• cümə, 29 Mart, 02:35
  • Baku Bakı 7°C

Hər kəs Azərbaycan dövləti və Prezidenti ətrafında birləşdi

16.07.20 16:00 489
Hər kəs Azərbaycan dövləti və Prezidenti ətrafında birləşdi
12 iyul tarixində Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonunda Ermənistan silahlı qüvvələri öz mənfur əməllərinin davamı olaraq, təxribata cəhd göstərdi. Əlbəttə ki, bu təxribat cəhdinin qarşısı müzəffər ordumuz tərəfindən qısa müddətdə alınmaqla, növbəti günlərdə də baş tutan döyüşlərdə düşmənə hərbi texnika, müdafiə qurğuları və canlı qüvvələrinə ağır zərbə vurulmuşdur.
Sözsüz ki, hər bir hərbi əməliyyat, döyüş itkisiz yan keçmir. Təəssüf ki, baş verən bu təxribat cəhdlərində və davamında olan döyüşlərdə ordumuzun hərbiçiləri şəhid olmuş, mülki vətəndaş həyatını itirmişdir. Vətən uğrunda öz canından keçmiş bütün şəhidlərimizin və vəfat edənlərin ailələrinə, doğmalarına, ümumilikdə xalqımıza bir daha başsağlığımı çatdırıram. Artıq düşmənə layiqli cavabı verməyə, Ali Baş Komandanın əmrlərini yerinə yetirməyə tam hazır, nizami ordumuz var. Güclü Azərbaycan ordusu hər zaman düşmənə lazimi cavabı verməyə, ərazi bütövlüyümüz uğrunda vuruşmağa həm canlı qüvvə, həm də maddi-texniki baza olaraq hazırlıqlıdır. 2016-cı ilin şanlı "Aprel Döyüşləri” də mənfur düşmənə bunu sübut etmişdir.
Güclü və nizamlı ordunun arxasında daima vətənpərvərliyi və mərdliyi ilə dəstək olan xalq durur. Bu xalq da baş tutan bu döyüşlər zamanı öz birliyini, əsgərlərimizə dəstəyini bir daha göstərdi. Bir gecə ərzində paytaxtın müxtəlif yerlərində yüzlərlə, minlərlə şəxs küçələrdə yürüş etdi. Bu cəbhədə olan igid əsgərlərə, ölkə başçısına olan dəstək və birliyin nümayişi olmaqla düşmənə bir daha Azərbaycan xalqının möhkəmliyini göstərdi.
Azərbaycan regionda daima güclü ölkə olaraq öz sözünü deyir. Bu istər daxili, istər xarici siyasətdə, bir çox sahədə özünü göstərir. Hal-hazırda əmin-amanlıq, təhlükəsizlik və sabitlik müstəqillik dövründə gənc ölkəmizin ən böyük uğurlarındandır. Hər nə qədər pandemiya dövrünün təhlükəsiz göz önündə olsa da, xüsusi karantin rejimində özünütəcrid tədbirləri tətbiq edilsə də xalq birləşərək, milli iradə nümayiş etdirmiş,bir daha "Biz birlikdə güclüyük!” şüarının həqiqiliyini təsdiqləmişdir.
Hal-hazırda elə bir zamandır ki, sözün əsl mənasında birlik və bərabərliyə böyük ehtiyac var idi. Elə bu zamanda da hər kəs bu birliyi göstərdi. Hər kəs öz birlik mövqeyini küçəyə çıxa bilməsə belə, uzaqda olsa belə, sosial şəbəkələrdə göstərdi. Hər kəs müxtəlif vasitələrlə istər baş tutan bu təxribatla, istərsə də işğal olunmuş Dağlıq Qarabağ və ətraf 7 rayonu ilə bağlı həqiqətləri daha geniş ictimaiyyətə çatdırmaq üçün əlindən gələni etməyə davam etməkdədir. Bu məsələdə həm də siyasi partiyalar birləşərək ölkə başçısının vahid siyasətini dəstəklədiyini göstərdi.
Sərhəd ərazisində baş verənlərlə bağlı, hələ uzun müddət tədqiqatçı, siyasətçi və jurnalistlər tərəfindəntəhlillər aparılacaq, müxtəlif mövqe və fikirlər səsləndiriləcəkdir. Lakin bir mövqe artıq şübhəsizdir - yaşadığı yer, cins, yaş, sosial vəziyyət, vəzifə, partiya mənsubiyyətindən asılı olmayaraq hər kəs Azərbaycan dövləti və Prezidentinin ətrafında birləşdi.
Şahin SEYİDZADƏ
Milli Məclisin deputatı
banner

Oxşar Xəbərlər