• şənbə, 20 Aprel, 01:20
  • Baku Bakı 15°C

Hər kəsə faydalı barışıq

29.06.16 10:33 1521
Hər kəsə faydalı barışıq
Türkiyə ilə Rusiya arasında münasibətlərin normallaşacağı gözlənilən idi və əksəriyyət bu qənaətdə idi ki, gərginliyə oktyabrın sonunda son qoyulacaq. Prezident Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Rusiya günü ilə bağlı həmkarı Vladimir Putinə təbrik göndərdi və ehtimal edildi ki, oktyabrın sonunda da analoji addımı Rusiya atacaq. Lakin belə olmadı. Türkiyə oktyabra kimi gözləmək istəmədi və həmkarına üzrxahlıq məktubu ünvanlamaq qərarına gəldi.
Hamını şoka salacaq bu addım dünyanın ən çox müzakirə etdiyi məsələ oldu. Beləliklə, məktubda nədən söhbət gedir? Rusiyalı həmkarı Vladimir Putinə yazdığı məktubda Ərdoğan əvvəlcə "Su-24” təyyarəsinin vurulması ilə bağlı insidentə görə təəssüf hissi keçirdiyini ifadə edib. "Bizim Rusiya ilə münasibətlərimizdə təyyarəyə görə böhran baş verdi. Biz münasibətlərdəki bu mənfi halın aradan qaldırılması üçün addım atdıq. Mənim Rusiya ilə münasibətlərin inkişafını bərpa etmək üçün göndərdiyim bu məktub, əminəm ki, ölkələrimizin xeyrinə olacaq”, - deyə o, əlavə edib. Ərdoğan qeyd edib ki, o, göndərdiyi məktubda təyyarə insidenti ilə bağlı baş verənlərə görə şəxsən Putinə təəssüfünü bildirib. "Mən, həmçinin geniş məsələlər spektri üzrə regional əməkdaşlıq üçün imkanlarımızı xatırlatdım. İnanıram ki, biz hər iki ölkəyə ziyan vuran hazırkı vəziyyətdən təcili şəkildə yaxa qurtararaq, münasibətlərimizi tez bir zamanda normallaşdıra biləcəyik”, - deyə Türkiyə prezidenti söyləyib. Məktub pilotun ölümündə adı hallanan Türkiyə vətəndaşına qarşı cinayət işi açılması ilə davam edir.
Kremlin sözçüsü Dimitri Peskov "Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vladimir Putinə məktubu ilə münasibətlərin yaxşılaşması üçün olduqca vacib addım atıb. Lakin bu, bir neçə günə həll ediləcək problem deyil” deyib. Dmitri Peskov Ərdoğanın Putinə təyyarə insidentinə görə üzrxahlığını şərh edərkən bildirib: "Bilirsiniz ki, Rusiya tərəfi, eləcə də prezident Putin Türkiyə və türk xalqı ilə dostluq münasibətlərini dəstəklədiyini dəfələrlə dilə gətirib. Eyni zamanda bu münasibətlərin necə normallaşa biləcəyini də açıqlayıb”.
Xatırladaq ki, Ərdoğan bundan öncə Rusiya tərəfinin pilotun ölümünə görə Türkiyəni günahlandırmasıyla razılaşmadığı deyib. "Təyyarənin pilotu sağ olaraq təyyarədən qurtuldu. Amma Suriyada müxalifətin əlinə düşdü. Öldürülən pilotun cənazəsini Türkiyə danışıqlar nəticəsində geri aldı, bu zaman bütün dini mərasim qaydaları yerinə yetirildi. Türkiyə olaraq o hadisədə üzərimizə düşəni yerinə yetirdik”, - deyə Ərdoğan may ayında vurğulayıb.
Qeyd edək ki, Türkiyənin ötən ilin noyabrında Türkiyə sərhədi yaxınlığında Rusiya təyyarəsini vurmasından sonra iki ölkə arasındakı münasibətlər kəskin pisləşib. Rusiya buna görə Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib, Ankara ilə birgə layihələrdən çıxıb.
Ərdoğanın Putinlə telefon danışığı baş tutacaqmı?
Prezidentin ardınca Türkiyənin baş naziri Binəli Yıldırım vurğulayıb ki, Rəcəb Tayyib Ərdoğan bu həftə rusiyalı həmkarı Vladimir Putin ilə telefon söhbəti edə bilər. Bu barədə məlumat baş nazirin rəsmi "Twitter” səhifəsinə yerləşdirilib. "Bu böhran Türkiyə və Rusiya xalqları üçün xoş deyil. Bizim prezident ya çərşənbə günü, ya da cümə axşamı Putin ilə telefon danışığı aparacaq”, - deyə Yıldırım söyləyib. Türkiyə baş naziri AK partiyanın qrup toplantısında Rusiya ilə əlaqələrin bərpası məsələsindən danışıb.
B.Yıldırım bildirib ki, təkcə Rusiya ilə deyil, Aralıq və Qara dənizini əhatə edən bütün qonşularla əlaqələr inkişaf etdiriləcək: "Bu günlərdə önəmli irəliləyişlər olduğunu paylaşmaq istəyirəm. Həm iqtisadi, həm də mədəni işbirliyinə toxunan bütün talesiz hadisələrə son qoymaq üçün mübarizə apardıq. Qarşılıqlı yazışmalar Türkiyə ilə Rusiya arasındakı buzların əriməsinə yardım etdi. İşlərin bu nöqtəyə gəlməsində bir çox səylər göstərildi. Xüsusilə də qardaşlarımız Azərbaycan, Qazaxıstan liderlərinin bu mövzuda güclü səyləri üçün minnətdarlığımızı çatdırırıq”.
Kılıçdaroğlu Ərdoğanı itiham edir
Türkiyənin ana müxalifət lideri – Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu ölkə prezidentini sərt tənqid edib. K.Kılıçdaroğlu CHP parlament fraksiyasının dünən keçirilən toplantısında Ərdoğanın rusiyalı həmkarına məktub göndərməsinə toxunaraq hazırkı hakimiyyətin xarici siyasəti daxili siyasətə alət etdiyini bildirib: "Bu ölkənin daimi mənafeləri var. Xarici siyasət milli olmalıdır. Amma bunlar xarici siyasət məsələlərindən daxili siyasətdə öz məqsədləri üçün istifadə edirlər”.
"Qazprom” əməkdaşlığa hazırdır
Rusiyanın təbii qaz firması "Qazprom” Türkiyəylə əməkdaşlığa və bu istiqamətdə aparılacaq danışıqlara hazır olduğunu bildirib. Rusiyanın TASS xəbər agentliyinə açıqlama verən şirkətin sözçüsü Sergey Kupriyanov bunu deyib. Ərdoğanın Putinə məktubundan sonra Rusiyayla dondurulmuş bütün münasibətlər yenidən canlanmağa başlayır və "Qazprom”un bu açıqlaması da bu mənada təsadüfi sayılmır.
Poroşenko Ərdoğanı başa düşür
Ukrayna prezidenti Pyotr Poroşenko türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın təyyarə insidentinə görə Rusiya rəhbərliyinə ünvanladığı üzrxahlıq məktubuna münasibət bildirib. Poroşenko Türkiyə tərəfinin addımının başadüşülən olduğunu deyib: "Söhbət ölən pilotun ailəsinə edilən üzrxahlıqdan gedir. Düşünürəm ki, bu, kifayət qədər başadüşülən bir addımdır».
Beləliklə, bundan sonrakı proseslər necə olacaq? Rusiya nəşrlərinin yaydığı xəbərə görə, hazırda tərəflər ikitərəfli münasibətləri normallaşdırmaq üçün zəruri addımlar atmaq qərarına gəliblər. Bu addımlardan biri də Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının iyulun 1-də Soçidə keçiriləcək toplantısına getməsi ola bilər. Burada onun rusiyalı həmkarı Sergey Lavrovla görüşü baş tuta bilər. Türk nəşrləri yazır ki, M.Çavuşoğlu dəvəti qəbul edib.
Biznes cəmiyyətinin təzyiqləri
Əsas məsələlərdən biri də kompensasiya məsələsidir. Belə ki, nəşrlər iddia edir ki, üzr istənilməsi bəs etmir. Qeyd edilir ki, ölən pilota görə kompensasiya ödənməlidir. Eləcə də vurulan təyyarəyə görə ölkəyə dəyən ziyanın əvəzi ödənməlidir. Ən maraqlısı isə odur ki, Rusiya nəşrləri Ərdoğanın üzrxahlığını Rusiya diplomatiyasının uğuru kimi qiymətləndiriblər. Onların qənaətincə, Ərdoğan Rusiya ilə münasibətləri normallaşdırmağa məcbur idi. Son vaxtlar onun Avropa İttifaqı, eləcə də qonşuları ilə münasibətləri gərginləşib. Ənənəvi müttəfiqlərlə münasibətlərin pozulması ölkə iqtisadiyyatına ciddi zərbə vurmuşdu. Almaniyanın qondarma "erməni soyqırımını” tanıması isə ikitərəfli münasibətlərdə gərginlik yaratdı. O ki qaldı Türkiyənin Avropadan vizasız gediş-gəliş alması şansına, bu, sıfra bərabərdir. Ərdoğana ən böyük təzyiqi isə biznes cəmiyyətinin göstərdiyi bildirilir. Ölkənin turizm və aviadaşıyıcıları ciddi itkilərlə üzləşmişdilər. "İqtisadi zərbə ən effektiv oldu”, - deyə Rusiya Federasiya Şurası beynəlxalq əlaqələr komitəsinin rəhbəri Konstantin Kosaçev bildirib. Onun sözlərinə görə, Ərdoğan Rusiyadan bu qədər qətiyyət və atılan addımın bu qədər mənfi nəticələrə gətirib çıxaracağını gözləmirdi.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər