• cümə axşamı, 28 mart, 23:20
  • Baku Bakı 13°C

Hər il 80 min alman ölkəni niyə tərk edir? - Soydaş

14.07.14 10:51 2985
Hər il 80 min alman ölkəni niyə tərk edir? - Soydaş
“Almanlarla hansısa işdə razılaşmaya bilərsən, amma dəqiqlik məsələsində başqa söhbət ola bilməz”
Müsahibimiz Rəşad Quliyev 6 ildir Avropada yaşayır. Bunun müəyyən bir dövrünü Belçikada, İsveçrədə məskunlaşıb. Bir ildir ki, Almaniyada qərar tutub. R.Quliyevlə alman hesabı, alman dəqiqliyi, almanların dünyada şovinist kimi tanınması və s. məsələlərdən danışdıq. Əvvəlcə isə həmsöhbətimizin Avropaya necə getdiyini xəbər aldıq.
Avropaya köçün səbəbi
Bakıda Beynəlxalq Avropa Hərəkatının Azərbaycan nümayəndəliyinin baş katibi, Dünya Azərbaycanlıları Konqresinin rəhbəri Sabir Rüstəmxanlının müşaviri kimi tez-tez xaricə səfərlər etdiyini, diasporanın tədbirlərində, beynəlxalq konfranslarda çox fəal iştirak etdiyini deyir: “Bir gün zərurət yarandı və hesab etdik ki, artıq fəaliyyətimizi Avropada daha da gücləndirməyin zamanıdır. Beləliklə, işimlə əlaqədar buraya gəldim”.
Belçika Azərbaycanlıları Cəmiyyətini təsis edərək bir müddət təşkilata rəhbərlik edir, Azərbaycan səfirliyi ilə birgə işləyir. Hazırda Alman-Azərbaycan Mədəniyyət Evinin icraçı direktorudur. Eyni zamanda, Almaniyada “Alfa” adlanan şirkətdə məsul vəzifələrdən birini daşıyır və eyni zamanda alman dili ilə bağlı təhsil alır.
Deyir ki, Alman Azərbaycan Mədəniyyət Evinin 2 məqsədi var: “Almaniyada yaşayan azərbaycanlıları təşkilatlandırmaq, onların problemləri ilə yaxından məşğul olmaq. Ikinci hədəfimiz isə, Almaniyada Azərbaycan mədəniyyətini bütün sferalarda təbliğ etmək, ölkəmizi mədəni istiqamətdə tanıtmaqdır”.
Gənclərimiz arasında fərq
Azərbaycan gəncləri ilə alman gıncləri arasında fərqlərdən də danışan R.Quliyevin sözlərinə görə, mentalitet baxımından çox fərqlər var: “Bizim həyata baxış, ailəyə münasibətdə fərqlərimiz çoxdur, amma düşüncələr eynidir, həyat tərzləri arasında o qədər də fərqlər yoxdur. Bir ciddi fərqi deyə bilərəm ki, alman gəncləri daha çox ictimai fəaliyyətlə deyil, özlərinin sosial fəaliyyəti, gündəlik işləri ilə məşğuldurlar. Amma bizim gənclər, demək olar, bütün sferalarda ictimai fəaliyyət göstərirlər. Bu gün alman ictimai-siyasi partiyalarına, qəzetlərinə, jurnallarına, QHT-lərinə getsəniz, çox az sayda alman gəncinin bu sahədə fəallıqlarını görərsiniz. Yalnız təhsillərini sözügedən sahələrdə alan gənclər ixtisasları üzrə sadaladığım yerlərdə fəaliyyət göstərirlər. Məsələn, jurnalistikanı qurtarmayan gəncin hansısa media orqanında öz sözünü deməsi, köşə yazmasına nadir hallarda rast gəlmək mümkündür. Bu baxımdan bizim gənclər daha irəlidədirlər. Alman gəncləri əyləncələrə, gündəlik həyatlarına daha çox bağlıdırlar”.
Qonşu ölkələri belə tanımırlar
İlk dəfə Almaniyaya gedərkən R.Quliyevi oradakı qayda-qanunların sərtliyi təəccübləndirib. Almaniyadakı yol qaydaları, sürücülərin yollarda özlərini aparması sözün yaxşı mənasında onun təəccübünə səbəb olub. Müsahibimiz Avropa gənclərinin coğrafi bilgilərinin həddindən artıq zəif olmasını da gözləmirmiş: “6-7 il bundan əvvəl Almaniyaya gələndə, hələ ölkəmiz “Avroviziya” müsabiqəsində qələbə qazanmamışdı. Almanlardan Azərbaycanın harda yerləşdiyini soruşduqda çoxları sualımıza cavab verə bilmirdilər. Bu, ondan irəli gəlmir ki, Azərbaycan diasporası sözügedən ölkədə çox zəifdir, təbliğatı yaxşı qurmur. Bu, avropalıların elmə, coğrafiyaya maraq göstərməməsinin nəticəsidir. Bizim gənclər Andorranın, Zimbabvenin, Afrikanın ən geridə qalmış dövlətlərinin harada yerləşdiyini bilirlər. Çünki bizdə orta məktəblərdə elmə üstünlük verilir, coğrafiyanı keçən hər hansı orta məktəb şagirdindən soruşsan, ölkələrin yerlərini biləcəklər. Amma almanlar hətta ölkələrinin yaxınlığında yerləşən və illərdir əməkdaşlıq etdikləri dövlətlərin belə harada yerləşdiyini bilmir, hətta həmin ölkələri tanımırlar”.
Almanların mütaliəsinə gəlincə, həmsöhbətimiz bildirdi ki, Avropa insanı daha çox romantik, killer, detektiv əsərləri oxuyurlar, nəinki qəzetləri. Onun sözlərinə görə, almanlar xəbər, ölkədəki, dünyadakı prosesləri izləməyə meylli xalq deyillər.
“Gecikdiyimə görə məni 10-ca dəqiqə gözləmədilər”
Azərbaycanlıların təsəvvüründə “alman dəqiqliyi deyilən” bir məfhumun olduğunu xatırladaraq alman dəqiqliyi ilə qarşılaşıb qarşılaşmadığını da soruşduq. Məlum oldu ki, alman dəqiqliyi ilə bağlı həmsöhbətimizin başına maraqlı əhvalat da gəlib: “Almaniyaya yeni gedəndə bir alman dostum məni valideynləri ilə birlikdə yeməyə dəvət etmişdi. Vaxt təyin etmişdik. Biz də azərbaycanlıyıq axı. Elə oldu, bizimlə görüşə gedən alman dostumuzu da gecikdirdik və görüş yerinə 10 dəqiqə gec çatdıq. Biz oraya çatanda artıq onun valideynləri restoranı tərk etmişdilər. Çünki vaxtında gəlməmişdik. Bunu da belə izah edirlər ki, 10 dəqiqəni hansısa işlərinə sərf edə bilərlər. Arada heç bir inciklik olmadı. O qədər işlərinə, vaxtlarına, görüşlərinə dəqiq millətdirlər ki, heç öz övladlarını belə 10 dəqiqə gözləmirlər. Bir sözlə, almanlarla hansısa işdə razılaşmaya bilərsən, amma dəqiqlik məsələsində başqa söhbət ola bilməz”.
Hər il 80 min alman niyə ölkəni tərk edir?
R.Quliyev bildirdi ki, il ərzində təxminən 80 min alman Almaniyanı dəqiqlikləri ucbatından tərk edirlər: “Bu, onun göstəricisidir ki, nəinki Azərbaycanda, bütün dünyada alman işi, alman texnologiyası və dəqiqliyi brend halına gəlib. Buna görə də dünyanın əksər böyük şirkətləri alman mütəxəssislərini öz işlərinə cəlb edirlər. Məhz bu səbəbdən hər il xeyli sayda alman mütəxəssisi yol çəkmək, fabrik qurmaq, sənaye kompleksi tikmək və s. məqsədlə dünyanın müxtəlif yerlərinə səpələnirlər”.
“Başqa millətlərə liberal davranırlar”
Almaniyaya getməmişdən əvvəl çoxları kimi sözügedən xalqın nasist, millətçi olduğunu düşünən R.Quliyev orada yanıldığının şahidi olub: “Almaniyada hər hansı bir azərbaycanlının hər hansı bir almandan ciddi fərqi yoxdur. Hansısa alman işləmədiyi üçün dövlətdən pul alırsa, azərbaycanlıya da eyni şərait yaradılır. Əgər bir nöqsan varsa, buna görə həm azərbaycanlı, həm də alman cavabdeh olur. Yaxud dəfələrlə hər hansı qurumda, bələdiyyədə işləyən almanın bizə qarşı bir yanlışlığı olub və biz aidiyyatı orqanlara müraciət etmişik, yanlışlıq edənlər alman qanunları əsasında cəzalarını alıblar. Bir sözlə, Almaniyada başqa millətlərə qarşı çox liberal davranırlar”.
Almaniyada “alman hesabı”
“Alman hesabı” ifadəsinə gəlincə, həmyerlimiz bunun da izahını verdi: “Burada hamı stabil maaş alır və kənardan qazanc olmadığına görə, kimsə deyə bilməz ki, “restoranda oturub yeyib-içək, hesab mənlikdir”. Bu, almanı təəccübləndirə bilər ki, eyni maaş alırıq, necə ola bilər, sən pullarını qonaqlıqlara sərf edirsən. Hətta ailə şəklində, məsələn, artıq evlənmiş oğul, qız valideynləri ilə restorana gedirsə, hərə öz hesabını ödəyir. Yaxud əgər bir dəfə restoranda oğul valideynlərinin hesabını veribsə, valideynlər növbəti dəfə mütləq qonaqlıq verməlidirlər. Yəni burada belə bir təcrübə var”.
Sonda R.Quliyevin gələcək planları, Azərbaycanda, yoxsa Avropada yaşayacağını da xəbər aldıq: “Azərbaycan doğma vətənimdir, atam Azərbaycan torpaqları uğrunda şəhid olub, Şəhidlər Xiyabanında uyuyur. Yəni hər zaman Azərbaycana gedib gələcəm, amma birdəfəlik harada yaşamağımla bağlı planları gələcək göstərəcək”.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər