• cümə, 29 Mart, 19:51
  • Baku Bakı 14°C

Hər müştərinin adına 3 kredit var

03.07.13 08:28 1903
Hər müştərinin adına 3 kredit var
Mərkəzi Bankın məlumatları göstərir ki, Azərbaycanda hər bir adamın adına banklarda 3 kredit var. Belə ki, bu il mayın 1-ə olan vəziyyətə görə, Mərkəzi Bank yanında Mərkəzləşdirilmiş Kredit Reyestrində (MKR) 1 665 903 borcalan və 599 475 zamin haqqında məlumat toplanıb. Yanvar-aprel aylarında MKR-in xidmətlərindən 43 bank və 22 bank olmayan kredit təşkilatı (BOKT) istifadə edib. Dövr ərzində reyestrdə 626 630, o cümlədən banklar və BOKT-lar tərəfindən 625 136 sorğu həyata keçirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə MKR-ə edilən sorğuların sayı 2,8 dəfə artıb. Kredit tarixçəsi ilə maraqlanan ölkə vətəndaşlarının sayı da kəskin çoxalıb. İlin ilk 4 ayında 1 494 şəxs öz kredit hesabatını əldə etmək məqsədilə MKR-ə müraciət edib (2012-ci ilin 4 ayında bu göstərici 589 nəfər olub). Hesabat dövrünün sonuna MKR-də kredit məlumatlarının sayı 4 881 578 olub.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev “Mediaforum”a açıqlamasında bildirib deyib ki, Mərkəzləşmiş Kredit Reyestrinə müraciətlərin artmasının səbəbi daha çox banklarla bağlıdır: “Çünki müraciətlərin 99 faizi bank və bank olmayan kredit təşkilatlarının payına düşür. Hazırda kredit götürənlərin sayı 1,6 milyon nəfər, kredit məlumatlarının sayı isə 4,9 milyondur. Bu o deməkdir ki, hər müştərinin adına 3 kredit tarixçəsi var. Reallıq doğrudan da belədir. Bir adamın adına bir neçə bankda kredit xətti açılıb”.
Ekspertin sözlərinə görə, bu gün kredit ödəmələrində problemlərin mövcudluğu və vaxtı keçmiş kreditlərin artması bankları etibarlı müştəri axtarmağa sövq edir: “Çünki insanlar bir bankdan kredit götürməklə digər bankdakı kredit borclarını ödəyirlər. Yaxud bir şəxsin banka borcu ola-ola yenidən müraciət etməsi halları da var. Bütün bunlar bankları ehtiyatlı davranmağa sövq edir. Buna görə həm banklar, həm də BOKT-lar kredit üçün onlara müraciət olunanda Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinə sorğu göndərir. Bu xidmət bankların özünü sığortalamasına yardım edir, onların problemli müştərilərdən can qurtarmasına imkan verir. Əslində, müraciətlərin sayı kredit qoyuluşunun həcmi ilə bağlıdır, kredit qoyuluşu artdıqca müraciətlərin sayında da artım müşahidə olunur. Üstəgəl, aprel ayında Mərkəzi Bank müraciətin qiymətini 2 manatdan 1 manata endirdi. Bu da artıma təsir göstərib. Bunun nəticəsidir ki, müraciətlərin sayı 133269-dan (martda) 196679-a (apreldə) yüksəlib. Fikrimcə, artım davam edəcək”.
MKR-in statistikası da sübut edir ki, ölkədə kreditə tələbat həddən artıq çoxalıb. Bəs belə olan halda, kredit faizləri niyə yenə də yüksək olaraq qalır? Suala cavab verən iqtisadçı ekspert Vüqar Bayramov bildirdi ki, kredit faizlərinin aşağı salınması üçün Əmanətlərin Sığortalanması Fondu sığortalanan əmanətlər üzrə faizləri aşağı endirməlidir: “Fond hal-hazırda 30 min manatadək olan və 12 faizdən az divident verən əmanətləri sığortalayır. Bu isə bankların “12 faiz” ətrafında süni rəqabət qurmasına səbəb olur. Eyni zamanda, 12 faizlə əmanət cəlb edən banklar onu daha yüksək faizlə kredit formasında müştərilərə təklif edirlər. Sığortalanan əmanət faizlərinin yüksək olması bank kreditləri üzrə faiz dərəcələrini ağırlaşdıran əsas səbəblərdən biridir”.
V.Bayramovun sözlərinə görə, Əmanətlərin Sığortalanması Fondunun sığortalanan əmanətlər üzrə faiz dərəcəsinin 12 faizdən 8 faizə qədər endirilməsi istiqamətində qərar qəbul etməsi yüksək faizlə əmanət yerləşdirən kommersiya banklarında olan əmanətlərin qaytarılma riskini artıra bilər: “Amma fondun faiz endirimləri ilə bağlı qərarı həmin addımdan sonra banklara cəlb edilən əmanətlərə şamil edildiyindən bu ciddi problem yaratmayacaq. Eyni zamanda Mərkəzi Bankın kommersiya banklarına əmanətlər üzrə təklif etdikləri faiz dərəcələrini Əmanətlərin Sığortalanması Fondunun faiz dərəcəsinə uyğunlaşdırmalarını tövsiyə etməsi vacibdir. Çünki fondun müəyyənləşdirdiyi faiz dərəcəsindən yüksək faizlər təklif edən kommersiya bankları müflis olduğu halda oradakı əmanətləri qaytarmaq mümkün olmayacaq”.
Ekspert qeyd etdi ki, aparılan monitorinqlər prosesin faiz endiriminə doğru getdiyini göstərir: “Faizlər endirildikdən sonra daha çox əmanət cəlb etmək üçün kampaniya aparan kommersiya bankları öz faiz dərəcələrini fondun faiz dərəcələrinə uyğunlaşdırmazlarsa, həmin banklardakı əmanətlərin bir hissəsinin geri qaytarılma və ya batma riski artacaq. Beləliklə, Mərkəzi Bankın prosesə daha yaxından müdaxilə etməsinə ehtiyac yaranacaq”.
Sığortalanmayan əmanətlərin həcmində artımların davam etməsinin narahatlıq doğurduğunu söyləyən iqtisadçı bildirir ki, son məlumatların analizi göstərir ki, banklarda yerləşdirilən hər 100 manatdan 36 manatı qorunmur.
V.Bayramovun sözlərinə görə, sığortalanan əmanətlərin əhatə dairəsinin artırılması üçün bir sıra Mərkəzi və Şərqi Avropa ölkələrində olduğu kimi, sığortalanan əmanətlərin məbləğinin 50 min manatadək artırılmasına da ehtiyac var.
Həbibə Abdulla
banner

Oxşar Xəbərlər