Hərbi faza bitdi, bundan sonra necə olacaq?
Politoloqların fikrincə,
Ermənistanın hərbi-siyasi isteblişmenti Qarabağla bağlı yanaşmasını dəyişməlidir
II Qarabağ müharibəsinin nəticəsi o oldu ki, Azərbaycan Ermənistan
üzərində mütləq qələbə qazandı. Nəticə etibarı ilə Ermənistan kapitulyasiyaya
məcbur edildir, ordusu darmadağın oldu və silah-sursatın böyük hissəsi
Azərbaycan tərəfindən qənimət olaraq ələ keçirildi. İlkin məlumatlara görə,
Ermənistan ordusu 44 gün ərzində 8 mindən yuxarı canlı qüvvə itirib. Rusiyanın
təşəbbüsü ilə Azərbaycanla Ermənistan arasında üçtərəfli saziş əsasında Ağdam,
Kəlbəcər və Laçın rayonları Azərbaycana təhvil verilərək ölkəmizin ərazi
bütövlüyü tam təmin edilmiş oldu. Belə demək mümkündürsə, artıq Qarabağ
münaqişəsinin hərbi fazası başa çatıb. Azərbaycanda bu, zəfər bayramı kimi qeyd
edilsə də, Ermənistanda baş nazir Paşinyana qarşı etirazlar səngimir. Lakin
Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məcburdur. Bəs
görəsən hərbi fazanın bitməsindən sonra hadisələr necə cərəyan edəcək?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Tofiq Abbasov bildirdi ki, Ermənistan ağlını başına
yığıb, revanş ideyasından əl çəkib, sülhə doğru istiqamət götürməlidir:
"Hazırda Ermənistan daxilində müxtəlif qüvvələr ki, onlar yenidən hücuma keçmək
niyyəti güdür. Bəziləri Azərbaycana dərs vermək arzusu ilə yaşayırlar. Ancaq
anlamırlar ki, ümumiyyətlə, strateji cəhətdən məğlub olublar. Onların heç bir
şansı yoxdur ki, bu minvalla ayağa qalxsınlar. Birincisi, ona görə ki,
ermənilər 30 ilə yaxın bütün imkanlarını, varidatlarını, maliyyə resurslarını
ya silah-sursata, ya da ki, guya Qarabağın azad olunmasına yatırırdılar. Ermənistan
başlı-başına buraxılmışdı. Ötən müddətdə Ermənistanda nə dövlət, nə də millət
baxımından heç bir quruculuq işləri aparılmayıb. Sadəcə, hakimiyyəti ələ
keçirmiş bir qrup bandit, cinayətkar istifadə edərək özləri varlandılar, bütün
prosesləri yanı üstə qoydular. Guya bunlar Qarabağda "dövlət” yaratdılar və
onun təhlükəsizliyinin təminatçısı kimi çıxış etdilər”.
Bakı Politoloqlar Klubunun
sədri Zaur Məmmədov bildirdi ki, Qarabağda müharibə fazasının
bitdiyinin şahidiyik: "Üçtərəfli bəyanatın Ermənistan baş naziri tərəfindən
imzalanması göstərir ki, Ermənistan de-fakto Qarabağı Azərbaycan ərazisi hesab
edir. Bu məsələdə, sadəcə olaraq, Qarabağın gələcəkdəki müəyyən məsələləri
müzakirə predmeti ola bilər ki, artıq dekabrın ortalarından və ya gələn ilin
əvvəlindən başlayaraq Azərbaycan və Ermənistan arasında ATƏT-in həmsədrliyi,
xüsusilə Rusiyanın koordinatorluğu ilə Qarabağla bağlı müəyyən danışıqların
şahidi olacağıq. Bundan sonra baş verənlər 30 il əvvəl olduğu kimi indi də
Ermənistanın mövqeyindən asılı olacaq. Təəssüflər olsun ki, bu günlərdə
Ermənistanın xarici işlər nazirinin yenə də Azərbaycana hansısa şərtlər irəli
sürdüyünün şahidi olduq. O, Dağlıq Qarabağın müqəddəratından danışdı və yenə də
"Qarabağ xalqından” söz açdı. Bu kimi çıxışları biz Paşinyan, Sarkisyan,
Köçəryan və digərlərindən ötən illər ərzində gördük və onun nəticəsi Ermənistan
üçün ağır oldu. Ona görə də, Ermənistan xarici işlər naziri və digər
hərbi-siyasi isteblişmentinin nümayəndələri Qarabağla bağlı yanaşmalarını
dəyişməlidirlər. Əgər Rusiya olmasaydı, bu gün, hərbi-siyasi vəziyyət
Ermənistan üçün daha da fəlakətlə nəticələnəcəkdi. Ona görə də, rəsmi İrəvan
yaxşı olardı ki, yenə də kimlərəsə güvənib Qarabağla bağlı təxribat xarakterli
çıxışlar etməsin. Başa düşsünlər ki, vəziyyət Azərbaycanın əleyhinə dəyişərsə,
yenə də hər hansı təxribatlar olarsa, ölkəmiz hərbi əməliyyatlara əl ata bilər.
Çünki BMT-nin və beynəlxalq hüququn da təsbit etdiyi normalar bu məsələdə Azərbaycanın
lehinədir. Bir sözlə, Azərbaycanın ərazi bütövlüyü hər şeydən əsasdır. İndiki
halda Qarabağdakı ermənilər Azərbaycan vətəndaşı kimi Azərbaycan dövlətinin
himayəsi altında yaşamalıdırlar. Bu istiqamətdə hər hansı bir təxribat
ermənilər üçün çox pis nəticələnə bilər”.
Z.Məmmədov ermənilərin öz çirkin siyasətlərindən, torpaq iddiasından
əl çəkəcəyini və konstruktiv mövqe sərgiləcəyini gözləmədiyini vurğuladı:
"Düşünürəm ki, ermənilər revanş götürmək istəyəcəklər. Təbii ki, indi onların
hərbi-siyasi vəziyyəti o qədər pisdir ki, Qarabağla bağlı açıq şəkildə heç bir
iddia ortaya qoya bilməyəcəklər. Amma ümumilikdə, onlar Qarabağla bağlı öz
mövqelərində laten şəkildə olsa belə, qalacaqlar və gələcəkdə revanş götürmək
istəyində olacaqlar”.
BƏXTİYAR