdiyini göstəriblər. Əslində torpaqları işğal edən separatçılar deyil. Azərbaycanın 20 faiz ərazisi Ermənistan tərəfindən işğal olunub. Hesabatda separatçıları daha çox diqqətə çatdırmaqla Ermənistanı bu məsələdən yayındırırlar. Ermənistanın bu hadisələrdə birbaşa müdaxiləsini, birbaşa marağını dolayısı ilə kənarda saxlamağa cəhd edirlər. Hesabatda QHT-lərin fəaliyyətini məhdudlaşdıran qanunlardan söhbət açırlar. Bu qanunla bağlı parlamentə layihə təqdim edənlərdən biri də mənəm. Yəqin ki, ABŞ da öz ölkəsinə daxil olan pulların haradan, nə məqsədlə kimin hesabına daxil olmasını nəzarətdə saxlayır. Biz də terrorçuluğun maliyyələşməsinə qarşı beynəlxalq konvensiyalara qoşulmuşuq. Elə ABŞ-ın özü ilə də bu sahədə əməkdaşlıq edirik. Çox təəssüf ki, bəzi hallarda QHT-lərə yönələn pullar sonradan radikal dindarların əlinə keçir və bundan bir sıra radikal addımların atılmasında istifadə olunur. Ona görə də QHT-lərlə bağlı qanunda üçüncü sektor təmsilçilərinin fəaliyyətinin məhdudlaşdırılmasından söhbət gedə bilməz. Bununla yanaşı, heç bir əsas göstərmədən vətəndaşların öz ölkəsindəki hakimiyyəti dinc yolla dəyişmək hüququnun əlindən alındığını demək də düzgün deyil. Bununla hesabat müəllifləri hazırladıqları sənədə ölkəmizdəki ictimai-siyasi sabitliyi pozmağa yönəlik, qızışdırıcı xarakterli bir bəndi əlavə ediblər. Sual olunur ki, əgər bu, onlar deyən kimidirsə, o zaman beynəlxalq qurumların prezident və parlament seçkiləri ilə bağlı verdikləri müsbət rəylər hara getdi? ATƏT-in, digər beynəlxalq təşkilatların, yüzlərlə beynəlxalq müşahidəçinin 2010 və 2013-cü il seçkiləri barədə hazırladıqları sənədlərə niyə diqqət yetirilmir? Bu baxımdan, vətəndaşların öz ölkəsindəki hakimiyyəti dinc yolla dəyişmək hüququ əlindən alınıb demək, səmimi fikir deyil. Bunu edənlər Azərbaycanın hazırkı iqtisadi-siyasi uğurlarına, beynəlxalq aləmdə artan nüfuzuna bir qısqanclıq hissi ilə yanaşır, ölkədəki sabitliyi pozmaq istiqamətində addımlar atırlar.
- Hesabatda ölkə vətəndaşlarının mülkiyyət hüquqlarının pozulmasına da toxunulub. Bildirilib ki, guya vətəndaşlar zorla, alternativ yaşayış yeri təklif edilmədən mənzillərindən çıxarılırlar. Reallıqla uzlaşmayan bu məlumatlar hesabata niyə salınıb?
- Dövlət başçısı İlham Əliyevin birbaşa göstərişi nəticəsində bu istiqamətdə qanuna uyğun iş aparılır. Yəni, bəzi köhnə məhəllələrdə bir mərtəbəli, şəraitsiz, yaşamaq üçün müasir standartlara cavab verməyən evlərin sökülməsi müqabilində insanlara mənzilin hər kvadratmetrinə görə 1500 manat pul ödənir. Faktiki olaraq, indi yeni tikilən binalarda mənzilin 1 kvadratmetri 600-1500 manatdır. Ölkə başçısının göstərişinə uyğun olaraq sakinlərə ən yüksək həddə kompensasiya verilir. Bazar qiymətində evinin bir kvadratmetri 1000 manat olmayan bəzi “cığal” adamların 1500 manata yaxın durmayıb, bundan qat-qat artıq pul istəməsi reallıqla uzlaşmayan hadisədir. Bəzi hallarda bu, düşmən dəyirmanına su tökməyə yarayır. Hesabatda ordudakı hansısa qeyri-humanist davranışdan da söhbət açılır. Bunu özbaşınalıq kimi qələmə verirlər. Gəlin bütün dünya dövlətlərinin ordusuna nəzər salaq. Hansı ölkənin ordusu ehtiyatsızlıqdan baş verə biləcək qəzadan, insan itkisindən sığortalanıb? Azərbaycanda da bəzən belə hallar olur və qanun çərçivəsində ehtiyatsızlıq edənlər cəzalanırlar. Belə olan halda bunu ordudakı özbaşınalıq, qeyri-humanist addım kimi qələmə vermək nə dərəcədə düzgündür? Hətta hesabatda, barələrində məhkəmə hökmü çıxarılmayan şəxslərin siyasi məhbus adlandırılmasına da rast gəlmək olar. Bu da yolverilməz haldır. Ola bilər ki, onların siyasi məhbus kimi təqdim etdikləri şəxs məhkəmənin sonunda bəraət alacaq, təqsirsiz olduğu müəyyənləşəcək və sair. Ona gör də nə qədər ki, həmin şəxslərin barəsində qanuni qərar qüvvəyə minməyib, adamların siyasi məhbus sayılması heç kimə başucalığı gətirmir. Bu hesabat ABŞ Dövlət Departamentinin adından yayılıb. Əgər biz Amerikanın özündə araşdırma aparsaq, insan hüquqlarının pozulmasına yönəlik kifayət qədər faktlar aşkarlaya, başqa ölkələrin ərazilərinə müdaxiləni, oradakı insanların soyuqqanlılıqla başlarına gətirilən oyunları görə bilərik. Çox təəssüf ki, bu gün Azərbaycanda belə hesabatları hazırlamaqla erməni dəyirmanına su tökən qüvvələr var. Departamentinin hesabatında elə məqamlar var ki, əvvəlki illərdə söylənilən fikirlər təkrar sənəddə yer alıb. Sanki hesabatın daha iri həcm alması üçün təkrarçılığa da göz yumublar. Ona görə də hesabatı qərəzli sayıram. Fikrimcə, bütün bunların arxasında Azərbaycanın dünyada artan nüfuzunu, siyasi-iqtisadi-hərbi gücünü, ölkəmizin müstəqil siyasət yürütməsini qəbul etməyən qüvvələr dayanır. ABŞ kimi ölkələrin də belə hesabatların yayılmasında öz siyasi maraqları var.
- Prezident İlham Əliyev tərəfindən dəfələrlə əfv fərmanları imzalanıb, yüzlərlə məhbus cəzasının çəkilməmiş hissəsindən azad edilib. Buna rəğmən, Dövlət Departamentinin, eləcə də bəzi təşkilatların hazırladıqları siyahılarda siyasi məhbus sayları artır. Bu nə ilə əlaqədardır?
- Mən yanvar ayında bir qrup hüquq müdafiəçisi ilə birlikdə Avropa Şurasının qış sessiyasında iştirak etdim. O zaman Leyla Yunus və ona yaxın olan bir neçə təşkilat Azərbaycanda 140 nəfər siyasi məhbusun olması barədə məlumat yaymışdılar. Təbii olaraq Monitorinq Qrupunun üzvləri Səidə Qocamanlı, Novella Cəfəroğlu, Səadət Bənəniyarlı və mən Avropa Şurasında görüşlər keçirdik. Ən yüksək səviyyədə Avropa insan haqları komissarı, Avropa Şurası baş katibinin siyasi məsələlər üzrə departament rəhbəri və başqaları ilə görüşdük. Onlara bildirdik ki, siyasi məhbus siyahısındakı 140 nəfərə yaxın şəxsdən təxminən 80 nəfərə yaxını radikal dini qruplaşmalara yaxınlığı olan adamlardır. Bu adamlar hansısa silahlı birləşmələr yaratdığına, qanunsuz silah-sursat saxladığına və sairə görə həbs olunublar. Yeri gəlmişkən, elə bu gün (dünən) də Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin toplantısında hərbi birləşmələrdə olmaq, hərbi qruplarda olmaqla bağlı sanksiyaların artırılması və qanuna yeni müddəaların əlavə olunması məsələlərinə baxdıq. Biz Avropa Şurasında faktları açıqlayanda onlara dedik ki, siz bir tərəfdən radikal dini qruplaşmaların, silahlı birləşmələrin olmasına qarşı çıxır, ancaq digər tərəfdən fərqli mövqe ortaya qoyursunuz. Bundan başqa, siyasi məhbus siyahısına ölkə ictimai-siyasi həyatında tanınmayan şəxslərin də adları salınıb ki, bu da hesabatı yayanlara xidmət etmək kimi bir şeydir. Təəssüf ki, bəzi hüquq müdafiəçiləri gələcəkdə qrantlar almaq, yeni-yeni maliyyə mənbələri əldə etmək üçün bu cür şişirdilmiş siyahıları Qərbə, o cümlədən Avropa ölkələrinə və ABŞ-a göndərirlər.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər