AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Hər kəsi daha məsuliyyətli davranmalıdır

Hər kəsi daha məsuliyyətli davranmalıdır

Cəmiyyət
13 Avqust 2020, 10:00 256
Son günlər yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar aparılan statistikada stasionar, ağır xəstələrin sayı və gündəlik yoluxma hallarında ciddi azalma müşahidə edilir. İnfeksion xəstəliklərin qarşısının alınmasında aparılan profilaktik tədbirlər və sərt karantin rejiminin tətbiqi xüsusi əhəmiyyət daşıyır. Ona görə də virusa yoluxanların sayında artım müşahidə ediləndə həmin tədbirlərin tətbiq olunmasının müəyyən müddətdən sonra dönüş yaradacağına böyük ümidlər bəsləyirdik. Yaxşı ki, ümidlərimiz özünü doğrultdu və sərt karantin rejiminin tətbiqindən sonra xəstəliyin inkubasiya dövrünü nəzərə alaraq yoluxma sayında azalma baş verdi. İnfeksiya yayılmağa başladığı ilk dövrlərdə yoluxanlardan bəziləri bunu ətrafdakılardan mümkün qədər gizli saxlamağa çalışır və əhali arasında virusun mövcud olub-olmaması barədə xeyli şübhələr dolaşırdı. Zaman keçdikcə ailəvi yoluxmaların qeydə alınması əsl həqiqəti ortaya çıxardı və xəstəliyə şübhə ilə yanaşanların sıraları nəzərəçarpacaq dərəcədə seyrəldi. Vəziyyətin ciddiliyini anlayan vətəndaşlar karantin rejiminin tələblərinə, sosial məsafə prinsiplərinə əməl etməyə, şəxsi gigiyenaya diqqət yetirməyə, maska taxmağa başladılar. Təmas və ünsiyyətin azalması nəticəsində xəstəliyə yoluxma sayı minimuma endi.

AZƏRTAC xəbər verir ki, bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

"Bununla yanaşı, tibb müəssisələrində düzgün aparılan müalicə işləri nəticəsində xəstələrin sağalaraq evə göndərilməsi xəstəxanalarda çarpayıların boşalmasına səbəb oldu. Onu da deyim ki, COVID-19-dan sağalmaq, müalicə almaq infeksiyadan qorunmaqdan daha çətindir. Kimsə ehtiyatsızlıq, sosial məsuliyyətsizlik ucbatından koronavirusa yoluxa bilər. Lakin həmin xəstənin başqalarını yoluxdurmasının qarşısının alınması, xəstəliyin ağırlaşmadan müalicəsinin aparılması daha çox zəhmət tələb edən işdir. Hər halda mövcud vəziyyət göstərir ki, doğru yoldayıq. Lakin xəstələrin sayının azalması heç bir halda hər şeyin ötüb keçdiyi və arxada qaldığı təsəvvürü yaratmamalı, əksinə daha artıq ehtiyatlı olmağa və məsuliyyətli davranmağa sövq etməlidir. Unutmaq lazım deyil ki, yoluxma təhlükəsi yenə də qalmaqdadır və ehtiyatsızlıq nəticəsində xəstələrin sayında yenidən artma baş verə bilər. Qaydalara nə qədər ciddi və düzgün əməl olunsa, yoluxmanın sürəti azalar və virusun zəncirvari olaraq yayılmasının qarşısı alına bilər. Vətəndaşlar arasında sosial məsuliyyət hissinin artması, virusun mövcudluğuna inanmayanların sayının azalması da yaxşı haldır. Birmənalı olaraq bunu hamı dərk etməlidir ki, problem dünyada həll olunmadığı halda Azərbaycanda da qalacaq”, - deyə V.Əliyev qeyd edib.

TƏBİB-in nümayəndəsinin sözlərinə görə, hazırda xəstəxanalarda boş çarpayıların sayı çoxalsa da, mütəmadi olaraq yeni xəstəxanalar açılır: "Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumatına görə, payız-qış aylarında xəstəlik daha yüksək həddə çata bilər. Yeni bir dalğanın yayılması təhlükəsi də var. Lakin bu bir faktdır ki, qapalı məkanlarda xəstəliyin yayılma ehtimalı daha yüksək olur. Hava soyuyanda insanlar qapalı məkanlarda olduğundan ara məsafəsi minimuma enir, təmas çoxalır. Bundan başqa, payız-qış mövsümündə digər respirator infeksiyaların da yayılma ehtimalı artır. Həmin mövsümdə COVID-19-a bənzər və digər virus infeksiyaları da koronavirus infeksiyası kimi əlamət verə və bu zaman həmin xəstələr stasionar şəraitdə müalicə oluna bilərlər. Onlarda miks infeksion xəstəliklərin də baş qaldırması mümkündür. Belə olanda virusları bir-birindən diferensiativ olaraq ayırmağa ehtiyac yaranır. Yəni, başqa virus infeksiyalarının təkanı nəticəsində ağciyər pnevmoniyaları yarana bilər ki, bunların da fonunda ağciyər infeksiyaları, pnevmoniya arta bilər. Bu baxımdan payız-qış ayları hər zaman riskli aylardır. Ona görə də yoluxma sayının azalmağa doğru getməsi qətiyyən rahatlıq yaratmamalı və necə deyərlər, kəmərlər boşaldılmamalıdır, çünki yoluxma sayının yenidən artması xəstəxanalarda sıxlığın yaranmasına və karantin rejiminin yenidən sərtləşdirilməsinə aparıb çıxarar. İndiki halda ən mühüm vəzifə yoluxma hallarını minimuma endirməkdən ibarətdir”.