• cümə axşamı, 25 aprel, 19:49
  • Baku Bakı 21°C

“Hər kəs məni “yox” deyən nazir kimi tanıyırdı” – Keçmişdəki mən

13.05.16 11:46 3498
“Hər kəs məni “yox” deyən nazir kimi tanıyırdı” – Keçmişdəki mən
Onun prinsiplərində qarşısına məqsəd qoymaq, gələcəyi planlamaq yoxdur. Düşünür ki, tapşırılan işi mükəmməl şəkildə icra edən insanı həyat layiq olduğu yerə gətirir. Onun həyatda tək prinsipi gördüyü işi ən yüksək səviyyədə icra etmək olub. Məhz bu prinsip onu nazir pilləsinə qədər yüksəldib.
Müsahibimiz Azərbaycan Respublikasının keçmiş maliyyə naziri, iqtisad elmləri doktoru, professor, "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifovdur. F.Yusifovun həyat hekayəsinə nəzər salaq.

"Atam kifayət qədər tələbkar və dəqiqliyi sevən olub”
Həmsöhbətimiz 1957-ci ildə Naxçıvan MR-nın Şərur rayonunun Danzik kəndində anadan olub. Müəllim ailəsində böyüyüb. Beş uşaqlı ailənin ikinci uşağıdır: "Atam riyaziyyat müəllimi, anam evdar qadın idi. Üç bacı, iki qardaş olmuşuq. Riyaziyyat müəllimləri təbiət etibarı ilə dəqiqliyi sevirlər. Atam bizə hər şeydə dəqiq olmağı öyrədib. Adətən Azərbaycan mentalında dəqiqliklə bağlı məsələlər ikinci, üçüncü planda olur. Amma bizdə alman dəqiqliyi var idi. Bizə öyrədilmiş bu dəqiqlik bu gün də həm evdə, həm işdə hər zaman özünü göstərir”.
Balaca Fikrət dəcəlliyi ilə həmyaşıdlarından seçilib. Amma dərslərini yaxşı oxuması onu müəllimlərin sevimlisinə çevirib: "Çox dəcəl uşaq olmuşam. İstər məktəbdə, istərsə də evdə dəcəlliyimlə seçilmişəm. 7-ci sinfə qədər kənd məktəbində oxudum. Sonra ailəmiz Abşerona köçdü. Əlaçı oxuyurdum, amma təbiətcə nadinc uşaq idim. Hər dəfə kənddə məktəbdə uşaqları peyvənd edərkən mən qaçırdım. İki gün sonra məni tutub peyvənd edirdilər. Atam dəcəlliyimə görə məni kifayət qədər cəzalandırıb. Amma insan yaşa dolduqca bu dəcəllik yavaş-yavaş keçir”.

"Oxumaq xatirinə səhhətimdə ciddi problem yaratdım”
Müsahibimizin riyaziyyat sevgisi ona atasından keçib. Onun sözlərinə görə, atasının təbiətcə sərt və tələbkar olması ona həyatda öz yerini tapmasına kömək edib: "Artıq 7-8-ci siniflərdə iqtisadçı olmağa qərar vermişdim. Orta məktəbi bitirəndən sonra Xalq Təsərrüfatı İnstitutuna qəbul oldum. Təhsil aldığım müddətdə bütün qiymətlərim "5” idi”.
Hətta çox oxumağı onun başına bəla olub: "Tələbəlik dövründə çox əziyyət çəkdim. Biz dərslərimizi kitabxanalarda oxuyurduq. Hazırlığı yekunlaşdırmayınca yemək haqqında düşünə bilmirdim. Saatlarla hazırlaşırdıq. Aclıq hissi gələndə, o hissi boğub öldürürdük ki, dərs oxumaq lazımdır. Cavan idik, fikir vermirdik ki, bunun acı nəticələri ola bilər. İnstitutu bitirəndən sonra mədəmdən ağır cərrahiyyə əməliyyatı keçirdim.”
Müsahibimiz tələbəlik illərində başına gələn maraqlı hadisəni də bizimlə bölüşdü: "Xalq Təsərrüfatı İnstitutunda hər kəsin tanıdığı Əlihüseyn müəllim var idi. O qədər obyektiv müəllim nadir hallarda olur. Coğrafiyanı çox sevirdim. İmtahanda necə oldusa, gərginlik keçirdim, "4” aldım. Yeddi imtahandan beş alıb, səkkizinci imtahandan 4 almışdım. Çox pis vəziyyətdə idim. Yeni il tətilinə getmişdim. Bir neçə gün sonra pis əhval-ruhiyyə ilə instituta gəldim. Dekan müavini məni görüb Əlihüseyn müəllimin 3 gündür məni axtardığını dedi. O dövrdə telefon əlaqələri çox zəif idi. Gedib gördüm ki, kafedrada təkcə oturub. Hər gün gəlib burada məni gözləyirmiş. Əsəbi şəkildə məndən harada olduğumu soruşdu və dedi ki, "prorektora demişəm, get, təyinat yazsınlar, səndən təzədən imtahan götürəcəm. Sən dörd almalı deyildin, bu, ədalətli olmayıb. Təyinatını al, sabah gəl imtahana”. Sabahısı mən yenidən imtahan verdim. İmtahanda məni sual atəşinə tutdu və "5”imi aldım. Bu qədər ədalət sahibi olan müəllimin tələbəsi, həyatda həmişə, hər məsələdə ədalətli olmağa borcludur”.

"Gecələr səhərə qədər nazirlikdə qalırdım”
Uğur nərdivanlarını pillə-pillə qalxan həmsöhbətimiz deyir ki, tutduğu bütün vəzifələrə zəhməti, əziyyəti, yuxusuz gecələri hesabına çatıb: "İlk iş yerim Mərkəzi Bank olub. İnstitutu bitirəndən sonra maliyyə üzrə ixtisaslaşdığıma baxmayaraq, təyinatımı səhvən Mərkəzi Banka verdilər. O zaman maliyyə sistemi üzrə ixtisaslaşanları Maliyyə Nazirliyinə, bank sistemi üzrə ixtisaslaşanları isə Mərkəzi Banka göndərirdilər. Bir həftə bankda işlədim, sonra hərbi xidmətə çağırdılar. Amma hərbi xidmətdən sonra bankda işləmək istəmədiyimi, bura səhvən göndərildiyimi dedimvə Maliyyə Nazirliyinə getdim. Nazirlikdə iqtisadçı, baş iqtisadçı, şöbə müdiri oldum. Paralel olaraq aspiranturanı da oxudum. Maliyyə Nazirliyi sistemində ən çətin işi mən gördüm. İlk dəfə olaraq orada çalışa-çalışa, namizədlik dissertasiyamı müdafiə etdim. Hətta ilk dəfə dissertasiya yazmağa başlayanda, vaxtilə nazirlikdə müdafiə etmək istəmiş yaşlı insanlar məsləhət gördülər ki, "etmə, biz də bir vaxtlar çox çalışdıq, alınmadı, səndə də alınmayacaq”. Onlara deyirdim ki, mən alındıracam. Elə olurdu ki, gecələr səhərə qədər idarədə qalırdım. Gündüz dövlətin işini görürdüm, gecə dissertasiyamı yazmaqla məşğul olurdum”.

"Birinci olmalı idim”
Hər yerdə birinci olmağı hədəfləyən həmsöhbətimiz deyir ki, maksimalist olmağın nə qədər müsbət tərəfləri olsa da, insana zərər verən tərəfləri də çoxdur: "Təbiətcə səbirsiz olsam da, mənə tapşırılan işi görərkən onun mükəmməl olması üçün hər şey edirəm. Əgər mənə vəzifə verilibsə, karyeramda yüksəliş olubsa, hamısını zəhmətimin hesabına qazanmışam. Hərbi xidmətdə də belə olub. Əsgər ən yüksək hansı vəzifəyə təyin oluna bilərsə, mən onu əldə etmişdim. Hər yerdə birinci olmalı idim. Əslində mən birinci olmağı heç vaxt qarşıma məqsəd qoymamışam. Mənim gələcək hədəfim olmayıb desəm, bu daha düz olar. Sadəcə, mənə bir iş tapşırılıbsa, onu maksimum yaxşı etməyə çalışmışam. Tək prinsipim gördüyüm işi yüksək səviyyədə icra etmək olub. Uşaqlıqdan maksimalist olmuşam. Maksimalist olmağın həm müsbət, həm də mənfi tərəfləri var. Maksimalist olmaqla bəzən çox ciddi uğurlar qazana bilirsən. Bəzən də elə olur ki, müəyyən hadisəni tənzimləyə bilmirsən, maksimum yaxşı etmək istəyirsən. O zaman için-içini yeyir və özünü məhv edirsən. Bu, insana mənəvi cəhətdən ciddi zərbə vurur”.

"Ən mötəbər məktəb keçdim”
Müsahibimiz deyir ki, o hər zaman atası kimi olmaq istəyib. Uşaq yaşlarında atasının xarakterinə qibtə edən həmsöhbətimiz düşünür ki, gənclik illərində dünyanın ən mötəbər məktəbini keçib: "Xarakterimin formalaşmasında aparıcı rol atama məxsusdur. Mən xarakterimlə, düşüncələrimlə, zəhmətimlə karyeramda müəyyən pillələr keçmişəm. Hər dəfə çalışmışam ki, atam kimi olum. 1990-cı ilin əvvəllərindən isə bir rəhbər, məmur xarakterimin formalaşmasında Heydər Əliyevə borcluyam. Mən onu illərdir izləyirdim. Hətta gənc olarkən Heydər Əliyev Moskvaya işləməyə gedəndə pis olmuşdum ki, mənə belə nəhənglə işləmək nəsib olmadı. Buna görə də Heydər Əliyev Moskvadan Naxçıvana qayıdanda, xüsusi olaraq gedib onu orada ziyarət etdim. Sonradan tale elə gətirdi ki, mən altı il onun rəhbərliyi altında işlədim, yaxın ünsiyyətdə oldum. Keçdiyim o məktəb dünyanın ən mötəbər məktəbidir. Onu görmək, onun davranışlarını izləmək, fəaliyyət prinsiplərini görüb-götürmək ən böyük uğur idi. Mən Heydər Əliyevdən səbri, qarşındakı insana qulaq asmaq mədəniyyətini və bütövlükdə dövlət idarəçiliyini həyata keçirən bir rəhbər-məmura hava-su kimi lazım olan idarəçilik prinsiplərinin incəliklərini öyrəndim. Rəhbər kimi formalaşmağımda o məktəbin xüsusi rolu var. İşdən çıxandan sonra bir gün köhnə lent yazılarına baxırdım. Fəaliyyətimin birinci ayı etdiyim çıxışlardan birinə baxanda çox sıxıldım və öz-özümə sual verdim ki, ilahi, nazir də belə danışar? Amma keçdiyim məktəb məni bir neçə ildən sonra tamamilə dəyişdi”.

Uğur açarı: istəmək və çalışmaq
Sabiq nazirin sözlərinə görə, zəhmət çəkmədən uğur qazanmaq haqqında düşünmək boş xəyallar qurmağa bənzəyir: "Uğur qazanmaq çalışmaq və istəkdən asılıdır. Yalnız istəmək bəs etmir. Hər kəs hər şeyi istəyə bilər. Amma istədiyimiz məqsədə çalışmadan çatmaq mümkün deyil. Bütün uğurların hamısı zəhmətdən keçir. Zəhmət çəkmədən uğur qazanmaq haqqında düşünmək ağılsız xəyala dalmaq kimi bir şeydir. Zəhmət heç vaxt itmir. Mənim prinsiplərimdə əvvəldə dediyim kimi, qarşıma məqsəd qoymaq olmayıb. Heç vaxt düşünməmişəm ki, nazir olmalıyam. Nazirin birinci müavini olub onun səlahiyyətlərini icra edərkən belə, nazir olmağı düşünmürdüm. Bu səlahiyyətlər mənə həvalə olunubsa, mən onu ən yaxşı şəkildə həyata keçirməyə çalışırdım. Bunun nəticəsi olaraq bir müddətdən sonra Heydər Əliyev məni qəbuluna çağırdı və nazir vəzifəsinə təyin etdi. İşimdə mükəmməlliyim ətrafımdakıların diqqətini üzərimə çəkdi. Qabiliyyətli adamı, çalışqanı hər kəs görür. Dövlət aparatında hər zaman bacarıqlı kadrlara ehtiyac var. Bu gün də sistemdə elə kadrlar var ki, rəhbərlər arasında onların uğrunda mübarizə gedir, hər kəs istəyir ki, onu öz yanına gətirsin. Yaxşı kadr həmişə öz yerini tapacaq. Yaxşı kadr olmaq üçün zəhmət çəkmək, oxumaq lazımdır”.

"O söz qulağımda sırğa oldu”

Müsahibimiz nazir olduğu dövrlərdən də söhbət açdı: "Mən nazir olanda, valideynlərim çox narahat idi. Qorxurdular ki, işin öhdəsindən gələ bilmərəm. Çünki çalışdığım dövr çox çətin idi. Valyuta bazarında böyük biabırçılıq vardı. Pulu maşınlarda, küçələrdə meyvə-tərəvəz satılan tərzdə satırdılar. Heydər Əliyevin verdiyi qərarlarla həmin bazarları iki ay müddətində sivil valyuta dəyişmə məntəqələrinə çevirdik. O qədər böyük təhlükələr var idi ki... Təxribatlar olurdu. Əli avtomatlı insanlarla müşayiət olunurdum. Bu vəziyyətin özü də məni narahat edirdi. Buna baxmayaraq, vəziyyət yavaş-yavaş tənzimləndi. Nə qədər çətinliyim olsa da, geriyə dönüb baxdıqda, gördüyüm işlərin hər birindən razıyam. Maliyyə mütəxəssisi olaraq həm elmdə, həm təcrübədə ən yüksək zirvələrə çata bildim. Maliyyəçinin çata bildiyi ən yüksək vəzifə pilləsi maliyyə naziri olmaq ola bilər. Bu uğuru da əldə etdik. Maliyyə elmi üzrə elmlər doktoru və professor rütbəsini almaq nəsibimiz oldu”.
Nazir olduğu illərdə çətinliklərlə üzləşən, hətta həyatını riskə ataraq çalışan həmsöhbətimiz deyir ki, tək arxalandığı, güvəndiyi insan Heydər Əliyev olub: "Heydər Əliyev məni vəzifəyə təyin edəndə bir söz dedi və o söz axıra qədər qulağımda sırğa oldu. Dedi ki, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, siyasi büronun üzvü olsa da, o vaxt Qarbuzov soyadlı SSRİ maliyyə naziri onun rəhbərliyi altında icra olunan bəzi layihələrə maliyyə ayırmaqdan imtina edib. Heydər Əliyev ikiəlli onun yaxasından yapışıb divara sıxsa da, yenə "yox” deyib. Mənə dedi ki, sən də elə nazir olmalısan. Lazım gələndə, mənə də "yox” deməyi bacarmalısan. Mən də axıra qədər belə etdim. Bunu o dövrdə mənimlə çalışan hər kəs çox gözəl bilir. Hər kəs məni "yox” deyən nazir kimi tanıyırdı. Əlbəttə, narazı qüvvələr ətrafımda mənə qarşı təxribat xarakterli işlər də aparırdılar, amma yenə də mən məqsədimdən dönmürdüm”.

"Siz işi yox, iş sizi axtarsın...”
Sonda gənclərə məsləhət verən sabiq nazir vurğuladı ki, gənclər gələcək planlar qurmaqdansa, bu günün işini mükəmməl görməyə yönəlsinlər: "Bütün gənclər hər şeyin ən mükəmməlini etsinlər. Çox oxumalı, araşdırma etməli, informasiya toplamalısan. Zəhmət çəkdinsə, nəticəsini görəcəksən. İnsan çəkdiyi hər bir zəhmətin sonunda onun bəhrəsini alır. Gənclər gələcəyə planlar qurmaqdansa, bu günün işini mükəmməl görməyə yönəlsinlər. Siz öz üzərinizdə işləyin, mütəxəssis olun. Siz hər şeyi bacarandan sonra sizi axtaracaqlar. Əziz gənclər, elə mütəxəssis olun ki, siz işi yox, iş sizi axtarsın. O həddə çatana qədər öz üzərinizdə çalışın”.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər