AZE | RUS | ENG |


“Hər şey geyimin içindəki qadından asılıdır”- Uğur hekayəsi

“Hər şey geyimin içindəki qadından asılıdır”- Uğur hekayəsi
“M.Fashion School” dəb məktəbinin yaradıcısı və direktoru Pərvin Bağırova deyir ki, dünyanı dəlicəsinə, ehtirasla işləyən insanlar dəyişir


Ona görə, işləmək ,əziyyət çəkmək o qədər önəmlidir ki… Hətta yaradıcısı olduğu "M.Fashion School” dəb məktəbinin divarına öz əlləri ilə bu sözləri yazıb: "Atam, işləməyən dişləməz”. Deyir ki, bəzən insanlar nəticə görmür, yorulur və dayanır. Halbuki, çox az qalmışdı. Uğur qazanacağın nöqtə həmişə o çətinliyin sonundadır. Onun fikrincə, səbir etmək lazımdır. Müsahibimiz "M.Fashion School” dəb məktəbinin yaradıcısı və direktoru, "Modamaniya” onlayn dəb jurnalının (modamaniya.com) baş redaktoru Pərvin Bağırovadır. 
 
- Necə oldu modaya marağınız yarandı?
- Desəm ki, "uşaqlıqdan”, şablon alınacaq. Lakin həqiqətən bu sevgi uşaqlıqdan, təxminən 3-4 yaşımdan başlayıb. Bu yaşlarımda "Barbi” gəlinciklərinin donlarını soyundurub, öz düzəltdiyim qəribə geyimləri geyindirərdim. Məktəbdə oxuyarkən isə artıq nə istədiyimi, kim olmaq istədiyimi bilirdim və heç vaxt bu istək dəyişmədi. 
 
- Kiçik yaşlarınızdan modaya, belə deyək, incəsənətə meyliniz olubsa, nə üçün Azərbaycan Dillər Universitetini seçdiniz?
- Valideynlərimin istəyi ilə Dillər Universitetini seçdim. Əslində mən sənədlərimi Mədəniyyət və İncəsənət Universitetinə vermək istəyirdim. Valideynlərimin istəyini həyata keçirsəm də, sonda öz istədiyim sahədəyəm. 
 


- Geyim mağazası, dil kursu, turizm agentliyi, jurnal… Deyəsən, özünüzü tapana kimi uzun yol keçmiş, müxtəlif sferalarda özünüzü sınamısınız...
- Qeyd etdiyim kimi, özümü əslində çoxdan tapmışdım. Çünki nə istədiyimi yaxşı bilirdim, amma, məqsədlərimə çatana kimi uzun yol keçməli, müxtəlif sahələrdə çalışmalı oldum. Heç nə asan və göründüyü kimi deyil. İnsanlar yalnız nəticəni görür, o nəticəni alana kimi sənin gecə-gündüz çəkdiyin əziyyəti isə bilmirlər.

- Məşğul olduğunuz sahəyə dərindən yiyələnmək üçün necə oldu Nyu-York, İtaliya, Türkiyədə təhsil almaq qərarına gəldiniz? 
- Öz istedadıma həmişə güvənmişəm, lakin həmişə təhsilin çox vacib olduğunu deyirəm. Mənim üçün bu sahənin dərinliklərini bilmək, məndən öncə buna sahiblənən müəllimlərdən öyrənmək çox önəmli idi. Əslində Nyu-York təhsilim məsafəli kurs olub, lakin Türkiyə, İtaliyada oldum və böyük təcrübə qazandım. Düşünürəm ki, təhsil və inkişafın nə yaşı, nə də zamanı var. Aldığım təhsillə indi də  kifayətlənmirəm və bu sahədə biliyimi necə artırmaq, hansı ölkədə kurs götürmək barədə düşünürəm ki, öyrəndiklərimi qayıdıb öz ölkəmdə tətbiq edim, cəmiyyətimizə faydalı olum.
 

 
- "M.Fashion School” dəb məktəbinin yaranma tarixçəsi maraqlıdır…
- İxtisasca dizayner olsam da, kolleksiyam yoxdur. Moda pulu sevir. Mən isə çox perfektsionist (mükəmməliyyətçi – L.M.) olduğum üçün möhtəşəm bir brend yaratmağı planlayırdım, bunun üçün istədiyim kapital olmadı. Mən də öyrətmək qərarını verdim. Onsuz da istədiyim brendi quracam. Amma imkanı olan xanımlar bunu məndən öncə edə bilərlər və bununla da moda sənayemiz inkişaf edər. Niyə də yox ? İdeyaları, şəraiti olan, ancaq işi bilməyənlərə bu sahədə baza biliklərini öyrətməyin yaxşı təkan olacağını düşündüm. Beləcə, "M.Fashion School” yarandı. Öncə kiçik bir otaqdan başladıq, indi isə həm otaqlarımızın, həm də məzunlarımızın sayı çoxdur. Çox böyük ümidlə onlardan nəticə gözləyirəm.
 
- "M.Fashion School”u xəyallarınızın gerçəkləşdiyi yer adlandırmaq olarmı?
- Təsəvvür edin, universitet illərində özüm üçün "Xəyallar lövhəsi” yaratmışdım. Yaxınlarda ona baxırdım. Orada arzularımdan biri kimi məhz moda məktəbi açmağı yazmışam.
 
- Bu məktəbdə hansı xidmətlər təklif edilir?
- Biz əsasən dəb dizayneri olmaq istəyənlər üçün eskiz, ülgü çıxartma, tikiş, stilistika dərslərini təklif edirik. İndi planlarımız daha böyüyüb, tezliklə yeni sahələr də xidmətlərimiz sırasına daxil olacaq.
 

 
- Məktəbin divarlarından birində belə bir yazı var: "Atam, işləməyən dişləməz”. Amma bəzən bunun əksini görürük...
- Bu sözləri öz əlimlə yazmışam. Mənə görə, işləmək ,əziyyət çəkmək o qədər önəmlidir ki… Bəzən insanlar nəticə görmür, yorulur və dayanır. Halbuki, çox az qalmışdı. Uğur qazanacağın nöqtə həmişə o çətinliyin sonundadır. Səbir etmək lazımdır. Gecə-gündüz işləyirsən və nəticə yoxdursa, demək, nəsə doğru deyil, nəyisə düz etmirsən, enerjin doğru yolda deyil. Bəzən sevmədiyin sahə üçün  işləmək, "dişləməyə” gətirib çıxartmır. Çünki işi sevmirsənsə, çalışsan da olmayacaq. 
Düzdür, bəzən "işləməyənlərin dişlədiyini” görürük, amma inanın, dəlicəsinə, ehtirasla işləyən insanlar dəyişir dünyanı. Əksini yaşayanlar, sadəcə, həyat sürürlər. Onlara fikir verməmək lazımdır. Öz yolunda getməlisən, heç kimə baxmadan, önəmsəmədən. Əlbəttə, səndən öncə daha yaxşı şəraitdə doğulan olacaq, sənin etmək istədiyini daha tez edəcək. Bu, normaldır. Onlara baxaraq motivasiyadan düşməkdənsə, öz sürdüyün velosipedə sahiblənib yarışı qazanmalısan. Həmişə velo yarışlarının çox xoşuma gəldiyini deyirəm. Çünki iştirakçı başını bir az yana əyib arxaya baxsa, büdrəyəcək, yıxılacaq. Burada önünə baxıb rəqiblərini görmədən gedənlər qalib olur. Bunu həyata da tətbiq edəndə eyni nəticəni almaq olur. İnanın, yuxusuz gecələrin və sabahların mütləq nəticəsi var. İşləyən həmişə dişləyəcək. Buna əminəm!
 

 
- İşiniz geyimlə bağlıdır. İnsanın geyiminə baxanda onun necə bir tip olduğuna qərar verə bilirsiniz?
- Əksər hallarda bəli, lakin insanlar ətraf mühitdən asılı olaraq geyim tərzlərini bəzən içlərindən gəldiyindən fərqli edəndə bunu demək çətinləşir.
 
- Sizin üçün dəb nədir?
- Dəb əslində bizi əhatə edən, həyatımıza ən çox təsir edən bir sferadır. Hər yerdə, hər şeydə onun izi var. Mənim üçün isə əlbəttə, daha fərqlidir: çünki bu sahədə sırf həyat missiyalarım toplanıb.
 
- Bir çox ölkələrdə olmusunuz. Azərbaycan xanımlarının dəblə arası necədir?
- Əslində bizə yaxın olan ölkələrdən başlasaq, gürcü xanımlarının geyimlərini bəyənirəm, Avropada isə əlbəttə, İtaliya, Milan. Azərbaycanda zəmanəmiz bizə dəblə bağlı daha çox seçim bəxş edir, amma yenə də xanımlarımızın ən böyük problemi cəmiyyətin fikrindən asılılıqdır. Bu, kompleksə gətirib çıxarır. Kompleks isə özgüvəni aşağı salır. Özünə güvəni olmayan qadın isə ən bahalı markadan geyinsə belə, gözəl, tərzli görünməyəcək. Yəni bunlar zəncirvari bir prosesdir.
 
- Dəblə ayaqlaşmayan, heç dəbi izləməyən xanımlara münasibətiniz və sözünüz...
- Əslində geyim sektorunda dəblə ayaqlaşmaq, yəni trendlərə uymaq məcburi deyil. Lakin dəb yalnız geyimdə olmadığı üçün (məsələn, texnologiyada da dəb var – P.B.) günlük həyatımızın hər məqamında hər gün nəsə dəbə gəlir, bundan qaçmaq mümkün deyil, məncə. 1980-ci illər və ya 1990-cı illərə baxsaq, dəbi izləməyən insanlar belə nələrisə dəyişmək məcburiyyətində olub. Əsrimiz sürətli moda əsri olduğu üçün dəbi izləmək qaçılmazdır.
 
- Çox bahalı paltarlar almadan da, dəblə ayaqlaşmaq mümkündür, yoxsa dəblə ayaqlaşmaq istəyənin mütləq pulu olmalıdır?
- Əslində pul moda sferasında çox önəmli yer daşıyan faktordur. Lakin ucuz bir "T-Shirt” ilə də tərzli və ya şux görünmək olar. Hər şey geyimin içindəki qadından asılıdır. Təbii ki, bir də geyim elementlərini doğru birləşdirmək də burada rol oynayır.
 
- Stil və dəb. Hansı daha vacibdir?
- Stil. Çünki stil bizim həyat tərzimizdir. Bizim necə bir insan olduğumuzu, daxili aləmimizi sözsüz əks etdirən məhz stildir. İnsanın öz stilinin olması həyatında ona çox təsir edir, tanış olduğu insanlardan tutmuş, gələcəkdə atacağı addımlara qədər... Bir də stili olan və bunu daşıyan insanlar özlərinə daha çox güvənli olurlar.
 
- Bizdə belə bir misal var. "İnsanı geyiminə görə qarşılayıb, ağlına görə yola salarlar”. Doğurdanmı belədir?
- Təəssüf ki, bu, belədir. Düşünün, bir insan çox savadlı, təcrübəlidir. İş görüşməsinə doğru geyinib getmədiyi üçün ilk baxışdan 1-0 uduzacaq. Məsələn, mənim öz tərzim çox fərqlidir, bunun fərqindəyəm. Amma vacib bir iş görüşünə hər halda klassik dəst geyinəcəm. Əks halda, o görüşdən müsbət nəticə almaq çətinləşir. Buna görə bizim cəmiyyətdə hər an özün olmaq mümkün deyil. Məsələn, lüks restoran sənin geyiminə görə səni daha "ürəksiz”  qarşılaya bilər. Lakin bunlara o qədər də önəm verməyək. Axı sonda ağıl qalib gəlir.


 
- Siz özünüz necə geyinməyi sevirsiniz? 
- Mən əsasən qarışıq stillərdə geyinirəm. Stilim yeniyetməlikdən özünü tapıb. Öz-özlüyündə həyatımı, xarakterimi tam əks etdirən bir tərz yaranıb. Əsasən, 1920-ci illər qotik, rok, 1970-ci illər və bohemian tərzlərinin qarışığıdır. Bir də yeri gəlmişkən, qeyd edim ki, qarışıq tərzi olanlar eklektik stil qrupuna daxildirlər.
 
- Müşahidə etməmiş olmazsınız. Karyerasında uğur qazanan xanımlar adətən necə geyinirlər? 
- Bizdə daha çox klassik geyinirlər. Bu, onlara özgüvən hissi verir. Belə düşünürəm  ki, bu seçim daha ciddi və iş xanımı kimi qəbul edilmək istəyindən irəli gəlir. 
 
- Xanımlarımızdan danışdıq. Bəs Azərbaycan kişiləri necə, əksəriyyət olaraq dəbə meyllidirlər?
- Bu mövzu daha maraqlıdır. Çünki kişi modasında xeyli dəyişiklik gedib, deyərdim, hətta möhtəşəm inqilab olub. Artıq kişilər daha sərbəstdir, şablon geyimlərdən çıxa biliblər. Əvvəllər, qəbul edilməz elementlər indi çox adiləşib. Dəblə maraqlanan bloqerlər çoxalıb. İstədikləri rəngi, printi, elementi daşıya bilirlər.
 
- Son ənənəvi sualımızın növbəsi gəldi: uğur sirriniz nədədir?
- Hər bir uğurlu insan üçün bu, fərqli və individualdır. Mənim karyera ilə bağlı ən böyük həyat fəlsəfəm belədir: sevdiyin işi gör və sevərək gör, mütləq uğur qazanacaqsan.
Çox dərin ehtirasla istəmək, arzulamaq, inanmaq, çalışmaq, çalışmaq, çalışmaq - bəli, 3 dəfə çalışmaq və heç vaxt arzularından vaz keçməmək lazımdır.
Lalə MUSAQIZI
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6654
GBP 1 İngilis funt sterlinqi 2.2846
TRY 1 Türk lirəsi 0.4379
KWD 1 Küveyt dinarı 5.6285
SEK 1 İsveç kronu 0.2014
EUR 1 Avro 2.0032
CHF 1 İsveçrə frankı 1.7194
USD 1 ABŞ dolları 1.7001