“Hər insanın dəyəri, etdiyi yaxşılıqlar qədərdir” - Örnək
Pozitivdir,
möcüzələrə inanır. Özünün də dediyi kimi, bitib-tükənməz enerjisi var və bu
enerjini insanlara yardım etməyə sərf edir. Çünki həyatın bumeranq olduğunu
düşünür. Deyir ki, kainata hansı enerjini ötürürsənsə, bumeranq kimi o da mütləq
sənə qayıdır.
Müsahibimiz xeyriyyəçi gənc, "Düşün və Yarat” səhifəsinin
sahibi Xumar Ağayevadır. Könüllü şəkildə "Analarla həyat gözəldir”, "Sevgi
paylaşdıqca çoxalır” məzmunlu tədbirlər həyata keçirir, sosial sahibkarlıq
mövzularında, tələbələrə CV yazmağın qaydaları, iş tapma bacarıqlarının inkişaf
etdirilməsi ilə bağlı seminarlar təşkil edir. Bundan əlavə, evdar, biznes
qurmaq istəyən qadınlarla sahibkarları görüşdürür, əlaqələr qurmasına köməkçi
olur.
Həmsöhbətimiz
Bakı Dövlət Universitetinin filologiya fakültəsinin bakalavr və magistr dərəcəsini
fərqlənmə ilə bitirib. Təhsil Nazirliyində, Tələbə Qəbul üzrə Dövlət Komitəsində
işləyib. 2012-ci ildən isə Azərbaycan Dillər Universitetinin elmi işçisidir.
Xumar insanlara
kömək etməyə, onlara dəstək olmağa çalışır. Xüsusilə, qadınları aciz görməyi qəbul
edə bilmir. "Bəxtim yoxdur, məndə alınmaz” kimi fikirlərə inanmır. Düşünür ki,
insan, taleyini öz enerjisi, gücü ilə yazır: "Hər bir insanın müsbət enerjisi
var. Enerjini insanlara ötürməyi bacarmalısan. Mən də ətrafıma gözəllik yaymaq
istəyirəm. Faydalı olmaq məni xoşbəxt edir. Hətta yolda məyus gördüyün birinə
belə yaxınlaşıb, onun əhvalını soruşa bilərəm. Düzdür, bu, bəzən qarşı tərəfin
xoşuna gəlməyə bilər. Amma insanları kefsiz görmək istəmirəm. Yaxşılıq etmək,
müsbət enerji vermək mənim üçün daha önəmlidir. Düşünürəm ki, yaxşı və pis
insan yoxdur. Hər insanın mənfi və müsbət tərəfləri ola bilər. Onların doğru
yönlərini kəşf etmək lazımdır. Seminarlarda hər insandan faydalanmağa, tələbələrə
də faydalı olmasına çalışıram. Bəzən mənə deyirlər ki, əlavə vaxt xərcləyirsən,
buradan nə qazanırsan ki? Amma bir cümlə ilə bir insanın həyatında nələrinsə dəyişəcəyinə
inanıram. Bunun üçün də çalışıram”.
- Xumar xanım, "Düşün və yarat” platforması necə
yarandı?
- Hər
zaman pərakəndə şəkildə layihələr, tədbirlər həyata keçirirdim. Daha sonra qərara
gəldim ki, bu layihələri bir platforma
üzərində toplayım. Bundan sonra "Düşün və yarat”la yoluma davam etdim. Əsas məqsədim
odur ki, insanlar özlərini tək hiss etməsinlər. Bacardığım qədər onlara
motivasiya verməyə çalışıram. Sosial sahibkarlıqla bağlı təlimlər keçirir, tələbələrin
ekspertlərlə görüşünü təşkil edirəm. Bütün bu tədbirlərlə də bağlı çağırışları
"Düşün və yarat”la edirəm. Platformada tələbələrlə bağlı tez-tez diskussiyalar
təşkil edirəm. Bizdə tələbələr universiteti bitirdikdən sonra iş həyatına
atılırlar. Bu, çox gecdir. Universitet vaxtından çalışmalısan ki, bitirəndə də
asanlıqla yerini tapasan. İki-üç tələbənin belə istiqamətlənməsi, mənim ən
böyük qazancımdır.
- Qadın və uşaq sığınacağındakı xeyriyyə aksiyası hər
kəsin diqqətini çəkdi. Bunu necə həyata keçirdiniz?
- 4
yaşında qızım var. Qızımın geyindiyi, az istifadə olunan paltarları səhifədə
satışa qoydum və elan etdim ki, buradan yığılan pullar sığınacağa sərf
olunacaq. Çox ucuz qiymətlər qoyurdum ki, həm kiməsə faydası olsun, ehtiyacı
olan alıb geyinə bilsin, həm də ondan gələn gəliri faydalı yerlərə xərcləyək.
Yaxşı insanların da yardımları sayəsində uşaq sığınacağına getdik. Uşaqların təbəssümü,
üzündəki sevinc nəyə desəniz dəyərdi. Sığınacaqda övladları ilə birlikdə
xanımlar da yaşayır. Qadının öz ayaqları üstündə dura bilməməsi, möhtac olması
məni məyus edir. Mənə görə, qadınlar kişilərdən qat-qat güclü varlıqlardır.
Onlara da motivasiya vermək üçün söhbətlər edirdik. Uşaqları sevindirmək üçün hədiyyələr,
şirniyyatlar aparmışdıq. Lakin bir gözləri gülürdüsə, digəri ağlayırdı. Bir qız
uşağı diqqətimi çəkdi, o, sevinmirdi. Sual verdim ki, sən nə istəyirsən? "Heç nə” dedi. Bu cavab çox sərt idi. Sanki
demək istəyirdi ki, sən mənə istədiklərimi verə bilməzsən. Bu uşağın mənəvi
aclığı o qədər idi ki, onu maddi heç nə maraqlandırmırdı. O uşaqları imkanın
olmasa belə, bir dəfə ziyarət edib sevindirmək bizim borcumuzdur.
- Qayğıya möhtac qadınların həyatlarını dəyişməyə
can atırsınız. Siz qadını necə görmək istəyərdiniz?
- Qadın
olmaq asan deyil. Qadın olmaq öz rənglərini tapmaq, özündən sonra iz qoymağı
bacarmaqdır. Özünə hörmətin, özünə xas iffətin, övladına nümunəvi analığın nə
demək olduğunu bilməkdir. Bəzən zirehləri geyinmək, qalxanlarla qorunmaq, yeri
gələndə kişidən də güclü olmaqdır. Cəmiyyəti yetişdirən qadının özüdür. Qadın həm
arıdır, həm ilan, yaxşılıq görsə balını, pislik görsə zəhərini verər. Belə bir
deyim var: qadın nə yaxşıdır, nə də pisdir, sən nəsən, qadın odur. Mən bütün
qadınları xoşbəxt, güclü, pozitiv, özünə güvənən görmək istəyirəm.
- Xumar
xanım, ailəlisiniz, bir övladınız var. İşdən sonra vaxtınızın müəyyən hissəsini
də xeyriyyə tədbirləri üçün xərcləyirsiniz. Yaxşılıq etmək sizə nə verir?
- Mənə
görə, yaxşılıq əllə tutula, gözlə görülə, hiss edilə bilən bir duyğudur. Bəlkə
başqaları yaxşılığı mücərrəd bir anlayış kimi görür. Birinə faydası dəyən bir
hiss, necə duyulmaz, hiss edilməz, toxunulmaz ola bilər ki?! Hər insanın dəyəri
etdiyi yaxşılıqlar qədərdir. Düşünürəm ki, sən etdiyin yaxşılıq boydasan, dəyərin,
qiymətin yaxşılığın qədərdir. Xoşbəxtliyin yolu qısa olsa da, ona çatmaq çətindir.
Hər kəs anlamaz, amma bu yol yaxşılıqdan keçir. Yaxşılığın böyüyü-kiçiyi olmaz.
Bizə qalacaq əlimizdəkilər deyil, əldən verdiklərimizdir. Bəzən bir yaxşılığın
içində bir ömrün savabı gizlənər. Yaxşılıq etmək mənim borcumdur, bu, mənə mənəvi
rahatlıq verir. Məncə, insan yaxşılıq etdikcə, mənəvi cəhətdən təmizlənir.
Birinə bir anlıq da olsa, təbəssüm bəxş edə biliriksə, demək həyatımız da
boşuna getmir. Ehtiyacı olan insanlara yaxşılıq etmək bizə rahatlıq, sevinc bəxş
etməlidir. İnsan tək özü üçün yaşayırsa, başqaları onun adı çəkiləndə ağlına
yaxşı bir şey gətirmirsə, deməli, həyatı boşuna keçib. Yaxşılıq edəndə də
qarşılıqsız etmək lazımdır. İnsanların səni gözəl xatırlaması, ətrafa gözəllik
qatmaq sənin də mənəviyyatını zənginləşdirir.
- "İlin anası mənim anam” layihəsini universitet tələbələri
arasında həyata keçirdiniz. Bu layihə necə başladı?
- Tələbələrin
düşüncələrini, özünü ifadə tərzlərini, iç dünyalarını öyrənmək istəyirdim. Mətnin
nə qədər olmasının əhəmiyyəti də yox idi. Sadəcə, ortaya düşüncə qoyulmasını, fərqli
yanaşmaların çox olmasını arzulayırdım. Bu gün çox adam maddiyyata sevinir. Mənəviyyat
demək olar ki, unudulub. Mənə görə, mənəvi hissləri oyatmaq lazımdır. Mənəvi
xoşbəxtliyin verdiyi istiliyi maddiyyat verə bilmir. Layihə tələbələr tərəfindən
də maraqla qarşılandı və mənə yüzlərlə maraqlı fikirlər, maillər gəldi.
Oxuduğum mətnlər o qədər sevindirici idi ki... Simvolik olaraq, bir qalib seçməli
idik və seçdik.
- Gələcək planlarınız nədir?
- Bacardığım
qədər, insanlara faydalı olmağa çalışacağam. Xüsusilə, qadınlarla bağlı çox təlimlər,
seminarlar təşkil edəcəyəm. Qadınları inandıracağam ki, nə zaman düşüncələrinizdəki
qəlibləri, inancları dəyişdirə bilsəniz, o zaman sərhədlərinizi aşıb ürəyinizcə
yaşamağa başlayarsınız. Hesab edirəm ki, insan bu dünyaya boşuna gəlməyib. Bizim
bir missiyamız var. Tək özümüzə görə yaşamamalıyıq. Biz nələrisə öyrənə
bilirik, amma unutmamalıyıq ki, bundan məhrum olan insanlar var. Bildiyimizi
paylaşmalıyıq. Paylaşdıqca, cəmiyyətimiz daha da gözəlləşər. Dünyada bir nəfər
belə, yaxşılıq etmək istəyən insan olsa, nəyəsə ümid etmək olar. İnanıram ki, o
insanların sayı çoxalacaq.
Aygün
ƏZİZ