• cümə, 29 Mart, 18:51
  • Baku Bakı 14°C

“Hər şey səbəb və məqsəddən doğa bilər”

15.06.16 11:24 2325
“Hər şey səbəb və məqsəddən doğa bilər”
Bir neçə gün öncə ABŞ-ın Florida ştatının Orlando şəhərində yerləşən "Pulse” gecə klubunda baş verən atışma zamanı 50 nəfər ölüb, 53 nəfər yaralanıb. Bu olayın 1986-cı il təvəllüdlü Omar Martin tərəfindən törədildiyi məlum olub. ABŞ prezidenti Barak Obama homoseksualların əyləncə mərkəzində törədilən bu hadisənin terror aktı olduğunu bəyan edib. Hadisədən sonra terror aktının məsuliyyətini İŞİD terror qruplaşması öz üzərinə götürüb. 11 sentyabr 2001-ci ildə Nyu-York şəhərində yerləşən "World Trade Center”in (Dünya Ticarət Mərkəzi) terrorçu kamikadzelərin hücumu ilə dağıdılmasından sonra bu olay ABŞ-da yaşanan ilk dəhşətli terror kimi də qələmə verilir. Həmin terror zamanı 3 min insan həyatını itirmişdi. Dünyanın super dövləti sayılan Amerikada törədilən terror aktı, bu hadisəyə fərqli baxış və digər məsələlərlə bağlı "Kaspi”nin suallarını sabiq təhlükəsizlik zabiti, politoloq Arzu Nağıyev cavablandırır.
- Arzu müəllim, Türkiyədə silsilə terror aktlarından sonra belə hadisələr Avropaya da ayaq açdı. Bu günlərdə isə ABŞ-da 50 nəfərin ölümü ilə nəticələnən terror yaşandı. Bütün bu hadisələr arasında hər hansı əlaqə varmı?
- Bütün bu terror aktlarının arasında paralellik olsa da, bunlar müxtəlif səbəb və məqsədlərdən baş verib. Türkiyədə PKK və ona bağlı təşkilatlar tərəfindən törədilən terror aktları konkret olaraq, ölkədə hakimiyyətin zəiflədilməsinə hesablanıb. Amerikada yaşanan son terror olayı isə bir şəxs tərəfindən törədilib. Omar Martin adlı şəxs həm terror aktının təşkilatçısıdır, həm də iştirakçısı. Bu gün onun hansısa terror təşkilatına aid edilməsi hələlik sual altındadır. Bunu sübuta yetirmək üçün müvafiq əməliyyat-axtarış tədbirləri görülməlidir. Hər hansı bir məsələ belə bir sonluqla nəticələnəndə 3 versiya irəli sürülə bilər. İki versiya terrorçunu günahlandıran versiyadır. Üçüncü versiya isə onun lehinə olandır. Bu il Amerikada seçkilər ilidir. Son vaxtlar müsəlman və müsəlmançılıq, qrup məsələləri gündəmdə olduğu üçün seçki dönəmində bundan məharətlə istifadə olunur. Təbii ki, Barak Obama səviyyəsində xüsusi xidmət orqanları bu məsələləri müzakirə edirlər. Bunun nəticəsidir ki, Amerika prezidenti də Orlando şəhərində baş verənləri terror kimi qəbul edir. Sonradan İŞİD, Əl-Qaidə və sair təşkilatlar məhz 50 nəfərin ölümü ilə nəticələnmiş hadisəyə görə məsuliyyəti öz üzərlərinə götürməklə bir daha gündəmdə qalmağa çalışırlar.
- ABŞ İraqdan qoşunları çıxarıb, Əfqanıstanda amerikalı hərbçilər ixtisar edilib, rəsmi Vaşinqton Suriyaya qoşun yeritməyib. Buna rəğmən, terror ABŞ-ı, Avropanı, bütünlükdə Qərb sivilizasiyasını hədəf seçib. Sizcə, nə səbəbdən törədilir bu terror aktları?
- Nə qədər söyləsələr də Amerika Əfqanıstandan, İraqdan qoşunlarını çəkir, guya həmin ölkələrdə onların qoşun hissələri yoxdur, bu, inandırıcı görünmür. Hazırda dünyada nüfuz müharibəsi gedir. Bir sıra layihələrin həyata keçirilməsi zamanı hətta terrordan da ustalıqla istifadə edilir. Gəlin görək, terror aktları nə deməkdir? Birinci halda bu, cəmiyyətdə hakimiyyətin zəifliyini nümayiş etdirməkdir. İkincisi, hakimiyyətə qarşı güc işlətmək, aktiv itaətsizlik göstərmək, tabe olmamaqdır. Bundan başqa, terror əsasən hakimiyyətə qarşı müxalif fikirlərin yaranmasına xidmət edir. Müxalif kimi isə terrorçu təşkilat çıxış edir. Eyni zamanda, ölkənin siyasi kursunun radikallaşmasına, avtoritar idarə etməyə də xidmət edir. Bu kimi bir çox səbəbləri saymaq olar. Beləliklə də istər aşkar, istər gizli şəkildə terror hadisələri törədilir. Terror təşkilatlarının dünyada təxmini sayı 13 və ya 14-dür. Bu siyahını dəqiqləşdirmək olduqca çətindir. Lakin ümumi məqsədinə görə terrorizm eyni amala xidmət edir. Bu, millətçi, dini, separatçı, yaxud dini və ya dünyəvi quruluşun dəyişməsi mahiyyəti daşıya bilər. İdeoloji və sosial yönümlü terrorizm də mövcuddur. Ölkənin siyasi sistemini qismən və ya tam dəyişdirilməsi, yaxud inqilabi terrorizm də adlandırmaq olar bunu. Bu əməllərin hər biri Avropada və ya Şərqdə, yaxud da ərəb dövlətlərində müxtəlif metodlarla həyata keçirilir.
- Bəzi ekspertlər iddia edirlər ki, Amerikanın "dərin dövlət”i Donald Trampı hakimiyyətə gətirmək istəyir və buna görə də Hillari klintonun şansını azaltmaq üçün Orlando şəhərində terror aktı təşkil edilib. Bu versiya nə dərəcədə inandırıcıdır?
- Mən bu kimi fikirləri qətiyyən bölüşmürəm. Bu gün Donald Trampın Amerika prezidenti olması, dövlət başına gəlməsi təkcə ABŞ ictimaiyyətini deyil, hətta ən güclü qüvvələrdən sayılan hərbçiləri də ayağa qaldıra bilər. Eyni zamanda, Trampın prezident seçilməsi ABŞ-da irqçilik, millətçilik, dini ayrı-seçkilik məsələlərini də ayaqlandıra bilər. Dünyada təxminən 240 milyon miqrant kütləsi varsa, onun 40-50 milyonu Amerikadadır. ABŞ dünya üzrə ən çox miqrant qəbul edən ölkələrdən biridir. Belə olan halda miqrantların əleyhinə siyasət aparmaq, hansı super dövlət olmasına baxmayaraq, ona qarşı qorxulu missiyadır. Ona görə də inandırıcı deyil ki, Orlandoda terroru Trampı prezident seçdirmək üçün təşkil ediblər. Lakin o da faktdır ki, seçki ərəfəsində bu hadisədən də kimlərsə istifadə edə bilər.
- Son terror olayından sonra Amerikanın daxili və xarici siyasətində, xüsusən də irqi-dini ayrı-seçkilik zəmində hər hansı dəyişiklik baş verə bilərmi?
- Ümumiyyətlə, müasir terrorun maliyyə mənbəyinə baxanda burada bir çox dövlətlərin, kölgə iqtisadiyyatının, fərdi şəxslərin maraqları, rolu üzə çıxır. Bundan sonra da belə maraqlar olacaq. Onların hər birinin də öz məqsədləri və fikirləri var. Orlandodakı terrorda da müxtəlif dairələr öz maraqlarını güdürlər. Bu maraqlardan çıxış edərək də gələcəkdə varlanırlar. Hər şey səbəb və məqsəddən doğa bilər.
- Nə üçün Türkiyədə terror törədiləndə prezident Rəcəb Təyyub Ərdoğan günahkar bilinir, amma Qərb ölkələrində eyni hadisə baş verən kimi İslam hədəf seçilir?
- Qərb bu gün Türkiyə prezidentinin yürütdüyü siyasəti həzm edə bilmir. Müxtəlif variantlarla bunu büruzə verirlər. Hətta Almaniya Bundestaqında uydurma soyqırımı ilə bağlı qəbul edilən qərarla da sübuta yetirmək istəyirlər ki, münasibətlərin bu formaya çatdırılmasında Rəcəb Təyyub Ərdoğan günahkardır. Həmin sənəd səsverməyə çıxarılarkən Bundestaqdakı türk əsilli deputatlardan yalnız biri istisna olmaqla, qalan hamısı həmin sənədin lehinə səs verdilər. Bununla göstərirlər ki, hətta türk əsilli deputatlar da Ərdoğanın əleyhinədirlər. Bütövlükdə bu hadisələr sadəcə Ərdoğana qarşı deyil, ümumilikdə Türkiyəyə və İslam dünyasına qarşı həyata keçirilən totalitar addımların bir qismidir.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər