• çərşənbə, 24 Aprel, 09:14
  • Baku Bakı 13°C

Hər parıldayan qızıl deyil

31.08.16 14:44 2402
Hər parıldayan qızıl deyil
Bu günlərdə Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti xəbərdarlıq etdi. Xəbərdarlıqda deyilir ki, "Qiymətli metallar və qiymətli daşlar” haqqında qanunun 10.3-cü bəndinə əsasən, sahibkarlıq fəaliyyəti subyektləri tərəfindən istehsal edilmiş, habelə ölkə ərazisində satışa çıxarılan qiymətli metallardan və qiymətli daşlardan olan zərgərlik və digər məişət məmulatları dövlət əyar damğası ilə damğalanmalıdır.
Qeyd edilənlərlə əlaqədar Azərbaycanda istehsal edilmiş və xaricdən satış məqsədilə gətirilmiş zərgərlik və digər məişət məmulatlarının analizini, ekspertizasını, əyarlanması və damğalanmasını təmin etmək məqsədilə həmin məmulatların Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinə təqdim edilməsi xahiş olunur. Xatırladılır ki, Prezidentin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanı ilə "Lisenziya və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanunu təsdiq edilib. Həmin Qanunun 3 nömrəli əlavəsində "Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”nın 70-ci bəndinə əsasən qiymətli metallardan hazırlanmış məhsulların, o cümlədən zərgərlik və digər məişət məmulatlarının dövlət əyar damğası icazələr növünə aid edilib: "Əks halda "Qiymətli metallar və qiymətli daşlar haqqında” qanunun 20.3-cü bəndinə əsasən dövlət əyar damğalarını saxtalaşdırmağa, üzərində dövlət əyar damğası olmayan və ya saxta əyar damğası həkk edilmiş zərgərlik və digər məişət məmulatlarının satışına görə İnzibati Xətallar və Cinayət Məcəlləri ilə müəyyən edilmiş qaydada məsuliyyət yaranır".
Biz də bu sahədəki vəziyyətlə tanış olmaq üçün Mərkəzi Univermağa üz tutduq. Univermaqda qızıl məmulatı satılan bir neçə dükana alıcı kimi yaxınlaşıb satıcılara suallarımızı ünvanladıq. Dükanlardakı ümumi ab-havadan belə məlum oldu ki, qadınların qızıla olan marağına heç bir devalvasiya və digər iqtisadi amillər təsir etməyib. Elə müştərilərin əksəriyyəti də məhz qadınlardan ibarət idi. Əvvəlcə qiymətlərlə maraqlandıq. Qiymətlər bir qədər baha olsa da, dükanlardakı müştərilərin sayı heç də az görünmürdü. Ən kiçik qızıl məmulatlarının qiyməti fantastik həddə idi desək, yəqin ki, mənzərəni şişirtmiş olmarıq. Həmçinin müşahidələrimiz nəticəsində müəyyən etdik ki, satılan əksər qızıl məmulatlarının üzərində Dövlət Əyar Palatasının damğası var. Bahalı daş-qaşlar, müxtəlif qızıl məmulatlarının parıltısı gözümüzü qamaşdırsa da, onların üzərində əyarın olub-olmadığını öyrənmək üçün satıcılara öz suallarımızı üvanladıq.
Məsələn, adını açıqlamayan satıcılardan biri deyir ki, dükanda satılan bütün məhsulların üzərində əyarlar qeyd olunur: "Bütün məmulatların üzərində öz əyarı var. Bundan əlavə, biz sifarişlə qəbul etdiyimiz məhsulların da əyarını mütləq üstündə qeyd edirik. Sifarişlə qəbul olunan zinət əşyaları bəzən müştərinin istədiyi qiymətdə olmur. Bu zaman müxtəlif problemlər yaşanır. Çünki hazır məhsulda qızılın qramı gözlənildiyindən fərqli alına bilir ki, bu da qiymətə təsir edir. Sifarişlə qəbul olunan məhsulların qiyməti satışda olanların qiymətindən nisbətən fərqli olur”.
Digər bir dükana üz tuturuq. Burada da satışda olan bütün məhsulların üzərində ayrıca əyarlarının qeyd olunduğunun şahidi olduq. Satıcı xanımın sözlərinə görə, əyar bütün məhsulların üstündə qeyd olunur. Lakin qiymətlər qeyd olunmur. Qiymət hər bir müştəriyə hesablanıb deyilir. Onun sözlərinə görə, alıcının istədiyi modeli sifarişlə hazırlatdırmaq mümkündür: "Lakin onun qiymətlərini zərgər özü təyin edir. Bundan başqa, sifarişlə hazırlanan məhsulda bəzən problemlər yaşanır. Əlbəttə ki, satışdan birbaşa alınan məhsul daha sərfəlidir. Çünki müştəri məhsulu görüb bəyənir və qiyməti və əyarı əvvəlcədən təyin edilir. Sifarişlə olduğu halda isə bəzən qiymətdə, qızılın əyarında müəyyən fərqliliklər ola bilir ki, bəzən müştərilər bundan narazılıq edir. Bundan başqa, sifarişlə hazırlanan məhsul bir qədər vaxt alır”.
Başqa bir qızıl dükanında isə bir qədər fərqli məqamla rastlaşırıq. Satıcının sözlərinə görə, məhsulun əyarı və qiyməti müştəri məhsulu aldığı zaman onun özünə mütləq təqdim edilir. Satıcı bildirdi ki, sifarişlə hazırlanan məhsulların da əyarları xüsusi olaraq məhsulun üzərində qeyd olunur. Qiymətlər isə təxminən eyni səviyyədədir.
Sonda "Zər qədrini zərgər bilər” məsəlini əsas götürərək zərgərlə də söhbətləşdik. Onun sözlərinə görə, uzun müddətdir ki, bu işlə məşğuldur. Zərgər deyir ki, satışda müxtəlif modellərin olmasına baxmayaraq, bir çox müştərilər məhsulu sifarişlə hazırlatdırmağa üstünlük verirlər. Bu proses isə çox sadədir. Müştəri istədiyi modelin şəklini zərgərə təqdim edir və məhsulun hazır olmasını gözləyir. Zərgər məhsulun hazırlanma prosesinin çətin, amma maraqlı olduğunu söylədi. Məhsulun hazırlanması bir qədər vaxt tələb edir. O deyir ki, bəzən müştərilərlə məhsul hazır olduqdan sonra müxtəlif problemlər yaşanır. Bəzən qiymət onları qane etmir, bəzən də öz seçdikləri modeli bəyənmirlər. Çünki şəkildəki model əvvəlcədən onlara cəzbedici görünsə də, sonradan onlar öz seçdiklərini bəyənmirlər.
Söhbət zamanı biz əsas məsələ olan əyar mövzusuna yenidən toxunduq. Ustanın sözlərinə görə, məhsul hazır olub müştəriyə təqdim edilərkən üstündə rəsmi əyarı və məhsulun qiyməti də mütləq qeyd olunur.
Məsələ ilə bağlı araşdırma apararkən fərqli məqamlarla rastlaşdıq. Belə ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, bu sahədə problemlər həddindən artıq çoxdur: "Təxminən iki ay öncə monitorinq apardıq və montiorinqin nəticələrindən belə məlum oldu ki, qızıl və digər bahalı metallar satılan yerlərin təqribən 70 faizində Dövlət Əyar Palatasının damğasından istifadə edilmir. Biz istehlakçılara bu barədə davamlı olaraq məlumat versək və əyar damğası olmayan məhsulların alınmaması barədə xəbərdarlıq etsək də, sözügedən problem hələ də qalmaqdadır. Bunun əsas səbəblərindən biri də palatanın işini düzgün qurmamasından irəli gəlir. Əhali arasında Dövlət Əyar Palatasının damğası tanıtdırılmalıdır”.
E.Hüseynov deyir ki, Azad İstehlakçılar Birliyi olaraq palataya təmənnasız şəkildə qanunların yerinə yetirilməsində onlara kömək etmək istədiklərini bildiriblər: "Mən yoxlamadan keçməyən yerlər barəsində mənə məlumat vermələrini onlardan xahiş etdim. Biz 8 ilə yaxındır ki, öz saytımızda qiymətli metallar alan insanlara təmənnasız olaraq hüquqi yardım göstərməyimiz barədə elanlar yerləşdirmişik. Çünki qiymətli metallar Nazirlər Kabinetinin müvafiq qərarına görə geri qaytarılmayan və dəyişdirilməyən mallar siyahısındadır. Əhali baha qiymətə metal alarsa, onu dəyişdirmək və qaytarmaq qanunla qadağandır. Ona görə də diqqətli olmağa çalışmaq lazımdır. Əhali Dövlət Əyar Palatasının damğasına inanmalıdır”.
Ekspertin sözlərinə görə, bu sahədə şikayətlər də həddindən artıq çoxdur: "Təəssüflər olsun ki, bu sahədə işlər rasional qaydada deyil və buna görə də əhali kütləvi şəkildə aldadılır. Bundan başqa, saxta əyar məsələsi də bu gün gündəmdədir. Dövlət Əyar Palatası bununla mübarizə aparmalıdır. Əhali arasında ictimai maarifləndirmə işləri aparılmalıdır. Saxta əyarlara və yaxud əyarsız satılan məhsulların qiymətinə gəldikdə isə demək olar ki, qiymətlərdə heç bir fərq yoxdur. Bir çoxları qızıl məmulatlarının qədimdən qaldığını bəhanə edərək onların əyarsız olduğunu əsaslandırır. Əyarsız və saxta əyarlarla alınan məmulatı satarkən isə istehlakçı ciddi problemlərlə rastlaşır. Bununla bağlı bizdə bir çox yerlərdən şikayətlər var. Misal üçün, Sumqayıtdan bir nəfər deyir ki, qızıl məmulatını aldıqdan sonra əyarın olmadığına fikir verməyib. Sonradan onu satarkən ona bildirilib ki, bu məhsul tamamilə yararsızdır. Bu sahədə fəal maarifləndirmə işi aparılarsa, bazarda dövlət nəzarətində olmayan məhsul satıla bilməz”.
Sonda E.Hüseynov qeyd etdi ki, belə bir fakt aşkarlandığı təqdirdə istehlakçıya saxta, standartlara uyğun olmayan malın satılmasının qanunla müəyyən olunan cəriməsinin miqdarı 1500 manatdır: "Lakin qızıl məmulatları çox baha olduğuna görə satıcı 1500 manat cəriməni verməyə razıdır. Çünki loru dillə desək, bu məbləğ ona sərf edir. Bu sahədə əsasən brilyant və digər bahalı daş-qaşlarla bağlı ciddi problemlər mövcuddur. İsçtehlakçı maarifçiliyi çox aşağıdır. Bu məsələyə aydınlıq gətirmək istəsək də, zərgərlər "Birimiz hamımız üçün, hamımız birimiz üçün” deyib öz saxtakarlıqlarını müxtəlif üsullarla ört-basdır edir və istehlakçıları aldadırlar”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər