• cümə axşamı, 25 aprel, 01:34
  • Baku Bakı 19°C

Hər şey özümüzdən və sosial məsuliyyətimizdən asılıdır

01.06.20 18:13 743
Hər şey özümüzdən və sosial məsuliyyətimizdən asılıdır
Hər kəs özünü, yaxınlarını və digərlərini qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməlidir

Bir neçə aydır ki, bütün ölkələrin gündəmini zəbt edən əsas məsələlərdən biri pandemiyadır. Dünyanı bürüyən virus hər gün fərqli ölkələrdən yüzlərlə insanın canını alır. Təəssüf olsun ki, bu hal ölkəmizdə də müşahidə olunur. Bütün bunları nəzərə alaraq, Azərbaycan dövləti infeksiya ilə mübarizə sahəsində bütün zəruri tədbirləri həyata keçirir. Məhz bunun nəticəsində ölkəmizdə pandemiya ilə əlaqədar məsələləri ciddi nəzarətdə saxlamaq, virusun geniş yayılmasının qarşısını almaq və insanların həyatını maksimum şəkildə qorumaq mümkün olub.
Karantin rejimi dövründə yoluxma hallarının sayı minimuma endirilib, xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalanların sayı yeni yoluxma hallarının sayını kəskin üstələyirdi. Amma xüsusi karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırılandan sonra, yeni yoluxma hallarının sayında artım müşahidə olunmağa başladı, əldə edilmiş pozitiv nəticəni qoruyub saxlamaq mümkün olmadı. Hazırkı dövrdə pandemiya ilə səmərəli mübarizə bilavasitə vətəndaşların davranışı və məsələyə məsuliyyətlə yanaşmasından, eləcə də fəaliyyətinə icazə verilən sahələrdə rəhbər şəxslərin karantin rejimi qaydalarına riayətdən birbaşa asılıdır. İctimai yerlərdə, iaşə obyektlərində xəstəlikdən qorunmaq üçün qaydalar işlənilib hazırlanıb. Həmin obyektlərin sahibləri, vətəndaşlar bu qaydaları mütləq yerinə yetirməlidir. Hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməlidir.
Pandemiya vəziyyəti hələ də davam etdiyindən və COVID-19 infeksiyasının müalicəsi üçün zəruri dərman preparatı, eyni zamanda bu xəstəliyə qarşı peyvənd tapılmadığından virusla mübarizə hər kəsin gündəlik həyat tərzinə çevrilməlidir. Amma təəssüf ki, bəziləri qoyulan qaydalara əməl etmir, fərdi qoruyucu vasitələrdən istifadə etmir. Bu da təbii ki, yoluxma riskini və sayını artırır. Qeyd edək ki, ayrı-ayrı ölkələrdə qaydaların pozulmasına, xüsusilə fərdi qoruyucu vasitələrdən istifadə etməməyə görə yüksək məbləğdə cərimələr, hətta həbs cəzası da tətbiq olunur. Bu cərimələr artıq Azərbaycanda da tətbiq edilməyə başlayıb.
Belə ki, Milli Məclisin 31 may tarixində keçirilən plenar iclasında pandemiya dövründə maska taxmamağa görə cərimələri müəyyən edib və bununla bağlı İnzibati Xətalar Məcəlləsində dəyişiklik müzakirəyə çıxarılıb. Dəyişikliyə əsasən, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamağına görə - fiziki şəxslərə əlli manat məbləğində, vəzifəli şəxslərə yüz manat məbləğində, hüquqi şəxslərə iki yüz manat məbləğində cərimənin tətbiq olunması ilə bağlı qanun qəbul edilib.
Görünən odur ki, virusla yaşamağı öyrənməli və qoyulan bütün tələblərə əməl etməliyik. Maraqlıdır, pandemiyanın ikinci dalğasının yaşanmamağı üçün cəmiyyətdə hansı işlər görülməlidir?

Milli Məclisin deputatı Kamran Bayramov bildirib ki, insanların kütləvi şəkildə toplaşdığı qapalı və açıq hava məkanlarında karantin rejiminin tətbiqi ilə bağlı şərtlərə yenidən baxılmalı, əhali arasında sosial məsafə tələbi ən geniş şəkildə təbliğ olunmalıdır: "Koronavirusun yayılması ilə bağlı hökumətin son günlərdə səsləndirdiyi rəqəmlər Azərbaycanda pandemiyanın ikinci dalğasının olması ehtimalını ciddi şəkildə artırır. Çox təəssüf ki, karantin rejiminin yumşaldılmasını ölkəmizdə pandemiya təhlükəsinin tam səngiməsi, bu virusdan tam qurtulması kimi qəbul edənlər var və onların sayı da az deyil. Sosial şəbəkələrdə "koronavirus yoxdur”, "koronavirus siyasi-iqtisadi oyundur”, "koronavirus dövlətlərin vətəndaşlara qarşı repressiv tədbirlər görməsi üçün bəhanədir” kimi açıqlamaları paylaşanlar anlamırlar ki, bu cür fikir və bəyanatlar ictimaiyyətdə çaşqınlıq yaradır, aidiyyəti qurumlarımızın pandemiya ilə apardığı mübarizənin səmərəliliyinə təsir göstərir. Nəticədə bəzi insanlarımız belə yanlış fikirlərə inanaraq arxayınlaşır, sanitar-gigiyenik qaydalara məhəl qoymur, tibbi maskalardan və dezinfeksiya vasitələrindən istifadə etmirlər. Azərbaycan hakimiyyəti, dövlət qurumları və həkimlərin müstəsna əməyi nəticəsində koronavirusa yoluxma miqyasının maksimal dərəcədə məhdudlaşdırılmasına nail olunub. Lakin ölkədə pandemiyaya yoluxmaların sayının azaldılması və vəziyyətin nəzarətdə saxlanması üçün dövlət qurumları tərəfindən mövcud qanunvericilik çərçivəsində müvafiq sərt addımların atılması olduqca zəruridir”.

«İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qeyd edib ki, bu gün əsas məsələlərdən biri də maarifləndirmə işinin aparılmasıdır: "Hər kəs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da bu fəaliyyətə çağırmalıdır. Nəzərə alaq ki, ölkəmizpandemiya dövründə digər tədbirlərlə yanaşı, tibbi maska çatışmazlığının yaşanmamağı üçün ikimüəssisənin istifadəyə verilməsinənail oldu. Müsbət nəticələrin davamlılığını təmin etmək üçün maarifləndirmə işləri daha geniş vüsət almalıdır”
V.Rəhimzadə bildirib ki, sosial məsuliyyətin artırılması, ictimai nəzarətin gücləndirilməsi bütün cəza tədbirlərinin ən önəmlisidir: «Hər kəs özünə və doğmalarına, ətrafındakı insanlaradiqqət və qayğısını nizam-intizam qaydalarına riayət etməklə nümayiş etdirə bilər. Sosial məsafənin qorunması,tibbi maskalardan istifadə edilməsi, gigiyena qaydalarına əməl olunması bu dəstəyimizin ən yüksək ifadəsi olar. Artıq ölkəmizdə də epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı qoyulan qanunları pozanlar üçün cərimələr müəyyənləşdirilib. Bu cərimələr sosial məsuliyyət hissinin artırılmasına necə təsir edəcəyini növbəti dəfə açıqlanacaq statistik rəqəmlər göstərəcək. Reallıq budur ki, Azərbaycan pandemiya təcrübəsi ilə dünyaya nümunədir”.
Günel Azadə








banner

Oxşar Xəbərlər