• cümə axşamı, 28 mart, 20:29
  • Baku Bakı 13°C

“Hər zaman pozitiv və bol enerjiliyəm” – Şou-biznes

21.01.15 10:52 2851
“Hər zaman pozitiv və bol enerjiliyəm” – Şou-biznes
Rubrikamızın buhəftəki qonağı uzun illərdir səhnədə özünəməxsus ifaları ilə tamaşaçıların sevimlisinə çevrilən əməkdar artisti Manana Çaparidzedir. İkinci dəfə ana olduqdan sonra ifaçı ilk dəfə bizə danışdı.
- Manana xanım, artıq köhnə ili yola salıb, yeni ilə qədəm qoyduq. Yeni ili necə qarşıladınız?

- Yeni ili hər zamankı kimi səhnədə keçirdim. Yeni ili həmişə ənənəvi şəkildə qeyd edirəm, yəni mənim yeni illərim eyni keçir. Bu il də yeni ili mahnı ifa etməklə qarşıladım. Yeni il ərəfəsi məni bir çox tədbirlərə dəvət edirlər. Mənim üçün sevindirici haldır ki, Azərbaycanda yaradıcılığımı çox yüksək qiymətləndirirlər.
- Dinləyiciləriniz bu il sizdən nələr gözləsinlər?
- Hazırda dinləyicilərim üçün bir neçə mahnı yazdırmışam, seçim edirəm ki, hansını təqdim etsəm, maraqla qarşılanar. Keçən il ana olduğum üçün albomu təxirə saldım. Amma bu il albomum da işıq üzü görəcək. Çox istəyirəm ki, özüm bəstələdiyim mahnıya klip çəkdirim. Ancaq onu mətbuata təqdim etmədim. İndi internet dövrüdür. Yaradıcılığımda yeni mahnı, klip olanda internetdə, televiziyalara təqdim edirəm. Mən səs-küylü sənətçilərdən deyiləm. Sənətimlə maraqlanan insanlar üçün hər zaman yeniliklərim var. Bu il digər illərə nisbətən çox çalışacam və hesab edirəm ki, mənim yaradıldığımda 2015 məhsuldar bir il kimi yadda qalacaq. Həmçinin konsert proqramı ilə çıxış etməyi planlaşdırıram. Konsertim tamam başqa bir formatda olacaq. Indidən konsertimi xəyallarımda canlandırıram. Azərbaycanda o qədər böyük və gözəl konsert salonları var ki, seçim şansımız çoxdur. Ancaq onları bir günlük kirayə etmək o qədər asan deyil. Konsert vermək çox çətin məsələdir. Çox istəyirəm ki, konsertimi böyük konsert zallarından birində verim. Ancaq reallığı da qəbul etmək lazımdır. Konsertimə nə qədər tamaşaçı toplaya biləcəyimi öncədən təxmin edə bilmirəm. Konsertdə repertuarımdan olan fərqli janrlı mahnılar yer alacaq. Çalışıram ki, ifa etdiyim mahnılarda öz səs diapazonunu göstərim. Öncədən onu deyə bilərəm ki, konsertdə Azərbaycanın milli mahnılarını ifa etməyəcəm. Simfonik orkestrlə birlikdə bir ay məşq etməyim vacibdir. Bunun üçün çox əziyyət çəkməliyəm. Eyni zamanda hazırlıq prosesləri də uzun çəkə bilər. Bildiyiniz, kimi anayam, artıq bu gün dünyaya gələn ikinci övladımın 5 ayı tamam olur. Mənim üçün indi ən bahalı nemət yalnız və yalnız zamandır. Bütün işlərimi vaxtı-vaxtında çatdıra bilmirəm. Qastrollara gedirəm, övladıma baxıram, evimdə xanımlıq edirəm, bununla bərabər həm də mahnı yazdırıram. Bu il Belarusa qastrol səfərinə dəvət almışam. Bütün işlərimi məsuliyyətli şəkildə görməyə çalışıram. Allahın köməkliyi ilə bu ili də gözəl şəkildə yola verəcəm.
- Müğənni ana olmaq çətindirmi?

- Həm də necə. Siz təsəvvür edə bilməzsiniz ki, mən bütün bu işləri necə çatdırıram. Çalışıram ki, günümün çoxunu uşaqlarla keçirim. Səhnə mənim üçün müqəddəsdir. Həm ailə xanımı, həm də səhnə xanımı olmaq çox çətindir. Çox maraqlı işim və çox gözəl, mehriban ailəm var. Ailəmə və yaradıcılığıma qarşı çox həssasam. Evdəkilər daim mənə dəstək olur. Çox xoşbəxtəm, həyatım belə davam etsə, daim pozitiv olaram.
- İki övlad anası olsanız da, bədən ölçülərinizdə heç bir dəyişiklik olmayıb. Daima belə arıq qalmağınızın sirri nədədir?
- Mən anadangəlmə beləyəm. Daim aktiv həyat keçirirəm. Allahıma şükür edirəm ki, indiyə qədər bir dəfə də olsun depressiyaya düşməmişəm. Hər zaman pozitiv və bol enerjiliyəm. Daim axtarışdayam - yeni mahnılar, yeni üslub axtarıram. Hər axşam yatanda telefonumun səsyazmasına ağlıma gələn bir mahnını zümzümə edirəm. Yuxudan oyananda həmin ifaya qulaq asıram və beləliklə, yeni bəstəm ortaya çıxır. Hər an musiqi ilə bağlı yeni nəsə düşünürəm. Bəlkə də çox aktiv həyat keçirirəm deyə, belə arıq qalıram. Həm də düşünürəm ki, insan pozitiv olanda gözəl formada qalır. Mən 17 yaşımdan sonra arıqlamağa başladım. O gündən etibarən əriyə-əriyə gedirəm (gülür – X.R.).
- Mananın uğur qazanmağının sirri nədir?
- Uğur qazanmağın sirri çox asandır. Sadəcə, onun yollarını bilmək lazımdır. Onun yalnız bir açarı var, o da zəhmətdir. Əgər siz istədiyiniz hər hansı bir sahədə işləyib, ona əmək sərf edib, uğur qazanacağınıza inanırsınızsa, mütləq qazanacaqsınız. Gec olsa da, güc olacaq. Çətinlik görsəniz də, heç zaman qarşınıza qoyduğunuz məqsəddən yan keçməyin. Qarşınıza qoyduğunuz maneələrdən yan keçməyi bacarın. Heç nə etmədən, oturub gözləməklə insan uğur qazanmır. Allah da insanlara deyir ki, “səndən hərəkət, məndən bərəkət”. Həyat bir mübarizədir. Bu mübarizədə qalib gəlmək üçün cəsur və işgüzar olmalısan. Gənclərimizə pozitiv və müsbət emosiyalarının olmasını arzulayıram. Gülüş onların simasından əskik olmasın və unutmasınlar ki, zaman sürətlə axıb keçir. Hər kəs sevdiyi peşənin arxasınca getsin. Qorxmadan, çəkinmədən daim irəli baxsınlar.
- Sizin yerinizdə olmaq istəyən gənclərə nə məsləhət görürsünüz?
- Bu sənət çox çətindir. Çətin olduğu qədər də maraqlıdır. Gəncləri hər zaman pozitiv və bol enerjili görmək istəyirəm. Əgər müğənni olmaq istəyirlərsə, qoy olsunlar - amma səviyyəli şəkildə. Heç bir çətinliklərə baxmayıb daima irəli getsinlər. Sizin vasitənizlə bütün gənclərə uğurlar və əzmli olmağı arzulayıram.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər