• şənbə, 20 Aprel, 09:09
  • Baku Bakı 14°C

Hər şeyin təzəsi, tamaşanın köhnəsi...

03.11.15 11:21 1914
Hər şeyin təzəsi, tamaşanın köhnəsi...
Bu gün hər şeyin əlimizin altında olduğu rahat bir cəmiyyətdə yaşayırıq. Kinoya, televiziyaya meydan oxuyan nəhəng bir internet şəbəkəsi fəaliyyətdədir və insanlar evində, gəzintidə, istirahətdə, avtomobildə oynanılan tamaşalara, göstərilən filmlərə baxmaq imkanı qazanıblar. Teatr isə elə bir aləmdir ki, onu yalnız canlı şəkildə izləsən, lazımi zövqü ala bilərsən. Axı teatr canlı sənət növüdür. Teatr dedikdə insanların gözündə “Leyli və Məcnun, “Romeo və Culiyyeta”, “Şeyx Sənan”, “Hamlet” kimi tanınmış tamaşalar canlanır. Bəzən yaşlı nəslin nümayəndələri teatrların cari repertuarına nəzər salanda öz zamanlarında da səhnələşdirilən tamaşaların şahidi olurlar. Elə tamaşalar var ki, hətta 30 ildən artıqdır ki, teatrın repertuarında yer alıb, bu günə qədər də oynanılmaqdadır. Zaman ötdükcə, tamaşaya yeni tələblərə uyğun cüzi dəyişdiklər edilir və yenidən oynanılır.
Məsələyə bu prizmadan yanaşaraq, biz də teatrların repertuarına nəzər yetirdik. Bu gün repertuarda yer alan ən uzunömürlü tamaşaların adlarını öyrəndik. Teatr cameəsinin ən uzunömürlü, qocaman tamaşaları ilə siz də tanış olun.
“Xəcalət”
Akademik Milli Dram Teatrının cari repertuarda olan ən uzunömürlü tamaşası “Xəcalət” əsəridir. Tamaşa Hüseynbala Mirələmovun eyniadlı pyesi əsasında hazırlanıb. 2002-ci ildə “Xocalı” faciəsinin 10-cu ildönümü münasibətilə qələmə alınan pyes 2006-cı ildə Akademik Milli Dram Teatrında rejissor Bəhram Osmanov tərəfindən səhnəyə qoyulub. Xalqımızın taleyüklü məsələlərinin beynəlxalq aləmə çatdırılması istiqamətində atılan mühüm addım kimi dəyərləndirilən “Xəcalət” tamaşasında Qarabağla bağlı Azərbaycan həqiqətləri, erməni qəsbkarlarının əzəli yurd yerlərimizi işğal etməsi, soydaşlarımızı qırğınlara məruz qoyması bədii obrazlar vasitəsilə, yüksək bədii-estetik keyfiyyətlə canlandırılıb. Bunun nəticəsidir ki, uzun müddət repertuarda qalan "Xəcalət” tamaşası həm teatr ictimaiyyəti, həm də tamaşaçılar tərəfindən böyük maraqla qarşılanır və səhnə həyatını uğurla davam etdirir.
Tamaşada Respublikanın xalq artistləri Nurəddin Mehdixanlı, Ramiz Novruz, əməkdar artistlər Mətanət Atakişiyeva, Əsgər Məmmədoğlu, aktyorlar Əlvida Cəfərov, Xədicə Novruzlu çıxış edirlər.
“Leyli və Məcnun”
Azərbaycan Dövlət Opera və Balet Teatrının ən uzunömürlü tamaşası Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasıdır. Yaxın Şərq və müsəlman aləmində ilk opera tamaşası olan bu əsər ilk dəfə 1908-ci il yanvarın 12 (25)-də səhnəyə qoyulub. Həmin vaxtdan, düz 102 ildir ki, “Leyli və Məcnun” operası teatrın repertuarında möhkəm yer tutur. 1908-ci ildə tamaşa aktyor və rejissor Hüseyn Ərəblinski quruluşunda oynanılıb. Ötən dövr ərzində bu opera bir neçə dəfə yeni quruluşda tamaşaya qoyulub. 2008-ci ildə bütün musiqi ictimaiyyəti “Leyli və Məcnun” opersının 100-illik yubileyini böyük təntənə ilə qeyd edib.
Təqdim olunan sonuncu quruluş 2005-ci ildə rejissor Hafiz Quliyev tərəfindən Ü.Hacıbəylinin 110 illiyi münasibətilə həyata kecirilib. “Leyli və Məcnun” opersı Şərqin böyük mütəfəkkir şairi Məhəmməd Füzulinin eyni adlı poemasi əsasında yazılıb. Müxtəlif illərdə bu tamaşada əsas rollarda milli muğam sənətinin bir çox görkəmli nümayəndələri – Məcnun rolunda: Hüseynqulu Sarabski, Qulu Əsgərov, Bakir Haşimov, Arif Babayev, Canəli Əkbərov, Əlövsət Sadiqov, Baba Mahmudoğlu, Alim Qasımov və s. Leyli rolunda isə Həqiqət Rzayeva, Gulxar Həsənova, Sara Qədimova, Rübabə Muradova, Zeynəb Xanlarova, Nəzakət Məmmədova, Qəndab Quliyeva, Səkinə İsmayılova və b. çıxış ediblər.
Hazırda Məcnun rolunda xalq artisti Mənsum İbrahimov, əməkdar artist Səbuhi İbayev və gənc solist İlkin Əhmədov cıxış edirlər. Leyli rolunun ifaçıları sırasında xalq artistləri Nəzakət Teymurova, Aygün Bayramova, əməkdar artistlər Gülyaz Məmmədova, Gülüstan Əliyeva və gənc solist Vüsalə Əhmədovanın adlarını çəkmək olar.
“O olmasın, bu olsun”
Azərbaycan Dövlət Musiqili Teatrının repertuarında ən uzunömürlü əsər - premyerası 1998-ci ildə oynanılan dahi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” komediyasıdır. Tamaşasının quruluşçu-rejissoru mərhum sənətkar Vaqif İbrahimoğlu olub. Həmin tamaşada əsas rolları xalq artistləri Hacıbaba Bağırov, Afaq Bəşirqızı, Ramiz Məmmədov, əməkdar artistlər Əkbər Əlizadə, Ələkbər Əliyev, Novruz Əliyev və başqaları ifa ediblər.
Novruz Əliyevin sözlərinə görə, bu tamaşa teatrın tarixində ən çox oynanılan tamaşalar sırasındadır. Sözügedən tamaşa son iyirmi ildə 3 dəfə yenilənib. Belə ki, Vaqif İbrahimoğludan sonra Cənnət Səlimova müxtəlif illərdə 2 dəfə tamaşaya yenidən quruluş verib.
“Əlibaba və Qırx Quldur”
Gənc Tamaşaçılar Teatrında ən uzunömürlü tamaşa uşaq “Əlibaba və Qırx Quldur” tamaşasıdır. Uzun müddətdir ki, uşaqların da sevərək izlədiyi bu tamaşasının 16 yaşı var. İlk dəfə 1999-cu ildə göstərilən əsərin quruluşçu rejissoru əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı Elnur Babayev, musiqi tərtibatçısı isə Fəxrəddin Dünyamalıyevdir. Tamaşada Ş.Əliyeva (əməkdar Artist) - Nağılçı, E.Rüstəmov (əməkdar artist), Elnur Kərimov - Əlibaba, Sevinc Mehrəliyeva - Zeynəb, Elşən Şıxəliyev, Manaf Dadaşov - Qasım, Mehriban Abdullayeva - Fatimə obrazlarını ifa edirlər.
Məşhur ərəb nağılının motivləri əsasında hazırlanmış bu tamaşada Əlibaba xalqı uğrunda mübarizə apardığı üçün qırx quldura qalib gəlir. Rəqs və mahnılarla zəngin olan bu tamaşa həmişə maraqla baxılır.
“Albalı bağı”
Azərbaycan Dövlət YUĞ Teatrının ən yaşlı tamaşası A.P.Çexovun “Albalı bağı” əsəridir. Bu əsərə teatrın baş rejissoru olmuş, mərhum sənətkar Vaqif İbrahimoğlu 2009-cu quruluş verib. Yuğçular Çexovun bu dördhissəli komediyasını “Birinci akt” adı altında futuroloji aksiya kimi təqdim ediblər. Tamaşanın səhnə tərtibatı əməkdar rəssam Rəşid Şerifə məxsusdur. Tamaşada rolları Mətanət Abbasova (Anya), Natəvan Qeybani (Varya), Məmməd Səfa (SemyonovPişşik), Fərhad İsrafilov (Firs), Yaqut Paşazadə (Dunyaşa) və Ruslan Şöhrətoğlu (Yaşa) ifa edirlər.
“Pantomim buketi”
Azərbaycan Dövlət Pantomima Teatrının ən qocaman tamaşası Bəxtiyar Xanızadənin rejissorluğu ilə səhnələşdirilən “Pantomim buketi”dir. Bu tamaşa Pantomima Teatrı yaranan vaxtdan -1994-cü ildən indiyədək repertuardan düşməyib. Teatrın direktoru, əməkdar artist Elman Rəfiyevin sözlərinə görə, tamaşada üç nəsil dəyişikliyi olub. Belə ki, Elman Rəfiyev bu üç nəslin hamısında iştirak edib. İlk dəfə səhnələşdirilərkən tamaşada Rövşən İsax, Pərviz Məmmədrzayev, Qurban Mənsimov, Elnur Abbasquluyev, Elman Rəfiyev, Ofeliya Məmmədova, Siyavuş Hüseynli oynayıb.
“Cik-Cik xanım”

Abdulla Şaiq adına Kukla Teatrının repertuarına nəzər yetirdikdə isə ən uzunömürlü tamaşanın bizim uşaqlıqdan dinləyərək yuxuya getdiyimiz “Cik-Cik xanım” olduğunu gördük. Əli Səmədlinin “Cik-cik xanım” əsərinin əsasında səhnəyə qoyulan tamaşa balaca bir sərçənin yalan danışması üzərində qurulub. Bunu bilən şah onun cəzalandırmaq istəyir, lakin anasının və dostlarının xahişi ilə şah onu bir daha belə hərəkətlər edib, yalan danışıb insanları incitməyəcəyinə söz verdikdən sonra azad edir.
Tamaşanın quruluşçu rejissoru mərhum sənətkar Ələkbər Hüseynov, rəssamı Sənubər Səmədova, bəstəkarı isə Hikmət Mirməmmədlidir. Tamaçanın premyerası 2001-ci il iyunun 30-da keçirilib.
“Turp”
Bakı Uşaq Teatrında isə repertuarda ən yaşlı və hazırda da oynanılan tamaşa teatrın direktoru, rejissor İntiqam Soltanın quruluşunda hazırlanan “Turp” tamaşasıdır. Bu tamaşa 2002-ci ildə səhnələşdirilib. Tamaşada teatrın əsas yaradıcı heyəti rol alıb.
“Olanlardan, keçənlərdən”
Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının “Olanlardan, keçənlərdən” tamaşası ən uzunömürlü tamaşalar siyahısında, birincilərdəndir. Premyerası 28 mart 1985-ci ildə baş tutan bu tamaşa otuz ildir ki, eyni quruluşda repertuarda öz sevilən mövqeyini qoruyub saxlayır. Üzeyir Hacıbəylinin felyetonları əsasında hazırlanmış tamaşanın rejissoru mərhum əməkdar incəsənət xadimi Baba Rzayevdir. Maraqla baxılan tamaşada əsas rolları respublikanın xalq artisti Qabil Quliyev, əməkdar artistlər Adil Zeynalov və Sucəddin Mirzəyev, aparıcı aktyorlardan Miraslan Ağayev, Qızılgül Quliyeva, Niftulla Əsgərov və başqaları ifa edirlər.
“Gözəlləri necə qaçırırlar”
Vətənindən ayrı düşən, tamaşalarını göstərmək üçün hələ ki, sağlam bir binaya sahib olmayan Şuşa Dövlət Musiqili Dram Teatrının isə ən yaşlı tamaşası Bilal Apayevin “Gözəlləri necə qaçırırlar”dır. Bu tamaşaya ilk dəfə 1998-ci ildə quruluş verilib. Teatrın veteran tamaşasının quruluşçu rejissoru Kəmalə Məcidova, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Leyla Qarayevadır. Səhnə əsərində əsas rollarda əməkdar artistlər Şükufə Musayeva, Azad Məmmədov, aktyorlar Püstəxanım Zeynalova, Məmməd Məmmədov, Etibar Cəfərov və başqaları çıxış ediblər.
“Məhəbbət, şeytan və ağ ölüm”
İrəvan Dövlət Dram Teatrında ən uzunömürlü tamaşa Marat Haqverdiyevin “Məhəbbət, şeytan və ağ ölüm” əsəridir. Firudin Məhərrəmovun quruluşunda hazırlanan tamaşanın premyerası 2004-cü il mayın 15-də keçirilib. Tamaşada Arif Quliyev, Süleyman Nəcəfov, Yasəmən Məmmədova, Rəşad Səfərov rol alıb.
Bu tamaşa bir neçə il oynanıldıqdan sonra yenidən bərpa edilib. Oruc İzzətoğlu tərəfindən yeni quruluşda hazırlanan tamaşa bu günə qədər repertuarda sevilərək oynanılır.
“Müsyo Jordan və Dərviş Məstələi şah”
Sumqayıt Dövlət Musiqili Dram Teatrının baş rejissoru Firudin Məhərrəmovun sözlərinə görə, teatrın repertuarında yer alan ən uzunömürlü tamaşa M.F.Axundzadənin “Müsyo Jordan və Dərviş Məstələi şah” komediyasıdır. Sumqayıt Teatrı ilk dəfə 1969-cu ildə öz pərdəsini məhz bu tamaşa ilə açıb. Daha sonra sözügedən tamaşa xalq artisti Cənnət Səlimovanın quruluşunda səhnələşdirilib. 1992-ci ildən teatrın repertuarında olan bu tamaşa M.F.Axundovun 200 illiyi ilə əlaqədar olaraq 2012-ci ildə F.Məhərrəmovun quruluşunda 3-cü dəfə tamaşaya qoyulub. Tamaşada rolları əməkdar artist Fərqanə Hüseynova, İlahə Səfərova, İlham Səfərov, Oqtay Mehdiyev, Akif Mirzəyev və başqaları ifa edir. Tamaşanın bəstəkarı Telman Qəniyevdir.
“Xəsis”
Şəki Dövlət Dram Teatrının ən yaşlı tamaşası Molyerin “Xəsis” komediyasıdır ki, bu tamaşa 2008–ci ildə hazırlanıb. Komediya Şəki Teatrının baş rejissoru Mirbala Səlimli tərəfindən hazırlanıb. Tamaşanın rəssamı, əməkdar rəssam Qüdrət Məmmədov, musiqi tərtibatçısı İlqar Saatov və Mirbala Səlimlidir. Tamaşada əsas rolları Əbülfət Salahov, Xanlar Həşimzadə, Aydın Əlibalayev, Çingiz Novruzəliyev, Akif Yusifov, Rəşad Əsgərov, Rəhim Qocayev, Pərviz İsmayılov, Sima Şabanova və başqaları oynayır.
“Məhəbbətin qənimi”
Gəncə Dövlət Dram Teatrında isə Xəzəngül Hüseynovanın “Məhəbbətin qənimi” pyesi əsasında hazırlanan eyni adlı tamaşa cari teatrın repertuarında oynanılan ən yaşlı tamaşa kimi tarixə düşüb. Belə ki, sözügedən tamaşa 2000-ci ildə hazırlanıb. Faiq Qasımovun quruluş verdiyi bu tamaşa artıq 19 ildir ki, teatr səhnəsində oynanılır. Tamaşada respublikanın xalq artisti Pərvanə Qurbanova, əməkdar artist Ramiz Vəliyev, aktyorlar Salam İsmayılov, Laləzar Ocaqquluyeva və digərləri rol alıblar.
“Eşq və İntiqam”
Mingəçevir Dövlət Dram Teatrının ən qocaman tamaşası 1980-ci ildə tamaşaya qoyulan Süleyman Sani Axundzadənin “Eşq və İntiqam” əsəridir. Tamaşanın quruluşçu rejissoru Zülfüqar Abbasovdur. İlk tamaşadan əsas obrazları ifa edən aktyorlar - əməkdar artist Akif Mirabov, Ema Yaqubova, Şıxı Yaqubov bu gün də həmin rolları ifa edirlər. Tamaşaya bu günə qədər heç bir müdaxilə edilməyib. Dekorasiya, səhnə tərtibatı əvvəlki kimi qalıb.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər