• şənbə, 20 Aprel, 08:08
  • Baku Bakı 14°C

“Hər şey geyimin içindəki qadından asılıdır”- Uğur hekayəsi

17.02.17 09:30 4777
“Hər şey geyimin içindəki qadından asılıdır”- Uğur hekayəsi

Ona görə, işləmək ,əziyyət çəkmək o qədər önəmlidir ki… Hətta yaradıcısı olduğu "M.Fashion School” dəb məktəbinin divarına öz əlləri ilə bu sözləri yazıb: "Atam, işləməyən dişləməz”. Deyir ki, bəzən insanlar nəticə görmür, yorulur və dayanır. Halbuki, çox az qalmışdı. Uğur qazanacağın nöqtə həmişə o çətinliyin sonundadır. Onun fikrincə, səbir etmək lazımdır. Müsahibimiz "M.Fashion School” dəb məktəbinin yaradıcısı və direktoru, "Modamaniya” onlayn dəb jurnalının (modamaniya.com) baş redaktoru Pərvin Bağırovadır.
- Necə oldu modaya marağınız yarandı?
- Desəm ki, "uşaqlıqdan”, şablon alınacaq. Lakin həqiqətən bu sevgi uşaqlıqdan, təxminən 3-4 yaşımdan başlayıb. Bu yaşlarımda "Barbi” gəlinciklərinin donlarını soyundurub, öz düzəltdiyim qəribə geyimləri geyindirərdim. Məktəbdə oxuyarkən isə artıq nə istədiyimi, kim olmaq istədiyimi bilirdim və heç vaxt bu istək dəyişmədi.
- Kiçik yaşlarınızdan modaya, belə deyək, incəsənətə meyliniz olubsa, nə üçün Azərbaycan Dillər Universitetini seçdiniz?
- Valideynlərimin istəyi ilə Dillər Universitetini seçdim. Əslində mən sənədlərimi Mədəniyyət və İncəsənət Universitetinə vermək istəyirdim. Valideynlərimin istəyini həyata keçirsəm də, sonda öz istədiyim sahədəyəm.

- Siz özünüz necə geyinməyi sevirsiniz?
- Mən əsasən qarışıq stillərdə geyinirəm. Stilim yeniyetməlikdən özünü tapıb. Öz-özlüyündə həyatımı, xarakterimi tam əks etdirən bir tərz yaranıb. Əsasən, 1920-ci illər qotik, rok, 1970-ci illər və bohemian tərzlərinin qarışığıdır. Bir də yeri gəlmişkən, qeyd edim ki, qarışıq tərzi olanlar eklektik stil qrupuna daxildirlər.
- Müşahidə etməmiş olmazsınız. Karyerasında uğur qazanan xanımlar adətən necə geyinirlər?
- Bizdə daha çox klassik geyinirlər. Bu, onlara özgüvən hissi verir. Belə düşünürəm ki, bu seçim daha ciddi və iş xanımı kimi qəbul edilmək istəyindən irəli gəlir.
- Xanımlarımızdan danışdıq. Bəs Azərbaycan kişiləri necə, əksəriyyət olaraq dəbə meyllidirlər?
- Bu mövzu daha maraqlıdır. Çünki kişi modasında xeyli dəyişiklik gedib, deyərdim, hətta möhtəşəm inqilab olub. Artıq kişilər daha sərbəstdir, şablon geyimlərdən çıxa biliblər. Əvvəllər, qəbul edilməz elementlər indi çox adiləşib. Dəblə maraqlanan bloqerlər çoxalıb. İstədikləri rəngi, printi, elementi daşıya bilirlər.
- Son ənənəvi sualımızın növbəsi gəldi: uğur sirriniz nədədir?
- Hər bir uğurlu insan üçün bu, fərqli və individualdır. Mənim karyera ilə bağlı ən böyük həyat fəlsəfəm belədir: sevdiyin işi gör və sevərək gör, mütləq uğur qazanacaqsan.
Çox dərin ehtirasla istəmək, arzulamaq, inanmaq, çalışmaq, çalışmaq, çalışmaq - bəli, 3 dəfə çalışmaq və heç vaxt arzularından vaz keçməmək lazımdır.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər