• çərşənbə axşamı, 19 mart, 08:36
  • Baku Bakı 8°C

“Hərə bir əsgər, hər ev bir səngər”

23.10.17 16:27 2710
“Hərə bir əsgər, hər ev bir səngər”
"Cəbhəyanı bölgələrdə müvafiq tədbirlərin təşkilinə dair təşəbbüslər və "ordum.az" saytının yaradılması” layihəsi çərçivəsində, oktyabrın 20-də Tərtər rayonunun Qapanlı kəndində "Hərə bir əsgər, hər ev bir səngər” adlı tədbir keçirilib. Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə keçirilən görüş-tədbirin məqsədi düşmənlə təmas xəttində, sərhəd kəndlərimizdə yaşayan vətəndaşlarımıza mənəvi dəstək olmaq, onları vətənin keşiyini çəkən əsgərlərimizə arxa durmağa, tarixi torpaqlarımız olan ata-baba yurdlarına daha möhkəm bağlanmağa sövq etməkdir. Bununla yanaşı, layihənin məqsədi yerli əhalini - əsasən də yeniyetmə-gəncləri düşmənlərimizin millətimizə, dövlətimizə qarşı törətdiyi cinayətlər barədə maarifləndirmək, gəncləri ölkəmizin mənafeyini, xalqımızın milli-mənəvi dəyərlərini, öz yurdlarını qorumağa, işğalçılara qarşı mübarizəyə səfərbər etməkdir.
"Hərbi mövzular Üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin təşkilatçılığı ilə Qapanlı camaatının görüşünə gələn ziyalılar əvvəlcə Tərtər rayonunun Qapanlı kəndində şəhidlər xiyabanını ziyarət edib, məzarları üzərinə tər çiçəklər qoyaraq xatirələrini yad ediblər. Məlumat üçün bildirək ki,Qarabağ müharibəsi başlayandan ərazi bütövlüyümüz uğrunda şəhid olan onminlərlə oğullarımızdan Vidadi Məmmədov, Qüdrət Ağamalıyev, Zülfüqar Qasımov, Feyruz Əzimov, Sərvər Məmmədov və Nəriman Quliyev Qapanlı torpağına tapşırılıblar.
Tərtər rayon şəhid F.Həmidov adına Qapanlı kənd tam orta məktəbində kənd sakinləri ilə keçirilən görüşdə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi sükutla yad edilib. Məktəbin direktoru Fitat Əliyeva qonaqları salamalayaraq keçirilən görüşdən məmnunluqlarını ifadə edib. O, indiyədək işlədiyi məktəbin 19 məzununun - 19 şagirdinin şəhid oiduğunu bildirib: "Bu ərazidə atəşkəs hər gün pozulur. Bu məktəbin şagirdləri yaşından çox yaşamış şagirdlərdir, hər gün gözləri ilə atəşkəsin pozulmasının şahidi olurlar. Amma biz öz dövlətimizə güvənirik. Bu gün diqqət və qayğı nəticəsində özümüzü güclü hiss edirik. Biz bu məktəbdə əvvəlkindən də yaxşı dərs keçirik".
"Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyi İdarə Heyətinin sədri Tamxil Ziyəddinoğlu kənd sakinlərinə səslənərək onlardan vətən sevgisini, yurda necə can-dildən bağlanmağı öyrənməyə gəldiklərini bildirib. Sonra o, "Hərə bir əsgər, hər ev bir səngər” mövzusunda məruzə edib. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttinə bitişik ərazilərdə təhlükəsizlik tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2014 –cü il tarixli sərəncamını xatırladaraq, döyüş bölgəsində yaşayan əhalinin ayıq-sayıqlığının artırılması zərurətindən söz açıb. Qürur hissi ilə qeyd edib ki, torpaqlarımızı indi 1990-cı illərdəki kimi əliyalın könnüllülər deyil, nizami ordumuz qoruyur. Azərbaycan oğulları Silahlı Qüvvələrimizin bütün qoşun növlərində şərəflə xidmət keçirlər. İstər sərhədlərimizin keşiyində, istərsə də təhlükəsizliyimizin, asayişimizin qorunmasında vətənəlayiq xidmət edirlər. Hərbçilərimiz NATO Sülhməramlı Qoşunlarının tərkibində İraqda, Kosovada nümunəvi xidmətləri ilə Azərbaycanımıza həmişə başucalığı gətiriblər. Qeyd olunub ki, Silahlı Qüvvələrimiz hazırda Cənubi Qafqazın ən güclü ordusuna çevrilib: "İnanırıq ki, tezliklə Azərbaycanın əraziləri işğaldan azad ediləcək və xalqımız əmin-amanlıq şəraitində indiki inkşaf dinamikasını daha yüksək səviyyədə davam etdirəcək. Bütün bunlar isə xalq-ordu birliyində öz təcəssümünü tapacaq. Biz daimi olaraq ordumuza dəstək olmalı,ordumuzun şəxsi heyəti ilə təmaslarımız sıx olmalıdır”.
"Laçın Yurdu” jurnalının baş redaktoru - şair Arif Məmmədli, Hacı Mahir Vəliyev, torpaq itkisinin acısını yaşayan tarixçi-publisist Siyavuş Əmirli, öz ürək sözlərini söyləyiblər.
Qapanlılar adından çıxış edən kənd icra nümayəndəsi Lətif Həmidov qeyd edib ki, Tərtər rayonundan neçə-neçə oğullar vətənin müdafiəsinə qalxıb, torpaq, xalq uğrunda canlarını fəda ediblər. 25 ilə yaxın davam edən münaqişə dövründə bir nəfər də olsun kəndi tərk etməyib, hər kəs təsərrüfat işləri ilə məşğuldur.
Tədbirdə yazıçı-publisist Miraslan Bəkirli, məktəbin hərbi müəllimi, Qarabağ qazisi, mayor Çingiz İsayev, gənc coğrafiya müəllimi Aysel Hacızadə və digər çıxış edənlər Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında gündən-günə qüdrətlənən ordumuza güvəndiklərini, Silahlı Qüvvələrimizin gücünə arxalanaraq öz rahat həyatlarını yaşamaqda davam etdiklərini söyləyiblər.
banner

Oxşar Xəbərlər