• çərşənbə axşamı, 16 aprel, 11:09
  • Baku Bakı 14°C

“Hər kəs burada təhsil ala bilməz” - Reportaj

12.05.14 10:01 3729
“Hər kəs burada təhsil ala bilməz” - Reportaj
İlk baxışdan bura adi məktəbdən fərqlənmir. Digər məktəblərdə olduğu kimi, burada da kürəklərində çanta olan şagirdlər, dərsə tələsən müəllimlər, qapıda övladlarını gözləyən valideynlər diqqətimizi çəkdi. Lakin içəri daxil olanda bu məktəbin digər ümumtəhsil məktəblərindən kifayət qədər fərqləndiyinin şahidi olduq. Bura etika və estetikanın birləşdiyi Bakı Xareoqrafiya Məktəbidir. Mühafizəçi ilə söhbətləşdikdən sonra məktəbə daxil olduq. Birinci növbənin dərsləri bitdiyi üçün məktəbin girişindəki qarderobda kimisi paltarlarını geyinir, kimisi qarderob işçisi ilə söhbətləşir, kimisi də valideynlərini axtarırdı. Şagirdləri müşahidə edərkən hiss olunurdu ki, onların estetik görünüşləri, yerişləri, duruşları digərlərindən fərqlənir. Bu məktəbdə hər şey o qədər fərqlidir ki, insan özünü təhsil ocağında deyil, başqa aləmdə hiss edir.
Qeyd edək ki, Bakı Xoreoqrafiya Məktəbi Azərbaycan xoreoqrafiya sənətinin təməl məkanı, balet sənətinin, rəqsin inkişafına təkan verən tədris ocağıdır. Bütün bunları nəzərə alan ölkə prezidenti İlham Əliyev də məktəbin yerləşdiyi yerdə Bakı Xoreoqrafiya Akademiyasının yaradılması haqqında sərəncam imzalayıb. Mədəniyyət və Turizm Nazirliyi və digər aidiyyəti qurumlara bu sərəncamda qeyd olunan Bakı Xoreoqrafiya Məktəbinin binasının yerləşdiyi sahədə Bakı Xoreoqrafiya Akademiyası binasının tikilməsi, zəruri avadanlıqlarla təchiz edilməsi ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.
85 illik tarix
Tənəffüs müddətində 85 illik tarixi olan məktəbin direktoru ilə söhbətləşmək üçün onun otağının axtarışına çıxdıq. Şagirdlərinin köməyi ilə Bakı Xoreoqrafiya Məktəbinin direktoru, əməkdar müəllim Neylüfər Kərimova ilə görüşürük. Neylüfər xanımla tanışlıqdan sonra, məktəbin tarixinə nəzər saldıq. Direktor deyir ki, Bakıda ilk balet studiyası 1923-cü ildə yaranıb və 1929-cu ildə Opera Teatrının nəzdində Dövlət Balet Studiyasına çevrilib. 1936-cı ildən isə məktəbin adı dəyişdirilərək Bakı Xoreoqrafiya Məktəbi adlandırılıb: “Azərbaycanın bu gün tanınmış əməkdar artistləri, balerinaları, rəqqasları bizim məktəbin məzunlarıdır. İlk azərbaycanlı balerina, görkəmli sənətkar Qəmər Almaszadə ilk təhsilini burada alıb, milli xoreoqrafiya məktəbinin parlaq simalarından olan Leyla Vəkilova, Konstantin Bataşov, Xumar Zülfüqarova, Rəfiqə Axundova, Maqsud Məmmədov, Vladimir Pletnev, Çimnaz Babayeva, Vitali Axundov, Afaq Məlikova, Mədinə Əliyeva, Təranə Muradova və onlarla tanınmış rəqqas bu məktəbdə sənətin sirlərinə yiyələniblər”.
Məktəbin özəllikləri
Bakı Xoreoqrafiya Məktəbində iki bölmə fəaliyyət göstərir: klassik bölmə və xalq bölməsi. Klassik bölməyə 5-ci sinifdən, xalq bölməsinə 8-ci sinifdən şagirdlər qəbul olunur. 1-4-cü siniflər hazırlıq mərhələsidir. Həmin siniflərdə xoreoqrafiya sənətinin ibtidai, təməl elementləri şagirdlərə aşılanır. 4-cü sinifdən sonra isə şagirdlərdən kimlərsə professional mərhələyə başlama imkanı əldə edir, kimlərsə məktəblə vidalaşmalı olur. Bu, şagirdin qabiliyyətindən asılıdır. Əgər 5-ci sinfə qədər şagird mükəmməl nəticələr göstəribsə, plastikası, musiqi duyumu, keçirilən materialı mənimsəməsi normativlərə uyğundursa, o, növbəti - professional mərhələyə keçir. 5-ci sinifdən artıq professional xoreoqrafiya sənətinin tədrisinə başlanılır”.
Qeyd edək ki, məktəbdə təhsil iki pilləlidir. I-IX sinif və sonra daha 3 illik təhsil.
Məktəb dərsləri ilə yanaşı, qrim sənəti, duet, tarixi-məişət rəqsləri, nəfəs dərsi, xalq-səhnə və Azərbaycan rəqsləri fənləri yüksək səviyyədə tədris olunur. Hətta burada şagirdlərə aktyorluq sənəti də öyrədilir. Klassik rəqs dərsləri isə bütün siniflərdə keçilir. Bundan başqa, balet dili fransız dili olduğu üçün birinci sinifdən məktəbi bitirənə qədər fransız dili fənni tədris edilir. Üstəlik, professional müəllim heyəti tərəfindən yetişdirilən məzunlar ABŞ, Almaniya, Çin, İsrail, Latviya, Rusiya, Türkiyə, Ukrayna, Yunanıstan və s. ölkələrin nüfuzlu teatrlarında və təhsil ocaqlarında çalışaraq Azərbaycan xoreoqrafiya sənətini uğurla təmsil edirlər.
Burada hamə təhsil ala bilməz
Direktor bizimlə söhbətində məktəbə qəbulun müsabiqə yolu ilə aparıldığını bildirdi: “Müsabiqə üç mərhələdən ibarətdir: birinci mərhələdə uşağın xarici görünüşünə, bədənin proporsiyasına, plastikasına diqqət yetirilir. Çünki bu göstəricilər xoreoqrafiya sənətində əsasdır. İkinci mərhələ tibb mərhələsidir. Məktəbdə təhsil almaq istəyən şagirdin sağlamlıqla bağlı problemi olmamalıdır. Bədən çəkisi, gözlər, onurğa və s. yoxlanılır. Üçüncü mərhələ isə “musiqi və ritm” - yəni gələcək şagirdin musiqi duyumunun yoxlanılmasıdır. Əgər şagird 5-ci və ya 8-ci sinifə qəbul edilirsə, əsas 3 mərhələdən əlavə, ümumi dünyagörüşü də yoxlanılır və keçdiyi məktəb proqramı üzrə imtahan edilir”
“Sanki doğulduğum andan rəqqasam”
Direktorla söhbətləşdikdən sonra şagirdlərlətanış olmaq üçün musiqi sədaları gələn sinif otaqlarına yaxınlaşırıq. Şagirdlərin hamısının bir nəfər kimi dərslərdə xüsusi rəqs paltarları ilə iştirakı adamı özünü rəqs ansambılında hiss etdirir. Təsadüfi seçdiyimiz otaqlardan birinə daxil oluruq. Dərsin gedişatına mane olmamaq üçün əvvəlcə rəqsi izləyirik. Müəllimlərinin müşayiəti ilə rəqs edən qızların incə hərəkətlərinə zövq ala-ala baxdıqdan sonra söhbətləşmək üçün onlara yaxınlaşırıq. Fəridə Əliyeva xalq səhnə rəqsləri fakültəsinin üçüncü kurs tələbəsidir. Deyir ki, rəqsə maraq onda uşaq yaşlarından yaranıb: “Rəqsi o qədər sevirəm ki, bəzən elə bilirəm, doğulduğum andan etibarən rəqqas olmaq istəmişəm. Ailəmdə heç kim rəqqas deyil, amma valideynlərim bu arzumun reallaşması üçün mənə daim dəstək olublar. Gələcəkdə özümü böyük səhnələrdə görmək istəyirəm”.
Əlində boş stəkanlarla rəqs edən 18 yaşlı Südabə isə bacısının dəstəyi və köməkliyi ilə rəqsə başlayıb: “Azərbaycan xalq rəqslərinə maraq məndə 8-ci sinifdən sonra oyandı. Gələcəkdə Azərbaycan Dövlər Rəqs Ansamblında çalışan Nigar Rzayeva kimi professional rəqqas olmağı qarşıma məqsəd qoymuşam”.
“Bura ikinci evimizdir”
Tələbələr deyir ki, bu məktəbdə təhsil almaq üçün başqa bütün məşğuliyyətlərini qurban verməlisən: “Bakı Xoreoqrafiya məktəbində oxuduqda, başqa nə iləsə məşğul olmağa zaman qalmır. Bəzən dərslər o qədər gərgin olur ki, səhər saat 8-də gəlib, axşam saat 9-da çıxırıq. Məktəbin müəllim heyətinin üzərimizdə böyük əməyi, zəhməti var. Bu məktəbin müəllimləri və uşaqları bizim ikinci ailəmizdir. Ailə üzvlərimizdən çox onları gördüyümüz üçün burada çox ciddi dostluqlar qururuq”.
Reportajımızı bitirdikdən sonra tələbələri dərsləri ilə baş-başa qoyub bu sehirli aləmdən ayrılırıq.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər