• cümə, 29 Mart, 20:00
  • Baku Bakı 14°C

“Hərbi sahə ilə yanaşı, informasiya savaşında da biz çox güclüyük”

09.04.16 11:53 2706
“Hərbi sahə ilə yanaşı, informasiya savaşında da biz çox güclüyük”
İndi elə bir əsrdə yaşayırıq ki, müharibə tək səngərdə getmir. Biz həm də informasiya məkanında gücümüzü göstərməliyik. Bu gün informasiyanın doğru ünvana, dəqiq və vaxtında çatdırılmasının bir üsulu da günü-gündən sayı və sıraları artan sosial şəbəkələrdir. Bir neçə gün ərzində cəbhədə gedən döyüşlər zamanı hər bir sosial şəbəkə istifadəçimiz əlindən gələn qədər informasiya mübarizəsində öz gücünü göstərməyə çalışdı.
Bu sırada daha çox aktiv olan gənclərimiz də var idi. Onlardan biri gənc fəal Tural İsmayılovdur. Gün ərzində və hətta gecə saatlarında da onun sosial şəbəkələrdə aktivliyini müşahidə edirdik. Cəbhədə atəşkəs elan olunsa da, informasiya müharibəsi sosial şəbəkələrdə davam edir. Elə bu ərəfədə T.İsmayılovla apardığı informasiya mübarizəsi haqqında danışdıq.
- Son günlər hansı sosial şəbəkələrdə aktivsiniz və informasiya mübarizəsini hansı formada aparırsınız?

- Twitterdə xarici media ilə əlaqə Facebookla müqayisədə daha üstün olduğu üçün mən də Twitterdə aktiv olmağa çalışdım. Ümumiyyətlə, ermənilər də əsasən Twitterdə aktiv olurlar. Düzdür, bizdə bu üstünlük Facebookdadır və sosial şəbəkə olaraq da vaxtımızı daha çox orada keçiririk. Amma xaricilərdə bu üstünlük Twitterdədi. Səbəbi isə ondan ibarətdir ki, Twitterdə geniş nəsə yazmaq olmur, ancaq bir-iki cümlə ilə fikrini ifadə edirsən. Bir də hansısa məlumatın linkini atmaq və şəkil paylaşmaq olur. Twitter daha yaxşı təbliğat vasitəsi olduğu üçün ermənilər də bundan istifadə edirlər. Mən də ona görə Twitterdə daha fəal olmağa çalışdım. Ümumilikdə isə Facebookda dostlarım arasında türklərdən başqa xarici nümayəndə yoxdur. Heç bir erməni dostluğumda olmadığı üçün orada nə isə yazıb, cavab vermək də mənasız olardı. Twitterdə mənim dostum olmasa belə, istədiyim paylaşıma cavab vermək, nə isə yazmaq olur. Twitterdə yazdıqlarım Facebookda da görünürdü. Yəqin ki, müəyyən bir müddət bu aktivliyim davam edəcək.
- İnformasiya mübarizəsində ermənilərin yazılanlara reaksiyaları necə olur? Sağlam mübarizə apara bilirlərmi?

- Ümumiyyətlə, informasiya müharibəsində ermənilərin azərbaycanlı fəallara qarşı 3 taktikası var. Hər üç taktika da işə yaramadıqdan sonra özlərinin bütün iyrənc xislətlərini ortaya qoyurlar. Birinci taktika odur ki, əvvəlcə yazanda, hansısa tvit atanda çox normal şəkildə cavab verirlər. Guya mədəni mübarizə aparırlar. Cavab verə bilmədikdə, reaksiya olaraq yazdığımızı kopyalayıb, onunla cavab verməyə çalışırlar. Məsələn, mən Tərtər bölgəsində mülki əhaliyə ziyan dəyməsi ilə bağlı bir şəkil atıb, nə isə yazıram. Eynilə yazdığım cümləni kopyalayıb mənə atırlar. İkinci taktikaları isə cavab verə bilməyəndə bizi bloka atmaqdı. Ermənilərin məşhur bir bloggeri var. Televiziyalarında çox çıxış edir, Azərbaycan əleyhinə ən güclü antitəbliğat aparan adamlardandır. Ona hansı cümlə yazırdımsa, o da həmin cümləni kopyalayıb mənə atırdı. Sonra gördü ki, mənə cavab verə bilmir, profilimi blok elədi. Digərləri də, həmçinin bu variantdan istifadə edirlər. Üçüncü taktikaları inboxda bizə virus xarakterli linklər atmaqdır. Bu linkləri açanda onlar bizim profilimizi ələ keçirməyə çalışırlar. Ən nəhayət, buna da nail ola bilmədikdə, profilimizi skrinşot edib paylaşırlar, üstündə isə söyüşlər yazırlar. Yəni informasiya mübarizəsini doğru-düzgün apara bilmirlər.
- İnformasiya mübarizəsində nə qədər güclü ola bildik?

- Ümumilikdə, gündəlik Dağlıq Qarabağla bağlı hər hansı məsələ olanda bir-iki tvit də olsa atmağa çalışırdım. Amma son hadisələr zamanı demək olar ki, ancaq bu məsələ ilə bağlı paylaşımlar edirəm. Əvvəllər də mübahisə və mübarizələrimiz gedirdi. Amma son hadisələrdən sonra daha çox əmin oldum ki, hərbi sahəmizlə yanaşı, informasiya savaşında da biz çox güclüyük. İnformasiya mübarizəsində mənim heç bir yalançı profilim yoxdu. Öz ad və soyadım olan bir profilim var, onunla mübarizə aparıram. Amma erməni bir bloggerin əlavə üç dənə də saxta profili ola bilər. Yəni say baxımından üstün ola bilərlər, amma məlumat baxımından cavab verə bilməyəndə qıcıqlanıb, iyrənc münasibət ortaya qoyurlar, özlərini biabır edirlər. Sağlam mübarizə baxımından Azərbaycanın informasiya müharibəsində ermənilərdən daha güclü olduğunu düşünürəm. Bunu hansısa üstünlüyümüzü göstərmək üçün demirəm. Bəlkə də bu günə kimi mənim də içimdə şübhələr var idi ki, informasiya müharibəsində onlardan zəif ola bilərik. Amma bu gün sağlam rəqabət, rasional mübarizə baxımından Azərbaycan informasiya müharibəsində ermənilərdən çox güclüdür. Son hadisələr zamanı Twitterdə aparılan müzakirələrdən sonra mən buna bir daha əmin oldum.
- Belə çıxır ki, gənclərimiz informasiya mübarizəsində aktiv oldular?

- Çoxluğun aktiv olub-olmaması haqda heç nə deyə bilmərəm, amma konkret bir neçə adam tanıyırdım ki, mübarizədə aktiv iştirak edirdilər.
- İnformasiya mübarizəsində aktiv olmaq üçün xarici dil bilikləri nə dərəcədə önəmlidir?

- Twitterdə informasiya mübarizəsinə qoşulmaq üçün hansısa xarici dili çox güclü mənimsəməyə ehtiyac olduğunu düşünmürəm. Mən ingilis və rus dilini qrammatik cəhətdən o qədər yüksək səviyyədə bilmirəm. Sadəcə olaraq anlayacaq və fikrimi çatdıra biləcək şəkildə bilirəm və bu, işimə yarayır. İnformasiya müharibəsində müəyyən qədər dil bilgisinin olması yetir. Yəni, bu mübarizəyə qoşulmaq üçün dil bilgisinin yüksək səviyyədə olmaması bəhanə gətirilməməlidir, xüsusilə də Twitterdə. Çünki Twitterdə geniş fikir yazmaq tələb olunmur. Sadəcə, hansısa linki və ya şəkli paylaşırsan. Bunun üçün isə yüksək səviyyədə xarici dil biliyinə ehtiyac yoxdur.
- Son günlər bu işdə daha da aktiv olmağa çalışdığınızı dediniz. Gün ərzində nə qədər vaxt sərf edirsiniz?

- Aprel ayının 2-dən bəri vaxt edib sosial şəbəkəyə daxil olan zaman ancaq bu məsələ ilə məşğul oluram. Daha öncə bir-iki tvit atırdım, onların fəallarının yazdıqlarına baxırdım, cavab verirdim. Amma aprelin 2-dən bəri demək olar ki, bu işlə məşğulam və qarşıdakı bir neçə gündə də yəqin ki, aktivliyim davam edəcək. Davamını isə zaman və gedən proseslər göstərəcək.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər